Allah kainatı yaratmağa nə lüzum gördü və niyə daha əvvəl deyil, sonra yaratdı?
Bu məsələnin iki tərəfi var: Birincisi, kainatın yaradılma səbəbi, ikincisi isə niyə əvvəl deyil, sonra yaradılması. Əvvəla, bildirim ki, biz insanlar hər şeyə öz ölçülərimizlə yanaşır və bu çərçivəyə uyğun fikir yürüdürük. Məsələn, biz bir işə ehtiyac hiss etdikdən sonra görürük. Və çox vaxt da ancaq mütləq zərurət hallarında işə əl atırıq. Bu düşüncə ilə Allah Təalanı özümüzlə müqayisə edib Onun da bu cür hərəkət edəcəyini zənn edirik. Halbuki belə bir sual verərkən düşünməliyik ki, Allah bu cür qüsur və nöqsanlardan münəzzəhdir.
"Allah kainatı niyə yaratdı?" sualına münaqişə yolu ilə də yanaşmaq olar: Kimdir kainatın yaradılmasından narahat olan? Bircə insan göstərə bilərsinizmi ki, bu toxum səpmə, mayalandırma, məhsul götürmədən və bütün imkanlardan ən səmərəli şəkildə istifadə edərək xoşbəxtlik yollarını axtarmasın? Bəli, bir neçə cansıxıcı hadisə ilə üzləşərkən tələm-tələsik qərarlar verib dünyaya gəlişinə peşman olan, hətta canına qıyanlar var, lakin bunlar ümumla (müqayisədə) nadir olaylardır... Yoxsa, hər kəs "var" olduğuna, ona həyat verildiyinə, insan olduğuna nəinki peşmandır, əksinə şükür hisləri ilə coşub-daşır. Rica edirəm, uşaq olub qucaqlarda gəzməkdən, cavanlıqda varlığının nəşvəsini iliklərədək hiss etməkdən, yetkinlik dövründə ailə ilə, uşaqlarla həmhal olmaqdan şikayət etmək mümkündürmü? O ki qaldı axirətə inanan insanlar olsun... Üstəlik bu insan əsl səadətin təminatçısı olan əbədi bəxtiyarlığın toxumlarını cücərdə bilirsə, nəinki şikayətçidir, əksinə mütləq səadət qapılarının sirli açarlarını kəşf etdiyinə görə, olduqca məmnundur.
Bəli biz bütün bunları vicdanən duyur və kainatı yaradan, bizi bura gətirən Zata bütün qəlbimizlə şükranımızı ərz edirik.
Məsələnin öz gerçəkliyi içində izahına gəlincə: bu kainat böyük-kiçik, canlı-cansız, rəngarəng sənət əsərləri ilə süslənmiş bitib-tükənməyən, bir-birini əvəz edən "mənzərələr toplusudur"dur və bir məhşər mahiyyətində olub hər kəsi seyrə və tənəzzöhə sövq edəcək qədər cazibədar yaradılmışdır.
Bu gözoxşayan mənzərələr, bu ehtişamlı gözəlliklər sel kimi axıb-gedən hadisələr zəminində gerçəkləşən iş və əməl, həmin iş və əmələ hakim olan qüdrətli və mərhəmətli əli göstərir. Biz bu işlərdə dalğalanan (ilahi) "isim"lərə şahid olur və vüsal eşqi ilə məşuquna can atan aşiqlər kimi, bu göz qırpmaların, yanıb-sönmələrin arxasınca düşür və bir də görürük ki, bizim üçün mübhəm olan (ilahi) "sifətlər" dairəsinin qarşısındayıq. Çaşqın, yorğun və arzulu... Qəlbimizə açılan mənfəzlərlə Allahın (c.c.) Zatının təcəllilərini seyr etməyə çalışır və məst oluruq. Bir yüksəliş və urucun müşayiəti ilə gerçəkləşən bu səyahət əşya və hadisələrdən insan-kainat münasibətlərinə, ondan insanın Allahın isim və sifət dairəsi ilə münasibətinə qədər geniş müstəvidə cərəyan edir.
