Müqəddəs Mövlud
İnsanlığın İftixarının doğumu bütün insanlığın da yenidən doğulması sayılır. Onun dünyaya şərəf gətirəcəyi günə qədər ağın qaradan, gecənin gündüzdən, gülün də tikandan fərqi yoxdu; dünya sanki ümumi bir matəmgah, varlıq da xaosdan fərqsiz idi... Onun nuru sayəsində zülmət ziyadan ayrıldı, gecələr gündüzə döndü; kainat kəlmə-kəlmə, cümlə-cümlə, sətir-sətir oxunan bir kitab oldu... və sanki hər şey təkrar dirildi və həqiqi, öz dəyərini tapdı.
Bəli, Onun yer üzünə şərəf gətirməsi kainat miqyaslı bir vaqiə və yerin-göyün ən böyük hadisəsi olduğu kimi, eyni zamanda, bəşəriyyətin təkrar dirilişidir. Onun cahanları işıqlandıran, nur saçan bəyanla dünyanı yenidən göylərə görə tənzim edəcəyi, varlığın pərdəarxası həqiqətlərinə tərcüman olacağı, əşya və hadisələrə yeni təfsir və yeni şərhlər gətirəcəyi günə qədər varlıq sanki tamamilə mənadan yoxsul, ruhdan məhrum, bir-birindən qopmuş və bir-birinə yad idi; cansız varlıqlar heçlik paradında bir fiqur, canlılar “təbii seleksiya”nın dişləri arasında və hər gün başqa bir ölümün pəncəsində.. bu zülmət tənhalıqda insanlar isə hər an bir ayrılıqla inildəyən bir yetim, bir məzlum, bir məğdur vəziyyətində idi. Onun saçdığı nur sayəsində birdən-birə qaranlıqların tilsimi pozuldu, şeytanlar məğlub oldu, sapqınlıq isə cəhənnəmə yuvarlandı... əşyanın mahiyyəti dəyişdi; təxribat abadlığa döndü, inqirazlar (dağıtmlar) da təmir hazırlığına çevrildi.. dünyaya gəliş-gedişlər bir rəsmi keçidə, parada döndü; doğumların hər biri toy-büsat, ölümlər də bir “şəbi-arus” oldu.
Onun işığı başımızı oxşamağa başladığı gündən bəri ruhumuzda “əbədi yoxluğun” tilsimi açıldı; hicranla döyünən qəlblərə dost iqlimindən vüsalın müjdələri gəldi. Bəşəriyyət olaraq hamımız Onun qəlblərimizə verdiyi həyat sayəsində varlığımızı dərk edib əşya ilə münasibətə girə bildik.. mahiyyətimizdəki cövhərdən istifadə edib mənliyimizdəki əbədiyyətə olan istedadımızı sezə bildik. O olmasaydı, nə ruhumuzdakı bu dərinliyi dərk edər, nə də qəbirdən keçib əbədiyyətə uzanan bu yolu və səyahəti bu qədər cazibədar görə bilərdik. Qəlblərimizə eşq və həyəcan verən O, gözlərimizə işıq saçan O və bizi əbədiyyət ölkəsinə səhayətə hazırlayan da yenə Odur.
O bu uzun və sirlərlə dolu səfərin sahilində kapitanımız və yol göstəricimiz, gedəcəyimiz aləmdə də mehmandar və şəfaətçimizdirsə, deməli, bizim də Onun qarşısında müəyyən məsuliyyətlərimiz var və bu məsələyə laqeydliklə yanaşmağımız qeyri-mümkündür. Ancaq qəribə bir haldır ki, biz əsrlərdən bəri bu İşıq insana və Onun nurlu bəyanına qarşı laqeyd olduq.. laqeydlik bir yana, çox vaxt Ona hörmətsizlik etdik...
