İnsanlıq

İnsan bütün davranışlarında nəfsini ölçü qəbul etməli və hər şeyi onunla nizamlamalıdır. Nəfsinə rəva bildiyi şeyləri başqaları üçün də istəməli, nəfsin xoşlamadığını başqalarının da xoşlamayacağını qətiyyən unutmamalıdır. Beləcə o, həm səhv davranışlardan, həm də başqalarını incitməkdən uzaq durar.

* * *

Sizə edilən yaxşılığın vicdanınızı yumşaltdığını və həmin şəxslərə qarşı sizdə sevgi oyandırdığını düşünərək başqalarının da sizi sevib, sizə hörmət edəcəkləri bir yolu kəşf edə bilərsiniz. “İnsan yaxşılığın köləsi”, yaxşılıq da şərə qarşı ən möhkəm bir sığınacaqdır.

* * *

İnsanın kamilliyi yamanlıq gördüyü şəxslər haqqında belə haqpərəstlikdən ayrılmayıb imkan daxilində onlara yaxşılıq etməsi ilə ortaya çıxar. Bəli, insan yamanlıq gördüyü şəxslərə qarşı belə xoş və insanlığa layiq davranmalıdır. Çünki yamanlıq heyvani bir davranış, yamanlığa yamanlıq böyük qüsur və nöqsan, yamanlığa yaxşılıq isə mərdlik və alicənablıqdır. (Atalar yaxşı deyib; Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir.)

* * *

Başqalarına faydalı olmağın həddi-hüdudu yoxdur. Yüksək mənəviyyatı olan bir şəxs başqaları üçün canını fəda etmək kimi humanizmin uca zirvəsinə yüksələ bilər. Belə bir mərdliyin insana fəzilət qazandırması isə həmin insanın səmimiyyət, təmiz niyyət, irq təəssübündən uzaq olmasına bağlıdır.

* * *

Bir şəxsin mürüvvət və insanlığı dost-tanışa qarşı yaxınlığı və bu yaxınlığın davamlılığı ilə əlaqəlidir. Onlara yaxınlıq göstərmədən mürüvvətdən dəm vurmaq mücərrəd bir iddiadır. Onlara etdiyimiz yaxşılıqları onların bizə etdiyi yaxşlıqlara bağlamaq və əvəzini görməyəndə tez-tez onları cəzalandırmaq da cahilliyin və nadanlığın ifadəsidir.

* * *

Bir insanın digər insanlara qarşı ən böyük alicənablığından biri də onların nöqsan və davranışlarına göz yummasıdır. İnsanların eyiblərini axtarmaq bir ədəbsizlik, bunları ətrafda danışmaq əfvedilməz nöqsan, onların qüsurlarını üzünə vurmaq isə insanları bir-birinə bağlayıb vəhdət meydana gətirən dostluq zəncirinə vurulmuş bir zərbədir. İncidilmiş qəlblər isə əsla yenidən birləşərək vəhdət əmələ gətirməzlər.

* * *

İnsanlara etdikləri ən böyük köməyi əhəmiyyətsiz, onlardan gördükləri ən kiçik yaxşılıqları böyük görüb təqdir edənlər İlahi əxlaqa yüksəlmiş və vicdanı rahat kamil insanlardır. Belə insanlar nə yaxşılıqlarını başa vurar, nə də gördükləri laqeydlikdən şikayət edərlər.

* * *

Mərifətdən aşağı enməzlər, yuxarı-Həqiqətə üz tutarlar.

Sızıntı Oktyabr 1982 cild 4. sayı 45

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.