İndi də bu idrak və inkişafı sadə dillə davam etdirək:
Məsələn, bir çox işlərdə mahir bir sənətkar təsəvvür edək: bu sənətkarın yaxşı bildiyi sahələrdən biri də gözəl yazı sənəti - xəttatlıqdır. O, bu məharəti ilə obyektivliyi geridə qoyur, subyektivliyə üsyan edir, "inşa" gücü ilə özünü nümayiş etdirir. Həmçinin yenə də fərz edək ki, bu sənətkar, eyni zamanda, mahir bir heykəltəraşdır, bir neçə çəkic zərbəsi ilə ən sərt mərmərlərə sanki, can verir, üzünə təbəssüm, yanağına qəmzə həkk edir. Xəttatlığı alqışla qarşılanan o mahir sənətkar heykəltəraşlığına yazılan mədhiyyələri dinləməkdə olsun, biz onun üçüncü bir qabiliyyətinə nəzər salaq:
Məsələn, sənət dühamız eyni zamanda mahir bir dülgər olsun.. qoz ağacına sənətin ruhunu əks etdirən, vələsə ölümsüzlük verən, palıda sənətin ruhu ilə can verən mahir bir dülgər.. Qoy sənət və sənətkara vaqif insanlar onu alqışlamaqda olsun, biz onun başqa bir məharətinə də baxaq:
Məsələn, indi də bu şəxsin kamil rəssam olduğunu düşünək. Fırçası ilə toxunduğu yerlərdə ən gözəl motivlər, ən şahanə kompozisiyalar canlansın, bir-iki əl hərəkəti ilə heyrətamiz tablolar təsvir etsin... Sənət növlərini artıra bilərik və hər yeni sənət növü bu mahir sənətkarın başqa bir yönünü işıqlandıracaq, həmin cəhətini tanımağa kömək edəcək.
Belə bir sənətkar qabiliyyətlərini göstərməzsə, onu tanıya, bəzi istedadlarını izhar etməzsə, tam və qüsursuz anlaya bilmərik. Buna görə də, hər bir istedad gizli qabiliyyətlərini izhar və onda elmi səviyyədə olan bir həqiqətə vücud geyindirib nümayiş etdirmək istəyir. Toxumda gizli olan həyatın oyanması, nütfənin var olmaq uğrunda mübarizədə eşq və həyəcanı, rütubət damcılarının yağış olmaq üçün min bir çətinliyə qatlanması bu görünmə və göstərmə şövqünün təzahürü deyilmi?
Bütün bunlar həm bizdə, həm də bütün varlıqlarda bir zəifliyin, bir arzunun və qarşısıalınmaz bir şövq və iştiyaqın ifadəsidir ki, onsuz da, əslindən əks olunmuş kölgələri bunun xaricində təsəvvür etmək də mümkün deyildir. Ancaq əsl Sənətkara gəlincə, O, bu cür nöqsanlı cəhətələrdən münəzzəhdir. Bunu da unutmayaq ki, əslin (həqiqi olanın) nə cilvəsi, nə də cilvənin tərtibi kölgəninki kimi ola bilməz.
Bəli, bütün kövnü-məkanı tutan rəngarəng və növbənöv təcəlli dalğaları bizə min bir isimdən xəbər verir və hər isim bir sənət abidəsini işıqlandıran nur kimi, mahir bir Zatın sifətlərinin tanınmasına rəhbərlik edir və o gizli Zatın bəyanları ilə qəlbimizi riqqətə, cuşa gətirir.
Böyük Sənətkar növbənöv gözəlliklərlə öz gözəlliyini, şeirə bənzər nizam və ahənglə iradə və qüdrətini, qəlbin ən gizli arzularına qədər hər şeyə cavab verməsi ilə mərhəmət və şəfqətini... və bu kimi minlərlə sifət və ünvanı ilə özünü bizə tanıtmaq, həm də qüsursuz tanıtmaq istəyir.
Başqa sözlə, O, geniş elminin elmi mahiyyətini xarici vücudlarla (maddi varlıq şəklində) canlandırıb qüdrət və iradəsinin cilvəsini göstərmək, ən xariqə sənət əsərlərini şüurlu varlıqların idrak süzgəcindən keçirərək yerdən səmaya qədər heyrət və heyranlıq, idrak və təqdir harayı qoparmaq istəyir.
Deməli mahir, həm də minlərlə sahədə mahir bir sənətkar xariqüladə istedad və qabiliyyətlərini sənətləri ilə nümayiş etdirdiyi kimi, ən ali mənada, bu kainatın Sahibi də sənətin ehtişamını göstərmək üçün bu möhtəşəm kainat sarayını yaratmışdır...
