Əsas olan ruhun zəfəridir
İnsan bu dünyada ruh və bədən kimi bir-birindən fərqli iki qüvvəni təmsil edir. Zaman-zaman bu iki qüvvənin birləşib bir bütünlük meydana gətirməsi müşahidə olunsa da, əksəriyyət etibarilə bir-biri ilə ziddiyyət təşkil edir və birinin zəfəri digərinin məğlubiyyətidir.
Cismani arzu-istəklərin şaha qalxdığı və azğınlaşdığı bir bünyədə ruh çəlimsiz, dərmansız və cismani arzuların köləsidir; buna paralel olaraq, nəfsin iştahalarına üsyan edildiyi, qəlbin ağıla, ruhun bədənə hakim olduğu bir bünyədə isə ruh min bir labirinti bir göz qırpımında keçən və bir anda ölümsüzlüyə yüksələn azadlıq abidəsidir.
Hər künc-bucağı yüzlərlə zəfər nəğməsi və gül-çiçəklərlə çalxalansa da, ruhən çökmüş bir ölkənin məzardan fərqi yoxdur. Bəli, ruhun zəfəri üzərində qurulmamış bir dünya qaba qüvvətin əlində bir oyuncaq; onun fəzilətli iqlimində inkişaf etdirilməmiş bir mədəniyyət, insanlığın yolunu kəsmiş bir qulyabani və belə bir ölkədə yaşayan kütlələr da böhrandan böhrana süründürülən gözü bağlı bədbəxtlərdir. Ancaq əfsuslar olsun ki, şəxsi həzz və zövqündən başqa heç nə düşünməyən və heç cür öz varlığını “başqalar”ın xoşbəxtliyi ilə birləşdirə bilməyən xam ruhlara heç vaxt bunu izah etmək mümkün olmayacaq.
Ah! Nə olardı, bircə dəfə bunlar da nəfs və mənliyini yoxluğa gömüb, mənən əbədiləşmənin sirrini qavraya biləydilər!..
Sinəsini ən ali amal və insan sevgisi ilə süsləyənlər qəlbin enerji balansını tənzimləmiş, duyğularını ən ülvi hədəflərə doğru qamçılamış və daxili aləmində ölümsüzlüyə yüksəlmiş insanlardır. Bir sıçrayışda heyvani, nəfsani həyatdan xilas olub bədənin həzlərindən qurtulan bu bəxtəvərlər ruhlarını coşdurmuş, qəlblərini səmalara uçurmuş və nəfsə rəğmən insani yönləri ilə zəfər çalmışlar.
Güclü və müzəffər insan özünü, nəfsini məğlub edən insandır. Nəfs və mənfi ehtirasın əsarətindən xilas ola bilməmiş səfil ruhlar dünyalar fəth etsələr də, məğlub sayılırlar. Belə insanların başdan-ayağa dünyanı işğal etməsinə fəth deyilmədiyi kimi, zəbt etdikləri yerlərdə uzun zaman qalmaları da qeyri-mümkündür.
Həqiqi Qəhrəmanlar
Özünü dünyanın yeganə hakimi görmə çılğınlığı ilə elm və fəziləti filosof Molmeyin timsalında tənqid edən Napaleon, görəsən, ruhdakı bu məğlubiyyətin Yenadakı məğlubiyyətdən daha acı və daha alçaldıcı olduğunu anlaya bilmişdimi?..
Merzifonlu ordusunun Viyanadakı məğlubiyyətindən əvvəl, özü özünə məğlub olmuşdu. Ordu başçısının ruhundakı məğlubiyyətlə başlayıb yayılan bu tariximizdəki ilk məğlubiyyət kəlləsinin uçmasından başqa, dünyanın ən böyük fateh ordusuna fərarilik kimi, o günə qədər bilmədiyi bir zilləti də öyrətmiş oldu.
Aslan ürəkli İldırım Xan Çubuqda deyil, rəqibini alçaq və özünü yer üzünün yeganə hökmdarı saydığı gün məğlub olmuşdu...
Və insalıq tarixi ruhu məğlub olmuş hələ nə qədər insana şahid olmuşdu.
Əksinə, Tarık isə Herkul sütunlarını aşıb bir ovuc fədaisi ilə doxsan minlik İspaniya ordusuna qələbə çaldığı zaman deyil, Əndəlüsü fəth etdikdən sonra Toleytulada xəzinə dairəsinə girib qızılları, ləl-cəvahiratları görüncə öz-özünə "Tarık, dünən bir kölə idin. Bu gün müzəffər bir sərkərdəsən. Sabah nə olacağını ancaq Allah bilir. Lovğalanma..." dediyi və sonra qürura, təkəbbürə qapılmamaq üçün yatağını kral sarayına deyil, axıra sərdirdiyi gün ruhu ilə qanadlanmış və həqiqi nüsrəti əldə etmişdi.
Səlahaddinin Aslan Ürəkli Riçarda qarşı mərd davranışı, təkəbbür və lovğalıqdan özünü görməyən bu məğrur hökmdarı heyran etmiş və çox utandırmışdı. Həmçinin, Alparslanın "Romalı Diyojen"i hönkür-hönkür ağladan mürüvvət və alicənablığı, Antaliya qalasında barbar Səlibçilərə qarşı sinə-sinəyə kişi kimi vuruşduqdan sonra ələ keçirdiyi bütün əsirləri azad buraxan Qılıncarslanın nəcabəti və insanlığı məhz bu uca ruhun zəfəri idi...
Fatehin Bizans qalaları önündəki o dövrə görə, malik olduğu ən böyük və müasir ordusunun gücünə güc qatan, ona çağın qıfıl və açarını qazandıran qüdrəti də yenə Ağşəmsəddin və onun kimi şəxsiyyətlərlə təmsil olunan bu ruh və iman gücü idi. Fateh azğın maddi gücün nümayəndəsi deyildi. O, hərbi dirayət, dahilik və iqtidarı ilə bu uca ruh və inancı təmsil edirdi. Elə olmasa idi, onun İstanbula girişi də Sezarın Romaya girişi kimi olmayacaqdımı?.. Halbuki, o, Bizansın bu qədim paytaxtına Məkkə Fatehi Müqəddəs Ruhun əvfediciliyi, müsamihəsi, məğlub olanlara hüdudsuz hüquqlar verməsi və mərdliyi kimi yüksək keyfiyyətləri təmsil edərək girirdi.
Dünyanı iki hökmdara dar görən Yavuz dünyanı vəlvələyə salan fateh ordusu ilə krallara tac verib, tac aldığı günlər deyil, Ridaniyə zəfərinin ardınca İslam dünyasının yeganə hökmdarı ünvanı ilə İstanbulun qapılarına qədər gəldiyi halda xalqın alqışını eşitməmək üçün şəhərin yatmasını gözləyib paytaxta səssiz girdiyi zaman həqiqi fateh, müəlliminin atının ayağından sıçrayan palçıqla kirlənmiş, əstağfirullah, ətrə bulanmış cübbəsinin tabuta sarılmasını vəsiyyət etdiyi zaman əsl müzəffərdi.
- tarixində yaradılmışdır.