Səcdədə Ölmək də Var...
Müsəlman kimi yaşamaq Müsəlman kimi ölmək üçün mühüm əhəmiyyət kəsb edir. Bir hədisi-şərifdə Peyğəmbərimiz -hədis kriteriləri baxımından tənqidi edilə bilər- "Yaşadığınız kimi öləcək, öldüyünüz kimi həşr olunacaqsınız" buyurur. Yəni o biri aləm möminin ölüm ayağında ruhi-mənəvi halına görə şəkillənir. Ölüm ayağındakı vəziyyət isə möminin yaşadığı həyatdan asılıdır. Əgər insan olduqca pak və təmiz ömür sürmüş, hər anı Allahla irtibatda olmuş, ağlın və ruhun hər zərrəsinə İlahi məna və ruh nəqş etmişsə, bu dünyaya da - Allahın inayətilə - eyni şəkildə vida edəcək. Əksinə imanını dərinləşdirməmiş insan isə bu boşluq içində dünyadan köçüb gedəcək.
İmam Kurtubinin "Təzkirə"si və buna bənzər əsərlərdə gördüyümüz kimi, elə sələflər olub ki, vəfat edərkən sanki qanadlanıb uçurmuşlar. Çünki belə insanlar ömür boyu Quranla məşğul olmuş, onu sevmiş, ona könül bağlamış şəxslərdir. Onlar komada da olsalar, coşqu ilə, sevə-sevə, şövqlə Quran oxumuş, Haqq yolunda susmamışdır. Çünki artıq bu məsələ onların şüuraltına hopmuş, daxili mələkələrin "mühərrik"inə çevrilmişdi. Həyatında namaz böyük yer tutan bir Müsəlman üçün ölüm ayağında ən şirin şey Rəbbin hüzurunda alnını səcdəyə qoymaqdır. Hədisdə deyildiyi kimi, insanın Allaha ən yaxın olduğu an səcdə anıdır (Bax.: Müslim, Salat, 215). Məhz belə insan ruhunu səcdədə Rəbbinə təslim etmək istər. Mərhum Əhməd Naim də belə insanlardan biridir.
Əks tərəfdə isə elə insanlar var ki –Allah qorusun– "filan kəsdə alacağım var", "bir vaxtlar sələm işinə baxırdım", "filan yerdə bir-iki gəlirim var" deyə-deyə o biri tərəfə yuvarlanıb gediblər. Bəli, nə qədər insan belə deyə-deyə, bu həzəyanlarla ruhunu təslim etmişdir. Çünki insanın yaşantısı, həyatı onun şüuraltına həkk olunur. İnsan keçinəndə şüuraltında olanlar, xortlayıb onu müəyyən qədər təzyiq altında saxlayır. Bu vəziyyət qəbirə qədər davam edir. Hətta qəbirdə mələk gəlib ondan Rəbbini və Kitabı soruşanda, "səbəti gətirin, otu tökün, samanı yığın" və s. sözlər deyə bilər.
Müsəlman Kimi Ölmək
Allahdan diləyimiz odur ki, əncamımızı xeyirli eləsin. Buna görə Quran: "Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" ("Ali İmran" surəsi, 3/102) buyurur. Ağlımıza belə bir sual gələ bilər: "Müsəlman kimi ölmək öz əlimizdədir?" Bunu unutmamalıyıq, bir mömin kimi əlimizdə olan imkanlardan istifadə etmək məcburiyyətindəyik. Əvvəla savab savabı doğurur. Bəli, bir hədisi-şərifdə ifadə edildiyi kimi, xeyirdən xeyir doğar, xeyir xeyri çəkər. Məsələn, Allah sədəqə verən möminin qəlbini yumşaldar və ona ibadət eşqi verər. Bu ibadət eşqi də başqa xeyir əməllər işləmə eşqi doğurar. Beləliklə, mömin gözəl əməllərinin sayını artırar, bir xeyir əməl başqa bir xeyir əmələ vəsilə olar.
