Sünnənin həvaü-həvəsə görə izahı
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Allahdan gələn vəhyi insanlara çatdıran bir rəsul, elçi olmaqla yanaşı, eyni zamanda qövli, feili və təqriri sünnəti ilə məsələləri izah edən və əsaslandıran bir müctəhiddir. Odur ki, dövr və şəraitdən asılı olaraq müəyyən problemlərin həllinə Peyğəmbərimizin müctəhidlik xüsusiyyətini nəzərə alaraq: “Əgər bu gün Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) olsaydı, bu məsələni bu cür həll edər, bu boşluğu belə doldurardı” şəklində yanaşmaqda bir qəbahət görmürəm. Hətta bu cür yanaşmaya məntiqli izah da vermək olar. Belə ki, zaman böyük bir müfəssirdir. Dövrün və şəraitin tələbinə görə bəzi məsələlərin izah və təfsirində ibrə rolunu oynayır. Başqa sözlə, Kitab və Sünnənin bəzi sahələri ictihadla istinbata, təvil və təfsiri də zaman müftüsünə həvalə edilmişdir. Ancaq bu kimi məsələləri izah etməyə çalışan insanlar ilk növbədə Kitab və Sünnədə həmin mövzu haqqında konkret hökmün, dəlilin olub-olmadığını müəyyən etməli, araşdırmalıdır. Çünki bu iki əsas mənbədə – Qurani-Kərim və Sünnədə əksini tapan nəslərə zidd fikir irəli sürmək olmaz. O cümlədən əsaslı dəlillərlə hökm verən müctəhidlərin bir mövzu haqda ortaq qənaəti (icması) varsa, buna əks fikir də qəbulolunmazdır. Bəziləri icmanın höccət (dəlil, sübut) oduğunu qəbul etməsə də, o, Peyğəmbərimizin nurlu kəlamlarında buyurduğu kimi möhkəm və əsaslı bir höccətdir: “Ümmətim zəlalətdə ittifaq etməz” (İbn Macə, “Fitən” 8), “Allahın inayət və qüdrəti camaatla birlikdədir” (Tirmizi, “Fitən” 7), “Allahdan ümmətimin səhv yolda birləşməməsini istədim, O da qəbul buyurdu” (Əhməd ibn Hənbəl, “əl-Müsnəd” 6/396). Üstəlik qəlbi, ruhu, ağlı, vicdanı, zahiri və batini hisləri nöqsansız, kamil insanların bir mövzu ətrafında qərəzsiz, təmənnasız ittifaq etməsi məntiqi baxımdan da icmanın höccət olduğunu sübut edir.
Odur ki, ictihadda Kitab və Sünnə ilə yanaşı, Kitab və Sünnənin nəslərini izah edən icmaya da əks fikir söyləmək qəbuledilməzdir. Bu baxımdan əsas mənbələrə biganə qalıb həvaü-həvəsə görə ortaya fikir atmaq başqa şeydir, əsas qaynaqlara və möhkəmata sadiq qalaraq, dərin elm və biliklə bir mövzu haqda fikir söyləmək başqa şeydir. Dolayısilə, fərdi, siyasi, ictimai, iqtisadi, qısaca hər bir problemin həllində ilk növbədə Kitab, Sünnə və icmaya baş vurmaq lazımdır. Bu mənbələrdə bir çarə tapılmayanda isə, boşluğu doldurmaq üçün irəli sürülən fikirlərin möhkəmatla təzad təşkil etməməsinə diqqət edilməlidir.
