Tərbiyənin çərçivəsi
Bir daha xatırladaq ki, tərbiyə məsələsində həssaslıq göstərməyənlər, yaş-baş, dünyagörüşü, mühit və savadı nəzərə alıb həyatın hər mərhələsində uşaqla lazımınca məşğul olmayanlar gələcəkdə ac canavarla üz-üzə gəlsələr, heç də təəccüblənməsinlər.
1. Saleh əməlləri nümunələrlə izah etmək
Saleh əməlləri əməlisalehlərin nümunəsində izah edib çatdırmaq valideyndən daha çox müəllim və mürəbbilərə (tərbiyəçilərə) aid bir işdir. Əməlisaleh insanların timsalında saleh əməllərin çatdırılması mövzusu ilə əlaqədar hiss və düşüncələrimizi belə dilə gətirə bilərik:
Bəli, uşaqlar, gənclər saleh əməli öyrənməlidirlər. Ancaq bu öyrətdiklərimizin nəzəri bilik kimi qalmasını istəmiriksə, əməlisaleh insanların fədakarlığından, onların gözəl işlərindən misallar çəkərək mövzunu izah edə bilərik. Namazı-niyazı ilə tanınan böyük şəxsiyyətləri kiçik yaşlardan başlayaraq uşaqlara sevdirsək, onlar da tutduqları yolun ulu insanların yolu olduğunu görər, o yolun mənəvi zövqünü hiss edərlər. Yaşları artdıqca, gününü namazla keçirən, ilin çox hissəsini isti-soyuq demədən oruc tutan əməlisaleh böyüklərin – zahirə baxmaqla hökm verəsi olsaq – Allah qatında fəzilətli insan olduqlarına inanar və onlar kimi olmağa çalışarlar. Nəticə etibarilə din və dəyanətə aid bütün işlərini şüurlu şəkildə, ruhunu qavrayaraq görər və qara yellər qarşısında mətin dayanar.
Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Bu dövrdə münafiqlər əməllərinə görə sizdən necə utanır, xəcalət çəkir, düşüncələrini necə gizlədirsə, gün gələcək möminlər də (inanclarını və əməllərini) elə gizlədəcəklər”[1], – buyurmuşdur.
Beləliklə, bəzi dövrlərə xas olan bu xəstəliyə “yoluxmamağın” yollarını gənc nəsillərə uşaqlıq illərindən göstərməli və daha sonralar yoldan azmalarına imkan verməməliyik. Üstəlik, onlara dinin insana izzət və şərəf gətirdiyini təlqin etməli və onların Allahın əmrlərinə cani-könüldən bağlanmasını təmin etməliyik.
Bu yerdə olmuş bir hadisəni ərz etmək istəyirəm. Valideynlərinin nəzarətində böyüyən, planlı və gözəl tərbiyə alan bir qız uşağı öz müəlliməsinin hidayətə çatmasına səbəb olur. Belə ki, sevimli müəlliməsi bir insan kimi nə qədər nəzakətli və qayğıkeş olsa da, dinsizlik gündən-günə onu əldən salır, mənən çökürdürmüş. Bir gün sinifdə arxa sıralarda oturan bu qızcığaz ruhuna işləyən dini həqiqətlərin təsiri ilə birdən-birə hıçqıra-hıçqıra ağlamağa başlayır. Bunu görən o şəfqətli müəllimə şagirdinin yanına gəlib: “Qızım, niyə ağlayırsan?” – deyə soruşur. O da “Müəlliməm, sizin halınıza ağlayıram”, – cavabını verir. Ardınca da pıçıltı ilə: “Allah (c.c.) iman etmədiyinizə görə sizi cəzalandıracaq deyə, kədərlənirəm,” – deyir. Nitqi tutulan müəllimə bir şey demədən geri çəkilir və bir neçə gün sonra çöhrəsində iman nuru mürşidə şagirdinin yanına gəlir... və sevincini bölüşür.
O uşağa imanla bərabər izzəti də təlqin etmişlər. İzzət Allaha aid bir vəsfdir.[2] Bu da bir həqiqətdir ki, Allah (c.c.) dini prinsiplərlə yaşayanları əziz və şərəfli, dindən üz döndərənləri isə zəlil edir. Bəli, uşaq duyğusuna, düşüncəsinə və getdiyi yola qəlbən inanmalı və güvənməlidir ki, gələcək həyatında aşağılıq kompleksinə qapılmasın, inkarçı cərəyanların qabağında özünü zəif görməsin. Hətta o, namaz qılmağı, oruc tutmağı bir böyüklük saymalı və namazı ilə yalnız Uca Allahın (c.c.) önündə əyildiyini göstərməlidir.
