Ailədə əsas olan sevgidir

Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) başda Həzrəti Həsən və Həzrəti Hüseyn olmaqla nəvələrinə və başqa uşaqlara həmişə şəfqət göstərmiş, onların alnından və yanaqlarından öpüb oxşamışdır.

Onlara qarşı sevgisini dua-sənalarla dilə gətirmişdir. Bəzən əziz nəvələrindən birini bir çiyninə, digərini də o biri çiyninə mindirib gəzdirmiş, xütbə verərkən məscidə girən nəvəsinin büdrədiyini görüb dərhal sözünü yarımçıq qoymuş, onun yanına getmiş, qucaqlayıb minbərə oturtmuş və sonra xütbəsinə davam etmişdir.

Bəli, Şəfqət Peyğəmbəri bütün insanlara, xüsusilə də, uşaqlara qarşı çox müşfiq idi; iki əziz nəvəsi Həzrəti Həsən və Həzrəti Hüseynə xüsusi məhəbbəti var idi. Lakin Rəhbəri-Əkməlin bu sevgi və qayğısı sırf qan bağından və nəsəb hissindən irəli gəlmirdi; bu sevgi bir mənada Rəsululahın risalət vəzifəsinin tələbi idi. Nur Müəllifinin ifadəsi ilə: qeybə aşina qəlbi ilə dünyadan Həşr meydanına tamaşa edən, yerdən Cənnəti görən, zəmindən göydə mələkləri müşahidə edən, hətta Zati-Zülcalalın röyətinə (Allah-Təalanı görməyə) nail olan və Adəmdən bəri keçmişin zülmət pərdələri arxasında gizlənmiş hadisələri bilən Zati-Əhmədiyyə (əleyhissalatu vəssalam) nurani nəzəri ilə, əlbəttə Həzrəti Həsən və Hüseynin soyundan gələn qütbləri, imamları və mürşidləri də görmüş və onların adından da o ikisinin başını öpmüşdür. Dolayısilə, Rəsulullahın Həzrəti Həsənin (radiyallahu anh) başını öpməsində Şahı Geylaninin də böyük payı vardır.

Həbibi-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) həmçinin qız nəvəsi Ümaməyə də böyük şəfqət göstərmiş, onu da mübarək çiyninə mindirib qucağında gəzdirmiş və yanaqlarından öpüb oxşamışdır. Əbu Qatadənin (radiyallahu anh) rəvayətinə görə, Rəsulullah (əleyhissalatu vəssalam) qız nəvəsi - Zeynəbin kəriməsi (qızı) Ümamə çiyinində ola-ola camaata namaz qıldırmışdır. Qız uşaqlarının dəyərsiz sayıldığı bir dövrdə və onlara xor baxılan cəmiyyətdə İnsanlığın İftixarı Peyğəmbərimizin (əleyhi əkməlüttəhaya vəttəslimat) qız nəvəsini çiynində gəzdirməsi, xüsusən də, çiyninə alıb məsciddə namaz qıldırması dərin məna və böyük əhəmiyyət kəsb edir.

O, müvazinət timsalı idi!..

Əslində Peyğəmbərimiz (əleyhi əlfü əlfi salatin və salam) təbiətən şəfqət və sevgi dolu idi. Ancaq O, eyni zamanda bir “müvazinət” və sırati-müstəqim (orta yol) timsalı idi. Dolayısilə, Onun ümumi mənada uşaqlarla və xüsusən də nəvələri ilə davranış və rəftarı bir bütöv olaraq götürülməli və bu şəkildə dəyərləndirilməlidir. Məsələn, Rəsuli-Əkrəmin şəfqəti ilə birlikdə ciddiyyəti də mütləq nəzərə alınmalı və hər iki xüsusla bağlı hadisələr birlikdə şərh olunmalıdır.

