Ağıllı insan nəfsini hesaba çəkən insandır

Ağıllı insan nəfsini hesaba çəkən insandır

{ArticleToC: position=here}Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi vəsəlləm) “Hər məsələni ölçüb-biçən ağıllı insan nəfsini hesab çəkib onu cilovlayan və daim saleh əməl işləyib ölümdən sonrakı həyata hazırlaşan insandır. Ağlı qıt, zəkası dayaz, həqiqəti tapmaqda aciz olan axmaq isə nəfsani istəklərinə boyun əyib onun bütün arzularını yerinə yetirdiyi halda, hələ də qurtuluş uman, Allahdan əfv gözləməyi kifayət bilib bununla təsəlli tapan insandır” buyurur.

Bəli, daima tədbirli hərəkət edib təmkinli davranan, nəfsinə hökm edib onun xoşuna gəlməsə də, dinin gözəl saydığı işlərdən möhkəm yapışan, dünyanın cazibədar gözəlliklərinə aldanmadan axirət həyatı üçün çalışan insan ağıllı, zəkalı, uzaqgörən və doğrunu yanlışı bilən insandır. O anlayır ki, bu dünya fani, axirət isə baqi və əbədidir. Bu səbəbdən fikri-zikri ölümlə başlayan uzun axirət səfəri üçün tədarük görməkdir. Ağıllı insan dünyadan nəsibini unutmayan, eyni zamanda daim axirət istiqamətində yaşayan, cənnətə, oranın saleh sakinlərinə qovuşmaq, ən əsası da Camalullahı seyr etmək, riza və rizvana çatmaq arzusu ilə alışıb yanan və bu gözəllikləri əldə etmək, əbədi səadəti qazanmaq uğrunda varını-yoxunu fəda etməyə hazır insandır.

Xülasə
  • Allah Rəsulu ağıllı insanı nəfsini hesab çəkib onu cilovlayan və daim saleh əməl işləyib ölümdən sonrakı həyata hazırlaşan insan kimi tərif edir.
  • Ağlı qıt olan isə nəfsani istəklərinə boyun əyib onun bütün arzularını yerinə yetirdiyi halda, hələ də qurtuluş uman, Allahdan əfv gözləməyi kifayət bilib bununla təsəlli tapan insandır.
  • Bugünkü dövrdə haram yeyib tüfeyli həyat sürən və ölümdən sonranı heç düşünməyənlərin gözü-könlü axirətdə olan insanları anlaması çox çətindir.

Ağılın nəsihətinə heç vaxt qulaq asmayan, iradənin cilovunu həva- həvəsin əlinə verən, ömrü nəfsi məmnun etməklə keçirən və onun hər istəyinə boyun əyərək heç ölməyəcəkmiş kimi qəflət içində yaşayan insan isə aciz, ağılsız və axmaq insandır. O, nəfsani və şeytani hislərin toruna düşdüyünə görə heç cür silkinib özünə gələ bilməyən, Quranın sözünü dinləmədiyi və haqq dostlarının irşadına məhəl qoymadığı üçün İblisin hiyləsindən qurtula bilməyən və özünü acizliyin, bacarıqsızlığın, axmaqlığın amansız qolları arasına atan bir miskindir. Xeyrini-zərərini, əsl qazancını bilməyən və onu fəlakətə aparan təhlükələri görməyən bu şaşqın dünya-axirət müvazinətini yaxşı tənzimləmiş, ölümdən sonrakı həyat üçün tədbirini görmüş, dünyaya gözünün ucu ilə baxsa da, əslində nəzərlərini axirət yamaclarına dikmiş insanlara vəd olunan mükafatları gözləyir, “Onsuz da qurtulacağam, Allah Ğafurdur, Rahimdir” deyir, rica (ümid, əməl) hissi ilə dolub-daşdığını söyləyir və İlahi mərəhəmət təmənnasında olur.

