Qeybət və fitnə olan görüşün səmərəsi yoxdur
Qısaca, pıçıltı və xosunlaşmaq mənasına gələn "nəcva" kəlməsi iki ya da daha çox insanın pıçıldaşması, başqalarının eşidə bilməyəcəyi şəkildə yavaş səslə danışması və bir-birinə bəzi sirləri açması deməkdir. Qurani-Kərimdə keçən "nəcva" təbiri ilə də bir neçə insanın toplaşaraq bəzi məsələləri gizlin və xüsusi mahiyyətdə görüşmələri nəzərdə tutulmuşdur ki, bu cür fəaliyyətlər hazırda "kulis" adı altında tez-tez həyata keçirilir.
Qurani-Kərimdə "nəcva" təbiri ilə nəzərdə tutulan pıçıldaşmalar və gizlin danışıqlar mütləq mənada qadağan edilməmişdir, ancaq bu cür görüşlərə bəzi şərtlər qoyulmuşdur. Əvvəla buna inanmaq lazımdır ki, göylərdə və yerdə olan hər şeyi, meydana gələn hər hadisəni Allah bilir. Şübhəsiz ki, Allah bir araya gəlib xosunlaşan, gizlin-gizlin danışan üç adamın yanındadır, yəni dördüncüdür. Və O, istər bundan az, istər çox sayda insanın danışığını da görüb eşidir. Elə isə möminlər bu həqiqəti nəzərə alaraq görüşüb danışmalıdırlar. Quranda da Cənabi-Haqq qadağan etdiyi halda günah, zülm və Peyğəmbərə üsyan etmək üçün “kulis” keçirən və müsəlmanların əleyhinə xosunlaşan münafiqlər qınanmış, onların ikiüzlü olmasından, inanmadıqları şeyləri söyləmələrindən, iman əsaslarını məsxərəyə qoymalarından və bu pis davranışlarına görə də Cəhənnəmə gedəcəyindən bəhs edilmişdir (“Mücadilə” surəsi, 58/7-8).
Bəli, münafiqlər əsl duyğu və düşüncələrini daim gizləyir və həmişə özlərini inanclı insan kimi göstərirdilər. Onlar danışanda yalan danışır, bu gün verdikləri sözü sabah danır və həmişə ən xain düşmənçilik hislərini dostluq pərdəsi ilə örtürdülər. Şərtlərə, şəraitə görə ikiüzlülük edir və müsəlmanlar üçün həmişə pis şeylər düşünürdülər, qəlblərində kin, nifrət və düşmənçilik hisləri bəsləyir və özlərinə düşmən bildikləri möminlərə hər cür sui-qəsdi hazırlayırdılar. Digər din mənsubları ilə gizli-gizli toplaşaraq müsəlmanlar əleyhinə çirkin planlar qurur, Peyğəmbərimizin təbliğinə mane olmaq, İslama yaxınlaşanları müxtəlif hiylələrlə müsəlmanlardan uzaqlaşdırmaq, səmimi müsəlmanların arasını vurmaq və cəmiyyətin fərdləri arasına düşmənçilik toxumları səpmək, fitnə-fəsad törətmək üçün bəzi qara işlər görürdülər.
Müsəlmanlarla birlikdə olarkən onların xoşuna gələn sözlər söyləyən, düşüncələrini açıqca ifadə etməyib həmişə fərqli görünən və inananları onlarla eyni yolda olduqlarına inandıran münafiqlər ancaq öz tərəfdarları ilə baş-başa qalanda əsl simasını göstərir; Allaha üsyan, düşmənçilik, haqsızlıq və Allah Rəsuluna kin dolu sözlər söyləyərək pıçıldaşır və yalnız şər üçün kulislər tərtib edirdilər.
Yaxşılıq və xeyir düşüncəsi ilə görüşmək lazımdır
Cənabi-Allah onların bu xoşagəlməz təbiətlərini və ümumi davranışlarını bəyan etdikdən sonra münafiqlər kimi şər üçün bir araya gəlib pıçıldaşma barəsində möminləri xəbərdarlıq etmişdir: "Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!" (“Mücadilə” surəsi, 58/9) buyurmuşdur. Deməli, günah, cinayət, ya da düşmənlik, haqsızlıq və zülm haqqında danışılan, bu işlər üçün planlar hazırlanan məclis möminlərə görə deyil. İnananlar ancaq yaxşılıq, saleh əməl və dinin əmrlərinə riayət etmək üçün, təqva ilə bağlı məsələlər haqqında xüsusi dairədə müşavirələr apara, bir neçə adam xüsusi olaraq görüşə bilər. Mömin bu görüşlərin başından sonuna qədər təqva anlayışından kənara çıxmamağa çalışar və Cənabi-Allahın hər an onlarla olduğunu unutmaz; Allahı görürmüş kimi ya da ən azı Onun bizi gördüyünü nəzərə alaraq təmkinli danışarlar. Dolayısilə, möminlərin gizli söhbətlərində sui-zənn, qeybət, yalan və böhtan olmaz. Onlar xeyir üçün toplandığı kimi, xeyirli qərarlar alıb ayrılarlar.
Necə ki, Allah-Təala bir başqa ayeyi-kərimədə: "Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik” (“Nisa” surəsi, 4/114) buyurur. Bəli, qeybəti ədət halına gətirənlərin, aramsız intriqaya girənlərin, yalan və böhtandan çəkinməyənlərin məclisi xeyirdən uzaqdır. Bir yerə toplaşan üç-beş nəfər ehtiyac sahiblərinin ehtiyaclarını aradan qaldırma, dərdi olanların dərdinə dərman olma, insanlara yaxşılıq etmə, ya da küsülüləri barışdırma kimi məqsədlər üçün toplaşarsa, onların söhbətində xeyir olar.
