Ailə tərbiyəsi

Fəthullah Gülən: Ailə tərbiyəsi

Əvvəlki hissədə bəzi mühüm məqamlara toxunmuş, oxucuları bu məsələlər ətrafında ciddi düşünməyə və ortaq məxrəcə gəlməyə ça­ğırmışdıq. Hər kəs üçün əhəmiyyətli olan bu vacib məsələlərə: “Ümumi vəziyyət haqqında qənaətiniz nədir? Ətrafınızda cərəyan edən hadisələri necə qiymətləndirirsiniz? Qəbul etmədiyiniz qeyri-əxlaqi davranışlara münasibətiniz nə cürdür? Əxlaqi problemlərin həlli barədə nə düşünürsünüz?” kimi suallarla diqqətinizi cəlb etməyə çalışmışdıq.

Dünyanın mövcud vəziyyətindən məmnun deyiliksə, bəzi xoşagəlməz hadisələr bir xəncər kimi içimizi dəlirsə, bu şəraiti hazırlayan, sonra da bütün bunlara nəzarəti öz əlinə alan adamlardan narazıyıqsa, o zaman həll yolu kimi hansı təkliflərimiz var? Bəli, bütün bunları bilmək bir zərurətdir.

Möminlər namaz qılmamağı və namaza ciddi yanaşmamağı, oruc tutmamağı və onu əziyyətli saymağı, küçələrdə avara-avara gəzib ona-buna söz atmağı (bəziləri bunu azadlıq hesab etsə də) əxlaqa zidd davranışlar sayırlar. Buna görə də biz Qurani-Kərimin işığı altında və onun prinsipləri çərçivəsində əxlaq, əxlaqsızlıq və tərbiyə haqqında danışmağa çalışacağıq.

Əxlaqın ən mühüm əsası inanc və əqidədir. Ancaq hər şey təkcə əqidədən ibarət də deyildir. Əgər əqidəni əməli həyat, yəni əməli fəaliyyət tamamlamırsa və insan inandığı dəyərlər istiqamətində bir yol tutmursa, o inanc bir qənaət, bir fikir olaraq qalır. Bu səbəbdən də fərdin istər şəxsi həyatında, istərsə də ailə və ictimai həyatında effektiv və istiqamətverici amil rolunu oynamır. İman bir işıq və güc mənbəyi, imansızlıq da bir zəiflikdir, bir boşluqdur. Həqiqi iman da öz gücünü əməllə ortaya qoyur. İmansız bir insanın mənsub olduğu cəmiyyətə fayda verdiyini görən olmamışdır, fayda verənlər də o qədər nadirdir ki, barmaqla saymaq olar. Məsələn, biri inanmır, amma iffətlidir. Başlıca meyarlarımız baxımından bu cür adamları fəzilətli hesab etmək olarmı, olmazmı, bunu bilmirəm. Çünki həqiqi fəzilətin bünövrəsində iman və mühasibə (özünü sorğu-suala çəkmə) hissi dayanmalıdır. Bəli, Allaha, axirətə, kitablara, həşrə və nəşrə (öldükdən sonra yenidən dirilişə), Cənnət və Cəhənnəmə iman həyatımızı nizama salan və onu mələklər səviyyəsində şəkilləndirən mühüm amillərdir.

Bu məsələlərə inanmaq və onların tələblərini yerinə yetirmək həyati əhəmiyyət daşıyır. Axirət məhkəmə salonu və sorğu-sual yeridir; burada bəxş edilən ömür nemətinin və ən mükəmməl biçimdə, insan kimi yaradılışın müqabilində Allaha edilən və ya edilməyən şükrün hesabını orada veririk. Dünyada yığın-yığın zalım, nankor, Allah-Təalanı tanımamaqda, Onun göz önünə sərdiyi sənət əsərlərini görməməkdə israr edən, hətta gözlərini “tıxayıb” bu qədər gözəlliyi görməməzliyə vuran, minlərlə rəng, səs, naxış, nizam və ahəngdən qafil olan bir xeyli kor, kar, qəlbsiz insan da vardır... Allah da həm belələri, həm də inananlar üçün həşrü-nəşri gerçəkləşdirəcək, cənnətini, cəhənnəmini hazırlayacaq, sorğu-sualdan sonra yaxşı, fəzilətli, qəlbən və ruhən kamal məqamlarına yönələn, mənəvi yüksəlişə müştaq olan bəndələrini – bu dünyada “insanlığın ən yüksək mərtəbəsin”ə ucalıb kamil və fazil insanlar olaraq yaşadıqları kimi, – axirətdə də fazil bəndələrə vəd edilmiş cənnətlərlə mükafatlandıracaqdır. Mömin məhz bunları düşünən və həyatını bu istiqamətdə tənzim edən bir insandır.

