Hüdeybiyyə

Hüdeybiyyə

Bir daha xatırladaq: Allah Rəsulu nəzəri çatan yerlərə qədəmini basan, misilsiz bir lider idi. Düşüncələrini həyata keçirməkdə, tətbiq etməkdə tayı-bərabəri yox idi. Bu mövzuda dünya qədər hadisə sadalamaq mümkündür. Ancaq bircə misalla kifayətlənəcəyik. İbn İshaq rəvayət edir:

Hicrətin altıncı ili Allah Rəsulu yüksək əhval-ruhiyyədə olan səhabələrini Məkkəyə Ümrəyə aparmağa söz vermişdi. Ümrə həm mühacirlərin illərdir sürən vətən həsrətinə su səpəcək, həm də bütün müsəlmanları mənən coşduracaqdı. Nəhayət, Allah Rəsulu bu düşüncə ilə 1400-ə yaxın səhabəsini götürüb yola düşdü.

Allah Rəsulu Huzaa oymağından bir nəfəri ehtiyatən vəziyyəti öyrənmək üçün əvvəlcədən Məkkəyə göndərmişdi. Məkkəlilər onun müsəlman olduğunu bilmirdi. Gələn xəbərlərə görə Qüreyş böyükləri bütün qəbilələri yığaraq məsləhət-məşvərət etmiş və müsəlmanların Məkkəyə girməsinə imkan verməmək qərarına gəlmişdilər.

Bəli, Qüreyş silah işlətmək bahasına olsa da, müsəlmanları Məkkəyə buraxmamaqda qərarlı idi və bu istiqamətdə tədbirini gördü. Müşrik əsgərləri Bəladin mövqeyini tutmuş, Xalid ibn Vəlid və İkrimə ibn əbu Cəhlin əmrində iki yüz nəfərlik bir dəstə də Rabığlə Cuhfə arasında olan Quraul-Ğamimə qədər gəlmişdi. Vəziyyətdən xəbərdar olan Allah Rəsulu dərhal o tərəfə doğru hərəkət əmri verdi. Xalid müsəlmanların gəlməkdə olduğunu görüncə, dərhal Məkkəyə gedərək onları vəziyyətdən xəbərdar etdi. Bu əsnada Peyğəmbərimiz artıq Hüdeybiyyəyə çatmışdı.[1]

Hüdeybiyyə Məkkənin 50-60 kilometrliyində yerləşən bir yerdir. Hüdeybiyyə əvvəllər orada yerləşən bir quyunun adı olmuşdu, sonralar quyunun yaxınlığındakı kənd də bu adla adlandırılmışdı.

1. Su möcüzəsi

Müsəlmanların dayandığı yerdə bir quyu vardı, ancaq içində su yox idi. Susuzluğun getdikcə təhlükəyə çevrildiyini görən səhabələr Allah Rəsuluna müraciət edib kömək istədilər. Allah Rəsulu sadağından bir ox çıxarıb səhabələrə verdi və quyunun dibinə batırmağı tapşırdı. Oxu sancdıqları yerdən su fışqırmağa, su qalxmağa başladı. Bu, möcüzədən başqa bir şey deyildi. Allah-Təala səhabələrin möhtac olduğu bir vaxtda və yerdə Peyğəmbərinin əliylə inananlara möcüzə göstərmişdi. Hər kəs sudan içdi, dəstəmaz aldı, tuluqlarını doldurdu və beləcə susuzluq məsələsi yoluna qoyulmuş oldu.[2]

2. Elçilər

Huzaa qəbiləsi İslamı qəbul etməmişdi, ancaq müsəlmanlarla müttəfiq idi. Məkkəlilərin hazırlıq gördüyünü onlar da eşitmişdi. Bir neçə adam gəlib vəziyyəti Allah Rəsuluna xəbər verdi. Heyət arasında Büdeyl ibn Vərqa da vardı. Bu şəxs ancaq Məkkənin fəthindən sonra müsəlman olmuşdu. Peyğəmbərimiz Büdeyl ibn Vərqaya inandığı üçün onu Məkkəyə göndərmiş və yalnız ümrə məqsədi ilə gəldiyini onlara çatdırmağı tapşırmışdı.

