Gözəl əxlaq

Fəthullah Gülən: Gözəl əxlaq

Elə bir insan yoxdur ki, ömrü boyu bir dəfə də olsun qəzəblənməsin, hisrlənib özündən çıxmasın. Belə hallarda özünü ələ alıb qəzəbi cilovlamaq dində mühüm sayılan məziyyətlərdəndir. Bir tərəfdən insanların qüsurlarını bağışlamaq, bir tərəfdən də qəzəb hissini boğmaq, səbirlə və mülayim davranmaq möminə xas xüsusiyyətdir.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Ən kamil və yetkin mömin ən gözəl əxlaqa malik olan və insanlarla ən yaxşı yola gedəndir" - buyurmuş və bizə özündə bağışlamağı də ehtiva edən gözəl əxlaqın yolunu göstərmişdir. Bəli, "Əxlaqladır kamali-adəm, əxlaqladır nizamı-aləm."

Gözəl əxlaqlı bir insanı cəhənnəmə atsalar belə, güman ki, yenə də yoluna sadiq qalar. Orada da həlim xasiyyətindən keçməz, zəbanilərlə həsb-hal edər, başına gələnləri geniş ürəklə qarşılar. Gözəl əxlaqa malik bir könül geniş bir məkana bənzəyir. Başına nə qədər bəla-müsibət gəlsə də, yenə də hirsini, qəzəbini gömməyə yer tapar. Xasiyyəti pis, qəlbi dar insanlara gəlincə, belələri qarğadan da axmaq "Qabil" tinətlilərdir, öz pis hislərini, hiddət və nifrətini bu boyda dünyada basdırmağa bir məzar tapmazlar.

Xasiyyəti gözəl olanın hər şeyi gözəldir. Ancaq gözəl xasiyyət pis xasiyyətlə sınağa çəkilmədən isbat olunmaz. Bir insan pis xasiyyətli adamlarla münasibətdə belə gözəl əxlaqına sadiq qalırsa, ətrafındakılar əqrəb, ilan olsa da, onlara ədəb-ərkanı öyrətməyə çalışırsa, onun xasiyyəti gözəldir. Mömin yüksək xarakteri və uca əxlaqı ilə ilan-çayanların arasına düşsə belə, onlara da ədəb-ərkan öyrətməyə çalışmalıdır. Yaxşı insanlarla dolanmaq asandır. Məharət odur ki, ən pis insanla, yaxud da pis sandığınız insanla yaxşı yola getməkdir. Cənnətin qapılarının sirli açarı məhz budur.

Bir digər mühüm məsələ də “Üxuvvət” və “İxlas” risalələrində də vurğulanan "(Din) qardaşlarınızın məziyyətlərini və fəzilətlərini özünüzdə təsəvvür edib onların şərəfi ilə şakiranə fəxr edin" düsturudur. “Yoldaşların məziyyəti ilə şakiranə öyünmək”, yəni möminin din qardaşının müvəffəqiyyətlərini ilk növbədə "Əlhəmdülillah..." deyərək Allahdan bilməsi, sonra da bu uğuru özü qazanıbmış kimi sevinməsi ixlasın bir əlamətidir. Məsələn, bir yoldaşımız gözəl yazılar yazır, biri gözəl natiqdir .. bir başqasının həm gözəl nitq qabiliyyəti var, həm də gözəl yazı yazmağı bacarır.. Cənabi-Allah həm ona natiqlik qabiliyyəti verib, həm də yazmaq məharəti; duyğularını, düşüncələrini bədahətən gözəl ifadə edir, fikirlərini kağıza inci kimi düzür. Bu yerdə bizim vəzifəmiz buna sevinmək, sevinib təqdir etdiyimizi deməkdir. Hətta lazım gəlsə, təqdirimizi elə dilə gətirməliyik ki, özünün də qulağına çatsın. Qeybət etmərik, sözü Allah (c.c.) üçün deyərik, təqdirlərimizi söylərik. Özümüzü şakiranə şükür etməyə məcbur edərik, nəfsimizi başqalarının uğur, qabiliyyət və istedadlarını qəbul etməyə öyrəşdirərik.

