Səriyyələr

Səriyyələrin məqsədi

a. İlk səriyyə və Həzrət Həmzə (r.a.)

Allah Rəsulu məhz bu məqsədlərinə çatmaq üçün hicrət edər-etməz, ilk hərəkət əmrini Həzrət Həmzəyə (r.a.) verdi. Allah Rəsulu səhrada elə bir xəbərləşmə şəbəkəsi qurdu ki, quş uçsa, xəbəri tuturdu. O ərəfədə bir Məkkə karvanı mədinəlilərin gözünün içinə baxa-baxa yaxınlıqdan keçirdi. Karvanda Məkkə müşriklərinin mühacirlərdən qəsb etdiyi xeyli mal da vardı. Həzrət Həmzə (r.a.) yüz nəfərlik dəstənin başında özünü karvana yetirdi, düşmənin gözünə başqa cür göründü.. kimsənin burnunu qanatmadı, amma düşmənin ürəyinə qorxu düşdü və əli-qolu bağlandı.. arxaya baxmadan qaçdılar…[1] onlar səhrada qaçmağında olsun, el-oba onlara baxıb belə düşünürdü: Demək ki, məkkəlilər artıq başqa bir gücün varlığını qəbul edirlər.

Bu, yeni vəziyyətin insanlara necə təsir etdiyini təsəvvürə gətirmək çətin deyil. Məkkəlilər bu həmlələrin, demək olar, hamısında çarəni qaçmada görürdü. Onlar qaçır, müsəlmanlar qovur və ətraf bölgələrin sakinləri də heyrət içində, mat-məəttəl baxırdı. Həzrət Məhəmməd Mustafa (s.a.s.) da bu durumu dəyərləndirərək iki yol ayrıcında dayanıb nə edəcəyini bilməyənləri öz cərgəsinə qatırdı. Xalq arasında bu fikir geniş yayılmağa başlamışdı: "De­mək ki, bundan sonra müşriklərin işi-gücü qaçmaq olacaq."

Bəli, Həzrət Məhəmməd Mustafanın (s.a.s.) bir hərb dahisi olaraq düşməni qovalaması iki yoldan birini seçməkdə tərəddüd edən ərəb qəbilələrini və hələ müsəlman olmamış insanları İslama çəkirdi. İnsanlar gündən-günə İslamiyyətə isinir və müxtəlif qəbilələr dəstə-dəstə müsəlman olurdu. Yolların təhlükəsizliyi artıq təmin edilmiş, İslam qüvvətini göstərmiş, haqqın təmsilində ehtiyac duyulan güc ortaya çıxmışdı: indi artıq hər kəs bir az fərqli düşünürdü.

b. İkinci səriyyə

Ardınca dərhal ikinci səriyyə təşkil edildi. Və bunda da heç kimin burnu qanamayacaqdı, çünki məqsəd bir dəstə çıxarmaq və ya güc göstərmək idi. Hər şeydə gücü əsas sayanlar qüvvələrin qeyri-bərabər olmadığını görsünlər, gücün hər şeyə yaramadığını başa düşsünlər deyə müşrik ordusunun qabağına haqq ordusunu çıxarırdı, silaha silahla cavab verirdi....

Bəli, güclü olduğu halda zülmə, zorakılığa, ədalətsizliyə, haq­sızlığa əl atmamaq, əksinə həm güclü, həm də ədalətli və mər­həmətli olmaq... hətta yad bir adamın qoyunundan süd içməli olanda "Haqqını verək, süd alaq," deməyi bacarmaq qədər axirət dü­şüncəli.. Səhra sakinləri ogünədək belə şeylər görməmişdi. Bunları heyrət içində seyr edir və ehtimal ki "Görəsən, İbrahimin dediyi mələklər göydən enməyib ki?" deyə düşünürdülər. Nə gözəl düşüncə idi bu!

c. Übeydə ibn Harisin səriyyəsi

Həzrət Übeydə Allah Rəsulunun əmisi Harisin oğlu, Əbdülmütəllibin nəvəsi idi. Bədirdə dizləri kəsilmiş halda alqan içində Allah Rəsulunun hüzuruna aparılan, ölüm ayağında: "Ya Rəsulallah, döyüşdə ölmədim. Allah xatirinə söylə, mən şəhidəm?"[2] deyən, ürəyi tir-tir əsən Übeydə ibn Haris (r.a.).

O da Rabiğ vadisində düşmənin canına qorxu, dəhşət və vəlvələ saldı.[3] Sonra da geri döndü. Bu da Qüreyşi ikinci dəfə sarsıtdı. Bu sarsıntı, bu qorxu nə qüreyşlilərin, nə Qüreyş karvanlarını idarə edənlərin, nə də səhrada bələdçi kimi qabağa düşənlərin illərlə canından çıxmayacaqdı.