Qurani-Kərim bir tərəfdən gündə ən az qırx dəfə “Rəbbimiz! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt!” (“Fatihə” surəsi, 1/5-6) kimi ayələri ilə möminlərin şəhidlərin, siddiqin və əbrarın yoluna yönəlməsi arzusunu, dua və diləyini ortaya qoyur, digər tərəfdən “Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) deyil!” (Amin!) (“Fatihə” surəsi, 1/7) bəyanları ilə təfsilata girmədən və batili[3] təsvir etmədən yanlış yoldan ehtiyatlı olmağa çağırır və riza yoluna, Cənnət yoluna bəslənən arzuları cuşa gətirir, digər tərəfdən də küfr, küfran və zəlalət yollarına qarşı konkret mövqe sərgiləməyin vacibliyini irəli sürür.
Bu üslub təlim-tərbiyə üçün də gözəl nümunədir. Tərbiyəsi ilə məşğul olduğumuz fərdlərə Allaha xoş gələn yol və yöntəmləri göstərib sevdirməli və onların ruhunda Allahın (c.c.) xoşuna gəlməyən şeylərə qarşı ikrah hissi oyatmalıyıq. Əslində, bu cür metoddan istifadə etmək bizim vəzifəmizdir. Allahı (c.c.) tanımayan, Onu, Onun tövhidi-üluhiyyət və tövhidi-rübubiyyətini[4] həyatının yeganə hakimi qəbul etməyən bir insan buna görə məsuliyyət daşıyır. Çünki xilqət vəzifəsini bilməyən, yaradılış hikmətini dərk eləməyən, dünyaya nə üçün gəldiyini qavramayan, hətta kainatda səbəb və nəticə əlaqəsini sezə bilməyən, daha betəri, bütün bu əsrar pərdələrinin arxasından varlığını bizlərə hiss etdirən Uca Allah haqqında iman və izana sahib olmayan bir insanın dünya və axirətdə səadətə çatması mümkün deyildir. Allah (c.c.) belələrinə də, belələri ilə həşrü-nəşr olanlara da qurtuluş nəsib etməz. Ulu Xaliq bir ayəsində: “Zülm edənlərə azacıq meyl etməyin, yoxsa sizə atəş toxunar”, (“Hud” surəsi, 11/113) – buyurur.
2. Dini savadın verilməsində təbiət elmlərindən faydalanmaq
Fizika, kimya, astronomiya, atom fizikası və s. təbiət elmlərinin tədrisində uşaqların mədəni səviyyələrinə paralel olaraq İslam əqayidinin[5] izah edilməsi də zəruridir. Möminlər hər şeydə maddə və materiyanı əsas götürən materialistlərin əksinə olaraq materiyanı Allah-Təalanın əmrləri, axirət, Quran və iman çərçivəsində lazımınca dəyərləndirməlidir. Bəli, möminlər bütün materialistlərin boğulduğu maddə/materiya bataqlığında “gül becərməyi” bacarmalı, bütün əşya və hadisələri Allahın varlığına şahid kimi görməli, qiymətləndirməlidir.
Uşaq evdə və ailə mühitində ibtidai sinifdən tutmuş orta və ali məktəbə qədər təhsilin bütün pillələrində tədris olunan təbiət elmlərinə paralel şəkildə və o səviyyədə dini savad almırsa, onun bir gün yanlış yollara düşməsi qaçılmaz olur. Uşağın məktəb və məktəb mühitində elm və ürfan qazanmasına yaxından nəzarət edib bəzi zərərli fikirlərə yiyələnmə ehtimalına qarşı vaxtında tədbir görməsək, oxuyub öyrəndiyi şeylər onu aparıb küfrə çıxara bilər. Halbuki, elmlər Allahın (c.c.) varlığının və birliyinin ən bariz dəlilləridir.
Fəlsəfə dərsi keçən, bir sıra şübhə və tərəddüdlərə düşmə ehtimalı olan uşaqlar ağılın, məntiqin və elmlərin müsbət qənaətləri ilə məlumatlandırılmasa, daha sonralar ciddi mənəvi böhranlara mübtəla ola bilərlər. Buna görə də ona əqli bilikləri, məntiqi və aşkar dəlilləri öyrətmək vacibdir. Materialistlər varlığın nizamını təbiətə aid edir və bu sahədə bəzi fəlsəfi nəzəriyyələr ortaya atıb demoqogiya ilə məşğul olursa, bunun müqabilində biz də qanunların hər şeydə hökmran olması kimi məsələləri aşkar yaradılışın və kainatdakı nizamın dili ilə izah edərək bunların hamısının Allahın (c.c.) idarəsində olduğunu və fəaliyyət göstərdiyini onun zehninə nəqş etməliyik. Müxtəlif nəzəriyyələrin uşaqda şübhə və tərəddüd meydana gətirməsinin qarşısını ancaq bu yollarla ala bilərik.
Bəli, ağıla, xəyala gəlməyən təhriflərlə uşağın beyninə yüklənən zərərli məlumatların müqabilində onu səhih biliklərlə təmin etməliyik ki, şübhə və tərəddüdlərə düşməsin. Mahiyyət etibarilə hər şey elmlə bağlıdır. Cəhalət dinin də, dindarın da ən böyük düşmənidir. Elə isə, cahil zehniyyətin məkrli yollara əl ataraq nəsilləri yoldan çıxarmasına cavab olaraq möminlər də vətəninə, millətinə, kökünə bağlı insanlar və dini-dəyanətini yaşayan, elmlərə dəyər verən, keçmişinə və məmləkətinə sahib çıxan nəsillər yetişdirməyə borcludur.