Sözün girovu

Bu, bir növ “reabilitasiya”dır. Bu təqdirlərimizi hər fürsətdə dilə gətirməliyik. Başlanğıcda nəfsimiz bundan xoşlanmaya bilər, təqdir etmək içimizdən gəlməyə bilər, ancaq hər fürsətdə hislərimizi cilovlayaraq təqdirlərimizi dilə gətirməli, zaman keçdikcə yalançı çıxmamaq, öz-özümüzlə təzada düşməmək üçün tədricən nəfsimizə də qəbul etdirməliyik.

Xülasə
  • Bir tərəfdən insanların qüsurlarını bağışlamaq, bir tərəfdən də qəzəb hissini boğmaq, səbirlə və mülayim davranmaq möminə xas xüsusiyyətdir.
  • Gözəl əxlaqlı bir insanı cəhənnəmə atsalar belə, güman ki, yenə də yoluna sadiq qalar. Orada da həlim xasiyyətindən keçməz, zəbanilərlə həsb-hal edər, başına gələnləri geniş ürəklə qarşılar.
  • Qardaşlıq iradədən asılı məsələdir və həqiqi üxüvvətin təşəkkülü üçün hər kəsin iradə, əzm və səyini ortaya qoymasına ehtiyac vardır.

Bir mömin qardaşının fəzilətinə, bəlkə də, qibtə edə bilər, amma o, həsəd və qeybət doğuran qısqanclıqdan uzaqdır. Belə hallarda ən doğru yol qeyd etdiyimiz kimi, "Kaş Allah mənə də o yoldaşım kimi fəzilət verə..." deyərək təqdir hislərini dua şəklində ortaya qoymaqdır. Elə etməliyik ki, bu təqdir hislərimizdən onun da xəbəri olsun. Çünki Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) "Mən filan yoldaşımı sevirəm, ya Rəsulullah!" deyən bir səhabəyə "Get, ona sevdiyini söylə" buyurur. Biz o dostumuz haqda həmişə gözəl şeylər danışdığımıza görə, onda da bizə qarşı müsbət münasibət oyanacaq. Bir dəfə, iki dəfə, üç dəfə... təqdir hisslərimizi görüncə, onun da ürəyi açılacaq, bizə isinişəcək.

Elə bilməyin ki, bu sözlərlə sizi süni davranışlara təşviq edirəm. Qeyd etdiyim kimi qardaşlıq iradədən asılı məsələdir və həqiqi üxüvvətin təşəkkülü üçün hər kəsin iradə, əzm və səyini ortaya qoymasına ehtiyac vardır. İnsan “nəfsimdə min dənə qurd var” düşüncəsi ilə hərəkət edərək əlinə-dilinə sahib çıxmalıdır ki, kiməsə zərər verməsin. İnsan unutmamalıdır ki, canavardan da yırtıcı bir nəfsi var... qardaşı haqda qeyd etdiyimiz kimi daima gözəl sözlər danışmalı, əlini, dilini, qürur, heysiyyət və şərəfini bir mənada girov qoymalıdır. Siz bir nəfər haqda əlli dəfə "Əla dostdur, çox gözəl nitqi var, mükəmməl yazı yazır, bacarıqlıdir, üstəlik çox ixlaslıdır" deyəndən sonra durub "O, acizin, qabiliyyətsizin, yazığın biridir, üz qarasıdır..." sözlərini ağzınıza ala bilərsinizmi? Sizə deməzlərmi ki, "İndi əksinə sən özün üz qarası oldun. Sənin hansı sözünə etibar edək?!" Bəli, insan dediyi sözlərlə özünü bağlamalıdır. Bu mövzuda başqa söz danışmamaq üçün nəfsini girov verməli. Sözünün girovu olmalıdır.

