"Quran"ın sirli üfüqü
Sonsuzluğun kəlmə və hərflər aləmində parıldayan işığıdır "Quran"! İns və cinnin duyğu, düşüncə və hiss xəritəsində məlaikə və ruh aləminin səsi-sədasıdır "Quran"! O, vədəsi tamamlanıb ən müstəsna bir sədəf içində inciyə çevrilincə, söz sərraflarının gözləri də saralıb-solmayan və siması heç dəyişməyən bir gözəlliklə qarşılaşdı. "Quran" ziya olub varlığın çöhrəsinə yağacağı, onun mahiyyətini açıqlayacağı günə qədər, hər yönü ilə bir rəng, naxış və ahəng sərgisi olan bu böyük kainat bir məçhullar ölkəsi, hər sətri İlahi həqiqətlərin fərqli bir sirrini əks etdirən bu varlıq kitabı da mənası bilinməyən səhifələrdən ibarət idi. "Quran" bir günəş kimi doğulan kimi heç olmasa qəsdi-qərəzləri olmayanların nəzərində o günə qədər bütün üfüqləri qaraldan dəstə-dəstə buludlar dağılıb getdi, hər şeyin mahiyyəti, həqiqəti və bütövlükdə varlığın o gözəllərdən daha gözəl əndamı ortaya çıxdı, çıxdı və hər şey oxunub zövq alınan bir kitabın paraqraf, cümlə və kəlmələrinə çevrildi... Onun səsinin eşidilməsi ilə könüllərə nurlar endi, ruhlarda coşan duyğular və o duyğuları ifadə edən dillər də mərhəmət, sevgi nəğmələri söyləməyə başladılar.
Bəli, gözlərin, könüllərin Onunla aydınlandığı gündən kainatla əlaqəli neçə min illər həll olunmamış məsələlər, qarmaqarışıq problemlər bir-bir öz həllini tapmağa başladı və insan-varlıq-Yaradan münasibətləri on dörd gecəlik ay kimi ortaya çıxdı, bütün müəmmalar məna əbaları geyərək hikmət orbitlərinə yerləşdi.
Sağlam biliyin və sağlam düşüncənin əsası "Quran", doğru ifadənin, məntiqli bəyanın kökü yenə də "Quran"dır. Onun ilk müxatəbi-zişanı (şan və şərəf sahibi söz söylənilən, xitab olunan şəxs) bütün peyğəmbərlərin Əfəndisi, o Fürqanı-Zişan (şərəf və şan sahibi xeyir ilə şər, haqq ilə nahaq arasındakı fərqi göstərən, ayırd edən kitab-"Quran") da bütün səmavi, qeyri-səmavi kitabların sultanıdır. Əvvəlkilər, Onun gəlib keçəcəyi yollara işarələr qoymaq, ya da bayraqlar dalğalandırmaq üçün, sonrakılar da (bir az da öz ruhlarının müxtəlifliyinə görə) Ona şərh və haşiyə yazmaq, mənasını izah etmək üçün gəlmişdilər. Və bunların hamısı öz duyğu, düşüncə və ruh aləmlərində meydana gələn böyük təsir və inqilablarda Onu görmüş, Onu tanımış və Ona "Söz Sultanı" deyərək, ehtiram ilə dillərinə qıfıl vurmuş və qarşısında əmrə müntəzir olaraq sükut içində durmuşlar. "Quran" fərqli dalğa uzunluğundakı işıq və rənglərini yer üzünə salarkən, qədirbilən ruhlar da gözlərini heç ondan ayırmamış və bütün varlıqları ilə Ona yönəlmişlər. Bəli, O, bir şəlalə kimi göylərdən könüllərə axarkən, huşyar (ağıllı, fərasətli) sinələr də ürəklərini Ona açıb, bir damcısını belə qaçırtmamağa çalışmışlar.
O, bir həmlədə ən uzaq yerlərə belə səsini çatdırmış, fəlakət gətirən bütün uğursuz xırıltıları kəsmiş, qərəzli olmayan hər düşüncədə kövsər şırıltılı duyğuları oyandırmış, fəth etdiyi sinələrdə hicran atəşlərini söndürərək bütün ruhlarda vüsal arzu və ümidini coşdurmuşdur. Buz kimi fitrətlər Onunla qızınmış, əbədiyyət arzusu ilə alışıb yanan könüllər də onunla sərinləmişdir.
