Bayram

Ruhlar bir aylıq Ramazanla tamamilə kamilləşər, dərinləşər, meyvənin çiçəkdən boylanması tək yetkinləşər və yeni bir təşəkkül və mərhələni arzularkən, üfüqdə bayram bir günəş kimi görünməyə başlayar. Bayram, sanki Ramazanın, hətta keçmiş bütün Ramazanların əsası, mayası kimi duyğu ilə, həyəcanla gəlir. O, səmanın ən nurlu qatlarından süzülmüş, mələklərin incə əlləri ilə hörülmüş isti, yumşaq bir tül kimi bürüyər mənliyimizi.. Və qopub gəldiyi aləmlərin şəfqət və həssaslığını ruhumuza damla-damla, qətrə-qətrə hopduran ana kimi qucaq açar hər birimizə. Biz bütünlüklə onun, o da bizim olar... Və heç getməyəcək kimi oxşar tellərimizi... Sanki qayıdıb gələcək kimi öpər alnımızı... Sonra da vida təvafı ədası ilə uzaqlaşar bizdən.

Biz bayramın səs-sədasını, işvə-nazını mələklərlə həmdəm olmuş, peyğəmbərlərlə yaşamış insanların könüllərə fərəh, rahatlıq verən, xoşbəxtlik gətirən və əbədi səadətə gedən yolları açan sehirli uğultuları kimi hiss edər və müsəlman olaraq dünyaya gəlişin həzzi ilə taleyimizə təbəssümlər saçarıq.

Bayramı duyub dinləmək, həmişə ruhumuzda kövsər şırıltısı hissini doğurur. Könlümüzü onun sərin mehinə çevirdiyimiz andan etibarən, röyalarda olduğu kimi, özümüzü səmalara qədər uzanmış və işıqlı bir keçmişin nur mənbəyində görürük. Eləcə babalarımızın keçmişdə qoyduqları hər şey, bizdən qopub uzaqlaşan və bugünkü varlığımızla onlara borclu olduğumuz bütün dəyərlər yenidən bizim olur… Və "Qızıl Dövrün" o nazlı, xülyalı günləri bir daha üfüqümüzdə zühur edir.. bizimlə münasibəti olan hər şey, İsrafilin həyat bəxş edən nəfəsini duymuş kimi dirilir.. və atalarımızla birlikdə özümüzü sirli bir həşrü-nəşr (Qiyamət günü dirilib toplanma) arasatında (Qiyamət meydanı) görürük; keçmiş günlərə məxsus zamanın hər bir parçası ilə gələcəyin yaşanılacaq zaman dilimlərini eyni anda, iç-içə duyar və yaşayarıq. Hətta imanın işıqlı dünyasında zikr və təfəkkür, təsbeh və təhlillərin gətirdiyi ab-hava ilə heç dadmadığımız, görmədiyimiz, hətta təsəvvür belə edə bilmədiyimiz və dünya hüdudlarını aşan xatirələrlə dolub-daşarıq... Bu günə qədər hələ bilmədiyimiz həzzin, səadətin pak iqlimində gəzər, xüsusilə, indiki dövrdə hər kəsin böhranla boğulduğu dünyanın zülmət tunellərinin mənəvi fövqündə Cənnət yamaclarında səyahət kimi, var olmanın, insan olmanın, mömin olmanın ən əlçatmaz həz­zini duyarıq... Qulaqlarımızda "İman mənəvi tubai-cənnət (cənnət ağacı) nüvəsini daşıyır"ın xoş avazı, könlümüzdə əbədiyyət arzusu ilə məshur (sehrlənmiş), röyalarda olduğu kimi, hər gördüyümüzə qovuşmaq, hər təmas etdiyimiz əşyaya sahib olmaq, hər düşündüyümüz zövqü asanca əldə etmək kimi, haldan-hala düşər, şəkildən-şəklə girər və həzzdən həzzə qanad açarıq.

Bayram, dost-düşmən hər kəsə özünü xoş rüzgarla qəbul etdirər və əvvəlcədən qurulmuş bütün nizam, intizam, qanunları pozar, hər birini irəliyə-geriyə atar, onların yerində isə öz ahəngini qurar. Bəli, başqa düşüncə və başqa ahənglərə qapılmış bü­tün insanlar onun həzin-həzin əsən mehini duyunca, Əsayı-Musa və Yədi-Bəyza (Hz. Musanın əsası və işıq saçan əli) qarşısında sehri puça çıxmış sehirbazlar kimi, vaxt ötürmədən həqiqi qib­ləyə yönələr və Firona qarşı dedikləri kimi: "Fakdi ma əntə kad-Artıq nə hökm verəcəksənsə, ver",- deyərlər.