Düzü, kiçik və müəyyən çərçivə içində mərasimvari bir mövlud, bir neçə qutu şirniyyat və bir neçə şüşə gülabla.. bəzən də bir neçə sənətçi və bir neçə ilahi söyləyənlə bu mübarək doğumu qeyd etməyə, Ona olan bağlılığımızı nümayiş etdirməyə çalışmışıq, lakin bunların heç birisi Onun böyüklüyü ilə müqayisə edilə bilməz; müqayisə etmək bir yana bu Onun qapısının qullarına göstərilən hörmət və ehtiram qədər də deyil. Hələ Hz. Məsihin ad günü və ya Onunla bağlı olduğu göstərilən Santa Klaus, pasxa və digər şənlik və karnavallar miqyasında sevinc və bayram qətiyyən qeyd olunmamışdır...
Bu mövzuda təklif olunanların, əlbəttə ki, “mükəlləflər” sırasında yeri yoxdur; heç kəs də bunu iddia edə bilməz. Ancaq əcəba bu “Müqəddəs Mövludu” Onun nur saçan yolu naminə daha dərindən, daha səmimi və daha ciddi dəyərləndirə bilmərikmi?
Hz. İsa ilə bağlı günlər milləti xristian olsun-olmasın, demək olar ki, hər ölkədə sevinclə qeyd olunur; həftələrlə, hətta aylarla hər söz, hər söhbət nəticə etibarilə buna gətirilir.. hər yana Onun adına təbriklər, hədiyyələr yağır... hədiyyə və təbriklər yağışı bu günlərdə poçt işçilərinin yeganə məşğuliyyətinə dönür. Telefonlar dayanmadan Onun naminə çalır, dəstəklər onun naminə qaldırılıb qoyulur.. hər yan şamlarla süslənir; küçələr, yollar rənglərlə, işıqlarla qəhqəhə çəkir.. evlər bir arı şanı kimi Ona aid duyğularla uğuldayır, məbədlər Ona aid nəğmələrlə inildəyir.. və hər gecə bir şəhrayin kimi füsunlu və coşqun keçir.
Düzü bu qarmaqarışıq karnavallarda çox insan nə etdiyini bilməz və əksəriyyətlə masqaralıq olan bu işlərin içinə niyə girdiyinin fərqinə varmaz. Ancaq buna baxmayaraq, bu günlərin hər dəqiqə və hər saatını dini duyğularla keçirən və gördüyü işi dərk edən bir çox insan vardır.
Nə olur-olsun, Hz. Məsihə aid gün və gecələri insanlar o qədər mənimsəmişdir ki, bilərək-bilməyərək hər kəs bu qəribə mərasimdən öz payını alır; ibadət, əyləncə və ya masqaralıq hər nə isə, xristianlarla eyni duyğuları bölüşür, eyni hislərlə oturub-durur.. hətta küknarı, şam ağacını yıxır, hindquşunu yonur, şampan partladır və sərxoş halda küçələrə tökülür...
Möhtərəm mövludun belə əyləncəli, şən qeyd olunmasına və mübarək İslam dininin də bir karnavala çevrilməsinə nə biz, nə də bir başqası arzulayır.. onsuz da, bunu etməyə də heç kəsin gücü çatmaz. Ancaq yalançı və riyakar bir dünyanın bu boyda insanlıq aləmini yalanın toruna saldığını gördükcə, “görəsən, niyə İslam Dünyası, eyni zamanda öz vəladəti də sayılan rəbiüləvvəli, rəbiüləvvələ gələn “Novruzi-Sultani”ni və bu günlə gələn bəşəriyyətin qurtuluşunu eyni həyəcanla, eyni təmtəraqla qeyd etmir” deyə heyfslənir və özümüzü sorğuya çəkirik.