İndi də "Daha əvvəl niyə yaratmadı?" məsələsinə gələk: Əvvəla "Daha əvvəl" nə deməkdir? Əgər "Filan qədər vaxt, filan qədər il..., yaxşı bəs niyə daha çox deyil" demək istəyiriksə, zaman məfhumunun ehtiva etdiyi sonsuz "əvvəllər" də eyni sualı doğuracaq. Məsələn, "niyə yüz trilyon il əvvəl deyil, bir trilyon il əvvəl yaratdı?" Bilmirəm, belə etiraz xarakterli bir suala məntiqli bir səbəb göstərmək mümkündürmü?
Əgər, "Niyə daha əvvəl yaratmadı?" sualı ilə əzəliliyi, yəni zaman məfhumuna daxil olmamağı nəzərdə tuturuqsa, bu xüsus varlığı özündən olan Zati-Əcəlli-Ala Yaradanın özünəxas sifəti və vəsfidir. (Zatının lazımıdır) Yəni bu (əzəlilik) Ondan başqasına aid ola bilməz, Ondan başqa əzəli olan yoxdur.
Ancaq məxluqatın Allahın elmi içində elə bir elmi vücudları (elmi mahiyyətdə var olmaq) var ki, istər buna təsəvvüf ifadəsi ilə "ayanı-sabitə (İlahi elmdə əşyanın əzəldən bəri sabit olan surət və həqiqətləri, zılali-ənvar (nurlu kölgələr)" deyək, istərsə də plan və layihə kimi məhdud şeylərə bənzədək; bilavasitə onları əzəlilik xüsusiyyəti vermək xəta, ən azı bizim belə bir məsələni qurdalamağımız Allaha qarşı sui-ədəbdir.
Bizlər dar meyarlarımızla xarici vücud geymiş bu cəsəd və ruhlar haqqında nəsə desək də, bizim üçün qeyb sayılan mövzular haqqında fikir bildirmək ən azı həddi bilməməzlikdir.
İnsan Ərşi-Əzəmin Sahibini, - O zatı ki, Kürsisi ilə müqayisədə bütün kövnü-məkanlar, Ərşi ilə müqayisədə Kürsisi səhraya atılmış bir halqa kimidir - axı necə dərk edib Onun Dairəyi-Uluhiyyətinin sirlərinə tərcüman olacaq!..
Bəli, Cənabi-Haqqın özünə xas işlərinə və Zatına güzgü olan bir çox şey var. Əvvəla, məxluqat yaradılmadan əvvəl də O, özünü bilir, əşyaya möhtac olmadan özünə xas işləri bilir; isimlərində Zatının əzəmətini görüb bilir, isimlər aləmində, əsirdə[1], zərrələr aləmində və nəhayət atom və böyük molekullarda isimlərinin cilvələri ilə özünü bilir, bildirir və şüurlu məxluqatına da göstərir..
Əzəli elmində başqa bir bilmə, isimlər aləmində - bizə görə - başqa bir bilmə, əsirdə başqa bir bilmə... bunlar belə davam edib gedir, ancaq O, dəyişməzdir. Çünki O, İbrahim Haqqının dediyi kimi:
"Yeməz içməz, zaman keçməz, bəridir cümlədən Allah,
Təbəddüldən, təğəyyurdan dahi əlvanu-əşkaldən,
Şübhəsiz ol mübərradır, budur Səlbi Sifətullah".[2]
Biz bu gün Onun nələri tərtib edib ortaya qoyduğunu görürük, amma dünən nə olduğumuzu və sabah nə hala gələcəyimizi bilmirik. Elmi varlıq nə idi? "Ayanı-sabitə"[3] nə idi, ruhlar aləmi nəyin ifadəsi və nebulozaların hələzuni quruluşu varlığın hansı zülmət nöqtəsini ahəngdar edir və aydınlıq gətirirdi? Bütün bunları bilmədiyimiz kimi, sabah "üqba" həyatında yenə önə-arxaya baxıb bu böyük müəmma qarşısında: "Səni də, şüunatını (icraatını) da layiqincə bilə bilmədik, ey Maruf!" deyəcəyik.
Əgər, sözü bir az uzatdımsa, bu kimi məsələlərdə ehtiyatı olmağı tələb etdiyi üçün uzatdım, xəta etdimsə, Ondan əfv diləyirəm. Hər şeyin ən doğrusunu O bilir.
[1] Kainatı əhatə etdiyi fərz olunan bir maddə
[2] İbrahim Hakkı, Ehli-sünnet inancı, 5 və 6. beytlər
[3] Elmi-İlahidə əşyanın əzəldən sabit olan surət və həqiqəti.
- tarixində yaradılmışdır.