Cihad və məqsədləri
Bəlkə də, Allah-Təala bir müddət düşmənə qarşı cihad etməyə izin verməmişdi. Hadisələrin xarakterindən doğan zərurətə görə və ya hər şeyin öz vaxtı var deyə uzun illər bu cür davam etmişdi. Daha sonra isə onlara Allah (cəllə cəlaluhu) məşru mübarizə, müharibə və gücdən istifadə qapıları açmış, "Sən də artıq haqqını, hüququnu müdafiə edə bilərsən"[1] demişdi.
Bu bəhsə başlamazdan əvvəl, bir-iki məsələni sadələşdirərək ərz edim ki, bəzi insanların beynində sual işarəsi qalmasın.
Peyğəmbərimizin fətanətindən, fətanətin hərbi birlikləri sövq və idarə etmə, müasir dillə desək, hərbi strategiya xüsusiyyətindən bəhs açmadan əvvəl cihad əmrinin Ona nə vaxt və hansı dövrdə gəlməsini vurğulamaq faydalı olardı. Bir tərəfdən ümumi mənada cihadı başa düşmək, digər tərəfdən də maddi cihadın başlama tarixini yaxşı bilmək çox əhəmiyyətlidir. Din düşmənləri cihadın mənasını təhrif edərək, vəfasız dostlar da zaman və dönəmləri bir-birinə qarışdıraraq elə hey insanların fikirlərini bulandırdılar. Bəzi məsələlərin hər iki tərəfə də düzgün izah edilməsi vacibdir.
Peyğəmbərimiz ömrü boyu İslamın prinsiplərindən zərrə qədər kənara çıxmamışdır. Onun bütün həyatı islami hökm və düsturların tətbiq edilməsindən başqa bir şey deyil. Bu, cihad və hərb məsələsinə də, digər sahələrə də şamildir.
a. Müdafiə
Əvvəla İslam bir millət və ya fərdin varlığını təhlükə altında qoyan, onu yox etməyə, öldürməyə çalışan düşmənə qarşı özünüzü müdafiə etməyi, müqavimət göstərməyi məşru sayır, hətta bəzi hallarda əmr edir. Biri sizin varlığınızı, malınızı, canınızı, dininizi, ismətinizi təhdid edirsə, onunla üz-üzə gəlir, mübarizə aparır və hesablaşırsınız. Məsələn, deyək ki, düşmən ölkə sizin sərhədlərinizi pozub və torpaqlarınıza girib, nə edərsiniz? Ölkənizdə bəzi şəxsləri ilan-çiyana döndərib üstünüzə salıb, nə düşünərsiniz? Bir yerdə soydaşlarınıza zülm verilir, necə hərəkət edərsiniz? Hər halda, bu suallara "Heç nə!" deyib üstündən rahat keçə bilməzsiniz!
Allah Rəsulu məhz bu nöqtədən hərəkət edərək düz 14 əsr əvvəl gücdən istifadə etməyi də bir prinsip kimi ortaya qoymuş və müsəlmanın müsəlman kimi yaşaması üçün hikmətlə yanaşı qüvvətin, irşadla yanaşı gücün də zəruri olduğunu göz önünə sərmiş və ləyaqətlə, şərəflə yaşamağın yollarını göstərmişdir. Bəli, qüvvətli olmalı, qüvvəti haqqın əmrinə verməli, sözünüzü dinlətməli və kəsilməli səsləri kəsməlisiniz ki, yer üzündə cahanşümul nizamın keşikçisi ola biləsiniz.