Rica təmənna ilə eyni şey deyildir. Təmənna bir şeyin meydana gəlməsini qətiyyətlə, israrla istəmək deyil, əksinə quru bir intizarla gözləməkdir. Halbuki rica məqsədə aparan bütün səbəbləri yerinə yetirib ilahi mərhəməti ehtizaza gətirmək üçün əsl mömin şüuru ilə bütün qapıları döyməkdir. Rica ancaq xeyirli, savablı bir iş görüb qəbul olunmasını gözləmək, həmçinin tövbə edib günahın əfv olunacağına ümid bəsləmək deməkdir. Bəli, həqiqi rica günahlardan çəkinib Allahın inayətini gözləmək, saleh əməl “yarışına” girib sonra da “İlahi mərhəmət əngindir” düşüncəsi ilə Haqqın qapısına üz tutmaqdır. Əksinə xeyirli əməl işləmədən savab gözləmək və ya ömrü günahlarda keçirib bağışlanmadan, cənnətdən dəm vurmaq süni ricadan, Sonsuz Mərhəmət sahibi Allaha qarşı hörmətsizlikdən başqa bir şey deyildir.

Sələfi-salehin ümidsizlik çuxuruna düşmə ehtimalı olan yerlərdə və ölüm işartısının göründüyü zamanlarda “rica”dan möhkəm yapışsa da, daim xövfü-xəşyətlə yaşamağa çalışmışdır. Riza və rizvan (Alların razılığı, məmnuniyyəti, xoşnudluğu) yolunda ömrü xövf ilmələri ilə hörmüş, iradəsini təmkinlə ortaya qoymuş və hər addımı diqqətlə atmışlar... bəli, onlar nəfsin cilovunu şüurun və iradənin əlinə verməyi, dünyanı bir ağac kölgəsi bilib əsl vətən üçün azuqə tədarük etməyi aqillik saymış və ömrü bu mehvərdə yaşamışlar.

Anlaya bilməzlər!...

Halbuki bu gün “ağıllı insan” deyəndə daha çox maddi həyatını müəyyən səviyyəyə çatdıran, nəfsani arzularını, cismani istəklərini təmin edə bilən və vəzifə, şan-şöhrət, mal-mülk qazanmağı bacaran şəxslər nəzərdə tutulur. Təəssüf ki, müasir dövrdə qanuni − qeyri-qanuniliyinə baxmadan, halal-haram demədən və hardan gəlməsinə məhəl qoymadan çoxlu pul qazanmaq və maddi imkanlar əldə etmək aqillik və məharət sayılır.

Dolayısilə, ələlxüsus da, bugünkü dövrdə əksəriyyət etibarilə qeyri-hüquqi yollarla varlanan, haram yeyib tüfeyli həyat sürən və ölümdən sonranı heç düşünməyənlərin gözü-könlü axirətdə olan insanları anlaması çox çətindir. Ömrü əbədi sanan, ölüm yada düşəndə isə tir-tir əsən və dünyadan dördəlli yapışan həvapərəstlərin bir addımla dünyanın o üzünə keçəcəyinə inanan, ölümü vüsal bilən və onu bayram kimi qarşılayan Haqq ərənlərini anlaması çox çətindir. Rahatlığa düşkünlər anlaya bilməz yurd-yuvanı, yarı-sevgilini tərk edib ən ucqar diyarlara hicrət edən muhacirləri!... Xəsislər dərk etməz Haqq uğrunda malı-mülkü, hətta canı-cananı fəda etməyə hazır qəhrəmanların etdiklərini!... Günü kef-damaqda keçənlər başa düşməz yaşatmaq üçün yaşayanların fədakarlıqlarını!..

Kaş onları görəydiniz...

Əbu Nuaym “Hilyətül-övliya” adlı əsərində yazır ki, səhabələrin dini həssasiyyətinin və İslami həyəcanının həsrətini çəkən Həsən Bəsri həzrətləri müasirlərinin həyatı ilə əshabələrin yaşantısını müqayisə edib çox üzüldüyünü deyir:

“Yetmiş Bədir gazisi ilə görüşdüm. Çoxu sadə yun parçadan paltar geyinirdi. Siz onları görsəydiniz, yəqin ki, dəli sanardınız, onlar da sizin ən yaxşılarınızı görsəydilər, güman ki, əxlaqın əldən getdiyini düşünər, pislərinizi görsəlydilər, onların hesab gününə belə inanmadıqlarını deyərdilər”.

