Əfəndimizə (s.a.s.) salamı ürəkdən göndərməliyik

Hər şey Allah Rəsulunun (s.ə.s.) bir xatirəsidir bizim üçün. Azan, iqamə Onun xatirəsi olduğu kimi, namazda "Subhanəkə" oxumaq da Onun xatirəsidir, bizə Onu xatırladır. Hər "Fatihə"ni tərənnüm edərkən bir daha Onunla dolur, dolmalıyıq da. Hər biri bir xatirədir.. və sonra "təhiyyat"a otururuq. İki rükətdən bir Allaha "təhiyyat"ımızı (salamlarımızı), "tayyibat"ımızı (gözəlliklərimizi), "mübarəkat"ımızı (bərəkətimiz) təqdim etdikdən sonra Əfəndimizə (s.ə.s.) də salamımızı göndəririk.

"Ət-təhiyyatu lilləhi vəs-sələvatu vət-tayyibətu əssələmu əleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərəkatuhu... – Bütün dualar, sənalar, (mal-mülk və bədən ilə edilən) ibadətlər, mülk və əzəmət Allaha məxsusdur. Ey şanı uca Nəbi! Sənə salam olsun. Allahın rəhmət və bərəkəti sənin üzərində olsun," – deyirik.

Bu tahiyyatımızla "Merac" gecəsini, o gecənin müqəddəs yolçusunu, Peyğəmbər Əfəndimizin (s.ə.s.) Cənabi-Haqqın salamına məzhər, nail olmasına da xatırlayır və "Sənə salam olsun, Ya Rəsulullah," – deyərək biz də o möhtəşəm salamlaşma mərasimində iştirak edirik. Orada səlat ilə salamı bir-birindən ayırırıq. "Ət-təhiyyatu lilləhi vəs-sələvatu," – deyərək səlatı Allaha, salamı da Əfəndimizə (s.ə.s.) göndəririk. Çünki "səlat" Allahdan mərhəmət, mələklərdən istiğfar, möminlərdən də dua istəmək deməkdir. "Mələklər səlat edir" dəyəndə "istiğfar" başa düşülür. "Allah səlat edir" dəyəndə mərhəmət başa düşülür. Biz səlat edəndə də dua nəzərdə tutulur. Dua isə Allah Rəsulu Əfəndimiz (s.ə.s.) üçün edilsə də, Əfəndimizə deyil, Allaha edilir. Məhz buna görə də namazda Allaha səlatla yanaşı, "Əfəndimizə də səlat olsun" demir, Ona salam göndəririk. Ancaq öz-özümüzə səlat və salam oxuyarkən, madam, Cənabi-Allah bizə "Ey möminlər, siz də Ona səlat edin və səmimi qəlbdən salamlayın" ("Əhzab" surəsi, 33/56) buyurur, biz də tabe oluruq bu əmrə.

Bədiüzzaman Həzrətləri "Ət-təhiyyatu" dediyi zaman, kim bilir, onu neçə dəfə təkrar edirdi. Bütün şüuru, hiss və iradəsi ilə, bütün varlığı ilə Allaha yönələrək, bəlkə də, dəfələrlə "Ət-təhiyyatu..." oxuyurdu; oxuyarkən başı dönür, gözləri dolurdu. Çünki Allahın hüzuruna çıxdığını tam olaraq dərk edirdi. Biz Ustadın zövqi-ruhani səviyyəsində duya bilməsək də, öz söz, düşüncə və mülahizələrimizi də Sultana ərz olunan hədiyyə qəbul edir və özümüzü Ustad Həzrətlərinin İyirmi Dördüncü Sözdə misal verdiyi o insanın yerinə qoyuruq: "Bir nəfər beş qəpiklik bir hədiyyə ilə padşahın hüzuruna çıxır və görür ki, hər biri milyonlar dəyərində iyyələr gəlib, orada düzülüb. Fikirləşir ki: "Mənim hədiyyəm bunların yanında heçdir, nəynəyim?" Sonra da: "Ey padşahım! Bütün bu qiymətli hədiyyələri öz adımdan sənə təqdim edirəm, çünki sən onlara layiqsən. Əgər mənim imkanın olsa idi, bunun bir mislini də sənə hədiyyə edərdim". Yəni: "Ey padşahların Padşahı! Ey sultanların Sultanı! Bu insanlar Sənə qiymətli hədiyyələr gətirirlər, mənim isə çox az sərmayəm var. Əgər əlimdən gəlsə idi, gücüm çatsaydı, bütün bu hədiyyələr qədər hədiyyə Sənə bağışlayardım..." deyirik.