b. Zülmün qarşısını almaq
İkincisi, dünyada zülmə, haqsızlığa məruz qalan insanlar var. Bu gün biz onları himayəmizə almaqla yaxud da problemi siyasət platformasında uğurlu gedişlərlə həll edə biləcəyimizi düşünürük.. Bu, müəyyən qədər məqbul ola bilər. Bəli, soydaşlarımıza, dindaşlarımıza qollarımızı açır və geniş ürəyimizlə bəzi problemləri yoluna qoymağa çalışırıq, amma bununla, bilmirəm problemin neçə faizini həll edirik? Qapımızın ağzında, gözümüzün qabağında bir yarım-iki milyon insan zülmə məruz qalır; uşaqlarının sünnət olunmasına icazə verilmir, adları dəyişdirilir, dini mərasimlərinə müdaxilə edilir.. bəli, bu bir milyon yarım məzlum müsəlmanın yarım milyonuna kömək əli uzatsaq belə, bir milyonu orada inləyə-inləyə qalacaq.
Kiçik bir dövlətlə üz-üzə gəlib xırda bir problemi həll edə bilmiriksə, bizlə yaxından bağlı olan bu qədər beynəlxalq məsələnin öhdəsindən necə gələcəyik? Demək, dünyada elə bir dövlət olmalısınız ki, qaşınızı çatanda və ya azacıq hirslənəndə başqaları tez özünü yığışdırsın və həddini bilsin. Məzlumun imdadına çatmaq və ədaləti bərpa etmək, haqqı yerdə qoymamaq üçün məhz bu cür güclü olmaq lazımdır. Bu gücün lazım gələndə ortaya qoyulması və göstərilməsi bir çox problemlərin həllini asanlaşdıracaq. Keçmişdə də belə olmuşdur.
Dünya nizamında çiynimizə düşən vəzifəni layiqincə təmsil etdiyimiz vaxtlardı, qərblilər Hindistanı işğal etmək istəyəndə, elə ki "Sultanın donanması Hind dənizinə yelkən açır", deyirdik, çapovulçular kimi dərhal qaçırdılar. Bəli, o dövrdə dünya nizamında bu qədər çəkimiz vardı. Və Fransadan Hindistana qədər ucsuz-bucaqsız bir dünyada o müdhiş hakimlik mövqeyimizə görə məzlumlar bizə pənah gətirir, haqqın, ədalətin bərpası üçün bizim qapımızı döyürdülər.
Bəli, İslamda məzlumun, məhkumun, kimsəsizin və qəribin imdadına çatmaq üçün müharibə etmək məşru sayılır. Möminlər imdada yetməsə, kim yetəcək? Allah (cəllə cəlaluhu) yer üzündə haqq-ədaləti bərpa etmək vəzifəsini biz möminlərə həvalə etmişdir. O məqama çatmağı varlığımızın qayəsi bilməli və bu istiqamətdə çalışmalıyıq. Yoxsa zülmlərin ard-arası kəsilməyəcək.
c. İrşad azadlığı
Üçüncüsü, İslama görə, haqq və həqiqətin, doğruluq və doğru yolun təbliğinə imkan verilməyəndə bu hüququ, təbliğ hürriyyətini qorumaq və təmin etmək məqsədi ilə hərb və cihad edilir. Diqqət yetirin, haqq və həqiqəti yaymaq üçün müharibə edilmir! Haqq və həqiqəti yayma azadlığına əngəl çıxarılırsa, bu maneələri aradan qaldırmaq üçün müharibə edilir.
Dünyanın hər tərəfində sizin ürfan ərənləriniz, mürşidləriniz varsa, hərəkətə gələcək və hər kəsə İslamın nurlu bəyanlarını çatdıracaqdır. Əgər başqaları buna əngəl olsa, o zaman da siz maneələri ortadan qaldırmağa çalışacaqsınız. Çünki onların bu hərəkəti insanların öz azad iradəsi ilə Cənnətə getməsinə mane olur. Siz düşüncə azadlığını qorumağa və mühafizə etməyə çalışacaq və sərtliklərin, etirazların aradan qaldırıldığı nisbətdə dininizi yayacaqsınız. Bunu edəndə də – bunu dördüncü əsas da saya bilərsiniz, – insanların şərəf və ləyaqətini alçaltmayacaq, uşaqlara, qadınlara toxunmayacaq, məbədlərə çəkilib özünü ibadətə həsr edənlərə zərər verməyəcək.. müharibə etməyənlərlə də vuruşmayacaqsınız.
