İbadət yolunda həva tələləri

İnsan Haqq yolda olarkən belə fərqinə varmadan hudadan üz döndərib həva və həvəsin arxasınca düşə bilər. Bu səbəblə, huda-həva fərqi çox həssas mövzudur.

Həvanı hudadan ayırmağın iki yolu var. Bunlardan biri zahiri yoldur. Bu zaman insan dinin açıq-aşkar əmr və qadağanlarını nəzərə alıb nəyin həva, nəyin huda olduğunu anlaya bilər. Məsələn, insanın təməl qayda və prinsiplərə əsasən İslam dinini olduğu kimi anlamağa cəhd və səy göstərməsi hudadandır. Lakin insanın üsulud-dini, fiqh metodologiyasını görməzliyə vurub özünə görə təyin etdiyi qaydalara əsaslanaraq dini şərh etməyə çalışması həvadandır. Dinin təməl qayda və prinsiplərinə uyğun olmayan bu qaydaların müsbət elmlərin zəruriliyi kimi təqdim olunması, ya da təcdid və ya islahat ad altında yeniliyin bir zərurəti kimi təqdim edilməsi məsələnin həva və həvəsdən olmasına mane deyildir.

Dini elə anladığı kimi, ibadət həyatında da insan huda əvəzinə həvasının arxasınca sürüklənə bilər. Məsələn, bir insan namazı qüsursuz, mükəmməl şəkildə yerinə yetirsə, ancaq əda etdiyi bu namazı: "Allahım mən namazımı əda etdim, ibadətimi yerinə yetirdim. Mənə bir oğlan övladı ver," kimi bir istəyə bağlasa, deməli, bu insan Allaha ibadət edərkən həvanın arxasınca gedir. Yanlış anlamayın, əlbəttə ki, insan dualarında arzu və istəklərini Allah-Təaladan istəməlidir. Biz, səhabə anlayışı ilə ayaqqabımızın itən bağını belə Allahdan tələb edərik. Ancaq unutmamalıyıq ki, bir insanın hər şeyi Allahdan istəməsi başqa, öz arzularını həyata keçirmək məqsəd və niyyəti ilə ibadət etməsi tamamilə başqadır. Çünki ibadət Allah rizasından başqa heç nəyin üzərində bina edilməməlidir: Bunun əksi isə, bu, insanın yoldan çıxması və Allah uzaq eləsin, Allah yolunda göründüyü halda Allaha deyil, həva və həvəsinə qulluq etməsi deməkdir.

Dolayısilə, Allah dostları: "Hətta ibadətlər Cənnəti qazanmaq və ya Cəhənnəmdən qurtulmaq üçün də edilməməlidir," demişlər. Bəli, Cənnət arzusu ilə Allaha qulluq etmək qəbahət görülmüş və belələrinə Cənnətin qulu, Cənnətin boyunduruqlu köləsi deyilmişdir. Eyni şəkildə Cəhənnəm qorxusu ilə Allaha qulluq edən də Cəhənnəmin qulu kimi görülmüş və nəticə etibarilə (qulluq) Allaha qulluq yalnız Allah rizasına görə olmalıdır, deyə ifadə edilmişdir.

Hüdadanmı həvadanmı?

