Onları tanımayan var-dövlətli deyər
İffət çirkin söz və hərəkətlərdən uzaq olma, həya və ədəb dairəsində qalma, doğruluq, dürüstlük və əxlaqi dəyərlərə bağlı yaşamaq deməkdir. Kökü ərəbcə olan bu söz dilimizdə namuslu, şərəfli və əxlaqlı mənalarında işlənilir.
Xüsusilə, klassik ədəbiyyatda izzət və şərəfi ilə yaşayan, çalıb-çapmayan, haramlardan çəkinən və namusunu qoruma mövzusunda fövqəladə həssas davranan şəxslər haqqında "əfif" sözü istifadə edilmişdir.
İslamın, əxlaqla məşğul olan alimləri insanda üç təməl duyğunun olduğunu söyləmiş və bu duyğulardan müəyyən nisbətdə də olsa, həqiqətləri görüb, fayda ya da zərər gətirəcək şeyləri bir-birindən ayırma bacarığına "qüvveyi-əqliyə"; kin, hiddət, qəzəb və cürət kimi hisslərin qaynağı sayılan gücə "qüvveyi-qəzəbiyə"; arzu, iştah və cismani həzlərin mənbəyi qəbul edilən duyğuya da "qüvveyi-bah ya da qüvveyi-şəhvaniyə" demişlər. Qüvveyi-şəhvaniyə və ya qüvveyi-bahın həya hissindən tamamilə uzaqlaşaraq hər cür cürmü, günahı işləyəcək qədər ifrat səviyyəyə çatmasını "fisqü fücur"; halal nemət və ləzzətlərə qarşı belə hissiz və hərəkətsiz qalmasını da "humud" adlandırmışlar. Qüvveyi-şəhvaniyə və ya qüvveyi-bah baxımından istiqamət və orta yolu seçib məşru, yəni şəriət qanunları daxilində zövq və ləzzətlərə meyil etməklə yanaşı, qeyri-qanuni arzu və istəklərə iradi olaraq qapalı qalmağı isə "iffət" sözü ilə ifadə etmişlər. Bu baxımdan, iffət, ümumi mənada, iradə gücünü istifadə edərək cismani və bəhimi (heyvani) arzuları idarə altına almaq, zinadan və səfehlikdən uzaq durmaq deməkdir.
Qurani-Kərim iman gətirənlərin iffətli, həyalı və ədəb yerlərini qoruyan insanlar olduqlarını bəyan etmiş (Muminun, 23/5-7); iffətli yaşamanın mükafatı olaraq Allahın məğfirətini və Cənnətini müjdələmiş (Əhzab, 33/35); mövzunun əhəmiyyətinə görə qadınları və kişiləri ayrı-ayrı zikr edərək bütün möminlərə iffətli olmalarını və iffətsizliyin giriş qapısı sayılan harama baxmaqdan uzaq olmalarını əmr etmişdir (Nur, 24/30-31). Bununla yanaşı, Həzrəti Yusif (ə.s.) və Həzrəti Məryəm kimi iffət abidələrini misal verərək, inananlara həya və ismət üfüqünü göstərmişdir.
Bəli, Həzrəti Yusif əleyhissalam vəzirin xanımının günaha dəvəti qarşısında: "Ya Rəbbi! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur" (Yusuf, 12/33), - deyərək, iffətinə toz qondurmaqdansa, illərlə həbsdə yatmağı üstün tutmuş və qiyamətə qədər gələcək bütün əhli-imana bir həya timsalı olmuşdur.
Cənabi-Allahın: "İffət və namusunu lazım olduğu kimi qoruyan Məryəmi də an. Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir möcüzə etdik" (Ənbiya, 21/91) -deyərək, ucaltdığı Həzrəti Məryəm də bütün insanlıq üçün bir iffət nümunəsidir. Belə ki, təmiz və sadə bir mühütdə, iffət və şərəflə yetişən Məryəm anamız, o pak mahiyyəti ilə iffət mücəssəməsinə çevrilmişdir. Buna görə də, Həzrəti İsanın (ə.s.) doğumuna dil uzadanların çirkab sözləri qarşısında min bir iztirabla: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" (Məryəm, 19/23) -deyə inləmişdi.
Halal dairəsi genişdir harama lüzum yoxdur
İffəti bu ümumi mənası ilə yanaşı, daha geniş və ətraflı nəzərdən keçirmək də mümkündür. Bədiüzzaman Həzrətlərinin: "Halal dairəsi genişdir, keyfə kafidir. Harama girməyə heç lüzum yoxdur" şəklində dilə gətirdiyi ölçüyə görə iffət, məşru dairədə yaşayıb qeyri-qanuni sahəyə girməmə, əl uzatmama, addım atmama deməkdir. Başqa sözlə, iffətli insan göz, qulaq, əl, ayaq kimi bütün əzaların halal dairədəki ləzzətləri ilə kifayətlənməli, heç bir şəkildə və heç bir yolla haram işləməməli, izzət və şərəfinə xələl gətirən hallardan da çəkinməlidir.