ç. Rəsulullahın başçılıq etdiyi səfərlər

İldırım sürətli həmlələri bir-birini izləyirdi. Bu səriyyələrdən sonra Rəsulullah iki yüz nəfərlik bir dəstənin başına keçərək Şama gedən Qüreyş karvanını yolda haqladı. Planı o qədər mükəmməl qurmuş, yolları elə nəzarət altına almışdı ki, Allah Rəsulu: "Keçin, gedin!" deməsəydi, karvanın keçib getməsi mümkün deyildi.

Qüreyşin qorxudan ürəyi ağzına gəlmiş, az qala ödü partlamışdı. Allah Rəsulu səriyyənin başında hayqırır, hər tərəfi lərzəyə gətirir, meşədəki aslanları belə ürküdür və yenə heç kimə toxunmadan geri qayıdırdı.[4]

Yenə bir gün bu məqsədlə Allah Rəsulu kiçik bir dəstənin başında Buvatda düşmənlə qarşılaşdı, onlara göz dağı verib geri qayıtdı.[5]

Vəddanda düşmənlərlə üz-üzə gəldi, onların ürəyinə qorxu saldı və ucsuz-bucaqsız çöllərdə əmin-amanlığın təminatçısı olduğunu hər kəsə xatırladıb geri döndü.[6]

d. Abdullah ibn Cahşın səriyyəsi

Abdullah ibn Cahş Rəsulullahın bibisi oğlu idi: məsuliyyətli işləri daha çox yaxınlarına həvalə edirdi.. ilk əmirləri də yaxınlarından seçmişdi. Çünki o günəcən müsəlmanlar silah çəkib düşmənə həddini bildirməmişdi. Qohum-əqrəba ilə döyüşmək və onları öldürmək isə səhranı da, səhra qanunlarını da alt-üst etmək demək idi. Bədir döyüşü bu baxımdan çox əhəmiyyətli idi. Bədirə gedən yol da bu səriyyələrdən keçirdi. Bu səriyyələrin başına da Həzrət Həmzə, Übeydə ibn Haris, Sad ibn Əbi Vəqqas və Abdullah ibn Cahş kimi yaxın qohumlarını seçmiş.. və bu çətin, səhra anlayışına zidd ağır məsuliyyəti öz yaxınlarının çiyninə yükləmişdi. Üç-dörd səriyyəyə isə şəxsən rəhbərlik etmişdi.

Adullah ibn Cahş Rəsulullahın bibisi oğlu idi. Uhudun bu böyük bahadırının gözləri zəif görürdü, qaraltıları güclə seçirdi. Buna baxmayaraq heç bir döyüşdən qalmamış, Bədirdə şücaət göstərmişdi. Uhudda müsəlman birliklərinin geri çəkildiyini görüncə şəhid olanadək qəhrəmanlıqla vuruşmuşdu.

Sad ibn Əbi Vəqqas nəql edir: "(Uhudda) bir qayanın dibində qəfil qarşıma çıxdı. Mənə dedi ki, "Gəl, əsl vaxtıdı, burada sən dua et, mən amin deyim, mən dua edim sən amin de!" (Allah Rəsuluna yaraşan bibioğlu idi.. Ruhun şad olsun.. məqamın da Firdövs... Sən bizə əsl yolu göstərdin! Sən bizə zillətlə yaşamaqdansa, izzətlə ölməyi öyrətdin! Sən Rəsulullah şəhid ediləcəksə, yaşamağın əbəs olduğunu canını verərək göstərdin! Ruhun şad olsun!) Gözünə heç nə görünmürdü. Axirətə köç etmək və Allaha qovuşmaqdan başqa bir şey düşünmürdü. Azdan gözünü çəkib çoxa yönəlmiş, xalqdan Haqqa dönmüşdü. Və: "Gəl sən dua et, mən amin deyim, mən də dua edim sən amin de," – demişdi.

Siyər kitabları nəql edir: "Oturduq, – deyir Sad ibn Əbu Vəq­qas (r.a.) – döyüşün qızışdığı və Rəsulullahın şəhid olması­ haqda şayiənin yayıldığı bir vaxtda o, dua edəcək, mən amin deyəcəkdim. Mənim duama da o, amin deyəcəkdi. Mən belə dua etdim: Allahım, düşmənlə haqq-hesab çəkirik. Ən güclü düşmənləri qabağıma çıxar, onlarla var gücümlə əlbəyaxa olum və öldürüm, sonra da bir qazi kimi Allah Rəsulunun yanına qayıdım.

