Bizim dünyamız
Bəzilərinə görə bu gün, demək olar ki, hər yerdə bir xaos hökm sürür. Belə dünyada nə gözəllikdən, nə də yaxşılıqdan bəhs etmək olmaz. Təbii ki, etiqaddan, imandan, elmdən, idrakdan, hissdən, duyğudan da... Çünki bu dünyada hisslər bulanıq, fikirlər dolaşıq, səslər sönük, nəğmələr təravətsiz, simlər qırıq, mizrablar sınıq, həyat isə cəhənnəm əzabıdır. Bir vaxtlar əzmlə, inamla gurlayan o ürəklərdən, dadı damaqlardan getməyən o söhbət məclislərindən artıq əsər-əlamət yoxdur. İndi o səslərin, o nəfəslərin, quş yuvaları kimi isti evlərin yerində indi tükürpədici bir səssizlik, dəhşətli bir tənhalıq və damla-damla könüllərə damlayan bir qürbət, bir inilti, bir həsrət və bir kədər var.
Bəli, bu bucaq altından baxanda, dünyanın halı bu qədər acınacaqlı görünür!
Halbuki, bizim imana, ümidə, əbədiyyətə açıq dünyamız varlığın bütün gözəlliklərini dalğa-dalğa özündə əks etdirən, duyğularımızı sonsuzluğa uçuran elə sehrli bir aləmdir ki, mənəvi köklərini qoruya bilənlər, onu öz qəlbində duyub hiss edənlər bir daha ondan ayrılmaq istəməzlər.
Bu dünyanın hərəkətsizlikləri içərisində həmişə bir canlılıq, bir dinamizm, ağ qarları altında isə bahara can atan bir həyat var. Gözlərimizi yumub bəsirət gözümüzlə bu dünyanı seyr etdikcə şırıldayan suları, saçlarımızı oxşayan mehləri, gözlərimizi dolduran rəngləri, işıqları, hər tərəfə yayılan rayihələri hiss edər, səslərdən süzülüb gələn, çələngləşən nəğmələri eşidərik.
Bu dünyada məfkurə dolu bir həyat qaynayar, bu həyatın təbii və əzəli qafiyələri olan iman və sevgi yaddaşlara həkk olunar, qəlblərimiz axirət səadətinin nüvələri ilə dolub daşar. Etiqadın mənliyimizə işıq saçdığı, qəlbimizi oxşadığı mübarək günlərdə, həftələrdə və aylarda özümüzü sanki yerdə deyil, göylərdə hiss edərik. Bu əngin əhval-ruhiyyə ilə keçirdiyimiz dəqiqələrdə ilahi aləmlərdən süzülüb gələn rənglər, səslər ruhlarımıza dolar, özümüzü laməkan hiss edərik.
Müxtəlif dinlər, düşüncə sistemləri və həyat fəlsəfələri arasında bizim dinimiz, bizim düşüncə sistemimiz, bizim həyat fəlsəfəmiz, bizim dünyamız qədər füsunkar, rəngarəng, ağıla, məntiqə istinad edən, boşluqlara ilişib qalmayan ikinci bir aləm tanımıram. Bu dünyada başqa bir dalğa ilə axıb gələn ilahi nurlar ruhlarımızı oxşayar, könül gözlərimizi ilahi aləmlərin gözəlliklərinə yönəldər, hisslərimizdən, duyğularımızdan əbədiyyətə körpü salar, bizə sonsuzluğun sehrli iksirlərini içirər, həyəcanlarımıza son qoyar, qorxularımızı çıxarar, könüllərimizdə sevinc yelləri əsməyə başlayar.
Bəzən bu dünyada hər şeyin kölgələndiyini, kül rənginə büründüyünü də görmək olar, ancaq onların heç birinin ömrü uzun olmaz. Çünki, bütün bu bozluqlardan sonra iman, cənnət Tubası kimi bütün var-dövlətini könüllərimizə axıdar, boşluqlarımızı doldurar və xarüqüladə təsiri ilə iradələrimizi oyadar, sanki bizi yenidən dirçəldər.
Hər birimizin öz ruhunun dərinliklərində hiss edə biləcəyi bu sevinc, bu dad Sevgililər Sevgilisindən bizə bəxş olunubmuş kimi toxunduğumuz hər şeydə, qəlbimizdə aşıb daşan hər duyğuda, dilimizdən axan hər sözdə bir sonsuzluq əlaməti hiss edərik.
