Allah Rəsulunun yetişdirdiyi insanlar
Əvvəlki yazılar bilavasitə Allah Rəsulunun döyüş üsulları ilə əlaqədar olub Onun icraatından bəzi səhnələr idi. Halbuki O, bənzərsiz ordu qurmuş və bu ordu da qısa bir zamanda dünyanın dörd bir tərəfini fəth etməyə müvəffəq olmuşdu. Allah Rəsulu yetişdirdiyi döyüşçüləri və qurduğu işıqlı ordu ilə də tayı-bərabəri olmayan bir və yeganə hərb dahisi idi. Çünki İslam ordusu Onun əli ilə təşəkkül etmiş və Onun əli ilə təkmilləşmişdi. Yəni O, digər sərkərdələr kimi hazır ordunun başına keçib onu idarə etməmişdi.
Allah Rəsulunun qurduğu orduda bu üç mühüm xüsusiyyət diqqət çəkir.
- Mükəmməl təlim.
- Yüksək səviyyəli əxlaq və nümunəvi bir tərbiyə.
- Ağılın fövqündə dayanan iman, itaət və təslimiyyət şüuru.
Peyğəmbərimiz: "Qüvvət atmaqdadır"[1] – deyərək qiyamətə qədər mövcud olacaq hərb sənayesinə işarə etmişdir. Bu, Rəsulullahın möcüzəvi sözlərindən biridir. Özü də şəxsən bunu əməli şəkildə tətbiq etmiş və atıcılığa böyük əhəmiyyət vermişdir. Atıcılığı təşviq edən bir çox hədisi-şərif vardır.[2] Hətta maraqlıdır ki, bir döyüşdə Sad ibn Əbu Vəqqas həzrətlərinə: "Anam, atam sənə fəda olsun, ey Sad, ox at!"[3] – buyurmuşdur. Peyğəmbərimiz bir çox insana yalnız "Anam..." və ya "Atam sənə fəda olsun..." demişdir, ancaq bunları qoşa söylədiyi yeganə səhabə Sad ibn Əbu Vəqqasdır (r.a.). Çünki Sad ox atmaqda sənətkar idi...
Allah Rəsulu səhabələrini mahir döyüşçü kimi yetişdirirdi. Sülh şəraitində belə səhabələri idmanla məşğul olmağa təşviq etmiş, onların arasında bəzi yarışlar keçirmişdir.[4] Hətta özü də bu müsabiqələrin bəzisində iştirak etmişdir.[5] Üstəlik yaşı azdı deyə döyüşə aparılmayan yeniyetmələr arasında təşkil edilən güləş yarışları o dövrdə idmana verilən əhəmiyyətin göstəricisidir.[6]
O dövrdə İslam ordusu həm şəxslərin fiziki gücü baxımından, həm də nizam intizam, döyüş səviyyəsi baxımından mükəmməl idi. Təbii ki, əsgərlərin yüksək əhval-ruhiyyəsini də unutmamaq lazımdır.
İslam ordusunda mələkləri belə qibtə etdirən yüksək əxlaq var idi. Allah Rəsulundan dərs alan bu cəngavərlər getdikləri hər yerə əmin-amanlıq aparırdılar. Səhabələrin fəth etdiyi heç bir diyarda kimsənin ismət və namusuna əl uzadılmamışdı.
Bəli, ordunun iffət anlayışı bu səviyyədə idi. Əlbəttə, bu iffət onların iman və əqidəsindən qaynaqlanırdı. Əqidəyə zidd hərəkət edən bircə səhabə belə göstərmək mümkün deyil. Bu da imanın təbii nəticəsi və təzahürü idi. Quran onların bu fəziləti haqda belə buyurur:
لاَ تَجِدُ قَوْماً يُؤْمِنُونَ بِاللّٰهِ وَالْيَوْمِ اْلاٰخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللّٰهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ أُولَئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ اْلإِِيمَانَ وَأَيَّدَهُم بِرُوحٍ مِنْهُ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا اْلأَنْهَارُ خَالِدِينَ فِيهَا رَضِيَ اللّٰهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ أُولَئِكَ حِزْبُ اللّٰهِ أَلاَ إِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْمُفْلِحُونَ
"Allaha və axirət gününə inanan heç bir qövmün Allahın və Onun Peyğəmbərinin əleyhinə çıxanlara – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsa belə – sevgi bəslədiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah imanı onların qəlbinə yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın ordusudur (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, ancaq Allahın ordularıdır nicat tapıb (əbədi) səadətə qovuşanlar." ("Mücadilə" surəsi, 58/22)
Onlar elə bir imana sahibdilər ki, qarşılarına çıxan maneə nə olursa-olsun onları amallarından yayındıra bilməzdi. Döyüş meydanlarında çarpışanda bəzən qardaşları, bəzən də öz ata və əmiləri ilə üz-üzə gəlsələr də, bu əzablı qarşılaşmada belə verilən əmri tərəddüdsüz yerinə yetirir, göstərilən hədəfə çatırdılar.