Hal-hazırda bu səviyyədən nə qədər geri qaldığımızı aləm bilir. Ancaq bilmirəm ki, dinc insanlara qarşı nüvə silahı işlədənlərin halını bu "geridə qalmaq" kəlməsi ifadə edirmi?[2] Sanmıram. Bəli, dünən bir atom fırtınası ilə Xirosima və Naqasakidə 80 min insanın həyatına son qoyuldu.. 80 min insan da əlil, xəstə və şikəst qaldı. Həm də bunu mədəni bir dünya etdi!
İndi bir də bizə baxın! Hər xəlifə və təbii ki, başda Allah Rəsulu ətraf bölgələrə ordu göndərəndə: "Yaşlılara, qadınlara, uşaqlara, özünü ibadətə həsr etmiş ruhanilərə və məbədlərə toxunmayın.! Ağacları yandırmayın.! Heyvanlara toxunmayın.! Və sərvətləri məhv etməyin"[3] deyə əmrlər verirdi. Bombaların vəhşicəsinə istifadəsini əmr edən şəxslərin, bilmirəm, bu prinsiplərə riayət etməsi mümkündürmü?
İndi dünya nizamında inanmış insanların olmamasının necə bir boşluq açdığını bir daha müşahidə edin, sonra istər ağlayın, istər inləyin! Kaş ki super güclərdən birinin yerində biz olaydıq! Hər halda bu qədər zülm və işgəncə olmazdı...
İndi sizdən soruşuram: Sırf bu nəticə üçün belə cihad etmək zərurət deyilmi? Bəli, bunlar üçün yola da çıxılır, cihad da edilir. Necə ki Allah Rəsulu da buna görə həmişə bu yolda olmuşdu.
Bu geniş mövzunu sırf cihada həsr olunmuş bir kitabda[4] təhlil etmişdik.. ona həvalə edib keçirəm.
Peyğəmbərimiz Məkkə dövründə düşmənə qarşı cihad etməmişdi. İman gətirən insanlara həmişə təmkin və səbri məsləhət görmüşdü. Bu dövrdə yalnız Quranın ləl-cövhər düsturlarından istifadə etmişdi. 13 il qəlblərə yol tapıb könülləri fəth etməyə çalışmışdı. Bəli, Peyğəmbərimiz o kömürü almaz, daş-torpağı qızıl edən kəlamları ilə düz 13 il "Döyənə əlsiz, söyənə dilsiz və İslam yolunda inciksiz gərək" demiş, qandan-irindən dəryaları keçməyə çalışmışdı. Gözünün qabağında insanlar öldürülür, döyülür, işgəncələrə məruz qalırdı. Özünün böyük çətinlikləriylə birlikdə bunlara da dözürdü, səbir edirdi. Məsələn, min bir işgəncə içində inləyən Yasir ailəsinin yanından keçərkən ancaq صَبْراً يَاآلَ يَاسِرٍ فَاِنَّ مَوْعِدَكُمُ الْجَنَّةُ "Ey Yasir ailəsi, səbir! Nəticədə gedəcəyiniz yer Cənnətdir"[5] deyə bilirdi.