Cavanlığını namaz-niyazla keçirən bir nəfərdən danışdılar. Deyir, namazda rukuda olarkən ruhunu təslim edib. Bir başqa şəxsin də "Allahu Əkbər" deyib səcdədə vəfat etdiyini söylədilər. Bəli, ruh hansı hislərlə doludursa, Rəbbim də sahibinin canını elə alır. Əlbəttə, bu "namazda və yaxud səcdədə ölməyənin aqibəti pis olur" demək deyildir. Hətta lazımi sözləri söyləmədən ölən haqda da "aqibəti pisdir" demək olmaz. Haşa, heç kim bunu deyə, bunu iddia edə bilməz. Lakin gözəl ömür sürən, həyatını gözəl şəkildə möhürləyən insanın aqibəti -Allahın inayəti ilə- ümumiyyətlə, yaxşı olur. Allah qorusun, şüuraltına fəna şeyləri yerləşdirmiş insanın da aqibətindən qorxarlar, qorxmaq lazımdır da.
Bu mövzu ilə bağlı digər məsələ də budur: Allaha iman insan ruhuna ömür boyu elə işləməlidir ki, şeytan əli ona toxunmasın, onu heç bir tərəddüd sarsıtmasın. Bəli, insanın hər günü təfəkkür naxışları ilə hörülməlidir. Məsələn, bizə Allaha inam məsələsində bircə dəlil kifayətdir, Rəbbimizə -inşallah- elə iman gətirmişik ki, qeyrisinə inanmaq qeyri-mümkündür. Ancaq yenə də bu inamımızı elə möhkəmlətməliyik ki, qabağımıza min bir fəlsəfə çıxsa, yolumuzu müsbət fənlərin insanı inkara sürükləyən yüzlərlə pozitiv nəticələri kəssə, min cür oyunla gözlərimizi bağlayıb bizi kor etmək istəsə də, biz Ona elmin dəstəyi ilə, möhkəm dəlillərlə elə inanmalı, elə möhkəm dayanmalıyıq ki, imanımıza nə insi, nə də cinni şeytanların əli çatmasın. Hətta iman qəlbimizdə dayanmamalı, damarlarla dövr etməlidir.
Peyğəmbərimizin (əleyhissalatu vəssalam) ifadəsi ilə şeytan insanın damarındakı qanda gəzir, qırmızı və ağ qana "minərək" ürəyə gedir, fitnə salır; onun beyninə girib zehnini qarışdırır. İman möminin qanında elə hərəkət etməlidir ki, bu güclü iman şeytanı boğsun, sirrə girib, xəfanı fəth etsin. Bəli, biz Rəbbimizlə elə münasibət qurmalıyıq ki, başqaları onu heç anlamasın, bilməsin, hətta şeytanın da xəbəri olmasın. Bunu yalnız Rəbbimiz bilməli və bizim qəlbimiz sezməli. Bu mövzuda daim inkişaf etdərək qapılarımızı elm və kainatdan gələn şübhə və tərəddüdlərin üzünə elə bağlamalıyıq ki, şeytan son anda qurduğu oyunlarla, hiylələrlə ağlımızı almasın. Şübhəsiz, bu da ömür boyu düşüncə "əməliyyatı aparmaqdan" və fövqəladi təfəkkürdən asılıdır.
Xülasə
- Bir insanın Müsəlman kimi yaşaması Müsəlman kimi ölməsinə mühüm əsas təşkil edir.
- Sələfdən elə insanlar var ki, vəfat edərlərkən elə bil qanad taxıb uçurdular.
- İnsanın Allaha olan imanı ruhuna elə işləməli ki, şeytan əli ona dəyməsin, heç bir tərəddüd onu sarsmasın.