Bəli, Allah Rəsulunun təşkil etdiyi nizami ordunun tayı-bərabəri yoxdur bəşər tarixində! Bəzən onların çəkdikləri qılıncın altında can verənlər öz doğma ataları, qardaşları və qohumları ola bilərdi. Bu çox əhəmiyyətli məsələ idi; kiçik bir tərəddüd ordu nizamının pozulmasına və yararsız hala düşməsinə gətirib çıxara bilərdi. Allah Rəsulunun ordusunda bircə səhabə bircə saniyə tərəddüd etməmişdi.
Əbu Übeydə ibn Cərrah (r.a.) Bədirdə atası Cərrahla qarşılaşmışdı. Çarəni qaçmaqda görsə də, atası ondan əl çəkməmişdi. Nəhayət atası ilə vuruşmaqdan başqa çıxış yolu olmadığını anlamış, "Al, Allah rizası üçün!" – deyib onu yerə sərməyi bacarmışdı.[7]
Bəli, orada atası ilə qarşılaşmaq onu məfkurəsindən, amalından döndərə bilməmişdi. Məfkurə məfkurədir, ona kim əngəl olur-olsun, bəzi hallar istisna, mütləq zərərsizləşdirilməlidir. Elə isə, Əbu Übeydə də, başqaları da həmişə belə hərəkət edəcək və bir daha Cərrahlarla qarşılaşmayacaqdılar.
Həzrət Əbdürrəhman (r.a.) atası Əbu Bəkrə (r.a.): "Uhudda səninlə dəfələrlə qarşılaşdım. Lakin hər dəfə səndən qaçdım, səninlə döyüşmək istəmədim!" – demişdi. Həzrət Əbu Bəkirin (r.a.) cavabı isə qəti olmuşdu: "Əgər mən səni görsəydim, şübhəsiz, səninlə vuruşar və əsla görməməzlik etməzdim!"[8]
Həzrət Abdullah (r.a.) atası Übeyy ibn Səlulun əməllərindən çox narahat idi. Atasının çoxdan ölümə "layiq" olduğunu bilirdi. Ancaq atasına da bir övlad kimi hörmət göstərirdi. Və Allah Rəsulunun yanına gəlib belə bir təklif etdi:
– Ya Rəsulallah! Əgər atamı öldürtmək istəyirsənsə, nə olar o işi mənə tapşır! Çünki bütün Mədinə bilir ki, atasına mənim qədər hörmət edən ikinci bir insan yoxdur. Əgər onu məndən başqası öldürsə, o insana qarşı ürəyimdə bir inciklik hissi qala bilər. Lakin mən istəmirəm ki, ürəyimdə bir möminə qarşı belə bir hiss olsun. Ona görə də icazə verin, bu işi mən özüm görüm." [9]
Abdullah (r.a.) şanlı bir səhabə olsa da, atası münafiqlərin atamanı idi. Allah Rəsulunun İslama bu qədər zərər verən bu insanı öldürtmək niyyəti yox idi. Abdullaha (r.a.) atasına qarşı hörmətli davranmağı əmr buyurdu. Onun atasına "Mən zəliləm, Məhəmməd (s.a.s.) isə əzizdir" demədikcə səni Mədinəyə qoymaram" dediyini daha əvvəl ərz etmişdik. Abdullah ibn Übeyy ibn Səlul: "Mədinəyə çatanda əziz olanlar zəlilləri oradan çıxaracaq!" – demiş və özünü əziz, Peyğəmbərimiz və səhabələrini zəlil adlandırmışdı.[10] Oğlu Abdullah da atasına əksini – münafiqlərin zəlil, Peyğəmbər və əshabının əziz olduğunu isbat etmişdi.
"Allahın izni olmadıqca heç kəsə ölüm yoxdur." ("Ali-İmran" surəsi, 3/145) Səhabələr bu hökmə ürəkdən inanmışdılar və bu inam sayəsində döyüş meydanları onlara güllü-gülüstan kimi görünürdü, elə bil bağ-bağçada gəzinirdilər. Əbu Dücanənin (r.a.) şücaətini[11] və ordunun bu başından vurub o başından çıxmasını başqa cür izah etmək mümkündürmü?