Büdeyl Allah Rəsulunun niyyətini məkkəlilərə çatdırdı. Ürvə ibn Məsud əs-Səqafi də onu dinləyənlər arasında idi. Büdeylin dedikləri ağlına batdı. Allah Rəsulu ilə görüşmək təklifini irəli sür­dü, məkkəlilər də onu bu vəzifə ilə Allah Rəsulunun yanına gön­dərdilər.[3]

3. Dəyişən insanlar

Ürvə Peyğəmbərimizin hüzuruna gəldi və söhbət əsnasında əli ilə Allah Rəsulunun mübarək saqqalına toxunmaq istədi. Bu, qədim ərəb adəti idi. Elə bu vaxt kimsə Ürvənin əlinə möhkəmcə vurdu. Onu vuran Ürvənin doğma qardaşı oğlu Muğirə ibn Şubə (r.a.) idi. "Murdar əlin Allah Rəsulunun pak saqqalına toxunmasın. Bir daha təkrar eləsən, əlini qopararam!" dedi. Ürvə yerində donub qaldı. Elə bil bir neçə ay əvvəl Muğirənin işlədiyi cinayətin qanbahasını o ödəməmişdi?! Müsəlman olandan sonra nə qədər dəyişmişdi. Üstəlik səhabələrin Allah Rəsulunun başına pərvanə kimi dönməsi də Ürvənin gözündən qaçmamışdı. Məkkəyə qayıdanda heyranlığını bu sözlərlə dilə gətirdi:

"Mən nə qədər kisralar, qeysərlər və nəcaşilər[4] görmüşəm. Lakin Məhəmmədin ətrafında olan insanların sədaqət və fədakarlığına heç birində rast gəlməmişəm. Gəlin sözümə qulaq asın, bu adamla işiniz olmasın!"

Bu görüş bir nəticə vermədi.[5] Allah Rəsulu Qüreyş qəbiləsinə Hiraş ibn Ümeyyəni göndərdi. Ancaq qüreyşlilər ona hücum edib dəvəsini öldürdülər. Müttəfiqi olan bir qəbilənin adamları dadına çatmasaydı, özünü də canından edəcəkdilər.[6]

4. Həzrət Osmanın (r.a.) elçi göndərilməsi

Bu hadisədən sonra Qüreyşə başqa bir adamı göndərmək lazım idi. Həzrət Ömərə (r.a.) təklif edildi. Ancaq Məkkədə onun düşməni çox, dostu yox idi. Onun getməsinin bir nəticə verib-verməməsi şübhə altında idi. Həzrət Ömər bu qənaətini Allah Rəsuluna bildirdi. Nəhayət, Həzrət Osmanın (r.a.) göndərilməsinə qərar verildi.[7]

Qüreyşlilər Həzrət Osmanı həbs elədilər. Hətta onun öldü­rül­məsi haqda şayiə də yayıldı. Gəlişinin gecikdiyini görən müsəlmanlar bu şayiənin doğru olduğunu düşündülər. Buna görə də, Allah Rəsulu müsəlmanları beyətə dəvət etdi. Özü bir ağacın altında oturdu, müsəlmanlar da gəlib bir-bir beyət etdilər.[8]

Daha sonralar bu ağac "Rızvan ağacı" adını aldı. Rızvan ağacı Həzrət Ömərin xəlifəliyi dövründə kəsildi, çünki xəlifə ağacın müqəddəsləşdirilməsindən narahat olmuşdu.[9]

5. Ölümə beyət

Çağırış səsini eşidincə hər kəs yerindən ox kimi atıldı və o yolda ölüm də daxil, hər şeyə beyət etdi.[10] Çünki o əsnada ancaq ölüm üçün beyət edilə bilərdi. Bəli, hər kəs qaça-qaça gəldi: bir nəfərdən başqa Allah Rəsulunun mübarək əlini sıxmayan səhabə qalmadı.[11] Bircə nəfər gələ bilməmişdi, o da Məkkədə idi, aqibətindən xəbər yox idi.

Allah Rəsulu yenə zaman və məkanı aşdığı anlardan birini yaşayırdı elə bil. Sanki zaman və məkan qarşısında bükülmüş, çox uzaqlarda olan Osmanın (r.a.) əlindən tutmuşdu. Sol əlini qaldırdı: "Bu, mənim əlim", – dedi. Ardından da sağ əlini qaldırdı: "Bu da Osmanın əli", – buyurdu. Və əlavə etdi: "Şahid olun, mən Osmanın (r.a.) yerinə beyət edirəm."[12]

Bu, müqəddəs bir beyətdi: Allah Rəsulu o beyətə vəkalət edirdi..! Vəziyyət çox ciddi idi.. hər kəs həyəcan içində idi. Əsəblər xeyli gərilmiş, bircə qığılcım bəs edərdi. Təkcə Allah Rəsulu mü­vazinət və mötədilliyini qoruyurdu. Hərçənd Onun da içi çaylar kimi çağlayırdı, amma fövqəlbəşər iradəsini ortaya qoyaraq suların məcrasından çıxıb ətrafı yuyub aparmasına imkan vermirdi. Aman Allahım! Bu, nə sarsılmaz iradədir..!