Hər yeninin köhnəlib sıradan çıxdığı, hər təzənin saralıb solduğu bu fani dünyada hər zaman rəngarəng və təptəzə qala bilən bir şey varsa, o da "Quran"dır. Bəli, O, endiyi gündən bəri əleyhinə əsən çoxsaylı küləklərə, gözlənilməyən soyuğa, buza və vaxtsız yağan qara, bəzən sərtləşən atmosferə baxmayaraq, əslini qoruyub səmavi qala bilmiş yeganə kitabdır. Buna görə də "Quran" nə vaxt öz dili ilə həyəcanla coşan sinələrdən yüksəlsə, ruhlarımızda sanki səmadan yenicə enmiş bir ilahi süfrə və cənnətdən gəlmiş bir dəstə nübar xurma hissini oyandırır. O, özündəki cövhəri nə zaman ətrafa saçsa, inanmış könülləri bütün dünyəvi sərvətlərə qarşı istiğna (əlindəki ilə kifayətlənmə, qane olma) üfüqünə yüksəldər. "Quran" ilahi sözlərdən nəzm edilmiş bir bəyan silsiləsi, elmdən zövq alan bəşər idrakının son dayanacağı və ilahi aləmə mənsub ipək iplikdən hörülmüş bütün varlığın xəritəsini təsvir edən incələrdən incə bir şah əsərdir. Onun bayrağının dalğalandığı bürclərdə inananların ruhlarına işıq, şeytanların başlarına isə daşlar yağır və oraların sakinləri daima şad və xürrəm yaşayırlar.
Sonsuz Qüdrət Sahibi iki cahan səadətini Onun yol göstəriciliyinə bağlamışdır. Onun rəhbərliyinə müraciət edilmədən hədəfə çatmaq qətiyyən mümkün deyildir. Onun himayədarlığına sığınmadan həqiqət axtaran yolçular da əldən düşər, yollarda qalarlar. Arxasınca gedənləri çaşdırmadan, yanıltmadan məqsədlərinə çatdıran ən son, ən kamil söz Odur. Hər zaman hər kəs tərəfindən çox rahatlıqla oxunduğu halda, söylənilməsi imkan xaricində olan da yenə Odur. Onun sahib olduğu dərinliyi qəlbində duyanlar duyulması lazım olan hər şeyi hiss edirlər. Onu tam dadıb zövq alanlar bir "ərşi-Rəhman" sayılır, məna və mahiyyətcə ülviləşirlər və onların səsləri həmişə mələklərin nəfəsləri kimidir.
"Quran"ın yer üzünü şərəfləndirəcəyi günə qədər bütün nəbilər yaşadığı çağı işıqlandıracaq çırağı Onun işıq mənbəyindən alışdırmış və əhatəsindəki amansız çölləri Ondan aldığı bir neçə damla ilə cənnətlərə çevirmişdir. Hətta Onun kölgəsinin dolaşdığı ən qaranlıq dövrlər belə, bir qızıl ana çevrilmişdir. Əslini duyub yaşayanların dövrləri isə Cənnət səhərlərindən fərqlənmir. Onun qapısına başını qoyanlar mələklərə bərabərdir, Onun nurlu aləmində canlı-cansız hər varlıq da qardaşdır.
"Quran"ı tam duymuş könlün ilhamları qarşısında böyük dəryalar damla olur və Onun nuru ilə nurlanmış bir beyin yanında günəş bir şam işığına çevrilir. Onun könüllərimizdə duyulan nəfəsi canlarımıza can və əşyanın üzünə çəkdiyi ziya ilə bütün varlıq da iç-içə Haqqın dəlilidir. Onun nəfəsinin duyulduğu ən ucqar yerlər belə İsrafildən sur səsi almış kimi birdən-birə dirilir. Onu öz dili ilə duyan könüllər Cəbrayıldan nəğmələr eşitmiş kimi cuşa gəlir, dirilir və yenidən özünə qayıdır, çünki "Bu (Quran) insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!" (əl-Casiyə, 45/20) Bəli, O, insani mələkələri (səriştə, təcrübə və təkrar etməklə qazanılan bacarıq, ustalıq, məharət) ölməmiş kəslər üçün tam bir rəhmət və hikmət qaynağıdır.
"Quran" bəşəriyyətin ilk çağlarında məhəlli (müəyyən yerə məxsus) risalətlər dairəsində qalıb zaman və məkan hüdudlarını aşmayan, aşa bilməyən digər bəyanlara qətiyyən bənzəmir. O, bütün zamanları, məkanları aşan və etiqaddan ən kiçik ədəb qaydalarına qədər, bütün insanlığın ehtiyaclarına cavab verən əngin və zəngin bir möcüzədir və O, bu dərinliyi ilə bu gün də, sabah da hər kəsə və hər şeyə meydan oxuya biləcək gücdədir.