Həzrət Əli (r.a.) tez-tez xəstələnirdi. Bəzən yaxınları ondan ümidini tamam kəsirdi. Lakin o, əminliklə yataqda ölməyəcəyini deyirdi. Çünki illər əvvəl Allah Rəsulu ona boynunun qanı ilə saqqalının qırmızıya boyanacağını söyləmişdi.[12] O da buna tərəddüdsüz inanmış və iman etmişdi. Başqa cür öləcəyini xəyalından belə keçirmirdi.
Ammar ibn Yasirin qulağı qopmuşdu, qan itirirdi. Ancaq yanında narahatlıq keçirənlərə hələ ölümünün çatmadığını deyirdi. Çünki Allah Rəsulu ona: "Səni üsyankar bir qövm öldürəcək və sənin dünyadan son nəsibin bir stəkan süd olacaq!" – demişdi.[13] O, buna qəti inanmış, bu sözə təslim olmuşdu.
Onlar bu təslimiyyət və iman sayəsində düşmənin bütün fəndini, oyununu pozur, onları yerlə-yeksan edirdi. Önünə çıxan okean qarşısında belə atını mahmızlayıb irəliləyəcək qədər mərdlik və qəhrəmanlıq məhz güclü iman, təslimiyyət və mənəviyyatdan irəli gəlirdi.
Onların Allah (cəllə cəlaluhu) və Rəsuluna itaət etdiklərini bilmirəm, burada dilə gətirməyə gərək varmı? Səhabə demək təpədən dırnağadək itaət deməkdir. Ancaq bu müstəqil mövzudan burada bəhs açmaq mövzunu uzadar deyə hələlik ona toxunmadan keçirəm.
Allah Rəsulunun hərbi təlimə verdiyi əhəmiyyəti yuxarıda vurğulamış və məsələnin əməli tərəfinə də təmas etmişdim. Mövzunu bitirərkən "xitamuhu müşk" (gözəl yekun) olsun deyə bir-iki hədis və bir ayənin məalını təqdim etməyi faydalı və bərəkətli bilirəm.
Peyğəmbərimiz buyurur: "Uşaqlarınıza atıcılıq və üzgüçülüyü öyrədin."[14] Və yenə buyurur ki: "Kim atıcılığı öyrənər – ki, bu, ona Allahın bir nemətidir – sonra da unudarsa, Allaha qarşı nankorluq etmiş olar."[15]
Və Rəbbimiz əmr edir:
وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللّٰهِ وَعَدُوَّكُمْ وَاٰخَرِينَ مِنْ دُونِهِمْ لاَ تَعْلَمُونَهُمُ اللّٰهُ يَعْلَمُهُمْ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فِي سَبِيلِ اللّٰهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لاَ تُظْلَمُونَ
"(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları hazırlayın. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə qaytarılacaq və siz heç bir haqsızlıq görməyəcəksiniz!" ("Ənfal" surəsi, 8/60)
Peyğəmbərimizlə əlaqəli bu mövzunu bitirməyə könlüm heç razı olmur. Ondan bəhs edəndə özümü nəbi hüzurunda, Onunla birlikdə hiss edirdim. İndi də ayrılmaq istəmirəm. Lakin əldən nə gəlir? Nəhayət, mövzunun sonuna çatdıq və artıq sükut düyününü bağlamaq vaxtıdır. Sözümün sonu gözəl olsun, gözəl ətir saçsın deyə bir Söz Sultanının bu nur və məna yüklü ifadələri ilə yekunlaşdırmaq istəyirəm:
"Bəli, o bürhanın şəxsi-mənəvisinə bax: Yer üzü bir məscid, Məkkə bir mehrab, Mədinə bir minbər... O, Rəbbini açıq-aşkar göstərən və Rəbbinə dəlil olan Peyğəmbərimiz Əleyhissəlatu Vəssalam, bütün əhli-imana imam, bütün insanlara xatib, bütün nəbilərə sərvər, bütün vəlilərə rəhbər və nəbilərdən, vəlilərdən ibarət zikr halqasına sərzakir…
O, nurani bir ağacdır; nəbilər o ağacın həyat saçan kökləri, vəlilər isə təzə meyvələridir. Onun məfkurəsini möcüzələrinə istinad edən bütün nəbilər və kəramətlərinə etimad edən bütün vəlilər təsdiq edib barmaq basırlar. Çünki O, "Lə iləhə illəllah" – deyir, iddia edir. Sağında və solunda dayanan, yəni keçmiş və gələcəkdə gələn bütün o nurani zakirlər (zikr edənlər) eyni cümləni təkrar edərək bir ağızdan mənən: "Doğru söylədin və haqqı danışdın!" – deyirlər. Hansı vəhmin həddi çatar ki, belə saysız-hesabsız imzalarla təsdiq edilən bir məfkurəyə barmaq qarışdırsın.
