Niyyət insanı qurtara bilərmi?

Nəticəsi bir işə, bir əmələ aparan niyyət insanı qurtara bilər. Əksinə, əzmə və səyə çevrilməyən niyyət əsla...

Niyyət, bir məqsəd və təvəccöh, əzm və şüur deməkdir. Niyyət sayəsində insan nəyə yönəldiyini, nə istədiyini bilir və bunun sayəsində nə axtardığını, nəyi tapmaq istədiyini dərk etməyə başlayır.

Hər davranış, hər hərəkət və hər feilin əsası niyyət olduğu kimi, təmayül və meyillərə görə "mənim" deyib sahib çıxdığı işlərin səbəbi və vəsiləsi də niyyətdir. Həmçinin, iradənin ən sarsılmaz əsası və insandakı qurub-yaratma gücünün ən sağlam təməli də niyyətdir. Hətta, demək olar ki, kainat və insan nəfsində hər şeyin başlanğıcı və davamı niyyətə bağlıdır. Niyyətə əsaslanmadan nə bir şeyi var etmək, nə də onun davamını gətirmək mümkündür.

Hər şey, əvvəla, zehində bir layihə olaraq meydana çıxar. İkinci addımda planlaşdırılır. Daha sonra da əzm və qətiyyətlə təsdiqlənir. Bu ilk layihə və plandan məhrum olan işlərin nəticəsi olmadığı kimi, iradə və əzmdən uzaq layihə və planların da səmərə və nəticəsi olmaz.

Niyyətdəki bu güc və qüdrətə dəlalət edən bir çox şey var. Lakin çox insan yaşadığı həyatı dərk etmədiyi üçün bu güc və qüdrətdən bixəbərdir.

Niyyət insanın yaxşılıq və pisliklərə aparması baxımından böyük əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən o, ya şəfalı bir iksir ya da bütün iş və feillərin səmərə və nəticəsini silib-süpürən tufan və qasırğadır. Elə işlər var ki, niyyət sayəsində böyüyür; bir ikən min, damla ikən dərya olur. Və necə dağlar qədər  himmət və səylər də var ki, bəd niyyət ucbatından səmərəsiz və nəticəsiz qalır.

Qulluq şüuru ilə yatıb-durmalar, yerə qapanmalar, ac-susuz qalmalar və bir qisim məşru arzu və istəklərdən uzaqlaşmalar insanı ən yüksək zirvəyə ucaldıb sultanlıq taxtına oturda bilər. Halbuki, eyni şeylər və eyni əməllər bu şüurdan məhrum olduğu zaman əziyyət və yorğunluqdan başqa bir şeyə yaramaz. Demək ki, Yaradanı məmnun etmək üçün insan həm etdiyi, həm də tərk etdiyi şeylərlə "əhsəni-təqvim"ə yüksəlir. Onun rizasından xaric isə heç bir iş heç bir şeyə yaramır...

Niyyət elə bir şeydir ki, "yox" onunla "var" olur, "var" kimi görünən şeylər də onun pisliyinə görə "yox" olur.

Müharibə meydanında qanlı paltarla ölüb cəhənnəmə yuvarlanan az olmadığı kimi, saf niyyət sayəsində yumşaq döşəkdə ölüb cənnətə gedən də az deyil. Min cür fəsadlara islah fəaliyyətləri ilə cavab verib xalqımızın sabahını işıqlandırmaq istəyən qəhrəmanların saf niyyəti mükafatsız, hər işi və fəaliyyəti şəxsi mənafeyinə bağlayanların da aqibəti "nəticəsiz" olmayacaq. Birincilər sıçrayaraq səmalara doğru yüksələrkən, digərlər də baş aşağı yuvarlanıb "Tamu"ya (cəhənnəm) gedəcəklər.

Niyyət bu fani və müvəqqəti dünya həyatında sonsuzluğa qapı açan sirli bir açar, yaşanan ömürdə əbədi səadət və ya müsibətə səbəb olan heyrətamiz bir dildir. Bu aləti layiqincə istifadə edənlər ömürlərində ölü və qara bir nöqtə buraxmaz, həyatlarına nur saçıb əbədi səadətə qovuşa bilərlər. Çünki gündəlik, həftəlik, aylıq vəzifələr səmimiyyətlə əda edildikcə o vəzifələrdən gələn fəzilət və savab yalnız vəzifənin əda edildiyi zamana məxsus qalmayacaq, əksinə ömrün hər saniyə və dəqiqəsini öz əhatəsinə alacaqdır.

Cihada hazır olan əsgər fizikən cihadda olmadığı zamanlarda da mücahidlərin payına düşən savabı alacaq. Kazarmada keşik çəkmə saatının gəlməsini gözləyən bir əsgər də həyatını ibadətə həsr etmiş insanın savabını əldə edəcək.

Məhz buna görə də, inanan insan fani həyatda əbədi səadət və ölməzliklə mükafatlandırıldığı kimi, inkar edən də əbədi əzaba namizəd olar. Yoxsa zahiri ədalətə görə, hər kəs ibadət və fəziləti qədər və ya rəzalət və zilləti qədər lütf və ehsana, əzab və əziyyətə düçar olmalı idi ki, o da yaxşı insanların cənnətdə qalma müddəti yaxşı insan kimi yaşadıqları, pis insanların da cəhənnəmdə qalma müddəti pis insan kimi yaşadığı qədər olacaqdı. Halbuki, əbədiyyət həm pislər, həm də yaxşılar üçün ən son nəticədir.