3. Yaxşı mühit hazırlamaq
Müasir dünyada uşaqlar üçün məktəblərin yaxınlığında və ya başqa əlverişli yerlərdə uşaq bağçası, körpələr evi kimi müəssisələrin olmasına əhəmiyyət verilir. Bu faktor uşağın maddi həyatının nizamlı, vücudunun sağlam olması, rahat şəraitdə böyüməsi, ailəni məşğul etməməsi, mədəni, dünyagörüşlü və gözüaçıq yetişməsi üçün çox mühümdür. Bunları düşünüb daşınır, hər cür fayda və zərərlərini əvvəlcədən hesablayaraq açırlar.
Halbuki, uşağın bu cür maddi şərait kimi, öz dəyərlərini yaşamasına, mənəviyyatını inkişaf etdirməsinə, insan olduğunu hiss etməsinə, hətta Rəbbi ilə könül münasibəti qurmasına imkan verən mənəvi bir mühitə də ehtiyac vardır. Bu mənəvi mühitin hazırlanmasına da əhəmiyyət verilməlidir. Biz də sözügedən mövzu ilə bağlı bəzi vacib məsələləri ərz etməyə çalışacağıq.
a. Dost seçmək
Uşağın din və dəyanətə hörmət edən həmyaşıdları arasından özünə dost seçməsini təmin etmək də vacibdir. Valideyn bununla kifayətlənməməli, uşağın dost çevrəsinə daima göz qoymalıdır. Uşağın vətəninə, xalqına, dini, milli dəyərlərinə bağlı bir vətəndaş kimi yetişməsi üçün, məcburetmə düşüncəsi ilə yox, istiqamətverici metodla gözünü onun üstündən ayırmamalı, o ən qiymətli varlığımızı hər kəsə əmanət etməməlidir. İnsan tanımadığı bir adama corabını belə əmanət etməz. Fərz edək ki, tanımadığınız bir adam gəlib sizə: “Qardaş, bax, pulunu oğurlaya bilərlər, ölkəmizdə o qədər cibkəsən var ki! Ver, pul kisəni və ya çantanı saxlayım!..” – deyir. Etibar edərsinizmi? Xeyr! Yad bir adama nə pul kisənizi, nə də çantanızı əmanət verərsiniz. İndi, necə olur ki, küçədə-bacada tanımadığımız, bələd olmadığımız adamlara uşağımızı əmanət edir və ya bu işlə məşğul olmağı onlara həvalə edirik? Məncə, heç kəs belə bir təzada yol verməməlidir.
Bəli, yaxşı dost seçimi yenə də ana-atanın çiyninə düşür. Sədinin “Gülüstan” əsərində dediyi kimi, pis dost qara ilandan, əfidən təhlükəlidir... Bəli, onunla oturub-dursanız, ya sizi “zəhərləyər”, ya da lüzumsuz şeylərlə məşğul edər. Yaxşı dost mələkdən daha yaxşıdır. Onunla bir yerdə olanda mələklərin üfüqündə gəzib-dolaşarsınız.
“Hər kəs sevdiyi ilə bərabərdir”.[6] Peyğəmbər kəlamıdır bu. Demək, uşaqlara dost tapmaq çox mühüm məsələdir. Uşağın duyğu və düşüncəsinin formalaşmasında dost, yoldaş əhatəsinin roluna qətiyyən əhəmiyyətsiz yanaşılmamalıdır. Əgər uşaq pis bir əhatəyə düşmüşsə, onu dərhal oradan uzaqlaşdırmalı və başqa bir etibarlı yerə göndərməlisiniz. Hətta doğulub boya-başa çatdığı məhəllədə pis yoldaşların əhatəsinə düşmüşsə, onu müəyyən yollarla həmin yoldaşlarından ayırmalı, mümkün olmursa, oxuduğu məktəbdən çıxarıb başqa bir yerə göndərməlisiniz. Eyni zamanda həmin yerdə də dindar, təmiz və əxlaqlı uşaqlarla oturub-durmasını təmin etməlisiniz.
Harada olur-olsun, uşaq düşdüyü mühitdə dərhal dini ab-havanı görməli, başqaları ilə daha çox ülvi düşüncələr ətrafında qaynayıb-qarışmalı, həmdəm olmalıdır. Ana bağrına daş basmalı, ata pul kisəsinin ağzını açmalı, qiyamət günü özlərinin və övladlarının Allahın əzabına tuş gəlməsindən qorxmalı, evdə “ilan-çayan" böyütməməyə çalışmalıdır. Uşaq dərs hazırlamaq, ya da ev tapşırıqlarını həll etmək üçün bir dostunun evinə gedəndə də siz gözünüzü onun üstündən ayırmamalısınız.