O nurlu tövhid dəlili iki tərəfin yekdil və mütəvatir[16] rəyi ilə təsdiq edildiyi kimi Tövrat və İnciltək səmavi kitabların yüzlərlə işarəsi ilə, peyğəmbərliyindən əvvəl vaqe olan bir o qədər nişanə ilə, qeybdən xəbər verən hatiflə, kahinlərin müşahidələri və minlərlə möcüzələrlə də təsdiq edilməkdədir. Bundan savayı gətirdiyi dinin haqq olması da Onu təsdiq edən dəlillərdəndir. Üstəlik, Zatına xas təqdirəlayiq əxlaqı, peyğəmbərlik vəzifəsini tamamlayan gözəl xarakteri, eyni zamanda qüvvətli imanından, sağlam inancından və son dərəcə etibarlılığından xəbər verən qeyri-adi təqvası, übudiyyəti, ciddiyyəti, mətanəti məfkurəsinə son dərəcə sadiq olduğunu Günəş kimi açıq-aşkar göstərməkdədir.
İstərsən, gəl Əsri-Səadətə, Ərəbistan yarımadasına gedək. Xəyalən də olsa Onu vəzifə başında görüb, ziyarət edək... İndi bax: Fizionomiyası ilə, həyatı ilə ən kamil Zatı görürük. Əlində möcüzələr göstərən bir kitabla, dilində həqiqətləri açıqlayan xitabla bütün bəşər övladına, bəlkə də, cin, mələk və başqa varlıqlara, bəlkə də, bütün varlığa əzəli bir xütbəni irad edir. Aləmin yaradılış sirri olan qəribə müəmmanı çözərək və şərh edərək, kainatın sirri olan düyünlü tilsimi açaraq hər kəsdən soruşulan, hər kəsin ağlını məşğul edən üç müşkül və müdhiş "Kimsən?", "Haradan gəlirsən?", "Hara gedirsən?" sualına qaneedici və məqbul cavablar verir...
Bax: Bu geniş adada vəhşi adətlərə malik, ənənələrinə ifrat dərəcədə təəssübkeş olan və inadkar məzacı ilə ad çıxaran müxtəlif qövmlərin pis adətlərini və vəhşi əxlaqını qısa vaxtda necə kökündən qopardı, sonra da onları bütün əxlaqi fəzilətlərlə süslədi, mədəni millətlərə və cahana müəllim, ustad etdi. O, kiməsə zahirən, səthi təsir eləmir, əksinə ağılları, ruhları, qəlbləri, nəfsləri fəth etdi, ovsunlayırdı. Ürəklərin istəklisi, ağılların müəllimi, nəfslərin mürəbbisi və ruhların sultanı oldu!"
Ey ruhumuzun Sultanı! Sən ruhlarımıza sultan oldun, ruhlarımız da Sənə qurban olsun! Lütf eylə, qəbul buyur...!
[1] Müslim, "İmarə", 167; Əbu Davud, "Cihad" 23.
[2] Misal olaraq baxın: Buxari, "Cihad" 78; "Ənbiya" 12; "Mənaqib" 4; Müslim, "İmarə", 167, 169; Tirmizi, "Fədailül-cihad" 11; Əbu Davud, "Cihad", 23.
[3] Buxari, "Cihad" 80; Müslim, "Fədailüs-səhabə", 42.
[4] Baxın.: Buxari, "Səlat", 41; "Cihad" 56-58; Müslim, "İmarə", 95; "Cihad" 132.
[5] Baxın.: Buxari, "Cihad" 59; Əbu Davud, "Ədəb", 8.
[6] İbn Həcər, "Əl-isabə", 3/178.
[7] İbn Həcər, "Əl-isabə", 3/587.
[8] əl-Hakim, "Əl-müstədrək", 3/539.
[9] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/255; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/158.
[10] Buxari, "Mənaqib" 8; Müslim, "Birr" 63; "Münafiqun", 1.
[11] Baxın. Müslim, "Fədailüs-səhabə" 128; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 3/123.
[12] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/102; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 7/324-325.
[13] İbn Əsir, "Üsdül-qabə", 4/134.
[14] Beyhaqi, "Şuabul-iman", 6/401.
[15] Müslim, "İmarə", 169; Əbu Davud, "Cihad" 23.
[16] Əksəriyyət tərəfindən nəql edilən xəbər. Doğruluğu əksəriyyət tərəfindən qəbul edilən mütləq, səhih xəbər. Yalan bir məsələdə ittifaq etməsi məntiqlə mümkün olmayan bir zümrənin, camaatın bir hadisə haqqında verdiyi xəbər.
- tarixində yaradılmışdır.