Kainatda Görünən Ümumi Hikmət

Kainatda hər şeyi əhatə edən bir hikmət müsahidə olunur. Belə ki, ondakı hər şeydə bir fayda, məsləhət və qayə nəzərə alınmışdır. Materialistlər məqsəd və nəticə adlanan hikməti inkar etməklə Cənabi-Haqqın yaratmasının mümkün olmadığını iddia edirlər. Halbuki, O, ”buna görə onu“ etməyə məcbur deyildir.

“Ona bir kimsə cəbrilə bir iş gördürə bilməz, əsla,
Nə kim murad eylər, vücuda ol gəlir, billah!”

Yəni, nəyi istəsə, o da olar.

“Aləmlərin Rəbbi Allah istəmədikcə siz bir şey istəyə bilməzsiniz” (“İnsan”, 76/30) və insan Onun dilədiyindən başqasını da diləyə bilməz. Çünki O, mütləq hakimdir, lakin yaratdığı hər şeydə də bir hikmət gizlətmişdir.

İnsan bir anlığa özünə nəzər salsa, o dəqiqə özündə olan bir sıra hikmət və mənaların ona təbəssüm edərək üzə çıxmasını görəcəkdir. İnsanı bir bütov kimi təşkil edən ünsürlər əgər tək-tək götürülsə, o zaman görəcəyik ki, ondakı bir atom da lüzumsuz və əbəs deyildir.

Nəhəng bir insan olan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün bu mövcudatda milçək qanadı qədər də olsun mənasız bir şey tapmaq mümkün deyildir. Bizə faydasız kimi görünən, qımıldanmadan dayanan ağac yarpağında belə bizə məlum olmayan o qədər faydalar gizlənmişdir ki! Halbuki, bunları bu cür yaratmağa Cənabi-Haqq məcbur deyildir, ancaq Onun Hakim ismi bunu gərəkli edir.

Bəli, makro aləmdən normo aləmə, oradan da mikro aləmədək bütövlükdə aləmləri əhatə edən bir hikmət və məsləhət müşahidə edilir. Bütün bu aləmlər içərisində ən möhtərəm varlıq, yaradılanlar içərisində ən seçkin ləyaqətə sahib olan insandır. O, bu dünyada maddəyə və cəsədə aid yönü ilə minlərlə hikmətlə şərəfləndirilmiş yeganə varlıq ola-ola, dünyaya yalnız üç-bes günlüyünə gələn və daha dirilməyəcək şəkildə ölümə məhkum edilən bir zavallı ola bilməz.

Bu dünya maddi baxımdan da insanı təmin etmədiyi, bütün istəklərinə cavab verə bilmədiyi halda, onun xəyal və əbədiyyət arzusu kimi kainatı saracaq istedad və qabiliyyətlərinə cavab verəcəyi heç ağıla belə gətirilə bilməz. İnsanda heç bir duyğunun boş və əbəs yerə yaradılmadığını bəri başdan qəbul etdiyimizdən, bunu da qəbul etməliyik: insan sonsuz, əbədi var olmaq kimi duyğu və arzularına bu dünyada çata bilmirsə, o zaman hansısa hikmətə görə ona verilən bu duyğu və arzularının həyata keçməsini heç şübhəsiz, bir başqa aləmdə görəcəkdir.

“Bizim sizi boş yerə, bir oyun və əyləncə olaraq yaratdığımızı və sizin bizə geri qaytarılıb gətirilməyəcəyinizimi sandınız?

Haqq padısah olan Allah, çox ucadır. Ondan başqa tanrı yoxdur. O, (bütün kainatı əhatə edən, kainatın həyat qaynağı olan) kərim Ərşin sahibidir.” (“Mö’minun”, 23/115,116)

Siz əbəs yerə yaradıldığınızımı zənn edirsiniz? Allaha döndürülməyəcəyinizimi düsünürsünüz? Ali və mübarək olan Allah belə bir işdən çox pak və muqəddəsdir. Sizi buraya gətirməklə şərəfləndirən, maddi olan cəsədinizin bütün arzuladığını verən, Kainatda cərəyan edən hadisələrə görə ən kiçik varlığın ən kiçik arzusunu yerinə yetirən Allah (CC), əlbəttə sizin “əbədiyyət” kimi ən böyük arzunuzu da yerinə yetirəcək və sizin üçün əbədi bir aləm açacaqdır.