Bir hökm verəndə ürəyimiz əsməlidir
Digər tərəfdən unutmayaq ki, həyatın müxtəlif sahələrində meydana çıxan problemlərə ictihadla bir çarə tapmaq üçün mütəxəssis olmaqla yanaşı, Allahın kəlamına və İlahi muradına zidd bir fikir söyləmək qorxusu ilə tir-tir əsən bir qəlbə də sahib olmaq lazımdır. Yoxsa dini həyatında laübalı və qeyri-ciddi olan, işin asanına qaçan, həmişə özünə sərf edəni danışan, məşhurlaşmaq arzusuna qapılıb özünü şirin göstərməyə çalışan və daima özündən danışılmasını istəyən, bu düşüncə ilə oturub-duran insanların “Peyğəmbərimiz olsaydı, O da belə edərdi” deməsi, ya da (nəfsinə) ağır gələn məsələlərlə qarşılaşanda “Allah Rəsulu olsaydı, belə etməzdi” deyə iddialı danışması, beləcə öz şəxsi fikirlərinə Allah Rəsulunu höccət göstərməsi şübhəsiz ki, qəbulolunmaz bir yanaşmadır. Əslində belələrinin sərf eləməyən bir məsələylə qarşılaşanda “Peyğəmbərimiz indi olsaydı, filan cürə edərdi” söyləməsi, haşa, bir mənada xəyali bir peyğəmbər təsəvvür etmək, həmin peyğəmbəri arzu-istəklərin “ağzı” ilə danışdırmaq, ondan şəxsi həva və həvəsə uyğun fətva almaq deməkdir.
Dini məsələlərə qeyri-ciddi, laübalı münasibət qəbulolunmazdır
Halbuki dünya və axirət səadətinə aid dini məsələlərə qeyri-ciddi, laübalı münasibət qəbulolunmazdır. Sələfi-salehin ictihad məsələsində o qədər həssas və diqqətliydi ki, bir mövzu haqda sual gələndə bəzən sırf həmin suala cavab vermək üçün Quranı bir neçə dəfə xətm edərdilər. Məsələn, İmam Əzəm Əbu Hənifə həzrətləri bir məsələni həll eləmək üçün tələbələri ilə günlərlə fikir mübadiləsi və müzakirə aparmışdı. Onun müzakirəsini indiki televiziya kanallarında gördüyünüz mübahisələrlə qarışdırmayın. Zira, müzakirə (münazirə) höcətləşmək və qarşı tərəfin inadına əks fikri müdafiə etmək deyil, müəyyən bir mövzunun oxşarını tapıb ortaya qoymaq deməkdir. Yəni dini bir məsələni müzakirə etmək “bu məsələ filan nəssə daha çox uyğun gəlir, filan ayəyə daha yaxındır...” kimi mülahizələrlə həmin məsələnin oxşarını üzə çıxarmaq və ona istinadən həll yolu tapmaqdır. Bəzən müzakirə və münazirələrdən sonra tələbələri Əbu Hənifənin görüşü ilə razılaşır, “Bu məsələ sizin dediyiniz kimidir” deyirlər. Ancaq Əbu Hənifə səhərədək nəsləri təkrar gözdən keçirir, təkrar mütaliə edir, düşünüb-daşınır, fikirlərini bir daha ölçüb-biçir, səhər açılınca tələbələrinin yanına gedib “Axşam siz mənimlə razılaşdınız, ancaq filan nəslər gözümdən yayındığı üçün yanılmışam. Sizin dediyiniz doğrudur” deyərək haqpərəstlik edir, öz fikrinə deyil, tələbələrin qənaətinə üstünlük verir.
Xülasə fərd, ailə və cəmiyyətə dair hər bir məsələdə söz haqqı Allaha, sonra da Peyğəmbərimizə aiddir. O müqəddəs kəlamlar olan yerdə bizim vəzifəmiz susmaqdır. Dolayısilə, bir insan Allaha və Rəsuluna aid bir bəyan ola-ola öz nəfsani arzu və həvəslərininin “dili” ilə danışırsa, bilsin ki, nəfsini özünə ilah etmişdir.