Haqqını ödəyə bilməsək də, qapından ayrılmarıq

Bu mülahizə, bu düşüncə Rəbbimizə olan qulluğumuza hakim olduğu kimi, Əfəndimizə (s.ə.s.) qarşı ehtiramımıza və vəfa duyğumuza da təsir etməlidir. Yəni hər səlat və hər salamımız min bir ah-nalə ilə, əcz (acizlik) və zəf (zəiflik, qüvvətsizlik) hüznü ilə, haqqını ödəyə, layiq ola bilməsək də, qapıdan da ayrılmama əzmi ilə dilimizdən tökülməli; dilimiz səlavat çəkərkən qəlbimiz də:

"Varıp bezmine âşıkân bin bir leâl ister,
Ben bir garîb-i nâlân u şeydâyım Efendim!
Geçerler candan, girenler nûr hâlene bir kez,
O dertten bin belâya müptelâyım Efendim..!
Olur Mecnûn görenler ruhsârını a cânân!
Kapında mülk-i serâp bir gedâyım Efendim!" –
deməlidir.

Bəzən mən də özümü Rövzəyi-Tahirənin (Peyğəmbər Əfəndimizin (s.ə.s.) pak türbəsi, məzarı) önündə hiss edirəm. Xəyalən o mübarək "Mərqəd"ə (məzar, nəşin yatdığı yer) gedincə ümid və rica həyəcanı ilə çırpınan yüzlərlə aşiq içində, sanki, bir addım da atsam, Sevgili ilə görüşəcəyəmmiş kimi hiss və həyəcanla coşur və dilim döndüyü qədər Ona səlat və salam oxuyuram. Sonra da Onun məclisindən sızıb gələn ən məhrəm pıçıltıları eşitməyə çalışıram. Mənim üçün maraqlıdır, görəsən, nə dedi mənim salamıma? Görəsən, necə qarşıladı? Məni maraq bürüyür... O mütləq nəsə deyir. Çünki səlat və salamın qəbuluna şübhə yoxdur. Əsas olan daha səmimi, daha içdən və dərindən deməkdir.

Bəli, "təhiyyat"da qəbul olunmuş duaya bir əlavə də edərək "Əssələmu aleyna və alə ibədilləhissalihin – Allahım Sevgili Peyğəmbəri hörmətinə bizim və saleh qulların üzərinə də salam olsun" deyirik. Bəlkə bəziləri bu mənanı tuta bilmək üçün bu kəlmələri üç-dörd dəfə təkrar edir. Siz də vicdanınızda duyana qədər "Əssələmu aleyna və alə ibədilləhissalihin" kəlamını təkrar edə bilərsiniz. Bir dəfəyə o mənanı duya bilirsinizsə; bu sözlər təpədən dırnağa qədər sizi titrədirsə, deməli, layqincə demiş və qəlbən duymuşsunuz. Yəni o sözlərə şüur və hissi dərinlik də qatmaq lazımdır. Bu sözlərə iradə ilə də nüfuz etmək lazımdır. Vücudumzun hər zərrəsi ilə demək lazımdır. Bu da ibadətə iradi olaraq yanaşmaqdan, eyni zamanda təbiətimizin çox vacib bir tələbatını ödəmə mülahizəsi ilə etməkdən, təzəkkür və təxəyyül etməkdən asılıdır.