Beləliklə, həm sonsuz səadət, həm də tükənməz əzab yalnız insanın niyyətində axtarılmalıdır. Əbədiyyən iman gətirmək və əbədiyyən istiqamətdə qalmaq niyyət və düşüncəsi əbədi səadətə səbəb olduğu kimi, əbədi küfr düşüncəsi də əbədi bədbəxtliyi nəticə verəcək.

Son dəqiqələrində qəlbi Allaha qulluq şüuru ilə dolu bir insan min illərlə ömrü olsa, bu həyatını düşüncə və amalına həsr edəcəyi üçün, həmin niyyəti və qərarlılığı daşıdığı üçün niyyəti eynən əməl kimi qəbul edilərək ona görə mükafatlandırılar. "Möminin niyyəti əməlindən xeyirlidir" (Acluni, Keşful-Hafa, 2/143; Heysemi, Mecmaüz-Zavaid 1/61). Elə də, son dəqiqələrini keçirən bir inkarçı minlərlə, yüz minlərlə il yaşasa da, o dinsizlik və küfr düşüncələri ilə gələcəyini qaraltma niyyətində olduğu üçün niyyətinə görə cəza görəcəkdir.

Deməli, bu mövzuda əsas olan onların yaşadıqları fani və məhdud həyatdan daha çox -əslində o məhdud həyat da niyyətin təzahüründən ibarətdir- onların niyyətidir. Əbədi səadətə iman və onu qazanma cəhdi mömin insana əbədi Cənnəti qazandırır; əksinə kafirə də Cəhənnəmi.

İnkarçı istəyərək və bilərək yaşadığı küfrün cəzasını çəkəcəyi kimi, küfrə səbəb olan şeytan da inkar düşüncəsinin cəzasını sonsuz əzabla çəkəcəkdir.

Əslində, yaradılış nöqteyi-nəzərində şeytanın bir çox xidməti də var. İnsanın müəyyən istedad və qabiliyyətlərinin inkişafında, təbiətində mövcud olan bir çox saf mədənin təmizlənib ortaya çıxmasında, hətta qəlb və ruhun oyanıq olmasında danılmaz təsiri var şeytanın...

Bəli, o, insanlara, cəmiyyətə müsəllət olur. Onların könüllərinə zəhərli toxumlar səpərək o könülləri pislik və zülmət yetişən tarlalara çevirməyə çalışır. Onun bu fəsadına qarşılıq ruhdakı mənəvi duyğular "həyəcan"a keçir, antibiotikə qarşı bədənin oyanması kimi... Bu isə insandakı incə duyğu və hisləri inkişaf etdirir, qüvvətləndirir, hətta insan bu ən amansız düşmən önündə tez-tez Yaradana sığınmalı olur ki, bu da insanın qəlbi və ruhi həyatı baxımından az zərər ehtimalına qarşı bir çox şey qazanması deməkdir. Beləcə insanda mübarizə əzminin hərəkətə keçməsi və onu hərdəm diqqətli olmağa məcbur etməsi bir çox filizin saf qızıl və bir çox övliyaların böyük mücahid və qəhrəman qazilər kimi ortaya çıxmasına səbəb olmuşdur.

Lakin şeytan bu seçkin insanları müharibə və mübarizəyə sövq edib onların mənəvi yüksəlişinə səbəb olur, amma buna görə heç bir mükafata layiq görülmür. Çünki o, etdiklərini Haqq dostları ucalsın deyə etmir, əksinə, onları günaha salmaq və yıxmaq üçün edir...

Deməli, şeytanın həm niyyəti, həm də əməli pisdir. O başqalarına qazandırdığı dərəcələrlə deyil, niyyət və davranışlarının pis olmasına görə cəzaya məruz qalacaq.

Şeytanın niyyəti və davranışları pisdir. Əvvəla, üsyanı şüurlu insanları sapdırması da bilə-bilədir. "Mən sənə səcdə ilə əmr etdiyim halda, sənin səcdə etməyinə mane olan nə idi? O (İblis) dedi: - "(Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" – deyə buyurdu. (İblis:) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" – dedi. (Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!" (İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!" (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!" (İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam!" ("Əraf" surəsi, 7/12-16). Bu ilk baş qaldırma şüurlu bir üsyan və küfr yolunu seçmək idi. İnsanlığı yoldan çıxaracağına dair olan andı isə, bəşərin bitib tükənməyən faciəsinin əsasıdır.

Şeytanın bu inadı və niyyətinə görə də, ona düşmənçilik sayəsində oyanan bəzi duyğular öz sahibi üçün fəzilətə səbəb olsa da, şeytan, yəni səbəbkar əsla mükafat almayacaqdır.

Nəticə olaraq, niyyət möminin həyatında hər şeydir. Fərdin ölgün davranışlarına canlılıq qazandıran niyyət olduğu kimi, onun bir ömürünü bərəkətli bir tarlaya çevirən də odur. Fani bir dünya həyatında əbədi səadətə aparan bütün qapı və pəncərələri açan niyyət olduğu kimi, əbədi əzab və əbədi bədbəxtliyi də hazırlayan odur.

"Əməllər niyyətlərə görədir," (Buhari, Bedul-Vahy 1; Müslim, İmaret 155; Ebu Davud, Talak 11) rəftar da əmələ görə olacaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.