Yuxarıda qeyd olunan mülahizələr Həzrəti Məsihi (ə.s.) və onun ardıcıllarını kiçiltmə mənasında da başa düşülməməlidir. Biz müsəlmanların Həzrəti İsaya hörməti sonsuz olduğu kimi, Onun gətirdiyi bəyanın müasir qərb mədəniyyətinin əsas rüknü olmasına da şübhəmiz yoxdur. Bəli, tarixçilərin və mədəniyyət filosoflarının da ifadə etdiyi kimi, əgər Həzrəti İsa və onun gətirdiyi ruh və məna olmasaydı, qərb mədəniyyəti heç vaxt var ola bilməzdi, çünki onun bir əsası Yunan düşüncəsi (riyazi düşüncə), digər bir əsası Roma hüququ olduğu kimi, bir başqa rüknü də həqiqi mənada Xristian dinidir. Bir məsələni də əhəmiyyətinə görə qey etməliyəm ki, əgər İnsanlığın İftixarı Həzrəti Muhamməd (s.ə.s.) və Onun nurlu yolu olmasaydı, İslam Mədəniyyəti olmazdı.. İslam mədəniyyəti olmayanda da qərb “sivilizasiyası” mövcud olmazdı.
Bəli, əgər İslam o yumşaq, o xoşgörülü, o isti, o elmə dəyər verən və təfəkkürü alqışlayan səmavi çalarları ilə qərb yamaclarında tüllənməsəydi.. və onuncu əsrdən bəri İslam alimləri, həmçinin Türk mütəfəkkirləri, yunan və latın kültürünü Avropaya aparıb Avropalıya tanıtmasaydı qərb hələ də orta əsrlərdə olacaqdı. Elə riyaziyyat, fizika, kimya, astronomiya, həndəsə və təbabət kimi elm sahələrinin şərq və İslamla yoğrulduğuna heç kəs şübhə etmir. Bizim dünyamızda mədəniyyət naminə nə varsa, hər şeyin qərbə aid olduğuna özünü inandırmış bəzi qərbşünaslar qəbul etməsə də, qərb mədəniyyəti hal-hazırkı səviyyəyə çatmaq və müasir şəkli ilə var olmaq üçün Həzrəti Məsihdən sonra tam altı əsr də gözləmək məcburiyyətində idi.. gözlədi və İslamla qarşılaşdı.. bu görüşü tam mənada dəyərləndirə bildi-bilmədi bu ayrı məsələ, lakin bu görüşün mütləq ona təsiri oldu, çox istifadə etdi və gələcəyini onun işığında formalaşdırdı.
Bəli, qərb İslam mədəniyyətin əsasını təşkil edən prinsipləri mənimsəməsə də, ondan aldığı, alıb dəyərləndirdiyi və həmçinin İslamın ona hədiyyə etdiyi bir çox şey vardır.. və bunlar yeni qərb dünyagörüşünün və yeni düşüncənin formalaşmasında təsəvvüredilməz təsirə malik oldu...
Deyə bilərik ki:
Dünya nəyə maliksə, Onun vergisidir həp,
Borcludur Ona cəmiyyəti, borcludur Ona fərdi;
Borcludur O məsuma bütün bir bəşəriyyət,
Ya Rəbb, məhşərdə bizi bu iqrar ilə həşr et!
M. Akif
Əsrlər oldu, bəşəriyyətin borclu olduğu bu Zatı öz dəyərinə uyğun bir mövlud günü, mövlud həftəsi, mövlud ayı ilə qeyd etmədik.. qeyd etmək bir yana, Onun qapısının qullarına göstərilən hörmət qədər Ona ehtiram göstərə bilmədik. Aylar, illər və əsrlər boyu Onun üçün şəhrayinlər tərtib edilsə, hər gecə Onun üçün yüzlərlə, minlərlə nəğmələr söylənsə, yenə də Onun haqqını ödəmək olmaz və Onun uğrunda bir iş görüldüyünü iddia etmək olmaz. Lakin “Sultana sultanlıq, gədəyə də gədəlik yaraşır” nöqteyi-nəzərindən “Əbədi Risalət Simpoziumu” kimi konfransların hər il başqa-başqa ölkələrdə təşkil edilməsini.. və buna müəyyən vaxtın ayrılmasını.. və mümkünsə, qarşıdan gələn ilin−təbii ki, Onun dünyasında, sadəcə Ona bir il ayrılmanın vəfasızlığının ruhumuzda hasil etdiyi əzikliyinin utancı, arı ilə,− “Həzrəti Muhamməd (s.ə.s.) İli” olaraq elanını təklif edirik.
Sızıntı, Oktyabr 1991
- tarixində yaradılmışdır.