Din Bir Bütövdür
İnanın ailəsini və qonşusunu incitməsi günahdır. Dolayısilə qonşusunu narahat edən insan günah işləmiş olur ki, "Mömin odur ki, insanlar onun əlindən və dilindən (zərər görməyəcəyinə) arxayın olurlar" hədisi də bu həqiqəti vurğulayır.
İbadətin qəbul olunmasına gəlincə; ibadət hər möminin vəzifəsidir. Namaz şərtlərinə riayət edilərək qılınsa, Allah qəbul edər. Ancaq bunu da ifadə etməliyəm ki, din bir bütövdür. Məsələn, bir məscidi fikirləşək; məscid divar, qübbə, dirək, sütun və tavanı ilə bir bütövdür. Din də belə bir bütövdür. Əgər namaz bu bütövün bir parçasıdırsa, - ki elədir -, zəkat da onun başqa bir hissəsidir. Belə ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) namaz haqqında "dinin dirəyi" təbirini işlədir. Dini bir bina kimi düşünsək, namaz o binanın dirəyi hökmündədir. (Düzdür, bu hədis tənqid oluna bilər. Ancaq hədisin həsən olduğunu deyənlər də vardır). Dinin bir rüknünü yerinə yetirmək din binasının bir sütununu qoymaq deməkdir. Məsələn, namaz qılan dirəyi qoymuş, oruc tutan isə divarlarını hörmüş sayılır. Əgər qonum-qonşunu incitməmək din binasının döşəməsidirsə, qonşusunu incidən binanın bir tərəfini "şikəst" qoyur. Yaxud insanları narahat etmək din binasının tavanı hökmündədirsə, buna yol verən adam binanın içini çürüməyə məhkum edir. Buna binaən insan ibadət edərsə, savab, harama işləyirsə, günah qazanır. Harama girməyib ibadət etmək, hər şeyi çürüməkdən qoruyar. Bura qədər deyilənlər mövzunun bir yönünü təşkil edir.
Məsələnin digər yönünə gəlincə, ibadətin ayrı gözəlliyi, haramlardan ictinabın, çəkinmənin də başqa bir gözəlliyi var. Bu iki xüsusun özünəxas gözəllikləri var. Ancaq onlar bir araya gəlsə, dörd gözəllik olar. Buna binaən haram işləyib ibadət edən yalnız bir gözəlliyə malikdir. Əksinə, haramı tərk edən dörd gözəlliyə sahib olar. Yəni İlahi rəhmətlə rezonans olma imkanını tapar və bol-bol Allahın rəhmətindən istifadə edər. Elə isə həm namaz qılıb, həm qonşuları incidən adama "namazın hədər oldu" demək olmaz, amma "namazdan tam istifadə edə bilərdin, ancaq etmədin" demək olar.
Sözün Cövhəri
İSəmimi qulluğun yolu bu dünyada bəzi xariqə hallara rast gəlinsə belə, bunu heyz halı sayıb tezliklə ondan sıyrılaraq yalnız Allaha üz tutmaqdır. Kəraməti arzulamaq və ummaq, bəzi olmuş hadisələri başqalarına anlatmaq, uca həqiqətləri bir kənara qoyub Allahın imtahan üçün verdiyi çox kiçik və dəyərsiz şeylərlə məşğul olmaq deməkdir.
Həftənin Duası
İDua edənlərə cavab verən, iztirabları dindirib ehtiyacları aradan qaldıran, yıxılanı qaldırıb düz yol göstərən, yaralananları müalicə edən uca Rəbbimizə Onun elmi qədər həmd-səna, ölümün üzündən pərdəni çəkən, qəbrin əbədi səadət aləminin dəhlizi olduğunu göstərən, xoşbəxtlik axtaran könülləri Xıdır bulağına aparıb onlara ölümsüzlük iksiri içirən Həbibinə, Onun ailəsinə, seçkin səhabələrinə salət və salam edirik. Ya Rəbbim! Sən bizim yar və yardımçımız ol.
- tarixində yaradılmışdır.