O, mənim bu ürəkdən gələn duama amin dedi. Sonra şəhidliyə namizəd Abdullah ibn Cahş başlamışdı dua etməyə: "Allahım, mənə iri cüssəli bir rəqib göndər, var gücümlə döyüşüm, mən onu üstələyim, amma sonra məni öldürsün, (çünki artıq mənim üçün həyatın mənası yoxdur. Rəsulullah şəhid olubsa, artıq yaşamaq əbəsdir.) Sonra burnumu, dodağımı bir-bir kəssin. Mən də üzümdən, qulağımdan, burnumdan, dodağımdan, gözlərimdən qan axa-axa Sənin hüzuruna gəlim. Sən də məndən "Abdullah! Burnunu, dodağını, qulağını neylədin?" deyə soruş. Mən də Sənə "Allahım, mən günah işləmiş üzvlərimi Sənin hüzuruna gətirməkdən utandım, Rəsulunun yolunda döyüşdə atıb gəldim".

Dua müdhiş idi, bu müdhiş adamın müdhiş duasına amin dedim. Allaha (cəllə cəlaluhu) and olsun ki, Uhud döyüşü qurtarandan sonra Allah Rəsulu bibisi oğlunu axtardı, tapdı, nə dodağı, nə də burnu yerində idi. Nizə zərbələri ilə qarın hissəsi dağılmış, bağırsaqları deşilmişdi."[7]

Gözlər həqiqət aləminə açıldıqdan sonra, istər fani dünyanı yaxşı görməsin, yaxşı seçməsin, nə əhəmiyyəti var?!

Nəxlə səriyyəsinin başçısı həmin bu Abdullah ibn Cahş idi. Allah Rəsulu onu on iki səhabə ilə birlikdə Mədinəyə düz 500 kilometrlik məsafədə olan "Nəxlə" adlı yerə göndərmişdi. Nəxlə Məkkənin çox yaxınlığında idi. Nəxləyə gedib orada məkkəliləri müşahidə edəcəkdi. Ölümü bir neçə kərə gözə almayan bir insan belə bir vəzifəni öhdəsinə götürməzdi. Bu səbəbdən də Allah Rəsulu insan seçimində fətanətini göstərərək səriyyənin başına ən uyğun səhabəni qoymuşdu. Ora getməyə gözündə həyatın zərrə qədər dəyəri olmayan və ölümün gözünün içinə dik baxan bir igid lazım idi – o da Abdullahdı.

İki Cahan Sərvəri ona bir məktub verdi. Məktubda dəstəyə aid tapşırıqlar yazılmışdı. Ancaq məktub mənzil başına çatandan sonra açılıb oxunacaqdı. Rəsulullah ona bir tapşırıq da verdi: "Heç kimi özünlə aparmağa məcbur etmə! Bütün adamlarını könüllülərdən seç!" Belə ki, könüllü seçim zamanı bir nəfər bəhanə gətirib imtina etdi. Qalanları əmri yerinə yetirib Nəxlə adlı yerə qədər getdilər. Abdullah ibn Cahş əmrnaməni orada açdı. Allah Rəsulunun əmrlərini bir-bir icra etdi. Ancaq bir müşriki bilmədən öldürdülər. Səhabələr qaçan müşriklərin qənimətini də götürüb Allah Rəsulunun hüzuruna qayıtdılar. Müşrik Rəsulullahın əmri ilə öldürülməmişdi, səhabələr bunu qəsdən, bilərəkdən eləməmişdilər. Məkkəlilər baş verən hadisəni şişirtdilər və "Məhəmməd (s.a.s.) haram aylarda adam öldürür" deyə aləmə car çəkdilər. Daha sonra bu məsələ ilə əlaqədar ayələr[8] endi və onların çıxardığı fitnənin haram ayda adam öldürməkdən daha təhlükəli olduğunu bəyan buyurdu.[9]

[1] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/140-142; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/241-246.
[2] Təbəri, "Tarixül-üməm vəl-mülük", 2/32; Hakim, "Əl-müstədrək", 3/208.
[3] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/136; Hakim, "Əl-müstədrək", 3/207.
[4] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/246-247.
[5] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/246.
[6] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/243.
[7] Əbu Nuaym, "Hilyətül-övliya", 1/109; İbnul-Əsir, "Üsdül-qabə", 3/195; Heysəmi, "Məc­məüz-zəvaid", 9/301; İbn Həcər, "Əl-isabə", 4/35-36.
[8] "Bəqərə" surəsi, 2/217.
[9] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/146-147; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/248-252.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.