Uşaq yoldaşlarının, dostlarının evinə getməlidir, amma o evlərin daşı, torpağı, divarı “Allah” deməli, “millət” deməli, Əzani-Məhəmmədi oxunanda döşəməsinə səccadələr sərilməli, ailə fərdləri səfdə dayanmalı və camaatla namaz qılmalıdır. Uşağınızın belə ailələrin övladları ilə dostluq etməsinə və onlara gedib dərs hazırlamasına mane olmamalı, hətta buna həvəsləndirməlisiniz. Əksinə, övladınızın gedib-gəldiyi ev günahlara açılan bir qapıdırsa, siz onu itirmiş sayılırsınız.
b. Dini abi-havanı hiss elətdirmək və riya olan yerlərdən qorumaq
Uşaqlarınızı dini mərasimlərlə, məscidlə, camaat namazı ilə yanaşı, gözəl ilahilərin, Mövludi-Nəbəvinin oxunduğu yerlərə də aparmalısınız. Beləcə onlara dini həyatın üsulundan fürusuna[7] qədər, demək olar ki, hər ibadəti göstərmiş, aşılamış olarsınız. Onlar bir az da fitrətin tələbi olaraq bu cür şeylərlə həmdəm olmalı, mənəvi qidasını almalıdır ki, başqa şeylər axtarmasınlar. Bəli, uşağın dinlədiyi musiqi belə ona dinini, müqəddəslərini təlqin etməli, onun ülvi hislərini hərəkətə gətirməli və Allah (c.c.) inancının kamilləşməsinə təkan verməlidir.
Ancaq bunu da qeyd edim ki, bu cür mərasimlərdə mövludxan[8] və qarelər[9] boğazdan yuxarı oxuyursa, qeyri-səmimilik uşağın dini ciddiyyətinə mənfi təsir edirsə, qənaətimcə, uşağı bu cür riyakarların məclislərinə aparmamaq daha faydalıdır. İlahi və mövludnamələr qəlbi təmizləyib, arındıran, vicdanı dupduru edən bir çeşmədir. Amma bircə damla da yaş çıxmayan qupquru gözlərlə: “Səni andıqca göz yaşlarım ceyhun olur”, – demək Allaha (c.c.) yalan danışmaqdır. Uşağın belə bir yalanı eşitməsi onun hislərinə ciddi bir hörmətsizlikdir.
Uşaqlığımda “Allahım, Səni andıqca ürpərirəm” mənasında ərəbcə bir cümlə yazırdım ki, doğrudan da, içim ürpərdi və qələm əlimdən yerə düşdü. Onu hələ də xatirə olaraq dəftərimdə saxlayıram. “Ürpərmədiyim halda, mən nə haqla “Allahım, ürpərdim!” deyirəm” deyib həya etdim, utandım. Bəli, dilindən çıxan kəlmələr boğazından aşağı enməyən, gözləri islanmayan, amma əllərini açıb “Göz yaşlarımızla hüzuruna gəlmişik” deyən bir riyakarı uşağın görməsi belə onda şübhələr, suallar meydana gətirə bilər.
Bir tərəfdən mövlud və ilahini dini mərasim kimi götürür, uşağın ruhi-mənəvi dünyasının təşəkkülündə mühüm bir ünsür kimi qəbul edir, digər tərəfdən də onu yalan və riya olan yerlərə aparmamağı ağılın, məntiqin, dini fərasətin tələbi sayırıq. Çünki uşağı küfrdən qoruduğunuz qədər onda riyakarlığa qarşı da ikrah hissi oyatmalı, dini səmimiyyətdə axtarmağı təlqin eləməli və onu riyakarcasına çığırıb-bağıran insanlara deyil, qəlbinin səsini dilə gətirən, könül nəğmələrini bəstələyib dilləndirən möminlərə qulaq asdırmalısınız.
Bizim din anlayışımız bunu tələb edir. Eyni xüsusiyyətləri səhabələrin həyatında da görürük. Çünki bu, məhz Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) anlayış tərzidir, səhabələr başqa cür ola bilməzdi. Bu prinsipi qəbul etməklə dində də əsas sayılan bir məsələni qəbul etmiş oluruq. Əksinə, nə qədər ki öz yanlış anlayışımızdan əl çəkməmişik, övlad və nəslimizin zəlalət yoluna yuvarlanmasına zəmin hazırlamış sayılırıq. Hətta – ifrat hesab etməyin – uşaqlarınızı riyakarların məclislərinə aparıb ilahi oxuyan ikiüzlülərə qulaq asdırmaqdansa, onları oturuş-duruşundan İslamın ciddiyyət və vüqarı yağan bir alimlə tanış edib dinin ciddi bir məsələ olduğunu, əzəmət və vüqar daşıdığını göstərməyi məsləhət görərdim.