Bayram həmişə bizə dillə söyləməkdə çətinlik çəkdiyimiz şeyləri pıçıldar, ruhumuza ifadəsi qeyri-mümkün mənalar duyurar.. və daha neçə-neçə gizli əməllərimizə su səpərək onları bir-bir t­o­xumdan cücərtiyə çevirər.

Bayramdakı təmcid (Cənabi-Haq­qın böyüklüyünü bildirmək), səlat (minarədən oxunan salavat, dua), azan və gizli-açıq hər yanda duyulan əvradu-əzkar (vird və zikr) sanki qulağımızda səma qapılarının səsini əks etdirir; təbriklər, əl öpmələr, ziyarətlər isə şanlı keçmişimizdən coşub gələn ru­hu və mənanı xatırladır. Bəli, axirətə baxan bu lahuti səs dalğaları, bu keçmişin rəngi ilə boyalı adət və mərasimlər, sanki ruhumuzun demək istəyib deyə bilmədiyi sevinc və nəşəsini, həsrət və hicranını bizə söyləyir...

Bayram son dərəcə əhatəli bir dil istifadə edir və dilə gələsi hər şeyi bir-bir söyləyir: İnsanın torpaq kimi heçliyini və ayaqlar altında var olmasını.. yağışın torpağı qucaqladığı kimi, rəhmətin də onu qucaqladığını.. arı pətəyindən daha canlı, quş yuvasından daha isti yuvamızın şəfqətini.. ruhumuzun lahuti aləmlə əlaqəsini, amalını.. qəlbimizin hüzur və əmin-amanlığını..fərd planında insanın bir məchul nöq­tədən başlayan və heç bitməyən sirli səfərini..səfərin sevincli və ya tükürpərdən son dayanacağını.. cəmiyyət olaraq millətimizin yaranışını.. əsrlər boyu mübarizə və mücadiləsini.. mədəniyyətini.. adət-ənənə­sini.. üslub və şivəsini, həm də ildə bir-iki dəfə və cəmiyyətin bütün təbəqələrinə ən gözəl bir dillə izah edir.

Bu gözəl dünyanın gözəlliklərə namizəd övladları olan bizlər, öz ruhumuzun tərcümanı olaraq bayramlarda eşidibdinlədiklərimizi, coşub-hayqırdıqlarımızı və yaşayıb -anladıqlarımızı- keçmişdən bizə miras qalan varlığımızın ruh və mənasını daha sağlam təməllər üzərində yerləşdirməli, daha möhkəm qorumalı, inkişaf etdirməli və yaşatmalıyıq. Belə ki, bu bayramlar və bayramlara məxsus ruh və mənaların könüllərimizə hopması, bütün millətə nüfuz etməsi, bu qədər hiss, bu qədər xəyal, bu qədər düşüncə ilə bütünləşməsi üçün, kim bilir, nə qədər vaxta ehtiyac olmuşdur; uğrunda nə qədər səy göstərilib və necə çətinliklərlə üz-üzə gəlinib!?

Bizim o keçmişdən, o səy və o cəhddən xəbərimiz olmaya bilər.. bayramlara bir neçə istedadlı aktyorla canlandırılmış, ustalıqla səhnələşdirilmiş bir şənlik kimi tamaşa edə bilərik.. Halbuki, bayram bütün bunların fövqündə tamaşa zövqü, bir tələvvün (rəngarənglik) dərinliyi ilə gəlir. O, səmadakı ilk mayalanmadan sonra yer üzündə əsrlər boyu da­vam edən müqəddəs bir hamiləliyin ən bərəkətli məhsuludur.

Bayram, həyatın içində, fəqət həyatdan daha dərin, daha gözəl və dünyada gerçəkləşməsi qeyri-mümkün kimi görünən bir röyanı canlandırır və böyük bir ideala dair maraqlı ipucları verir.. könüllərə arzuladıqları, gözlədikləri günləri vəd edir.. və in­san vic­danının gizlicə arzusunda olduğu, lakin heç cür əldə edə bilmədiyi əbədi səadət ehtiyacına özünəxas bir dillə cavab verir.

Hər birimiz müəyyən səviyyədə ümid və narahat düşüncələrin övladlarıyıq. Demək olar ki, hamımız gələcəkdə indikindən daha mə­sud olacağımız xoşbəxt günləri gözləyir və səadət saraylarının xəyalı ilə yaşayırıq. Bu arzu və xəyalların reallaşacağından xəbər verən işarələr gördükcə ümidlənir, görə bilməyincə də narahat olmağa başlayırıq.