Ailədə əsas olan sevgidir; daima evin inşirah mənbəyi olmaq, ailə üzvləri ilə həmişə mülayim davranmaq və onları rahatlatmaq əsasdır. Fəridi-Kövnü-Zaman Peyğəmbərimiz (əleyhissalatu vəssalam) də, xüsusilə xaneyi-səadətində və ailəsinin güzidə üzvləri arasında həmişə təbəssümlü, şəfqətli və mərhəmətli idi. Ancaq missiyası və peyğməbərliyi etibarilə, O, eyni zamanda bir ciddiyyət abidəsi, bir təmkin timsalı idi. Əshabı-kiram özünü toplamadan və Nəbəvi hüzurun boyası ilə boyanmadan Onun mübarək üzünə baxmağa cəsarət etməzdi. Həzrəti Əli və Həzrəti Fatimə də belə idi. Onların bu ehtiramına daima şahid olan Həsən və Hüseyn (r.a.) də tədricən eyni ruhi-mənəvi halətə bürünmüşdü; Allah Rəsulunun hüzurunda peyğəmbər ab-havasına girən kimi onları da şirin bir məhabət (sevgidən irəli gələn xövf) hissi bürüyürdü. Buna görə də, Şəfqət Peyğəmbəri nə qədər yumşaq davranır-davransın, nə qədər mərhəmətli olur-olsun, Onun hüzuruna gələn əsla laübalılıq etməzdi. Bəli, Peyğəmbərimizin sevgi və şəfqəti qətiyyən qarşıdakı insanın qeyri-ciddiliyinə səbəb olmazdı.

Əslində, sevgi ilə ciddiyyətin birlikdə olması pedaqoji baxımdan müəllimlər üçün də çox əhəmiyyətli mövzudur. Şagirdlərin hislərini nəzərə almaq, onların dərdinə şərik olmaq, başlarını oxşamaq, əllərindən tutmaq və ehtiyaclarını təmin etmək çox əhəmiyyətli məsələdir; bununla birlikdə onlarla münasibətdə ciddiyyəti qorumaq da olduqca mühümdür. Əgər bir müəllim yerli-yersiz şagirdləri ilə futbol oynayar və onlara təpik atarsa, çox keçmədən onlar da ona təpik atacaqlar. Yerli-yersiz şagirdlərlə güləşərsə, bir müddət sonra onun sözünə qulaq asmazlar. İstər ana-ata, istərsə də müəllim uşağını və ya şagirdini mütləq bağrına basmalı, tez-tez hal-əhval tutmalı, dərdinə şərik olmalı, yeri gələndə cibxərcliyi verməli, hətta onun üçün canını fəda etməyi belə hazır olduğunu göstərməli və sevgisini isbat etmək üçün hər fürsəti dəyərləndirməlidir, amma öz mövqeyini və ciddiyyətini də həmişə qorumalıdır. Əks halda, ifrat sevgi və qayğı uşağın ərköyünləşib arsızlaşmasına gətirib çıxarar.

Xülasə

  • Peyğəmbərimiz (s.ə.s.) bütün insanlara, xüsusilə də uşaqlara qarşı çox müşfiq idi; bununla yanaşı Onun bu sevgi və qayğısı təkcə qan bağı ilə əlaqədar deyildi, risalət vəzifəsinin bir tələbi idi.
  • Pedaqoji cəhətdən müəllimlərin şagirdlərin dərdini dinləməsi və başını oxşaması mühüm olduğu qədər öz ciddiyyətini qoruması da əhəmiyyətlidir.
  • Lüzumsuz hörmət və faydasız tərbiyə anlayışı ilə uşaqlara sevgi göstərməmək nə qədər yanlışdırsa, onları ərköyünləşdirib arsızlaşdırmaq da o qədər yanlışdır.

Utanc qarışıq sevgi

Keçmişdə xüsusilə, bəzi bölgələrdə çox vaxt analar, bəzən də atalar qohum-əqrəbanın yanında uşaqları ilə maraqlanmazdılar.