Bəli, "Quran" yer üzünü şərəfləndirdyi o ilk dövrdə həm ruhlarda, həm ağıllarda, həm də könüllərdə təsəvvürə sığmayan elə təsirlərə səbəb olmuşdur ki, Onun o işıqlı çevrəsində yenidən canlanan nəsillərin mükəmməlliyi Onun haqqında başqa möcüzəyə ehtiyac qalmayacaq dərəcədə bir xariqədir. Bu insanların imanları, dəyanətləri, düşüncə üfüqləri, əxlaqları, ibadət sirrinə bələd olmaları və mərifətləri baxımından bənzərlərini göstərmək də mümkün deyildir. Düzü, "Quran", o çağda səhabə ünvanı ilə elə bir nəsil yetişdirmişdir ki, bu nəsil mələklərlə eyni dəyərdədir deyilsə, mübaliğə olmaz. O, əslində bu gün belə, ürəkdən Ona üz tutanların könüllərini aydınladır və Ona ruhunu aça bilənlərə varlığın ən məhrəm, gizli sirlərini bəyan edir. Belə ki, qəlb, şüur, hiss və idrakları ilə Onun atmosferinə girənlərin birdən-birə duyğuları, düşüncələri dəyişir və hər kəs müəyyən dərəcədə də olsa özünü fərqli aləmdə hiss edir. Bəli, insan Ona bir kərə ürəkdən yönələ bilsə, bir daha da təsirindən qurtula bilməz. "Quran", cəzb etdiyini elə yumşaldır, elə incəldir, elə yoğurur və formalaşdırır ki, insan öz-özünə bir səviyyəyə gələcəksə, ancaq bunun sayəsində gələ bilər. Hətta çox vaxt qeyri-mümkünlər belə, onun kölgəsində təbii bir imkana çevrilir və hər kəsi heyrətə gətirir. "Quran": "Əgər dağları gəzdirmək lazım olsa idi, bu "Quran"la gəzdirilərdi, yer üzü parça-parça edilib və ölülər danışdırıla bilsə idi, o da yenə bu "Quran"la olardı" -deyir, çünki O, qəlblərdə, şüurlarda, hisslərdə, ağıllarda elə bir təsir oyatmışdır ki, Onun bu təsiri qarşısında dağları gəzdirmək, yer kürəsini parça-parça etmək, ölüləri danışdırmaq və neçə min ildən bəri çürümüş cəsədlərə can vermək çox kiçik və sadə işlərdir.
"Quran"a könül verən, Onun səmavi prinsipləri ilə formalaşan, daha doğrusu, ruhlarda mənən quranlaşan insanlar O Fürqanla baş tutmayacaq işləri həyata keçirmiş, ölmüş ruhlara əbədi var olmanın yollarını açmış, yer kürəsinin şəklini dəyişdirmiş, təmasda olduqları cəmiyyətlərə axirət aləminin zövqünü daddırmış, düşüncələrə vurulmuş zəncirləri qırmış, ağızlardakı qıfılları açmış, xilqətdəki müstəsna yeri baxımından insan oğlunu yenidən Allahın oturtduğu taxta oturtmuş, ona itirdiyi etibarı qaytarmış, kainat, əşya və insanı yenidən şərh etmiş, təkvini (yaradılışla əlaqəli) əmrlərlə şəri qanunlar arasındakı o dərin və sirli münasibəti bir dəfə yenə vurğulamış, qəlb, iradə, hiss və şüurun ən son qayələrini müəyyən edib ortaya qoyaraq, insan ruhundakı izafi, nisbi və potensial dəyərlərin inkişaf etdirilmə üsul və əsaslarını hərəkətə gətirib sıravi insanı insanı-kamil olmağa istiqamətləndirmiş və beləliklə, ona gözlə gördüyü, duyğularının qavradığı, qəlbinin hiss etdiyi hər şeydə Sonsuz Qüdrət və İradə Sahibinin varlığından xəbər vermiş və hər şeyi gerçək Sahibinə bağlamışdır.
Bir mömin bu səviyyədə gözü-könlü açıq, duyğuları və ruhu oyanıq, düşüncə və zehni də Allaha bağlı isə, o şəxs, cismaniyyətə aid bütün bəsitliklərdən uzaqlaşmış, həyatı daha fərqli bir şəkildə duymağa başlamış və duyğular aləminin hüdudlarını aşmış sayılır ki, belə bir həqiqət aşiqi hər şeydə, varlığın hər parçasında Allahın elminin dalğalandığını, Qüdrət əlinin işlədiyini hiss edər və bir yaxınlıq şüuru ilə ümid və qorxunu eyni anda yaşayar, hələ dünyada ikən axirət aləminin ən son nöqtələrində dolaşar. Nəfəs alarkən ümidlə alar, nəfəs verərkən də qorxu və ehtiramla verər. Həmişə "Quran"ın qoyduğu çərçivə içində və sərhədlər arasında dolaşar, dolaşar və həyatını hər zaman Allahın hüzurunda imiş kimi yaşayar.
Sızıntı, İyul 1999
- tarixində yaradılmışdır.