Ustad Həzrətlərinin tutduğu yolda insan təbiətini inkar etməmək bir əsasdır, buna görə də əsərlərdə zövqü-ruhaniyə qapı açıldığını görürük. Məsələn, bildiyiniz kimi, İyirminci məktubda əvvəla imanı-billah, sonra mərifətullah, daha sonra muhabbətullah və arxasınca da zövqü-ruhanin adı çəkilmişdir. Ancaq burada bir məsələyə diqqət etmək lazımdır. Əgər bu silsilədə əksini tapan ruhani həzz ibadət nəticəsində istənilmədən verilən zövqü-ruhanidirsə, gərək bunda bir qəbahət olmasın. Ancaq ibadətlər zövqü-ruhani əldə etmək üçün yerinə yetirilirsə, deməli, yenə də həva və həvəs araya girib. Çünki Allah heç kimə verməyə məcbur deyil. Ömür boyu başımızı səcdədən qaldırmadan ibadət etsək, yenə də bu belədir. Çünki biz Allahdan alacağımızı əvvəlcədən almışıq. Ustad Həzrətlərinin nəfis ifadələri ilə desək: "Übudiyyət müqəddimeyi-mükafatı-lahiqə deyil, bəlkə nəticeyi-neməti sabiqədir". Məsələn, bizə verilən hər orqan Allahın böyük bir nemətidir. Təsəvvür edin, bir dodağınız olmasaydı, bəlkə, yenə də danışa bilərdiniz. Ancaq bu halda olsanız və imkanınız da olsa, sizə bir dodağı bir milyard dollara versələr, alarsınızmı-almazsınızmı? Məncə, bizə verilən nemətlərin həqiqi dəyəri məhz budur. Qisasda təyin olunmuş diyet (qan pulu) miqdarı onun həqiqi əvəzi deyildir. Çünki qisasda diyet miqdarı cəza üçün qoyulmuşdur. Yəni diyət zərər verən tərəfi cəzalandırmaq, zərər görən tərəfi də razı salmaq məqsədini daşıyır. Yoxsa təyin olunmuş diyet miqdarı insanın həqiqi qiyməti deyildir.

Allah-Təalanın axirətdə lütf edəcəyi nemətlərə gəlincə, şübhəsiz ki, onlar Allahın fəzlindəndir. Buxaridə keçən bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əshaba: "Unutmayın ki, əməlləriniz heç birinizə Cənnəti qazandırmayacaq," buyurmuşdur. Səhabələr: "Sizə də, ey Allahın Elçisi?" -sualına Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Allahın (cəllə cəlaluhu) fəzl və mərhəməti olmasa, bəli, mənə də!" (Buxari, Rikak 18) şəklində cavab vermişdir. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) mübarək bəyanlarından açıq-aşkar görünür ki, biz Cənnətə ancaq Allahın fəzl və mərhəməti ilə girə bilərik.

Xülasə
  • Dini üsulüddin prinsiplərinə görə deyil, bəşəri qayda və prinsiplərə görə anlamaya çalışmaq həqiqətin deyil, həvanın dalınca düşməkdir.
  • Dünyəvi və ya üxrəvi mənafelərə görə ibadət etmək bir mənada həmin mənafelərə qul olmaqdır.
  • Cənnət də daxil olmaqla, heç bir ibadətdən bir təmənna, əvəz ummamalı, yalnız Allahın rizasını istəməliyik.

Dünyaya dünya qədər üqbaya üqba qədər...

Həqiqi müsəlman yer üzünün gerçək varisidir. Bu varislik inanc, düşüncə, müəssəriyyət və istiqamətləndirmə müstəvisindədir. Belə ki, Allah möminlərin başqa millətlərin hakimiyyəti altına düşməsinə qətiyyən razı deyil. Əgər Allahın razı olmadığı hadisə təhəqqüq[1] edibsə, fərd, ailə, cəmiyyət və millət olaraq bütün möminlər günahkardır. Bu məsələni müsəlman xalqların məhkumiyyətinə aid edə bilərik.

Bunu ancaq məfkurə in­san­ları həyata keçirə bilər. Hər bir müsəlman əvvəla bu uğurda ciddi mənada cəhd və səy göstərməli və ya heç ol­masa bu əhəmiyyətli işdə iştiraka niyyət etməlidir. Əks halda itirən fərdlər olacaq, İslamiyyət də əmanətə sahib çıxacaq çiyinlər tapa bilmədiyinə görə daim məhkum mövqedə qalacaq.