Ələlxüsus, analar qayınata, qayınana və qaynın yanında uşağını qucağa götürə bilməzdilər; bu çox ayıb sayılırdı, günah hesab edilirdi. Bu adət hələ də bəzi bölgələrdə davam etdirilir. Əslində, bu cür şeylər adət-ənənədən gələn yanlışlıqlardır. İnsanda utanma hissinin olması təbiidir; insan utana və ya yetişdiyi mədəni mühitə görə rahat hərəkət etməyə bilər. Məsələn, başqalarının yanında öz uşağını hiss etdirmədən sevib oxşaya bilər, ancaq “qayınata burdadı” deyə ananın ağlayıb çırpınan körpəsini qucağına götürməməsi kimi adətlər, məncə, yanlışdır.

İnsan ciddiyyət və təmkini qorumaq şərti ilə uşağını oxşaya, bağrına basıb alnından öpə bilər. Əsas olan məsələnin laübalılıq səviyyərinə çatmasına, uşağın ərköyünləşməsinə və bitib-tükənməz luzumsuz istəklərə meyil etməsinə imkan verməməkdir. İstər tək qalanda, istərsə də başqalarının yanında, ifrata yol vermədən uşağı sevib-oxşamaq ədəbə zidd olmadığı kimi, cahil hərəkətlərlə deyil, hikmətli davranışlarla ona nəzarət etmək və sevgini büruzə verərkən bəzi sərhədləri aşmamaq da sevgiyə zidd deyildir.

Təəssüf ki, adət-ənənədən irəli gələn bəzi qatı adətlərin yerini indi də, xüsusilə Qərb mədəniyyətindən axıb gələn ədəbsiz davranışlar tutmuşdur. Bəzi qatı davranışlarla üzləşən və böyüyən yeni nəsillər başqa kültürlərlə tanış olunca bu dəfə də bəzi prinsiplərdən qirtulma, qopma və ədəbdən uzaqlaşma dövrünə qədəm qoydular. Təəssüf ki, zəmanə uşaqlarında və gənclərində də çox ədəbsiz davranışlar gözə çarpır. O səviyyədə ki, övladlar ana-atanın və ya digər ailə böyüklərinin qabağında oturub tərbiyəsiz-tərbiyəsiz danışa bilir, müxtəlif şeylərin “alverini” apara və istədiyini bu və ya digər şəkildə qopara bilirlər. Bəli, çox təəssüf ki, yersiz hörmət və faydasız tərbiyə anlayışının yerini indi də böyük bir ədəbsizlik zəbt etmişdir; bu məsələdə də ifratçılıq təfritlə nəticələnmişdir.

Bəli, kaş övladını sevib oxşayarkən belə xəfif utanc hissi keçirən əcdadın nəvələri o utancı və sevgini İslamın prinsipləri ilə tarazlayaydılar. Tarazlaya biləydilər və daha rahat olmaqla onların ədəbsiz davranışlara yiyələnməsinə imkan verməyəydilər.

Həftənin duası

Ey rica (ümid) qapısının yeganə sahibi.. ey bütün ümid və gözləntilərin yeganə məqamı! Səmimi qəlbdən istədiyimiz şeylərin həyata keçməsi ümidi ilə yalnız Sənə üz tuturuq; gözləntilərimizi dua kimi qəbul et.. Əfv və səxavət ümmanından üstümüzə rəhmət yağdır, yağdır ki Sənin hüzur bəxş edən hüzuruna sağ-salamat vara bilək. Bütün ləzzətləri acılaşdıran ölüm öz çətinlikləri ilə gəlib yetiçəndə, qəbirdə, hesab günündə, sevənlərin sevdikləri ilə davrandığı kimi, Sən də bizlə mərhəmət və şəfqətinlə rəftar et..

Sözün cövhəri

İçimizi imanla doldursan, bizi imanla doyursan.. cismaniyyət üçün yaşamağı unutdurub qəlb və ruh həyatına yüksəldərək nəfəsimizi mələklərin nəfəslərinə çatdırsan.. yolunda köhlənlərtək coşdurub ürək çatlayanadək yorğunluğu hiss etdirməsən.. millətimizi bir daha ayağa qaldırıb zillətimizi sona yetirərək dövlətlər arasında öz yerimizə keçmə arzusuna çatdırsan.. "Nə olar, ya Rəbb, nəyin nöqsan olar, ya Rəbb!"

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.