O, bu qədər səbirli və qərarlı idi, amma kafirlərin kini soyumaq bilmirdi.. yeni planlar qururdular: bütün möminləri Məkkədən uzaqlaşdıracaq və köçməyə məcbur edəcəkdilər. Bəli, onları doğulub-böyüdükləri, əziz və şərəfli yaşadıqları, əmin-amanlıq və hüzur içində ömür sürdükləri ailələrindən, övladlarından qoparıb başqa yerlərə köçməyə məcbur edəcəkdilər. "Səy"ləri nəticəsiz qalmadı, nəhayət, bütün müsəlmanlar hicrət etməyə başladı. Həzrət Ömərə qədər bütün ilklər Məkkəyə "əlvida" deyirdi. Həzrət Ömər (r.a.) də... Amma bu ağrılı-acılı köçdə tək-tənha idi, xanımı da, uşaqları da Məkkədə qalmışdı.[6] Çünki ancaq bu cür hicrətə imkan tapa bilmişdi. Həzrət Əbu Bəkir (r.a.) Mədinənin yolunu tutanda– fədakarlığa baxın ki, – daima "anamız" deyib hörmətlə yad etdiyimiz Aişə validəmizi (radiyallahu anhə) özü ilə apara bilməmişdi. Halbuki, o vaxt hələ 7-8 yaşında bir uşaq idi, bəs harada idi? Bilmirik, çünki ancaq bu şəkildə hicrət edirdilər və şəhərdən başqa cür çıxmaq mümkün deyildi.
Bəli, müsəlmanlar yurd-yuvalarını tərk edib köçməyə məcbur olurdu. Bir gün Ütbə ibn Rəbiə, Əbu Cəhil və Abbas ibn Əbdülmüttəlib İbn Cahşın evinin damına çıxmışdılar. Evin boş və viran halını görüncə, Ütbənin gözləri dolmuş, Əbu Cəhl isə belə demişdi: "Sənin qohumun gətirdi bütün bunları başımıza!"[7]
Xeyr, bunları O etməmişdi. Zalımlar, qəddarlar, fitnəkarlar onları doğma yerlərindən çıxarır və onların heyvanlarına belə zülm edirdilər. Kafirin göz yaşları öz zülmünün üstünə axırdı.
Müsəlmanlar 500 kilometrlik bir yolu susuz, azuqəsiz və səhranın qızmar istisində keçməli idilər. O dövrdə bu qədər uzun və əzablı yolu keçmək bir ay çəkirdi. Bir ay əyinlərindəki paltarlarla çölün düzündə yatıb qalxacaqdılar.. paltar bir kənara.. nə yeyəcəkdilər, nə içəcəkdilər? Mədinəyə hicrətdən sonra da şərəfli yaşayan bu insanlar Mədinənin "Ənsar" camaatına sığınacaqdı.
Baxın, məşəqqətlərin ard-arası kəsilmir! Amma o qüdsilər toplumu bunların hamısına, həm də səsini çıxarmadan dözəcəkdi. Nə üçün? Çünki Söz Sultanı onlara: "Səsinizi çıxarmayın, səbir edin, nəticədə gedəcəyiniz yer Cənnətdir" buyururdu.
Peyğəmbərimiz Allahın (cəllə cəlaluhu) əmrləri ilə hərəkət edir və zərrə qədər də hissə qapılmağa izin vermirdi, ancaq qarşı tərəfin qisas hissi sakitləşmək bilmirdi. Bəli, müsəlmanları yurdundan, yuvasından edəndən, o qədər insanın canına qıyandan, neçə müsəlmana işgəncə verəndən sonra da qisas arzusu ilə alışıb yanırdılar. Bir gün oturub da daha amansız qərar qəbul etdilər: "Onların malını, mülkünü ələ keçirək, tarlalarını da öz aramızda bölüşdürək."[8]
Belə ki, 8-9 il sonra Allah Rəsulu Məkkəyə həm də müzəffər olaraq təşrif buyuranda Həzrət Üsamə soruşmuşdu: "Ya Rəsulallah, hansı evdə qalacaqsınız?" Gözləri dolan Rəsulullah belə cavab vermişdi: "Aqil bizə ev qoydu ki, gedib orada qalaq!"[9] Yəni Allah Rəsulunun doğulub böyüdüyü, bu gün kitabxana kimi istifadə edilən o evi də qəsb eləmişdilər. O günə qədər Allah Rəsuluna qarşı çıxan, daha sonralar müsəlman olan Əbu Talibin böyük oğlu Aqil Rəsulullahın qanuni varisi kimi evini mənimsəmişdi. Bəli, Məkkədə müsəlmanların varını-yoxunu qəsb edirdilər..