Nəbilər Nəbisi səadət məskəni olan məscidində oturumuşdu. Məscidə bir qrup əsir gətirdilər. Bu zaman Allah Rəsulu (səs) bir qadının yana-yaxıla nəsə axtardığını gördü. Qadın tapdığı hər körpə uşağı bağrına basır, qoxulayır, sonra yerinə qoyurdu. Sonra öz körpəsini tapdı, bağrına basdı. Doymaq bilmədən onu öpür, qoxulayır, təzədən bağrına basırdı.

Allah Rəsulu (səs) bu mənzərə qarşısında dayana bilmədi, gözləri doldu. Hıçqıra-hıçqıra ağlayaraq barmağı ilə yanındakılara qadını göstərərək:

- O qadini görürsünüzmü?-deyə soruşdu.

Səhabələr cavab verdilər:

- Bəli, Ya Rəsulallah!

Allah Rəsulu (səs) yenə üzünü onlara tutub:

- O qadın qucağındakı körpəsini cəhənnəmə atarmı?-deyə yenə sual verdi.

Səhabələr:

- Xeyir, ya Rəsulallah! - cavabını verdilər.

Bu cavabı eşidən iki Cahan Sərvəri hikmət dolu bu sözlərini dedi:

- Allah o qadından daha şəfqətlidir, qullarını cəhənnəmə atmaz.44

Mənim bu misalda izah etmək istədiyim əsas xüsusiyyət bundan ibarətdir: qulunu cəhənnəmə atmayan və bu qədər şəfqətli olan Allah, buradakı ədalət, rəhmaniyyət, rəhimiyyət, şəfqət və rə’fətininin45 əksinə gedərək bir qulunu bir daha dirilməmək üzrə yoxluğa atarmı? Bəli, yoxluqla müqayisədə əbədi Cəhənnəm belə insanın ruhunda cənnət qədər dəyər kəsb edir. Yoxluq cəhənnəmə də rəhmət oxutduracaq və insanın əbədiyyət istəyən ruhunu fəryad etdirəcək, tərifi mümkün olmayan dəhşətli bir əzabdır.

Dünyadakı hər qiymətli şey üçün onu ölçə biləcək bir mizan və ölçü yaradılmışdır. Ancaq ağıl, ruh, hiss, beyin və bunların nəticələri üçün hər hansı bir ölçü yoxdur. Ağılın səmərəsini ölçə biləcək bir ölçüyə malik deyilik. Halbuki, yediyimiz, içdiyimiz qidaları ölçə biləcək mizanlar vardır. Bunlar həm ölkədə və ya xaricdə valyuta məzənnəsinə görə müəyyən bir dəyər ifadə edirlər. İdxalat, ixracat bu dəyərlərə görə həyata keçirilir. Biz bir torpaq parçasını da bunlar kimi ölçüb qiymətləndirə bilərik.

Lakin böyük bir qavrayışı, müqayisə qabiliyyəti və zəkanı ölçüb qiymətləndirə bləcəyimiz elə bir mizan və ölçü yoxdur. Məsələn, Şekspir və Hüqo kimi çox məhsuldar beyinə sahib şəxsiyyətlər işlətdikləri başlarının səmərəsini bu dünyada almamışlar. Bu, məsələnin səthi tərəfidir.

Digər tərəfdən də məsələyə ciddi planda yanaşıb ağlımıza bir peyğəmbərin iti zehinli olmasını gətirək. Məsələn, Peyğəmbərimizin ağlının, sonsuz qəlb və hisslərinin səmərələrini düşünək. Bir də, bütün nəbilərin bu kimi qəlbi duyğularını bir yerə toplasaq və nəzərə alsaq ki, bunlar üçün heç bir mizan və tərəzi yaradılmamışdır, o zaman düşüncə və təfəkkürlərimiz bizi bu nəticəyə gətirəcəkdir: bu duyğuların çəkilib ölçüləcəyi bir mizan və tərəzi olmalıdır. Əgər bu dünyada yoxdursa, demək mütləq başqa bir aləmdə olacaqdir.

“Qiyamət günü üçün ədalət tərəziləri qurarıq. Heç kəsə bir haqsızlıq edilməz. (İnsanin gördüyü iş) bir xardal dənəsi ağırlığı qədər da olsa, onu gətirərik. Hesab görən olaraq biz kafiyik.” (“Ənbiya”, 21/47)