Diqqət yetirsəniz, uşaqların ilahi dinləyib-dinləməməsini deyil, ilahilərin necə oxunmasını tənqid etdik... Bəli, nəslimizi qorumaq istəyiriksə, uşaqlarımızı riyakarların məclislərindən də uzaq saxlamağa məcburuq.
c. Münasibət quracağı şəxsləri və yerləri seçmək
Əslində, valideynlərin ciddi nəzarətində böyüyən və ailədə gözəl tərbiyə görən bir uşaq xarici mühitin mənfi təsirlərindən xeyli qorunmuş olur. Ancaq yenə də onların yaxın nəzarətdə saxlanması çox vacibdir. Hətta uşağı dəftər-qələm və s. almaq üçün belə, elə yerlərə göndərmək lazımdır ki, orada pis söz eşitməsin, mənfi təsirə düşməsin. Bəli, o, zərərli kitablar olan və satılan yerlərə ayaq basmamalıdır. Baxışı, hiss dünyası, düşüncəsi azacıq da olsa bulanmamalı və addım atdığı hər yerdə Allaha (c.c.) aid, dinə aid, məfkurəsinə aid dupduru işarə və “işarətçi”lərlə qarşılaşmalıdır. Təkrar xatırladım ki, dəftər, qələm, kitab aldığı yerləri belə valideynlər seçməli və onu hər yerdə ehtimal olunan mənfi təsirlərdən qorumalıdır.
Uşaq bir paltar tikdirəcəksə, getdiyi dərzidə öz dünyasını görməli və öz aləminin səslərini eşitməlidir. Hətta orada oturduğu müddətdə dindən-dəyanətdən, vətənin yüksəliş və tərəqqisindən danışılmalıdır; dərzi əlində iynə ilə işini görə-görə yanına gələn müştərilərin ruhuna fikir və düşüncə atlasımızın naxışlarını hörməlidir. Onun duyğuları, sözləri yalnız həqiqət saçmalı, hisləri gerçəklərə tərcüman olmalı, əlindəki paltarı o tərəf-bu tərəfə çevirə-çevirə düşüncə dünyamızı da “silkələyib təmizləməlidir”. Bu deyilənlər ciddi nəzarətə dair misallardır, görüləsi işlərsə, hələ nə qədərdir.
Bu qədər həssaslıq göstərmək uşağı insanlardan və cəmiyyətdən təcrid etmək kimi başa düşülməməlidir. Əksinə, uşağın müsbət mənada inkişafına xidmət edən həssaslıq kimi qəbul olunmalıdır. Məsələni daha da təfərrüatla izah edə bilərik. Uşağın saçını kəsdirəndə maşını işi salanda “Allahın adı ilə” mənasında “Bismillah” deyən, suyu açanda, tökəndə – hər hərəkətində “Bismillah” çəkən bir bərbərin yanına aparmalısınız. Belə bir bərbəriniz yoxdursa, bunun mənfi nəticəsi bir müddət sonra uşağınızda özünü hiss etdirəcək.
Məsələ ilə əlaqədar diqqətinizi mühüm bir məqama cəlb edəcəyəm. Dəvətnamə gələn bir toy ziyafətinə, qonaqlığa getmək dini bir vəzifə və bir məsuliyyətdir. Kainatın Sultanı (sallallahu aleyhi və səlləm) buyurur ki: “Bir toya, bir nişan mərasiminə dəvət edilsəniz, oraya gedin.”[10] Heç kim Əleyhissalatu-vəssalamın bu əmrinə qarşı çıxa bilməz. Hər bir mömin Onun əmrinə: “Boynum qıldan incədir”,– deyib itaət edər. Haram əyləncələr, lüzumsuz şeylər, cürm və günah olan bir toy mərasiminə getməmək də dinin bir prinsipidir. Əgər bu kimi mərasimlərdə gördüyü şeylər uşağın əxlaqını pozacaqsa, düşüncələrini bulandıracaqsa, əlbəttə ki, onun belə yerlərə getməsini heç kim caiz görməz.
ç. Uşaqların baxdığı verilişlərə nəzarət etmək
Evinə televizor qoyan mömin uşaqların baxdığı verilişləri həssaslıqla seçməlidir. Biz televizorun cürmü və günahı olduğunu söyləmirik. Sözlərimizdən delə başa düşməyin ki, televizorun əleyhinəyik. Ancaq televiziya kanalları və verilişləri arasında seçim etmək də tərbiyə baxımından zəruridir. Qaldı ki, hal-hazırda hökumətimiz də məsələyə bu şəkildə yanaşır və xüsusilə, uşaqlarla əlaqədar müxtəlif tədbirlər görür. Bəli, onlar da bir sıra verilişlərin, hətta efir siyasətinin və bəzi filmlərin gənclərin əxlaqını pozduğunu düşünərək bu istiqamətdə qadağalar qoyur. Həqiqətən də, bəzi verilişlər gənc nəslin əxlaqi və etiqadi düşüncəsini sarsıdır, ruh dünyasını qaraldır, onu fısqü-fücura (günaha) rəvac verir. Odur ki, əxlaqi dəyərlərinizə müharibə elan edən bir televiziya kanalına hələ də baxılırsa, o ailənin başda uşaqlar olmaqla bütün üzvlərinin əxlaqən pozulması, daxilən çürüməsi qaçılmaz haldır.