6. "İş asanlaşdı"

Elə bu əsnada Allah Rəsulu qarşıdan bir tozanaq qalxdığını gördü. Bir az sonra da bu toz-dumanın arasından Süheyl çıxıb gəldi. Rəsulullah Süheyli yaxşı tanıyırdı. Üzünü əshabına tutub: "Artıq iş asanlaşdı. Qüreyş razılaşmaqdan başqa bir iş görə bilməz" – dedi.[13]

Süheyl adının "asanlıq" mənasında yozulması da ayrı bir mövzudur. Allah Rəsulunun insanları tanımasına baxın ki, Süheyli görər-görməz nəticəni söyləyirdi. O, Ürvəni görəndə də Qüreyşlilərin razılaşma niyyətində olduğunu söyləmişdi, Süheylin gəlişi məsələni qətiləşdirmişdi. Belə ki, hadisələr artıq Allah Rəsulunun buyurduğu istiqamətdə cərəyan etməyə başlamışdı. Süheyl razılaşmaq üçün gəldiyini açıqca bildirdi. Elə Allah Rəsulu da belə bir razılaşma istəyirdi.

7. Razılaşma

Əslində müqavilənin maddələri ilk baxışda tamamilə müsəlmanların əleyhinə görünsə də, Quran bunu nəticəsi etibarilə bir fəth kimi bəyan edirdi.[14]

Süheyl Allah Rəsulundan nə qədər güzəşt qopara bilsə, özü üçün böyük bir müvəffəqiyyət sayacaqdı. Ona görə də hər cür xırdaçılığa gedirdi. Məsələn, müqavilə mətninin başında yazılmış بِسْمِ اللّٰهِ الرَّحْمَنِ الرَّحِيمِ (bismilləhir-rahmənir-rahim) cümləsinə etiraz edib, yerinə بِاسْمِكَ اللّٰهُمَّ (bismikəllahummə) yazılmasını təkid etdi. Allah Rəsulu da onun təklifini qəbul etdi.

Suheylin ikinci etirazı "Rəsulullah" sözünə oldu. "Biz Sənin rəsul olduğunu qəbul etsəydik, belə bir müqaviləyə ehtiyac qalmazdı", – dedi. Peyğəmbərimiz mətni yazan Həzrət Əliyə (r.a.) "Rəsulullah" sözünü silib yerinə مُحَمَّدُ بْنُ عَبْدِ اللّٰهِ (Məhəmməd ibn Abdullah) yazmağı tapşırdı. Ancaq Onun adını pozmaq Həzrət Əliyə ağır gəldi: "Rəsulullah" sözünü silməyə könlü razı deyildi. Bunu görən Allah Rəsulu o kəlməni şəxsən öz əliylə silib مُحَمَّدُ بْنُ عَبْدِ اللّٰهِ ifadəsini yazdı və ya Həzrət Əliyə (r.a.) yazdırdı.

Müqavilə maddələrinin razılaşdırılması gərgin ab-havada keçirdi. Süheyl öz istəklərinin mətnə daxil edilmədiyi təqdirdə belə bir müqviləyə imza atmayacağını söyləyir, Allah Rəsulu də belə bir razılaşmanın böyük nəticələrini düşünərək zahirən qeyri-bə­rabər görünən maddələrin çoxuna "Hə!" deyirdi.

Bu maddələrə görə:

1. Müsəlmanlar həmin il Məkkəni ziyarət etmədən geri dönəcəkdi.

2. Ziyarət ancaq növbəti il ediləcək, ziyarət müddəti də yalnız 3 gün olacaqdı.

3. Müsəlmanlar adətən belə qurşanan qılıncdan başqa, – o da qınında olmaq şərtilə, – özləri ilə heç bir silah götürməyəcəkdi.