Bu işi gerçəkləşdirəcək dava (məfkurə) ərənlərinin - mənə görə - ixlas, səmimiyyət və təmənnasızlıq kimi xüsusiyyətlərlə yanaşı, dünyaya baxış tərzi də çox vacibdir. Tarixə bu gözlə baxanda görünür ki, Firon, Nəmrud, Qarun.. kimi insanlar dünyaya baxış tərzini tam təsbit edə bilmədikləri üçün itirənlərdən olmuşlar. Bu, hər kəsə şamildir. Buna görə, dünyagörüşü inanc və əməl cəhətdən həm yaxşı möhkəmləndirilməli, həm də düzgün istiqamətləndirilməlidir.

Səhabeyi-Kiram bu tarazlığı qurmuş və həyata keçirmiş örnək toplumdur. Hz. Osmanın 500 dəvəlik karvanı yükləri ilə birlikdə bir dəfəyə infaq etməsini ağıl və məntiqlə izah etmək çox çətindir. Bununla Hz. İbrahimin - hadis tənqid edilsə də - "Subbuhun, Quddusun, Rabbul-məlaikəti vər-ruh" zikrinə vadi dolusu qoyun sürüləri bağışlaması arasında fərq yoxdur. Halbuki biri peyğəmbər, digəri də Fəxri-Kainatın İftixarının səhabəsi təvazökar bir insandır. Deməli Hz. Osman bu hərəkəti ilə peyğəmbəranə bir cəhd nümayiş etdirirdi. Onun Təbuk döyüşünə gedən ordu üçün infaq etdiyi mal-mülkə görə gözləri dolmuş Allah Rəsulunun "Osmana bu gündən sonra əməlləri zərər verməz" buyurması bu fikri təsdiq edir.

Bəli, dünya-axirət müvazinətinin düzgün tarazlanması və tez-tez xatırlatdığım, "dünyaya dünya, üqbaya da üqba qədər" dəyər vermə prinsipinin dərk edilməsi və həyata keçirilməsi çox vacibdir. Abdulqadir Geylani Həzrətlərinə aid mənqibə buna bir nümunədir:

Bir nəfər ""Mənim ayağım bütün vəlilərin çiyinlərindədir..." deyən bu övliyanı bir görüm" düşüncəsi ilə Həzrətin evinə gedir. Qapıdan içəri girəndə itlərin boynunda qızıl xaltalar görür. Buna mat-məəttəl qalır və öz-özünə: "İtlərinin boynuna qızıl xalta keçirəcək qədər dünya malına bağlanan bir insan necə övliya ola bilər..." deyir. İrəliləyib Həzrətin hüzuruna girəndə Həzrət: "Biz onları qəlbimizə qoymadıq, layiq olduğu yerə taxdıq" buyurur.

Xülasə, dünyaya baxış tərzi ilə bağlı qeyd etdiyimiz bu təməl düşüncələr yer üzü varislərinin əvəzolunmaz xüsusiyyətlərindən biridir. Bu üfüqə çata bilməyən insanlar isə güman ki, bir gün yarı yolda qalacaqlar.

Həftənin duası

Rəbbim! Bütün həmd və şükürlər Sənə layiqdir. Nemətlərini mənim və bütün qardaş, bacılarımın üstünə leysan kimi yağdır. Allahım! Bizə yol göstər... (dayanmadan şər istəyən) nəfsimizin dar qəfəsindən və həvamızın torundan bizi xilas et... bu aciz qullarını onlara düşmənçilik edənlərin tələsindən qoru...

Sözün cövhəri

Allahdan qeyri ən parlaq şeylərə belə rəğbət göstərmək həqiqəti kölgəyə dəyişmək deməkdir. Halbuki ən sönük həqiqətlər ən parlaq kölgələrdən parlaqdır. Allah isə həqiqətlərin həqiqətidir. Onun davasında məğlub olan yoxdur. Qazanc yollarının hər kəsə açıq olduğu bir davada riya və sümə ilə özlərini təcrid edən talehsiz ruhların gec-tez mənən müflisləşib məhrumiyyətə düçar olması qaçılmazdır.


[1] Bir məsələnin həqiqətinin ortaya çıxması

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.