Bu sözlərimiz qətiyyən elmə, inkişafa, texnikaya düşmənçilik kimi başa düşülməməlidir. Biz texnologiyanın bəşərin səadəti və əmin-amanlığı naminə istifadə edilməsinin və təkmilləşdirilməsinin tərəfdarıyıq. Allahın (c.c.) bu nemətlərindən fikir, mədəniyyət, sənaye, tibb kimi sahələrdə mütləq yararlanmalıyıq. Bu yanaşma gerilik, irticaçılıq deyildir, gerilik bəzi televiziya kanallarının bu qədər iyrəncliyinə, rəzilliyinə və qeyri-əxlaqiliyinə “dözüb” nəsillərin mənəvi tənəzzülünə səs çıxarmamaqdır.
d. Uşaqları Quran tərbiyəsi ilə yetişdirmək
Demək olar, hər mühitə qısa vaxtda uyğunlaşan uşağın qəlb, beyin, qulaq, göz və sair duyğularının günaha alışmasına imkan verməmək və onun tərtəmiz bir mühitdə yetişməsini təmin etmək, ailədə onu qəlbən, mənən “doyduran” dini ab-havanı evin çölündə də bərqərar etmək və çöldəki mühitin ailə mühiti ilə üst-üstə düşməsinə nail olmaq da valideynin, müəllimin və mürəbbinin vəzifəsidir.
Bütün güc və imkanlardan təzyiq vasitəsi kimi istifadə edildiyi, haqqın ayaq altında tapdalandığı bir dövrdə duyğu-düşüncənin istiqamətini və insan olma qürurunu qorumaq çox əhəmiyyətlidir. Qənaətimcə, nəsillərə Quran tərbiyəsinin verilməsi və Quran əxlaqının mənimsədilməsi, haqqın, həqiqətin tərəfdarı kimi yetişdirilməsi, sarsılmaz xarakterə yiyələnib ən məğlubedilməz qüvvələr qarşısında belə mətin dayanması bir millət olaraq varlığımızın və gələcəyimizin ən vacib əsaslarıdır. Çünki həm duyğu və vicdan aləmində, həm də real dünyada ideal cəmiyyət nümunəsi yalnız Quran sayəsində meydana gəlmişdir.
Min ildən artıq bir zaman dilimini işıqlandıran və etibarlı əllərdə olduğu müddətcə göz qamaşdıran o mükəmməl İslam toplumu Quranın parlaq iqlimindən çıxmışdır. Bu toplumun zühur etməsi və tarixin axarını dəyişdirməsi bəşəriyyətin ən möhtəşəm hadisəsi olmuşdur. Bu mükəmməl toplum və onu meydana gətirən fərdlər zehinlərini heç bir düşüncə, heç bir fəlsəfi cərəyanla bulandırmamış, dupduru Quran çeşməsindən içə-içə belə bir səviyyəyə gəlmişdilər.
Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) əxlaqı, xasiyyəti Quran idi. Ona tabe olanlar da Quranın canlı mücəssəməsini görür, Quranı yaşayır və onunla kamala çatırdılar.
Quran əllərindən, dillərindən düşmədiyi halda, bu kamal mərtəbəsinə çata bilməyən insanlarsa onun mahiyyətini qavramayanlardır; belələrinin ruhu dayaz, düşüncələri səthidir.
Quranı anlamaq və onun “əlindən” abi-həyat içmək onun mahiyyətini dərk edərək kamilləşməkdən asılıdır. Kitabullahın ibarə və kəlmələri ilə başlarını qatanlar – Allah bilir – savab qazansalar da, savab mehvərli bir topluma çevrilə bilməzlər. Əsas məsələ qəlb, şüur, iradə, dərrakə və hislərlə Qurani-Kərimə yönəlib onu bütün varlığımızla hiss etməkdir. Məhz bu cür yönəlməklə Allahın buyuruqlarını, əmrlərinin hikmətini hiss edər, su və işığa çatmış rüşeym kimi birdən-birə boy atarıq. Ayələrin hər kəlməsində, hər cümləsində fərqli üfüqlərə yüksələr, məqamca ucalıb ruhumuzun atlasında göylərin xəritəsini seyr edərik.
Məncə, yeni bir nəsli ancaq bu cür atmosferdə yetişdirmək mümkündür. Beləcə “saleh bir dairə” dövrü başlayar, Quran bütün sirlərini qəlbimizə saçar... və elmdən imana, imandan ürfana yüksəldikcə ona müxatəblik səviyyəmizin dərinləşməsi sayəsində daxilən yeni mərtəblərə qədəm qoyar və Allah-Təalanın bəyanlarının ənginliyini tamam başqa cür qavrayarıq.