4. Müsəlmanlar Məkkədən Mədinəyə gəlmək istəyənləri qəbul etməyəcək, əksinə Məkkəyə dönənlərə mane olmayacaqdı. Yəni bir müsəlman Mədinəyə getsə və ya müsəlmanlara pənah aparsa, o, dərhal qüreyşlilərə təslim ediləcəkdi.

5. Ərəb qəbilələri istədikləri tərəflə ittifaqa girməkdə sərbəst olacaqdılar.[15]

8. Həzrət Ömərin Hüdeybiyyədə sarsılması

Bu maddələrin hamısı ilk baxışda müsəlmanların zərərinə görünürdü. Üstəlik Mədinəyə sığınacaq müsəlmanların qüreyşlilərə təslim edilməsini nəzərdə tutan maddə möminləri hövsələdən çıxarırdı. Hətta Həzrət Ömər (r.a.) Allah Rəsulunun hüzuruna gələrək: "Sən Allahın Elçisi deyilsənmi?" demişdi. Allah Rəsulu bu əsnada sükunətini pozmamış, Həzrət Ömərin suallarına çox soyuqqanlı cavab vermişdi:

– Bəli, mən Allahın Rəsuluyam.
– Biz haqq yolda deyilikmi?
– Bəli, haqq yoldayıq.
– Elə isə bu zilləti nə üçün qəbul edirik?
– Mən Allahın peyğəmbəriyəm və Allaha üsyan edə bil­mə­rəm.
– Sən Kəbəni ziyarət edəcəyimizi söyləmədinmi?
– Bəli, söylədim, lakin bu il demədim.

Həzrət Ömər (r.a.) bu dəfə Həzrət Əbu Bəkirin (r.a.) yanına gedib ondan da eyni şeyləri soruşmuşdu. O da Allah Rəsulu kimi cavab vermişdi.

Sonralar Həzrət Ömər bu hadisəni nə vaxt xatırlasa, iztirabla ikiqat olar, dərin peşmançılıqla köks ötürərdi. Allah bilir, buna görə, nə qədər sədəqə vermiş, nə qədər oruc tutmuş və nə qədər əfv diləmişdi Rəbbindən! Bəli, O, o gün dediyi sözlərə, bəlkə də, min dəfə peşman olmuşdu.[16]

9. Əbu Cəndəl (r.a.)

Mövzuya qayıdırıq: Süheylin yenicə müsəlman olmuş oğlu Əbu Cəndəlin o əsnada ayağındakı qandalları sürüyə-sürüyə özünü yetirməsi səbir kasasını daşıran son damla oldu. Əbu Cəndəl əldən düşmüş halda gəlib özünü Allah Rəsulunun önünə atdı. Bu acı mənzərə bütün səhabələrin ürəyini sızlatdı, hamısı hıçqıra-hıçqıra ağladı. Süheyl: "Razılaşmanın etibarlı olması üçün ilk şərt oğlumun mənə qaytarılmasıdır", – dedi.

Məhz o an qopan iniltilər balasını itirmiş bir ananın iztirab dolu fəryadını andırırdı. Allah Rəsulu da göz yaşlarını saxlaya bilmədi. Süheylə xahiş etdilər: Hələ müqaviləyə imza atmamışıq. Bu şərti Əbu Cəndələ aid etməmək olar. Ancaq Süheyl sözündə və tələbində israr etdi. Və Peyğəmbərimiz (s.a.s) göz yaşları içində Əbu Cəndəli geri qaytardı. Ancaq ona bir müjdə də pıçıldadı: "Allah sənə və sənin vəziyyətində olanlara çox yaxında bir qurtuluş nəsib edəcək."...[17] Və dediyi kimi də oldu.[18]

10. Əbu Basir və yoldaşları

Hüdeybiyyə razılaşmasından qısa müddət sonra Məkkədən qa­çan Əbu Basir künyəli Ütbə ibn Əsid Mədinəyə – Allah Rə­su­luna pənah gətirdi. Qüreyşlilər Əbu Basirin arxasınca iki adam göndərərək onun geri qaytarılmasını tələb etdilər. Allah Rə­sulu da onu təhvil verdi. Lakin Əbu Basir yolda onu aparan mək­kəlilərdən birini öldürdü, o biri isə qaçıb canını güclə qurtardı.