Bəli, münafiq İbn Übeyy bir gün Mədinədə hay-küy salacaqdı: "Ey müsəlmanlar, siz burada oturmusunuz, amma orada mal-mülkünüz bölüşdürülür, küçədə, bazarda satılır. Bir gün nə orada, nə də burada heç nəyiniz qalmayacaq."
Bu da bir zülm idi. Hətta bu zülmün içində bir məqamı da görmək mümkündür (Allah Rəsulunun göndərdiyi səriyyələrin hikmətindən danışarkən bu məsələyə toxunacağıq). Bütün bunlar bəs deyilmiş kimi, üstəlik müsəlmanların mallarını bir karvana yükləyib Mədinənin yanından keçirməklə Şama aparır, sanki bununla: "Baxın, ürəyiniz partlasın!" deyirdilər... Üstəlik müsəlmanların dəvə və qoyun sürüsünü qabaqlarına qatıb aparmağı da "unutmurdular".
Budur, küfrün talançılığı və kafirlərin əməlləri. Əslində, hal-hazırda edilənlər də bunlardan fərqli deyil. Mehmet Akif: "Deyirlər ki, "Tarix təkrardan ibarətdir", ibrət götürülsəydi, heç təkrarlanardımı?!" deyir. Və bu gün möminlər hər cür zülmə məruz qalır.. zillətə düçar olur, möminə dəstək olan zülm görür, yurdundan, yuvasından və yaşama hüququndan məhrum edilir.. varlığı və gələcəyi təhlükələrlə üzləşir...
İndi, icazənizlə bir daha soruşuram: Siz olsaydınız, nə edərdiniz? Təsəvvür edin ki, minlərlə səhabənin qəlbi eyni hislərlə dolu idi. Düşmənin hər zərbəsi, hər zülmü bir xəncər olub ürəklərinə saplanırdı, inim-inim inləyirdilər. Əgər onlar bu iztirablar içində qıvrılarkən səma "Bir az da dözün" desəydi, inciyə bilərdilər. Buna görə də ilahi rəhmət ehtizaza gəldi və buyurdu .. yəni Allahın (cəllə cəlaluhu) bəyanı imdada yetişdi:
أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللّٰهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ * الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلاَّ أَنْ يَقُولُوا رَبُّنَا اللّٰهُ
"(Kafirlərin) haqsızlıq edib döyüşməyə başladığı insanların (kafirlərlə) vuruşmasına izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır" – dediklərinə görə yurd-yuvalarından çıxarıldı." ("Həcc" surəsi, 22/39-40)
Bəli, ikiqat zülm vermiş və onları həyat haqqından məhrum etmişdilər. İndi də amansız təzyiq və təqiblərlə üzləşən, hər fürsətdə ölümlə təhdid edilən insanların – möminlərin düşmənlərlə haqq-hesab çəkməsinə izin verilirdi.. bəli, hökm əsaslandırılaraq buyurulurdu: ""Rəbbimiz Allahdır" dediklərinə görə, haqsız yerə yurd-yuvalarından çıxarıldılar", yəni min bir məhrumiyyətə məruz qaldılar. Zövcələri, uşaqları vətəndə – əsarətdə qaldı. Bir xeyli insan 7-8 ilini Məkkədə qəlbi "qandallı" keçirdi.
Bu məzlumların, məhkumların, kimsəsizlərin haqqını qorumaq üçün nə qədər iztirab çəkmiş, sinəsindən neçə-neçə xəncər yemiş müsəlmanlara düşmənlə hesablaşmaq üçün icazə verilirdi. Bu əmrlə həm də Peyğəmbərimizə cihad etmək vəzifəsi tapşırılırdı.