Ayədən də göründüyü kimi bu dünyada, insanın ledünniyatını46 ölçəcək bir mizan yoxdur. Biz hər daxili dərinləşmədə inkişaf edən bir duyğunun səmərəsini ölçə bilmirik. İnsanın gizli, sirr kimi duyğularını, eyni zamanda ona dünyadan və dünyadakı hər şeydən üz çevirtdirən və onu Cənabi-Baridən47 başqa heç kimə və heç nəyə razı olmayacaq səviyyəyə gətirən bu qədər ülvi duyğuları ölçə biləcək bir cihaz tanımırıq. Hətta, dəfələrlə bu duyğularla doymuş insanlar da bunların mahiyyətini bilmirlər. Elə isə bütün bu ülvi duyğuları da ölçəcək bir mizanın qurulacağı Axirət adlanan gün olacaq və bu duygular orada bircə tük ağırlığında da olsa çəkiləcəkdir. Çünki insanın xarici varlığı üçün bir ölçü yaradılmışdır. Ancaq onun xaricindən daha parlaq və daha çox ülvi olan ledünniyati üçün heç bir mizan, ölçü gözə dəymir. Bu ölçü içində yasadığı dünyada görünmədiyindən, demək axirətdə qarşısına qoyulacaqdır.

“And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə pıçıldadığını bilirik, (çünki) Biz ona şah damarından daha yaxınıq.” (“Kaf”, 50/16)

İnsanı Biz yaratdıq, içində nə cür vəsvəsələrin oynaşib qaynaşdığını bilirik. Və məsələni tərsinə götürək: “İnsanı Biz yaratdıq və içində nə kimi ülvi duyğularin oynaşıb qaynaşdığını da bilirik.”

Allah, içindən pis şeyler keçirib dayazlaşan, cılızlaşan və yaramazlaşıb qəlbsiz yaşayan bir insanı o biri dünyada qupquru bir odun kimi həşr edəcəkdir. Əksinə, əyni-başı köhnə, zahirən çox sönük, lakin hər qətrəsində ümmanlar dalğalanan çox nəhəng insanlar vardır ki, onların da daxili aləminə Allah (CC) vaqifdir, nəzarətçidir. Allah Onları da hesaba çəkəcək, daxili aləmlərinin dərinliyinə görə mizan yaradacaq və ona görə mükafatlandıracaqdır.

Həşr üçün heç bir səbəb olmasa belə, əhsəni-təqvim sirrinə layig görülmüş insan kimi bir varlığın ö biri aləmdə əməllərinin ölçülə bilməsi və həqiqi qiymətini ala bilməsi üçün mütləq bir məhşərə və bir Böyük Məhkəməyə ehtiyc vardır. Cənabi-Haqqı əsasən heç bir lüzum, heç bir vücub48 bağlamaz. Ancaq məsələyə Onun Hakim ismindən baxsaq, bu dünyada lütf etdiklərinin dəlilləri bizi nəticədə məhşərin qurulacağı həqiqətinə gətirib çıxırar.

Cənabi-Haqqın qayəyə və məqsədə uyğun möhtəşəm bir səltənəti vardir. Bu səltənət atomlar aləmindən başlar və ən böyük sistemlərə qədər davam edib gedər. Belə bir səltənətin dəlili, Onun sikkə və möhürünün bütün aləmlərdə görünməsidir. Mikro, normo və makro aləmin hər yerdə Onun damğası görünür. Bu səltənət elə möhtəşəmdir ki, ən kiçiyindən ən böyüyünədək heç bir dairədə başqasının müdaxilə etməsini qəbul etməz.

O, bir mizan yaratmışdır. Varlığını bildiyimiz, lakin həqiqətini anlaya bilmədiyimiz bu qanunla O, öz işini davam etdirir. Əsasən adları bizim tərəfimizdən qoyulan qanunlar, meydana gələn hadisələri izah üçün səbəb deyildirlər. Məsələn, cisimlər arasındakı müvazinəti cazibə-dəf etmə adlanan itələmə və çəkmə qüvvətləri ilə izah etmək, baş verən hadisəni əsl mahiyyət etibarı ilə izah üçün kafi deyildir. Ancaq məsələnin daha da dərinliklərinə bizim müdaxilə etmək imkanımız olmadığından bu qədərlə kifayətlənməyə məcburuq. Bu mövzuda bizi aldadan cəhət o prinsipin hər yerdə dogru olmasıdır. Halbuki, bu prinsipin doğruluğu, sadəcə o prinsipi yaradanın güc və qüvvətini izah edər, yoxsa, məsələni izah etməz. Elm bizə hadisələri izah edir, ”nə üçün“ və ”nəyə görə“sini izah etmir. Ancaq məsələnin ”nə üçün“ və ”nəyə görə“sini izah edə bilməsə də, hər şeydə bir hikmətin varlığı açıq-aşkardır. Bu hikmətə görə olmuş, olan və olacaq hər şey bir qayə və hikmətə görə əmələ gəlir.