Əbu Basir yenə Allah Rəsulunun hüzuruna gəldi. Ancaq İki Cahan Sərvəri: "Bir peyğəmbər verdiyi sözdən dönməz" buyuraraq Əbu Basiri Mədinəyə qəbul etmədi. Buna görə də Əbu Basir şəhərdən çıxaraq Zülmərvə yaxınlığında İs adlı yerdə məskən saldı. Beləcə Məkkədə zülmə məruz qalan müsəlmanlar bir-bir qaçıb Əbu Basirin başına toplaşdılar və müşriklərinin yolunu kəsdilər. Onlar oradan keçmək məcburiyyətində olan Məkkənin ticarət karvanları üçün artıq böyük bir təhlükə idi...

Çarəsiz qalan məkkəlilər də Allah Rəsuluna müraciət edərək müsəlmanları Mədinəyə qəbul etməsini xahiş elədilər. Beləcə, Hüdeybiyyə müqaviləsinin müsəlmanları ən çox narahat edən maddəsi bu maddəni təklif edənlərin öz əli ilə ləğv edilmiş oldu. Bu da açıq-aşkar bir zəfər demək idi.[19]

Onsuz da, Hüdeybiyyədən dönəndə "Fəth" surəsi nazil olmağa başlamış və bu müqavilə aşkar fəth kimi səciyyələndirilmişdi.[20]

Allah Rəsulu çox məmnun idi. Nə düşünmüşdüsə, vaxtı gə­lincə bir-bir gerçəkləşməyə başlamışdı. Əslində, O, fəttah qılıncını düşmənin başına ta Hüdeybiyyədə endirmişdi və düyün orada açılmışdı, amma zahirən baxanda düyün indi açılırdı. İşin qəhrəmanlıq ruhunu təmsil edən igidləri, bəli, bığ yeri yenicə tərləmiş bu cavanlar bir vaxtlar Rəsulullahın "Səniyyətül-Vəda"nı (Vəda təpəsini) aşıb Mədinəyə təşrif gətirdiyi kimi Mədinəyə qədəm qoyurdular. Və başda Allah Rəsulu olmaqla bütün Mədinə əhalisi onları "Səniyyəyi-Vəda" nəğmələri ilə qarşılayırdı. Gözlərini küfür tutmuş müşriklər öz şərtlərini öz əlləri ilə pozmuşdular. Və gün gələcək, Allah Rəsulunun müttəfiq olduğu bir qəbiləyə hücum edəcək, başqa sözlə, müqavilə öhdəliyini pozaraq əhdlərinə xilaf çıxacaqdılar.[21] Allah Rəsulu da Hüdeybiyyə ilə təməlləri atılan böyük fəthin bayrağını Məkkəyə sancacaqdı.

[1] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/275-276; İbn Sad, "Ət-təbəqətül-kübra", 2/95.
[2] Buxari, "Şurut", 15; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/329; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", /277.
[3] Buxari, "Şurut", 15; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/323-324.
[4] İran şahlarına "kisra", Bizans çarlarına "qeysər", Həbəşistan hökmdarlarına isə "nəcaşi" deyilirdi
[5] Buxari, "Şurut", 15; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/324.
[6] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/324.
[7] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/324.
[8] İbn Hişam, "Əs-siratün-nəbəviyyə",, 4/283.
[9] İbn Sad, "Ət-təbəqətül-kübra", 2/100.
[10] Buxari, "Cihad",110; Müslim, "İmarət", 80.
[11] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/283.
[12] Buxari, "Fədailül-əshab", 7; Tirmizi, "Mənaqib", 18; Əhməd ibn Hənbəl, "əl-müsnəd", 1/59.
[13] Buxari, "Şurut", 15; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/330.
[14] Baxın: "Fəth" surəsi, 48/1. Qurtubi, "Əl-məscidi li ehkamul-Quran", 16/259-260; Buxari, "Cizyə", 18; Müslim, "Cihad", 94.
[15] Buxari, "Şurut", 15; Müslim, "Cihad", 90-92; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/325.
[16] Buxari, "Şurut", 15; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/325.
[17] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/325-326; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/287.
[18] Buxari, "Şurut", 15; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/331; İbn Hişam, "Əs-siratün-nəbəviyyə, 4/292-293.
[19] Buxari, "Şurut", 15; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/331; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/291-293; İbn Həcər, "Fəthül-bari", 5/448-451.
[20] Buxari, "Cizyə, 18; Müslim, "Cihad", 94; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/289.
[21] İbn Hişam," Əs-siratün-nəbəviyyə", 5/42 vd.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.