Bəzi insafsız kafir və facirlərin dediyi kimi, müsəlmanlıq qılınc və qan dini deyildir. Peyğəmbərimiz qılıncdan istifadə etdi.. Onun qılıncla göndəriləcəyini zühurundan neçə əsr əvvəl keçmiş peyğəmbərlər xəbər vermişdi: Həzrət Məsih İncildə Ondan bəhs edərkən belə deyir: "Onun əlində qılıncı vardır."[10] Lazım gəlsə, düşmənləri ilə əlbəyaxa olacaq və döyüşəcəkdi. Bir peyğəmbər isə: "Qüdsilərin bayraqları önlərindədir", deyirdi.[11] Belə ki, onlar dünyanın hər tərəfində o bayrağı dalğalandıracaq, o bayrağın altına toplanacaq, haqq və həqiqət uğrunda mübarizə aparacaqdılar. Bəli, sizin bayrağınıza qədər davam edən o uca ruh, o müqəddəs məna onların əlində dünyanın hər yanında bayraq kimi dalğalanacaqdı. Belə bir şəraitdə Allah Rəsulu cihad əmrini alır və düşmənləri ilə haqq-hesab çəkirdi.
O, bununla inadkar müasirlərinə, sanki: "Düşüncə və fikir azadlığına əngəl ola bilməzsiniz, insanlığın yolunu kəsə bilməzsiniz!" deyirdi. Min bir vəhşilik və zəlalət tablosu olan Böyük Fransa inqilabını azadlığa açılmış bir qapı kimi hələ də alqışlayırıq. Halbuki bu inqilab zamanı min bir vəhşiliyə əl atılmış və hər gün gilyotinlə minlərlə insanın boynu vurulmuşdur. Nəhayət, inqilab öz-özünün axırına çıxmışdır. Belə ki, bir gün Dantonu asdıran Robespyer ondan soruşur: "Son arzun nədir?" Dantonun cavabı belə olur: "Bir arzum yoxdur, onsuz da, səbətdə kəllələrimiz bir yerdə olacaq!" Bu da hürriyyət qapılarını açan "inqilab"ın iç üzü və meydan sulayan vəhşət! Edam etmədikləri insan qalmamışdı. Əvvəl kral və tərəfdarlarını, sonra da başqalarını...
Halbuki, düz 14 əsr əvvəl Allah Rəsulu zülm və despotizmin kökünü qazıyır, hürriyyəti gətirib bəşəriyyətin önünə sərirdi. Məzluma, zülmə uğrayana kömək edəcəksiniz! Onların ərşə yüksələn iniltisini orada-burada oturub ney kimi dinləməyə haqqınız yoxdur! Bu maneələri güclə, qüvvətlə aradan qaldırmaq mümkünsə, haqpərəstlik çərçivəsində gücə də əl atacaqsınız! Lakin biz bu gün bunu edə bilmirik. Allah Rəsulu vaxt-vədəsi yetişəndə bunu etdi. Bununla yanaşı, olduqca həssas və planlı hərəkət etdi. Belə ki, Allah Rəsulunun zamanında döyüşlərdə ölən müsəlmanların sayı 100 nəfərdən çox deyildi. Diqqət yetirin! Təkcə İkinci Dünya Müharibəsində iki vəhşi cəbhənin boğuşmasında 40 milyondan çox insan ölmüşdü. Rusiyada qeyri-insani batil bir sistemi bərqərar etmək üçün bir dəfəyə yüz milyondan çox insanın canına qıymışdılar. Onların qanında gəmilər üzdürdülər, məzarları üstə binalar inşa etdilər və bu binaları da "yeni sistem" adlandırmaq istədilər: bu sistemin adı kommunizm idi.
Yamyamları keçmişdi bəşər yırtıcılıqda!
Dişsizsə bir insan, onu qardaşları yeyərdi.