Bəli, Quranın sirlərinə yiyələnməyin, ruhunu qavramağın bircə yolu var, o da Allahın kitabını öyrənə-öyrənə əməli həyata tətbiq etmək və yaşamaqdır. Əksinə, Qurana münasibətimiz və hörmətimiz zahirilik qəlibindən çıxıb mahiyyətə enməyincə Müqəddəs Kitabımıza yaxın görünsək də, ondan çox uzaqlarda olarıq. İnsanlar Quranın ruhundan, onu həyatbəxş xəzinələrindən məhrum qaldıqları müddətcə həqiqətdən məhrum və bədbəxtdirlər. Qurana yönəlişdə əsas məqsəd bilik əldə etməkdən daha çox, bütün insani sistemi hərəkətə gətirmək olmalıdır. Əldə edilən biliklərdən “mühərrik” kimi istifadə edərək Qurandan başa düşülən mənaları, hökmləri, qənaətləri şərait, vəziyyət və mühitə uyğun həyata keçirmək başlıca prinsipdir. Buna nail olsaq, insan yaradılış qayəsi istiqamətində öz əsl yerini tutar və puç olub getməkdən qurtular.
4. Tərbiyədə həssaslığın mütəmadi olması
Bir həqiqəti, bir düşüncəni dirçəltmək başqa, onu davam etdirmək başqa şeydir. Min bir əziyyətlə araya-ərsəyə gətirilmiş neçə-neçə məfkurə və ona aid müəssisələr vardır ki, quruluş və fəaliyyət şəraitində bir problem olmasa da, fəaliyyətini davam etdirməsi üçün lazımi həssaslıq göstərilmədiyi üçün bir addım belə irəli gedə bilməmiş, hətta bir qisim şərrül-xələflər[11] ucbatından əsasının qoyulması ilə tənəzzülünün başlanması bir olmuşdur.
Bir şeyi bina etmək, ortaya qoymaq çox əhəmiyyətlidir. Amma ortaya qoyulan bir şeyin davam etdirilməsi və təkmilləşdirilməsi onun ərsəyə gətirilməsindən daha əhəmiyyətlidir. İlk müsəlmanlar, daha sonra da bizim xalqımız bir toplumu var edən mexanizmləri, amilləri cəmiyyətə mənimsətməkdə, sonra da qoruyub saxlamaqda həddən artıq həssaslıq göstərmiş, əqli, məntiqi, hissi – heç bir boşluğa yol verməmiş, bilib inandığını da qüsursuz həyata keçirmişdir.
Əlbəttə, bu sözlərlə fərdi qüsurları qəsd etmirəm. Məqsədim sağlam cəmiyyət və onun sağlam gələcəyi üçün vacib olan əsasları çatdırmaqdır. Di gəl ki, sonralar bizim kimi bəzi hazır miras yeyənlər, və ya məsələnin ruhundan bixəbərlər və İslami məsələləri təktərəfli götürənlər işi kökündən pozdu və bizə əmanət edilən tarixi mirası təkmilləşdirə bilmədi, hətta bir mənada onu “qurutdu”.
a. Şərrül-xələf olmamaq
Qurani-Kərimdə: “Kitabda Məryəmi də yada sal!”, “Kitabda İbrahimi də yada sal!”, “Kitabda Musanı da yada sal!”, “Kitabda İsmayılı da yada sal!”, “Kitabda İdrisi də yada sal” şəklində bir çox peyğəmbərin vəziyyətini ard-arda sıralayan ayələr vardır.[12] Qurani-Kərim “Məryəm” surəsində bu seçilmiş insanların xüsusiyyətləri ilə yanaşı açdıqları yolu da bəyan etdikdən sonra belə buyurur:
“Nəhayət, onlardan sonra namazı hədər edib nəfsinin arzularına uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar.” (“Məryəm” surəsi, 19/59)
Yolun başlanğıcında Həzrət Nuh, Həzrət Adəm, Həzrət Musa, Həzrət Məsih, hətta Həzrət Məhəmməd Mustafa (sallallahu aleyhi və səlləm) da ola bilər. Əgər onlardan sonra gələnlər şərrül-xələf, yəni sələflərinə sadiq qalmayan, dolayısilə, namazı hədər edən, – diqqət yetirirsinizmi, “namazı tərk edən” deyilmir – qılsa da, qılmış sayılmayan, Allaha yaxınlıq vəsilələri ilə Ondan uzaqlaşan, ilahi hüzurda qəflətə düşən, bu da bəs deyilmiş kimi şəhvani, yəni cismani arzularına aludə olan, dini öz həvəslərinə görə yaşayan kəslərdirsə, onların o haqq yolun haqq rəhbərlərinin böyüklüyündən faydalanması mümkün deyildir.
Biz də əvvəlki nəsillər kimi şərrül-xələf olma təhlükəsi ilə üz-üzəyik. Namaz qılmaq ağır gəldiyi üçün namazsız bir müsəlmanlıq, oruc çətin olduğu üçün orucsuz İslamiyyət və nəfsani arzulara uymağa mane olmayan bir din anlayışı! Budur dünəni də, bu günü də kirli düşüncə!
Halbuki mömin həm imanın, həm əmin-amanlığın, həm də Haqqa təslimiyyətin timsalı deməkdir. Bəli, mömin Allaha inanan, Onun hüzurunda ikiqat olan, ilahi qadağaları pozmaq əndişəsi ilə tir-tir titrəyən insan deməkdir.
b. Namaz qılmağın əhəmiyyəti
Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) buyurur:
“Namazımızı qılan, qibləmizə yönələn və bizim kəsdiyimizdən yeyən bizdəndir”[13]. İndi, lütfən, siz də bu hədisin əks mənasını bir düşünün!