Heç kəsə laqeyd yanaşmağa haqqımız yoxdur
Allah Rəsulunun (əleyhissalatu vəssalam) həyatına bir bütöv kimi baxanda O Kamil Rəhbərin ömür boyu həm toplumun böyükləri ilə məşğul olduğunu, onların imana gəlməsinə çalışdığını, həm də özünü ifadə edə bilməyən, əzilən, təcrid olunan qəriblərə qucaq açdığını görmək olar. Bəli, Allah Rəsulu (əleyhissalatu vəssalam) ömrü boyu bu iki təbəqəni birləşdirməyə çalışmışdır. Əlbəttə, Rəsulullah qəlbinin qapılarını bu iki təbəqənin ortasında qalan insanların üzünə də açmışdır.
Məsələnin bizə aid tərəfinə gəlincə: Keçmiş dövrlərdə olduğu kimi, hal-hazırda da gizli-açıq, dünyanın, demək olar ki, hər yerində "kasta sistemi" var. Üstəlik insanın mahiyyətini nəzərə alanda cəmiyyətdə hər iki təbəqənin varlığı həmişə davam edəcək. Elə isə könüllülər hərəkatının mənsublarına düşən vəzifə də toplumun heç bir təbəqəsinə laqeydlik göstərmədən hər kəsə qucaq açmaq olmalıdır. Bəli, vicdan geniş olmalı, hər kəsin mövqeyinə hörmət göstərib dialoq zəminləri hazırlanmalı, cəmiyyətə qucaq açılmalı, hətta gəlməyən, gələ bilməyənlərin də ayağına gedilməlidir. Ölkənin və coğrafiyanın şərtləri nəzərə alınmaqla bir tərəfdən cəmiyyətdə böyük vəzifələrdə olan alim, millət vəkilləri və s. kimi sözükeçən insanlarla dialoq körpüləri qurulmalı, digər tərəfdən də toplumun məzlum, məhkum və məğdur qəriblərinə əl uzadılmalıdır. Çünki məsləyimiz hər kəsə açıq peyğəmbər yoludur. Buna görə bir tərəfdən cəmiyyətdə böyük vəzifəsi, mövqeyi, nüfuzu olan insanlara layiqli ehtiram göstərilməli, onlara dəyər verilməli, düşüncə dünyamızı başqa könüllərə duyurmaq üçün onların rəyindən istifadə edilməli, digər tərəfdən də cəmiyyətin alt təbəqələrində qalan insanlara şərait hazırlamalı, onları qərəzli fikirlərdən xilas etməli və özünü ifadə imkanı verilməlidir. Beləliklə, bu əzilən qəriblər qəribliyin təkanverici gücü ilə sürətlə şahlanacaq və Allahın izni və inayəti ilə öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər.
Həftənin duası
Allahım! Etiqad, söz və əməl baxımından şanına layiq olmayan hər cür nöqsanlardan Zatını uca tutmaq və Sənə layiq olan sifətləri də sübut etmək üçün dilə gətirilən sözlərin ən gözəlləri ilə rəng-rəng, naxış-naxış təsbeh və təqdis ifadələri ilə Səni yad etmək istəyirəm. Sırf Sənin məmnuniyyətini diləyərək və rizanı əldə edən bir bəndə olma ümidini bəsləyərək Səni təsbeh və təqdis etməyi arzulayıram. Bu arzumu həyata keçir, Allahım, məni bu dövlətdən məhrum etmə, mərhəmət diləyən əllərimi boş qoyma.
Sözün cövhəri
Zavallı müasir insan neçə-neçə dəyərlərini itirdiyi kimi, peyğəmbərlərə, xüsusilə də Peyğəmbərlər Sultanı Həzrəti Məhəmməd Əleyhissalama yanaşması, münasibəti, düşüncəsi tamamən ült-üst olmuş vəziyyətdədir. Halbuki, Ona adi bir insan kimi bəşəri kriterilərlə qiymət vermək qətiyyən doğru deyildir. Çünki O, yer üzünə yenilik gətirmək və yeni dünyaların qapılarını açmaq üçün misilsiz ruh və misilsiz qabiliyyətlərlə göndərilmiş bir insandır.
- tarixində yaradılmışdır.