Bəli, bu dünyada ümid və inam nəğmələri, eşq və şövq təranələri heç vaxt həmişəlik susmaz. Susanda da onların susması bir kövsər zümzüməsinə bənzəyər. Bu dünyanın musiqisi, şeiri, gözəllikləri onun hər şeyi və hər kəsi sevgi ilə qucaqlayan insanlarının könüllərindən, o könüllərin işıq məşəlindən, bu işıq məşəlini alovlandıran şüurdan, həssaslıqdan, axtarışlardan irəli gəlir. Bu mənada ilahi ənginliyə yüksəlmiş ruhlara o aləmlər, kim bilir, necə dərin və məhrəm şeylər pıçıldayar, necə nəğmələr oxuyar və çılpaq həqiqətləri görmək üçün necə zəmin hazırlayar!..
Bəli, o, bir tərəfdən ruhlardakı bütün arzuları, bütün xəyalları "doyurar", bir tərəfdən də yeni arzuların, yeni xəyalların qapılarını açar... Vicdanını dinləyə bilən hər bir kəs bu gizli və məçhul aləmlərin "uğultusu"nu eşidib dərk edə bilər. Onu ruhlarının ənginliklərində, vicdanlarının dərinliklərində, sözsüz, hərfsiz dinləyib anlaya bilər.
İnsan ruhu həmişə oyaqdır. Onun vicdanı da proqramlaşdırılmış kompüter kimi düymələrinə toxunacaq usta əlləri gözləyir. Bu hər bir insan üçün belədir. Dünya fırlanır, əsrlər dəyişir, zaman başqalaşır, hadisələr rəngdən rəngə düşür, ancaq insanın daxili aləmindəki bu zənginlik, bu nizam heç vaxt dəyişmir. Ancaq bütün bu gözəlliklərin gözlərə, könüllərə necə hopduğunu, ruhlara necə nüfuz etdiyini, dünyagörüşümüzü necə istiqamətlindirdiyini, bizim bu ilahi gözəllikləri necə hiss etdiyimizi tam mənası ilə anlamaq üçün qəlbimizin və ruhumuzun subyektiv analiz və sintezlərə ehtiyacı var. Bunu edə bilsək hər şey, bütün hadisələr qəlbimizə elə işləyəcək ki, ruhumuz varlığın, ilahi aləmlərin müşahidəçisinə çevriləcək. Bu dirçəliş, bu sonsuz yüksəliş illər boyu qəlbimizdə elə silinməz izlər buraxacaq ki, o vaxt xalis Allah qulları həyatın necə şirin bir zümzümə kimi axdığını, insan olmağın necə böyük bir səadət olduğunu anlayacaq. Əksinə, bu gün olduğu kimi hər şeyi dəyərsiz dəyərlərlə ölçüb-biçdiyimiz təqdirdə öz-özümüzlə ziddiyyətə düşəcək və ruhlarımızda əslində mövcud olmayan bir xaos yaşayacağıq.
Bizim dünyamız insanın fövqündə dayanan bir rəssam tərəfindən çəkilmiş mənalarla, hisslərlə, qayələrlə dolub daşan bir rəsm kimi həmişə mərhəmət iqliminin anlaşılmaz sehrləri ilə cilvələnər.
Bu dünyanın həyat və mənəviyyat zənginliyindəki bütün ulduzlar və bu ulduzların üzdükləri səma sanki bir aksesuar kimidir.
Bu dünyada göylər yer üzü ilə həmahəngdir. Axirət bu aləmin əbədi istirahətgahıdır. Burada ölüm vüslət dəmidir.
Arzuları yerdəki qumlar, göydəki ulduzlar qədər çox olan insan oğlu üçün bu dünya işıqdan, rəngdən, mənadan, ruhdan, ləzzətdən hörülmüş sehrli bir aləmdir. Bu dünya hər gün başqa bir gözəlliklə, hər gün başqa bir zərifliklə qarşımıza çıxar, sanki bizi məşhərlərdə gəzdirirmiş kimi sevindirər, elmdən düşüncəyə körpülər qurar, ruhumuza dad verər və bir an da olsun bizi tək qoymaz.
Bu dünyada səslər, sözlər nəğməyə çevrilər, güllər, çiçəklər ətrafa ətir saçar, canlılar da, cansızlar da vəfalı dost olar.
Sızıntı, Fevral 1995
- tarixində yaradılmışdır.