Bəli, bir ömür boyu qulluq dünyamızda, Cənnətə doğru uzanan yollarda qarşımızı kə­sən çətinlik, məşəqqət və növbənöv qayğılarla; Cəhənnəm tunellərində tələ qurub göz­ləyən müxtəlif arzu, iştah və həva-həvəslərlə mübarizə apara-apara Cənnət yamaclarına ça­tacağımıza ümid etdiyimiz kimi, imtahanı yaxşı verib həyatımızı "Haqq rizası" istiqamətində yaşayaraq keçirdiyimiz və ya keçirəcəyimiz Ramazandan son­ra da axirət yurdu naminə böyük irəliləyişlərə müvəffəq olma düşüncəsi ilə müvəffəq edən Zata (Allaha) içimizdə yenə onun rəhmətinin ifadəsi olaraq bir qisim arzuların hasil olması qəlbimizdə o arzuları hasil edən Allah niyyətimizi dua yerinə qəbul edib dilədiklərimizlə bizi şərəfləndirsin! çox təbiidir, hətta Allaha inanmanın gərəyidir.

Ramazan və bayramlar digər ay və günlərdən fərqli olaraq, yağışa hamilə buludlar ki­mi gəlir.. ətəklərindəki xeyrat və həsənat cöv­hərini başımıza yağdırır.. günahlarımızı çör-çöp kimi önünə qatıb aparır, qüfran (əfv, bağışlanma) ümmanına boşaldır və bizə tək­rar-təkrar:

"Mövla bizi əfv edə, Bayram o bayram olar
Cürmü xətalar gedə, Bayram o bayram olar"

(M. Lütfü Həzrətləri),-dedirir.

Hisslərimizin hüdudsuzluğu, xəyallarımızın sonsuzluğu bəqaya namizəd bu fani günləri əbədiləşdirmənin sehirli açarı kimi onların içinə girincə, bizə sonsuzun sirli qapılarını aralayır və könlümüzə əbədiyyət duyğusunu bir daha hiss etdirir.

İnsan nə zaman bayramı və bayramla gələn səsi, sədanı dinləsə, o günlərdə çox zikr edilən o ən gözəl sözlərdən, ən ləziz ifadələrdən, ən mənalı davranışlardan, hətta o gü­nə aid duyğu və düşüncələrdən çağlayan ən lətafətli şərbəti içib səadətin ən əlçatmazına nail olur.

Bayramlar o qədər füsunkardır ki, gəlişi bütün il boyunca gözlənilir, gedişinin verdiyi kədər isə, ancaq belə ikinci bir gəlişin ümidi ilə yüngülləşir; dərd ikən sevinc olur, hüzn ikən həsrətlə gözlənən sevincə dönür.

Bayramlar, bir az da namazlarla bayramlaşır. İş gəlib namaza çatanda artıq bayram yer üzü məşğuliyyətindən çıxıb, səmavi məna və mahiyyətə bürünür. Belə ki, o gün Allah qar­şı­sındakı vəzifə və məsuliyyətini yerinə yetirməyə çalışan bütün insanlar məscidə addımını atar-atmaz vəcdə gəlir, Allahla münasibətinə görə sonsuz nurani ümmanlara yelkən açır və bəsirətlərinə (həqiqəti yanılmadan görə bilmə qabiliyyəti) açılan mənfəzlərdən (dəlik, aralıq) üqbanı (axirəti) seyr edirmiş kimi olurlar. Könüllərinin riqqətlə duyub hiss etməsindən ləzzət alan bu insanlar hal və hərəkətləri ilə, dilləri ilə, davranışları ilə ehtiram duyduqları dərgahın haqqını əda edir kimi ağlar, inlər və çırpınarlar.. söyləmək üçün söz axtarar.. mətləbi əldə etmək üçün haldan-hala düşər.. hiss və həyəcanlarını hayqırmağa çalışar, dili kəlmələrin yoxsulluğuna məğlub olar, köks ötürər və "lə havlə..." çəkərlər.

Hələ bir də minbərdə və mehrabda axtardığı səsi, sədanı tapırsa, sanki duyduğu, duyub içinə çəkdiyi şeylərlə cavanlaşır, əbədiləşir, fövqəlzaman və fövqəlməkan keyfiyyəti qazanır. Sonra da Allahın könlünə əta etdiyi əzəli vədlərlə qanad açır. Bütün mənliyini bürüyən bu dərinliyin vəcdi və şövqü içində sanki Cənnətə qədəm qoyurmuş kimi, Cənnət əhli ilə əl-ələ verirmiş kimi, bəzən Yaradanın qarşısında tər tökür, bəzən də bəraət fərmanı ilə körpünü keçənlər kimi sevinclə coşur.. elə bir sehrə qapılır, elə bir mənəvi aləmə qərq olur ki, bir daha oyanmaq istəmir...

Sızıntı, Aprel 1993

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.