Həyat çəyirdəyi

İnsana bəxş edilən həyat bir çəyirdəyə, bir toxuma bənzər. Sizə bir toxum verirlər və deyirlər ki: "Çox diqqətli ol, ondan meyvə də ala bilərsən, çürüdə də...

Dünya və axirət səadəti bu toxumun düzgün istifadəsindən, cücərdilməsindən asılıdır. Verilən bu toxumu diqqətlə suvaran, onu münbit torpağa əkən, günəşin şüalarını nəzərdən qaçırmayan, hətta uçan quşlardan belə qoruyan axırda cənnət meyvəsini yeyəcək. O toxumun qayğısına qalmayana isə cəhənnəm zəqqumundan başqa bir şey çatmayacaq.

Allah (c.c.) əbədiyyən ondan razı olsun, Ustad necə də gözəl deyib "İman həm nurdur, həm qüvvətdir". Bu söz şüar olaraq qalmayıb, artıq xarakterimizə çevrilib. İmanın gücü içimizə girib, yol polisi kimi, hislərimizə yol göstərir. Hislərimizin yol polisi. Gör nə böyük nemət verilib bizə bu küfr və zəlalət əsrində!..

Bu nemət şükür tələb edir. Haqqım olsaydı, onlar da etiraz etməsələrdi və mən də düzgün ifadə edə bilsəydim, yoldaşlarımın, qardaşlarımın imanın gözəlliklərini insanlara çatdırma (təbliğ) həyəcanını hərəkətə gətirməsini istərdim. Yəni oturub durub ətraflarında İslamiyyəti təbliğ həyəcanı... sönməz bir həyəcan alovlandırsınlar... Və bundan qeyri hər şeyi bihudə və faydasız görsünlər və göstərsinlər. Biz islami eşq və həyəcanı itirmişik. Tənəzzülün kökündə bu dayanır.

Səhv başa düşməyin, islami həyəcan bir şeyə etiraz etmək üçün qışqırıb-bağırmaq, od vurub yandırmaq, söküb dağıtmaq, kin, nifrət bəsləmək deyildir. İslami həyəcan qəlbin ilhamlarını yorulmadan, dayanmadan, nəfəs dərmədən başqa könüllərə boşaltmaq, ümidsizliyə düşməmək, Allahın bütün bəndələrini möhtərəm bilib kim və harada olur-olsun, hətta dünyada bircə adam da qalsa, atı mahmızlayıb ona iman məşəli aparmaq .. aparıb dövrü, şəraiti və müxatəbləri də nəzərə alaraq uyğun bir üslubla hər kəsi iman nuru ilə boyamaq naminə çalışıb-çabalamaqdır.

Həftənin duası

Ey bütün həmd-sənaların yeganə sahibi və ünvanı Uca Rəbbimiz! Xəzinələrindən bizlərə bəxş etdiyin bütün nemətlər, qəlblərimizi bəzədiyin bütün zinətlər və ruhlarımıza sevdirdiyin bütün gözəlliklərin müqabilində biz də həmd və şükürlərimizi Sənə təqdim edirik. Bizə mərhəmət eylə və lütfən bu qədər nemət bəxş etdikdən sonra bizi onlardan məhrum etməklə cəzalandırma...

Sözün cövhəri

İnsan bu dünyada ola-ola “cənnətin zümrüd təpələri”ndə gəzirsə, demək, həyatını axirətə görə tənzim edib. Bu duyğu-düşüncəyə malik bir insan iman, mərifət, mühasibə və müraqibə qanadları ilə sanki hər an Cənabi-Allahın müşahidəsi altındadır. İmanın həyatbəxş dünyasında kamilləşən hər bir insan bu duyğunun bütün təravət və ənginliyini vicdanən hiss edə bilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.
Yüklənir ...