Beləliklə, əvvəla, həm fərddə, həm də cəmiyyətdə əqidə – inanc çox möhkəm olmalıdır ki, imanın gücü fərdin sapqın hislərin təsirinə düşüb yoldan azmasına imkan ver­mə­sin. Gah inanıb, gah da inanmayan fərdlərdən ibarət ailədə də, cəmiyyətdə də bir xeyir yoxdur. Belə bir cəmiyyətdə də, onlar­dan təşəkkül tapan millətdə də xeyir yoxdur. İlk növbədə insan qüv­vətli imana sahib olmalı və dünyanın sabahı olan axirətin bir gün gələcəyinə bütün varlığı ilə və qəti inanmalıdır ki, bununla Allaha yaxın, topluma da faydalı bir fərdə çevrilə bilsin.

Bəli, demək olar, hər bir fərd sağlam bir əqidəyə malik olmalıdır; necə ki, işləmədiyi təqdirdə ac qalacağına inanır və bundan qorxur, eləcə inancını əməllə ortaya qoymadığı zaman Allahın hüzurunda ağır bir sorğu-suala çəkiləcəyinə də şəksiz inanmalıdır. Məhz belə güclü imana sahib insan da inancından doğan “mərkəzdənqaçma qüvvəsi” ilə saleh əməllərə üz tutar və Allahın hüzuruna üzüağ çıxmaq üçün üz-gözünü yerə sürtər.

Belə fərdlərdən meydana gələn ailələri, ailənin müxtəlif yönlərini, ailədə gənclərin, yeniyetmələrin, kiçiklərin, daha kiçiklərin İslamın ali əxlaqı ilə yetişdirilməsinin xüsusiyyətlərini ayə və hədislərin işığı altında növbəti səhifələrdə izah edəcəyik.

Övlad və mal dünyanın bəzəyi, zinətidir.[1] Düzgün dəyərləndirilsə, axirətin də zadu-zahirəsidir.[2] Allah (c.c.) bunlar vasitəsilə insanlara sevinc və səadət bəxş edir. Onları gözə zinət, qəlbə qida edir. İnsan bu zinətləri gördükcə əməli həyatında dünya xoşbəxtliyini, ümidlərində də axirət səadətini hiss edir. Halbuki, əgər siz bu zinətləri əbədiləşdirməsəniz, xoşbəxt ola bilməzsiniz, olsanız da narahat yaşayarsınız... Bəli, övladınıza, nəvənizə, dünya həyatınıza, mal-mülkünüzə görə narahat ola bilərsiniz. Əksinə, bu fani şeyləri baqiləşdirsəniz, onlara Yaradanın rizası üçün baxsanız, Onun yolunda və Onun dilədiyi kimi istifadə etsəniz, hər son nöqtənin bir başlanğıc olduğunu görəcəksiniz. Dünya həyatının başa çatması ilə ömrünü başa vuran fani zinət, dəbdəbə, ehtişam o biri aləmdə ən mükəmməl şəklə bürünərək davam edəcəkdir.

[1] Bax: “Kəhf” surəsi, 18/46.
[2] Zadu-zahirə – axirət azuqəsi. Burada övladı düzgün tərbiyə etməyin axi­rətdə əbədi səadətlə nəticələnəcəyi nəzərdə tutulur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.