Bu baxımdan, insanın öz əl əməyi və alın təri ilə qazandığına razı olması, başqasının malına göz dikməməsi, daha çox qazanma və daha rahat yaşama ehtirası ilə qeyri-qanuni sahəyə əl uzatmaması və dilənçilik etməməsi də iffətin fərqli bir yönüdür. Bəli, insan öz əməyi və alın təri ilə dolanışığını təmin etməli, yeri gələndə tikintidə daş daşımalı, hamballıq etməli, lakin əsla başqalarına əl açmamalıdır.
Bəli, bu müstəğni insanlar heç kəsdən qarşılıqsız heç nə qəbul etməyən əziz ruhlardır. Haldan anlamayanlar, izzət-nəfslərini aclıqdan üstün tutan və yoxsulluğa dözüb əsla istəmə zillətinə düşməyən bu insanları varlı sanarlar. Əslində, bir az diqqət edilsə, hallarında kasıblıq əlamətləri görüləcək. Lakin onlar heç kəsdən heç nə istəməz, üstəlik təkidlə, israrla heç istəməz və qətiyyən dilənçilik etməzlər.
Rəsuli-Əkrəm Əfəndimizin (ə.s.ə.) səhər-axşam təkrar etdiyi dualardan biri: "Allahım! Səndən hidayət, təqva, iffət və könül zənginliyi ilə birlikdə başqalarına möhtac olmayacaq qədər ruzi istəyirəm" niyazıdır. Hər söz, hal və rəftarı ilə hidayət üzrə olan, müttəqilərin imamı və iffətlilərin ən əfifi Allah Rəsulunun hidayət, təqva, iffət və istiğna istəməsi həm bu xüsuslardakı mütəmadilik və dərinlik tələbi şəklində başa düşülməli, həm də ümməti- Məhəmmədin nələr diləməsi lazım olduğuna dair bir işarə kimi qəbul edilməlidir.
Yük daşımaq dilənçilikdən xeyirlidir
Qurani-Kərim ehtiyacı olduğu halda dilənməyənləri təqdirlə anmış və belə insanları da iffət çərçivəsinə daxil etmişdir: "(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!" (Bəqərə, 2/273) məalındakı ayə bu mənaya gələn iffəti və iffətliləri izah edir. Sədəqələrin kimlərə veriləcəyini ifadə edən bu ayə Peyğəmbər silsiləsinin Allaha təslim olmuş tələbələri, məsciddə yatıb-duran, Rəsuli-Əkrəmin (s.ə.s.) söhbətlərini dinləyib öyrənərək sonrakı nəsillərə nəql etməyə çalışan, vaxtlarını ibadətlə, elmlə keçirən və iaşələri də Allah Rəsulu tərəfindən qarşılanan "Əshabi-Suffə" başda olmaq üzrə, özünü öyrənib-öyrətməyə həsr edən, başqa sözlə malı-mülkü olmayan, başqa bir işə vaxt tapa bilməyən, ya da çatdıra bilməyən, lakin buna baxmayaraq, başqalarına da əl açmayan, həya və iffətindən dilənçilik etməyən hər dövrdəki kasıb, lakin əfif müsəlmanları təqdir edir.
Əslində, Peyğəmbər Əfəndimiz (s.ə.s.) həqiqi kasıbı bu çərçivə içində zikr etmiş: "Kasıb, qapı-qapı gəzən və bir-iki loğma, və ya bir-iki xurma ilə yola verilən kimsə deyil. Həqiqi kasıb vəziyyəti bilinmədiyi üçün sədəqə verilməyən, buna baxmayaraq, iffətindən başqalarına əl açmayan və heç bir şey istəməyən insandır" -buyurmuşdur.
Əshabı-Suffədən olan Əbu Hüreyrə (r.a.) kimi səhabə əfəndilərimiz aclıqdan qıvrandıqları halda heç kəsdən heç bir şey istəməməyi əxlaq halına gətirmişlər. Belə ki, Həzrəti Sevban və Hakim ibn Hizzamın da aralarında olduğu bəzi səhabələr insanlardan bir şey istəməmə mövzusunda Allah Rəsuluna söz vermiş və ömürlərinin sonuna qədər sadiq qaldıqları bu vədlərindən ötrü əsla sədəqə qəbul etməmiş, hətta dəvə üzərində ikən qırmancları yerə düşsə, onu belə kimsədən istəməmələri ilə məşhur olmuşlar. "Hər kim iffətli olmağa çalışar, üzsüzlülükdən çəkinərsə, Allah da onun iffətini qoruyar və artırar. Bir insanın bir ip alıb kürəyində odun daşıyaraq onu azca xurma qarşılığında satması, dilənməsindən daha xeyirlidir" -buyuran Peyğəmbər Əfəndimizin (s.ə.s.) bu tövsiyəsinə uyğun yaşamaq da iffətin əhəmiyyətli bir dərinliyidir.
- tarixində yaradılmışdır.