Xülasə
- Göylərdə və yerdə olan hər şeyi, meydana gələn hər hadisəni Allah bilir. Şübhəsiz ki, Allah bir araya gəlib xosunlaşan, gizlin-gizlin danışan üç adamın yanındadır, yəni dördüncüdür. Və O, istər bundan az, istər çox sayda insanın danışığını da görüb eşidir.
- Münafiqlər danışanda yalan danışır, bu gün verdikləri sözü sabah danır və həmişə ən xain düşmənçilik hislərini dostluq pərdəsi ilə örtürdülər.
- Günah, cinayət, ya da düşmənlik, haqsızlıq və zülm haqqında danışılan, bu işlər üçün planlar hazırlanan məclis möminlərə görə deyil.
Böyüklərlə xüsusi mahiyyətli danışıq ədəbi
Səadət əsrində bir çox insan Rəsuli-Əkrəmin yanına gələrək Onunla xüsusi görüşmək, pıçıldaşaraq bəzi dərdlərini, diləklərini bildirmək istəyirdilər. Onun şəfqət aləmində hər kəs, hər məsələni soruşmağa alışmış, başqalarına aça bilmədikləri ən gizli, ən məhrəm məsələlərini belə Allah Rəsuluna bildirirdilər. Hətta bəzi münafiqlər və nadanlar Rəsulullahın məclisində özlərini nümayiş etdirmək, vacib insan olduğunu göstərmək üçün hər fürsətdə Ona yaxınlaşır, pıçıltı ilə nəisə ifadə etməyə cəhd edirdilər və bu gün keçdikcə daha da dözülməz hal almağa başlayır. O müşfiqlərdən müşfiq İnsan təvazö və xoşgörü ilə heç kimi rədd etmir və hər kəsin dərdinə dərman olmağa çalışırdı..
Ancaq Həzrəti Rəhmanü-Rəhim Rəbbimiz Həzrəti Rəhmü-Rauf Peyğəmbərimizə mərhəmət edərək: "Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir" (“Mücadilə” surəsi, 58/12) bu əmri ilə bir cəhətdən o get-gedə böyüyən dözülməz hala bir süzgəc qoymuşdur. Bu ilahi xəbərdarlıq sayəsində insanlar Rəsuli-Əkrəmə çatdıracaqları məsələlərin sədəqəyə dəyəcək qədər əhəmiyyətli olub-olmadığını düşünməyə çağırmış və bu kimi görüş tələblərində ifrata girməmələrini bildirmişdir. Onsuz da, Peyğəmbərimizə və yaxın qohumlarına sədəqə haram idi; xüsusi görüşdən əvvəl veriləcək bu sədəqənin Allah Rəsuluna ya da ailəsinə deyil, bilavasitə möhtaclara aid olan bir məsələ idi.
Ayənin sonunda "Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir" ifadəsindən də görünür ki, əgər sədəqə verə bilməyəcək insanın mühüm bir məsələsi varsa, onu Allah Rəsuluna məhrəmcə açmasına icazə verilmişdi. Beləcə möminlər hər istəyəndə Rəsuli-Əkrəmlə baş-başa görüşmənin doğru olmadığını anlamış; nacaq zəruri məsələlər olduqda görüşə biləcəklərini başa düşmüşdülər. Əgər vacib bir məsələ varsa, bunu ən qısa müddətdə, ən lakonik şəkildə və ədəbə çərçivəsində görüşə bilcəklərini dərk etmiş və dolayısilə onların bu xüsusi görüş həvəsi, zəruri məsələləri məşvərət etmək düşüncəsinə çevrilmişdir.
Həftənin duası
Ya Rəbb! Sən bizim günahlarımızı bağışla, qüsur və ayıblarımızı ört, razı olduğun əməllər gördür, müsəlman qullarını həddini aşıb təcavüz edən, düşmənçiliklə oturub-duran, daima sui-qəsd planlayan insanlıqdan məhrumlara qarşı nüsrətinlə gücləndir. Bizə bizi hər yandan saran kədər, dərd, qüssə, sıxıntıdan qurtulmaq üçün dərgahından çıxış yolu göndər.
Sözün cövhəri
Cənabi-Haqqın rizasına əsasən istər özümüzün, istərsə başqalarının haqqını qorumaq, haqqı dirçəltməyə çalışmaq ibadətdir. Hətta haqqı qoruma yönümlü strategiyalar, planlar, məşvərətlər, yol və üsul axtarışları da ibadət kateqoriyasına daxil edilə bilər. Deyək ki, siz bir məsələdə haqq olanı tapmaq üçün on dəfə oturub məşvərət etdiniz və sadəcə birində haqqı tapdınız. Bilməlisiniz ki, bunların hər biri haqq niyyəti ilə olduğu üçün on qat məşvərət savabı almısınız. Çünki nəticəsi xeyrə aparan vəsilələr də xeyirdir. Əgər məqsədimiz fərzdirsə, fərzə gedən hər yol və üsul da bizə fərz savabı qazandırar. Namaz üçün dəstəmaz fərz olduğu kimi, elə də namaz üçün alınan dəstəmaz da insana fərz savabı qazandırır.
- tarixində yaradılmışdır.