Yer udsun bəşəri həvəslər üzərinə qurulan sistemləri! Onsuz da batır və batacaq... Fitri olmayan, təbii olmayan, haqqa söykənməyən, haqq düşüncəsini boğan bütün sistemlər batacaq.
Bəli, Allah Rəsulunun 10 illik Mədinə dövründə müsəlmanlar həqiqətləri insanlara çatdırmaq və həyata keçirmək üçün qarşı tərəflə əlbəyaxa olur və 100-dən az – qarşı tərəfi bilmirəm – itki verirlər. Halbuki, yuxarıda da söylədiyimiz kimi, İkinci Dünya müharibəsində öldürülən insanların sayı 40 milyondan çox idi. Bu rəqəmə yaralanan, şikəst olan və sonradan ölənlər daxil deyil.
Səadət Əsri insani duyğu və düşüncənin, insana hörmət və ehtiram anlayışının tərəqqi etdiyi bir dövrdür və humanizm hələ də bu səviyyəyə çata bilməmişdir. Çata da bilməz. Çünki bu cığırı açan Həzrət Məhəmməddir (s.a.s). O yolun möminləri müharibə etsə də, sülhün hənirtisini kəsməzlər, insani dəyərləri ayaq altına atmazlar. Nahaq yerə adam öldürməz, ölkələri işğal etməz və başqa millətləri istismar etməzlər.
ç. İslamda sülh əsasdır
Böyük əksəriyyəti etibarilə Qərb nə dünən, nə də bu gün bu ilahi dəyərləri tanımamışdır. Ölkələri zəbt etmiş, işğal etdiyi bölgələrin yeraltı-yerüstü sərvətlərini çapıb talamış, insanları kölələşdirmiş və müstəmləkələr qurmuşdur. Bu məqsəd uğrunda müharibə etməkdən, qan tökməkdən çəkinməmişdir: Balkan müharibəsi, dünya müharibələri, Körfəzin işğalı, Somalinin istilası da bu məqsədə xidmət etmişdir.
İslamda müharibə isə uca bir məfkurə uğrunda, fikir azadlığı, düşüncə azadlığı uğrunda, insanlığa gedən yolları açmaq uğrunda edilmişdir. Bununla birlikdə, lazım gələndə sülhün bərqərarını da ehmal etməmişlər. Çünki sülh əsasdır, hərb isə ikinci dərəcəli yoldur.
وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللّٰهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
"Əgər onlar sülhə (barışığa) meyil etsələr, sən də sülhə meyil et və Allaha bel bağla. Həqiqətən, O (Allah) eşidəndir, biləndir!" ("Ənfal" surəsi, 8/61)
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَآفَّةً
وَلاَ تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
"Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!" ("Bəqərə" surəsi, 2/208)
Bəli, bu və bu məzmunda digər ayələr Müsəlmanları sülhə dəvət etmiş, onlara müharibə vəziyyətində belə orta yolu göstərmişdir. Qeyri-islami sistemlərin müharibəsi vəhşilik, sülhü də hərbdən fərqli olmamışdır. Bu sistemlər – adı nə olur-olsun – bəşər övladını Haqq yoldan çıxarmaq məqsədi ilə ortaya atılmış sistem görünüşlü anarxiyadan, şeytanın nizamından başqa bir şey deyildir. O şeytan bunları bəzəyib-düzəmiş və hiylələrinə uyanları aldatmışdır. Çünki o, insanın açıq-aşkar düşmənidir. Bunu sizi özünüzdən, kökünüzdən, dəyərlərinizdən, tarix şüurunuzdan, tarix fəlsəfənizdən uzaqlaşdırmaq üçün də edə bilər. Bəli, müharibə edərkən belə sülh... bəzən möminlər arasında da döyüş ola bilər... yenə sülh, yenə sülh!