Başı səcdəsiz, vicdanı paslı, insanlara hörmət etməyən, anarxist, sistemə düşmən kəsilən, dövlət hakimiyyətinə qarşı vuruşan və ölkədə anarxiya çıxarmağa çalışan həva və həvəsin əsirlərini siz kimdən sayarsınız!? Siz kimdən sayırsınız-sayın, Həzrət Məhəmmədin (sallallahu aleyhi və səlləm) qüdsi halqasında belə insanlara yer yoxdur.
Bəli, namaz çox mühümdür, biz də bu məsələdə diqqətli olmalıyıq. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) namaz qılmayanı ortada qalan bir insan kimi[14] göstərmişdi. Hələ söhbət imandan gedirsə, o zaman vəziyyət daha da çətindir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) hərbi səfərə çıxanda bir nəfər gəlib Ona kömək etmək istədiyini deyir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Sən inanırsan?” – deyə sual verir. O da inanmadığını bildirir. Allah Rəsulu da: “Sənin köməyin mənə lazım deyil”, – buyurur.[15]
Bəli, iman möminləri sahilə sağ-salamat çıxaran bir gəmi, namaz da onun yelkənidir. M. Lütfi Əfəndinin dediyi kimi: “Namaz dinin dirəyidir, nurudur, səfineyi-dini yürüdür namaz,[16] bütün ibadətlərin piridir namaz...”
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) başqa bir hədisi-şərifində isə belə buyurur: “Münafiqlərə ən çətin gələn namaz sübh və işa (yatsı) namazlarıdır.”[17] İndi gəlin görək, biz bu namazları eşqlə, şövqlə qılırıqmı? Mənə qalsa, deyərdim ki, namazı eşqi-şövqlə qılmaq münafiqlik hissi ilə həqiqətən mübarizə aparmaq deməkdir.
[1] Əli əl-Müttəqi, “Kənzül-ümmal”, 11/176]
[2] “Nisa” surəsi, 4/139; “Yunus” surəsi, 10/65; “Fatır” surəsi, 35/10; “Münafiqun” surəsi, 63/8.
[3] Batil – “Haqq” məfhumunun əksidir. Həqiqəti olmayan, boş və əsassız şeylər.
[4] Tövhidi-üluhiyyət – Allah-Təalanın zatını bir bilmək, Onun hər cür şərikdən uzaq olduğunu təsdiq etmək. "Lə iləhə illəllah" kəlamı bu tövhidi ifadə edər. Tövhidi-rübubiyyət – Allah isminin ehtiva etdiyi bütün mənaları düşünmək bizi tövhidi-rübubiyyətə aparır. Yəni her şeyi mərhələli şəkildə tərbiyə edib kamala çatdıran, onu faydalı bir varlıq halına gətirən ancaq Allahdır.
[5] İslam əqayidi – Etiqad edilən İslam həqiqətləri. Etiqada dair hökmlər, əsaslar.
[6] Buxari, “Ədəb”, 96; Müslim, “Birr”, 165; Əbu Davud, “Ədəb”, 122; Tirmizi, “Zühd”, 50.
[7] Üsulu-din – etiqad, dinin əsasları: füruu-din – Şəriət hökmləri, yəni İslam dinində ibadət, münakəhat (nikah, boşanma, nəfəqə), müamilələr (alış-veriş, ticarət, icarə və b.) və cəzalarla əlaqədar hökmlər.
[8] Mövludxan – Mövlud məclislərində Quran, dua, qəsidə oxuyan, məclisi aparan adam.
[9] Qare – Quranı gözəl səslə və təcvidlə oxuyan şəxs. Mövlud məclislərində avaz və qiraətlə Quran oxuyan adam.
[10] Müslim, “Nikah”, 98,101; İbn Macə, “Nikah”, 25; “Müsnəd”, 2/22.
[11] Şərrül-xələf – xeyirsiz, şərlə dolu, fikirləri, düşüncələri, əməlləri şər olan xələflər, sonra gələn nəsillər.
[12] Bax: “Məryəm” surəsi, 19/16, 41, 51, 54, 56
[13] Nəsayi, “İman”, 9; Buxari, “Salət”, 28.
[14] Ortada qalmaq – İslama görə namaz imanla küfrü bir-birindən ayıran incə bir pərdədir. Ortada qalmaq iman və küfr arasında var gəl-etmək, gah bu, gah o tərəfə meyl etmək, mövqeyi qəti müəyyənləşdirməməkdir ki, bu da çox təhlükəlidir.
[15] Müslim, “Cihad”, 150, Tirmizi, “Siyər”, 10; Əbu Davud, “Cihad”, 153.
[16] Səfineyi-dini yürüdür namaz − Din gəmisi namazla hərəkət edir.
[17] Buxari, “Məvakit”, 20; Müslim, “Məsacid”, 252; İbn Macə, “Məsacid”, 18.
- tarixində yaradılmışdır.