Həqiqətən sonrakı nəsillərin əksəriyyəti əshabələri görsəydi, onların başdan-ayağa axirəti andıran həyatını qavramaqda çətinlik çəkərdilər. Çünki onlar Allah-taalanın görürmüş kimi yaşayır, sahib olduqları dini qeyrətlərinə görə insanların kiçik görüb etina göstərmədikləri məsələlərə belə çox dəyər verərdilər. Onlar axirəti qazanmaq və müsəlmanlığın izzətini qorumaq üçün dünyaya dəyər versələr də, Allahın rizası və Rəsuli-Əkrəmin şəfati olan yerdə dünya onların gözündə milçək qanadı dəyərinə düşürdü. Dolayısilə dünyaya məftun olanlar bu cür həyat anlayışına sahib əshabələri görsəydilər, çox güman ki, onları anlamaz və “dəli” sanardılar. Dərdi-səri dünya olan insanlar irfanla tərbiyələnən və ilk öncə axirəti düşünənləri təəccüblə qarşılayacaqdılar.

Dünya onları dəyişdirə bilmədi

Səhabələrin hər birində eyni Peyğəmbər eşqini və eyni İslami həyəcanı görmək olardı. Din uğrunda hər cür məşəqqətə qatlandılar. Çox vaxt ac-susuz qaldılar, dözdülər. Bəzən bircə xurmanı 3-5 yerə böldülər, ancaq şikayət etmədilər. Əksəriyyətinin heç evi-eşiyi yox idi, məscidin bir küncündə yatıb-dururdular, kasıblığı qətiyyən məhrumiyyət saymadılar, əhəmiyyət vermədilər. Qovuldular, döyüldülər, qızmar səhra qumlarına uzadıldılar, iri qayaların altında əzildilər... min bir işgəncəyə məruz qaldılar, yenə də səbir etdilər, həmişə səbir etdilər. “Hicrət” əmri gələr-gəlməz yurd-yuvaya bir anlıq vida baxışı ilə nəzər edib dərhal yola çıxdılar, “mücahidə” ayəsi nazil olan kimi, ailələri ilə halallaşıb yola rəvan oldular, dünyaya irşad səfəri başlayınca yaxınlarını Allaha əmanət edib ən uzaq ölkələri vətən bildilər.

Bir gün gəldi o əzab-əziyyətlər geridə qaldı, Allah-taala yollarını açdı, hər biri müzəffər bir qəhrəman kimi yüksəldi. Dünya onlara təbəssüm etməyə başladı, hər birinə qənimət payı ayrıldı, böyük sərvət sahibi oldular. Bəziləri vilayətlərə vali təyin edildi, kimisi də başqa idarə işlərinin başına gəldi. Dünya dəyişdi, çətin günlər ötüb getdi, ancaq onlar heç vaxt dəyişmədi. Valilik kürsüsündə belə yavan çörək yedilər. Qəniməti özlərinə xərcləmədilər, mal-mülk eşqinə düşmədilər. Bəli, onlar daim axirəti düşündülər, axirət düşüncəsi ilə yaşadılar.

Sözün cövhəri

İnsan dünyaya gəldiyi andan zaman dəhlizindən qəbir aləminə doğru addımlamağa başlamış sayılır. Yəni insan “innə lillah”dan başlayıb “innə ileyhi”yə gedən bir yolçudur. Bu səfərdə keçən hər dəqiqə, hər saat, hər gün və hər il onu addımbaaddım əcələ yaxınlaşdırır. Bu səbəbdən insan həyatının hər səhifəsini ibadət fəlsəfəsi və qulluq şüuru ilə yazmalıdır.

Həftənin duası

Ya Rəbbim! Sənin sonsuz mərhəmətinə sığınırıq: “bəzi üzlərin ağardığı, bəzilərinin də qaraldığı” o dəhşətli məhşər günü üzüağ bəndələrindən elə və Peyğəmbərimizin bayrağının altına qəbul et. Niyazımızın sonunda Nəbiyi-zişan Peyğəmbərimizə, dəyərli ali beytinə və əshabəsinə bir daha salatü-salam edir, açılan əllərimizin boş qayıtmayacağını ümid edirik. Dualarımızı qəbul et Rəbbimiz!
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.