Əbədiyətə uzanmış əməllərin sahibi olan, əbədiyyətdən və əbədi Zatdan başqa heç bir şeylə kifayətlənməyən, “Əbəd! Əbəd!” deyə fəryad edən, cənnət və Camalullahı49 arzulamaqdan doymayan insanın yaradılışında da bir qayə və hikmət vardır. Aydın ruhlar beləcə bu qayə və hikməti vicdanlarının ən dərin nöqtələrində belə hiss edə bilərlər.

Həz. Əbu Bəkirin (r.a.) İslamı qəbul etməsini təsvir edən müxtəlif rəvayətlər vardır. Bunların arasında səhihlik etibarı ilə ən qüvvətli olanlardan biri də budur:

Allah Rəsuluna (səs), gizlilikdən aşkara çıxıb xalqı xəbərdar etmək əmri gələndə İki Cahan Sərvəri öz-öznə düşündü: “Mən bu həqiqəti ilk dəfə kimə başa salım?” O anda ağlına gələn ilk ad Həz. Əbu Bəkir (r.a.) oldu. Allah Rəsulu (səs) bu düşüncələrə daldığı zaman Həz. Əbu Bəkir (r.a.) də evdə düşünürdü: ”Məni və bu kainatı yaradan birisinin var olduğunu bilirəm. Lakin Ona nə ad verim, bilmirəm. Bu məsələni gedib Məhəmmədə (səs) açım. Çünki O, bu cür məsələləri hər kəsdən daha yaxşı bilir.“

Allah Rəsulu (səs) və Həz. Əbu Bəkir (r.a.) bir-birlərindən xəbərsiz, birisi Haqqı təlim, digəri isə Rəbbin mahiyyətini öyrənmək fikri ilə biri o birinin evinə getmək üçün evdən çıxırlar. Hər ikisi küçədə üz-üzə gəlirlər. Bu vaxtsız qarşılaşma ikisini də heyrətə salır. Gecənin bu vaxtında evdən nə üçün çıxdıqlarının səbəbini bir-birlərindən soruşurlar. Səbəbləri bir-birinə deyəndə Allah Rəsulu (səs) çox sevinərək Həz. Əbu Bəkiri (r.a.) haqq dinə dəvət edir. O da dərhal İslamı qəbul edib müsəlman olur.50

Böyük ağıl və bəsirət sahibləri, əşya və hadisələrə nüfuz etməklə, Cənabi-Haqqi tapma, tanıma barəsində bir hökmə vara bilərlər. Eləcə də həz. Əbu Bəkir (r.a.) doğrunu kiçicik bir kəsirlə tapmış, o kəsiri də Allah Rəsulu (svs) tamamlayaraq onu həqiqətə yönəltmişdir.

Əşya və hadisələri tədqiq edən hər kəs bütün bunların üzərində Cənabi-Haqqın möhürünü görəcək, afaqi51 və enfüsi52 təfəkkür nəticəsində bu hökmə varacaqdir: “Məni dünyada özbaşıma buraxmayan, əlbəttə qəbrə girdikdən sonra da özbaşıma buraxmayacaqdır. Bahar mövsümündə necə həşr edirsə, ikinci bir həyatla mənim çəyirdək halına gəlmiş zərrələrimi də yenidən dirildəcək və bir Məhkəmeyi-Kübra53 açacaqdır.”


45. Rə’fət - mərhəmət, acımaq.

46. Ledüniyyat -Allahu-Təala həzrətləri tərəfindən xüsusi vəch üzrə batinən ehsan edilənlər.

47. Bari - Allahu-Təala həzrətlərinin isimlərindən biridir. Əza və orqanları bir-birinə mütənasib, kainatdakı ümumi nizama və qayələrə köməkçi və mütənasib olaraq yaradan.

48. Vücub - vacib və lazım olmaq.

49. Camalullah - Allahın camalı. Həqiqi gözəllik. Həqiqi, Mütləq gözəllik Allaha aiddir və mö’minlər Cənnətdə Allahı Camal sifəti ilə görəcəklər.

50. Əl-Bidayə vən Nihayə, c.3, s. 27. Beyrut, 1966; “Həyatu’s- Səhabə”, c.1, s. 83, Beyrut, 1968.

51. Afaqi -kainata və ondakı dəlillərə, səbəblərə, qanunlara dair; bizdən xaricdəki aləmə dair; qiymətsiz sözlər və məsələlər (enfusinin ziddi), obyektiv.

52. Enfusi -bir şəxsə aid görüş və düşüncə; subyektiv.

53. Kübra - böyük. Məhkəmeyi-Kübra - Böyük Məhkəmə, Məhşər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.