Mən adamlarımı tanıyıram

İbadətu-taətdə əsas olan Allah hüzurunda olduğunu dərk etməkdir, Rəsulullaha (s.ə.s.) səslənmə və ondan cavab alma duyğusunu daşımaqdır; Onları görmək və Onlar tərəfində görülmək incəliyinə, zərafətinə sadiq qalmaqdır.. ibadəti tamamilə bu hissiyata vermə və laqeydliyi, əsnəməyi, qəfləti bağışlamama, nəfsi sorğuya çəkmə.. "Burada bu laqeydlik və qəflət olmaz, a dostum.. bura oyaq olma yeri və zamanıdır," – demə.. Əgər siz bu incəliyi duyub hiss edirsinizsə, deməli siz Allah Rəsulu ilə gələn ərmağanlara şüurlu şəkildə dərinlik qatırsınız. Kim bilir, sizin şüurlu şəkildə və səmimi qəlbdən hiss edərək oxuduğunuz bir azan duası, dediyiniz bir səlatu-salam Əfəndimizin (s.ə.s.) digər aləmdəki mövqeyinin daha da güclənməsinə, daha da möhkəmlənməsinə, hətta şəfaət dairəsinin genişlənməsinə səbəb olur. Dolayısilə, siz yenə də öz qurtuluşunuza sərmayə qoymuş olursunuz, yenə də qazanan sizsiniz. Əgər Allah Rəsulunun (s.ə.s.) şəfaət edəcəyi insanlar burada Ona özünü tanıdan, Ona bir növ ünvan verən, səlatu-salamla Ona müraciət edəndirsə, Ona dediyiniz hər vəfa ətirli sözlə yenə də özünüz üçün sərmayə qoymuş olursunuz.

Məsələn, Peyğəmbər Əfəndimiz: "Şübhəsiz ki, Mənim ümmətim "qurru muhaccəldir"; qiyamət günündə dəstəmaz izindən üzü nurlu, əl və ayaqları parlaq olacaq," – buyurur və əlavə edir: "Mən onları məhşərdə tanıycağam, çünki alınlarında səcdə izi var; dəstəmaz üzvləri nuranidir". Hədisdə keçən "qurr" sözünün dilimizdəki mənası "atın alınındakı qaşqa"dır. İnsan üçün istifadə ediləndə "nurlu üz" mənasını verir. "Muhaccəl" sözü də atın ayaqlarındakı səkildır. Bu da insan üçün istifadə ediləndə "əl və ayağın parlaqlığı" mənasına gəlir. Əfəndimiz ümmətini iman və ibadətdən hasil olan nur və parlaqlıqla tanıyacağını hədisdəki təşbehlə bildirir: "Mən öz adamlarımı tanıyıram," – deyir. Deməli, burada Onun dini üçün, dinini yaşama uğrunda edəcəyiniz hər şey Onun sizi qəbul etməsinə, sizi tanımasına, sizi aramasına, hətta Allah qorusun, cəhənnəmə düşsəniz də, oradan çıxmağınıza vəsilədir və bunlar elə adi bir borcu ödəmək deyil. Allahın sizə imdadı, inayəti və Əfəndimizin (s.ə.s.) şəfaəti el-aləmə diyət ödəməyə bənzəməz; bütün bunlar bəhanədir. Allah və Onun Rəsulu sizi müəyyən bəhanələrlə özünə tərəf çevirir, sizi yönləndirir. Nə üçün bunu edirlər? Axirətinizi qurtarmaq üçün edirlər; yoxsa məqsədləri sizdən nəsə almaq deyil. Siz veriləsi şeyləri verin, Onlar da daha böyüyünü sizə versinlər, deyə edirlər.

Müsəlman bir haqqa nail olmaq istəyirsə, bu yolda istifadə etdiyi dəlillər mütləq "halal dairəsində" olmalıdır. Yoxsa onun "mən haqq yolunda fəaliyyət göstərirəm, bu mövzuda bəzi batil üsullardan da istifadə edə bilərəm" kimi düşüncəsinə Quran və sünnət əsla icazə verməz. Əgər müsəlmanlar bu gün bir sıra məğlubiyyətlərlə qarşılaşırsa, bunun səbəbini haqqı necə təmsil etdiklərində axtarmaq lazımdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.