وَإِنْ طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِنْ بَغَتْ إِحْدَاهُمَا عَلَى اْلأُخْرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللّٰهِ فَإِنْ فَاءَتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللّٰهَ يُحِبُّ الْمُقْسِطِينَ
"Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!" ("Hucurat" surəsi, 49/9)
İki dəstə bir-birinə qılınc çəkər, vətən və millətin parçalanma təhlükəsi meydana gələrsə, daxili qarışıqlıq baş verərsə, məhz o zaman vuruşanlar mömin də olsa, İslam vəhdəti naminə onların yaxasından tutub hesaba çəkmək və nəyin bahasına olur-olsun, vətən və millətin birliyini təmin etmək lazımdır.
Bu, Quranda əmr edilir, amma görəsən biz nəylə məşğuluq? Yaxın keçmişdə vəziyyətimiz heç də ürəkaçan olmamışdır. Ümidsizlik hər cür kamilliyə mane olur. Ümidsizliyə düşən bir daha belini dikəldə bilməz.. O, bir bataqlıqdır, orada batan sağ çıxmaz. Amma bu qədər təfriqə səbəblərini görə-görə hər kəsin ümidvar olması da xeyli çətindir.
Bəli, möminlər yer üzündə Allahın şahidləri, beynəlxalq nizamın tarazlıq ünsürü və ümumi ahəngin zəmanətçisidir. Yəni haqq və ədalət istiqamətində hər şeyə və hər kəsə müdaxilə etmək onların vəzifəsidir. Öz ölkəmizdə və ya başqa bir dövlətdə işlər tamamilə cığırından çıxmışsa, yəni vəziyyət müdaxiləni zəruri edirsə, müdaxiləyə də gücümüz çatırsa, oranın ahəng və nizamını yenidən özünə qaytarmaq, əmin-amanlığını təmin etmək bizim vəzifəmizdir. Bir dəfə müdaxilə və müharibəyə qərar verildimi, artıq hədəf bəllidir, qərardan dönmək yoxdur. Allaha təvəkkül edib doğru bildiyin yolda addımlayacaqsan. Allah-Təala da Uhud döyüşünün hüznlü sonu ilə əlaqədar فَاِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ buyuraraq bunu əmr etmirmi? Yəni: "Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!" ("Ali-İmran" surəsi, 3/159)
Bəli, şərait və hadisələr sizi mücahidəyə sövq edərsə, yəni siz dininizi yayarkən maneələrlə qarşılaşarsınızsa və ya yer üzündə heç kim məzlumların, kimsəsizlərin, məhkumların dərdinə dərman olmazsa... yaxud siz haqqı yaymaq istəyəndə kimlərsə sizə qarşı güc tətbiq edərsə, ya da sizin vətən və torpağınız təcavüz, həyatınız təhlükə ilə üzləşərsə, məhz o zaman meydana atılıb düşmənin qabağına çıxmaq vaxtı gəlmişdir.
[1] Baxın: "Həcc" surəsi, 22/39-40.
[2] Yəni biz geri qalmışıqsa, gör onlar nə haldadır – red.
[3] Müslim, "Cihad", 3; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/300; Beyhaqi, "Əs-sünənül-kübra", 9/85, 90.
[4] "İlayi-Kelimetullah veya Cihad", Nil Nəşriyyatı.
[5] Hakim, "Əl-müstədrək", 3/432; Beyhaki, "Şuabul-iman", 2/239; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/162.
[6] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/227; İbn Sad "Ət-təbəqatul-kübra", 3/271.
[7] Heysəmi, "Məcməüz-zəvaid", 6/63-64; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/318-319.
[8] Doğuştan günümüze büyük İslam tarihi, heyet, 1/445.
[9] Buxari, "Cihad", 180; Müslim, "Həcc", 439.
[10] Qazı İyaz, "Əş-şəfa", 1/234-235.
[11] Qazı İyaz, "Əş-şəfa", 1/234. Əlavə olaraq baxın: Kitabi-Müqəddəs, Əski Əhid, İşiya, bab: 11-12.
- tarixində yaradılmışdır.