Sonsuz Qüdrətin Axirətə Dəlil Olmasi

Cənabi-Haqq, dodaqlara təbəssüm qonduracaq və ya qorxudan dodaqları partladacaq hər iki mənzərənin baş verəcəyi Məhşərin qurulacağını “Qur’an”ında vəd və vəid61 edir. Bu ifadələr bir tərəfdən müjdə, digər tərəfdən isə hədələmə mənasını dasıyır.

O, söz verir. Verdiyi sözü yerinə yetirməyə qadirdir. Sözündən dönmək isə Onun keyfiyyətsiz keyfiyyətinə əsla yaraşmaz. Zira O, xülfu’l-vəd62 kimi bir nöqsandan pakdır, təmizdir.

Bütün Kainatda əşya və hadisələrin içində və ya xaricində, hər yerdə Cənabi-Haqqın möhtəşəm qüdrətini müşahidə edirik.

Atomlar aləmindən qalaktikalar aləminə qədər hər yerdə çox sıx bir riyazi əlaqənin varlığı ilə üz-üzə gəlirik. Məsələn, bir atomu götürək və onun nüvəsinin ətrafinda dövr edən elektronlardan tutmuş ona bərabər daxili ağırlığı təşkil edən və bu ağırlıq içində əsas təcrid prosesini aparan neytron və protonların hamısını tədqiq edək. Nəticədə atomda çox ciddi bir riyaziyyatın hökm sürdüyünü görəcəyik. Atomlar yarımmüstəqil varlıqlar olduqları halda bir araya gəlib yeni birləşmələr kimi təşkil olunur və bununla da molekulları əmələ gətirirlər.

Cazibə sahəsi və radiasiya vəziyyəti ilə günəş sistemini araşdırsaq, günəşin peykləri (planetlər) ilə günəş arasında çox sıx əlaqənin varlığını görəcəyik. Bu rabitə özünü o qədər canlı hiss etdirir ki, günəşə xas hadisələrin yer fizikasına çox güclü təsir göstərdiyini müsahidə edirik. Bu təsir, cazibə sahəsi və radiasiya vəziyyəti ilə düz mütənasibdir.

Forsed belə deyir: “Bir hüceyrənin digər hüceyrələrlə münasibəti kimi, makro aləmdə də münasibət vardir.”

İstənilən bir hüceyrə öz davranışı ilə yarımmüstəqil dövləti xatırladır. Ondakı əmretmə-komanda vermə ünsürlərinin hamısı müstəqil olmaqla öz quruluşlarını qoruyub saxlamağa çalışırlar. Onlar ehtiyaclarını müəyyən bir mərkəzə bildirir, o mərkəz də, bunu bir mərtəbə yuxarıdakı mərkəzə xəbər verərək vəziyyəti ”izah edir“ və bundan əvvəlki müraciətləri ilə tələb etdikləri ehtiyac siyahısına görə ruziləri qapılarına qədər gəlir. Hər hüceyrə sərf etmək işində müstəqildir. Bu hüceyrə adlanan dövlətciklər yan-yana gəlib bir növ federativ dövlət təşkil edirlər.

Əşya arasında mövcud olan bu rabitə möhtəşəm bir şüurun əsəri olduğunu göstərir. Bu əsas məsələni bilməyənlərin söylədikləri hər şey şaşqınlıqdan o tərəfə getmir, onlar bu şüuru tabiətdə axtardıqları üçün qarşılaşdıqları hadisədən çaşqınlıqlarını etiraf etməkdən başqa çarələri qalmır. Biz isə ”Sübhanə mən-təhəyyərə-fii sunihi’l-uquul“ deyir və heyrətimizi belə ifadə edirik: ”Bəli, qüdrətin göstərdiyi əsərlər qarşısında ağılların heyrətdən donub qaldığı O Zat acizlikdən və qüsurdan pak və təmizdir.”

Orqanizmi təşkil edən milyonlarla hüceyrənin hər biri, sanki bir Platon beyni daşıyır və dünyanı idarə edə biləcək bir düşünmə istedadına malikdir. Orqanizmin qorunması, sağlam yaşaması və gigiyena qaydaları daxilində hökm sürməsi üçün sanki hamısı baş-başa vermiş və bir-birləri ilə razılaşmışlar. Onların bu vəziyyəti bütün bunlara hökm edən bir Hakim Qüdrətin varlığını göstərmirmi?

Mikroaləm adlanan zərrələrin oynaşdığı, qaynaşdığı aləmdə də bu belədir, makroaləm adlanan qalaktikaların və ulduzların cövlan etdiyi aləmdə də vəziyyət eynidir. Elektromaqnit dalğaları, radiasiyalar bir-birləri ilə olduqca şüurlu şəkildə alış-veriş edirlər. Əgər bu cür şüurlu alış-veriş olmasa, bir ürək kimi çırpınan və genişlənərək harayasa istiqamət alıb gedən bir qalaktikanın öz həyatını davam etdirməsi mümkün olmaz.

Göründüyü kimi, böyük bir güc və qüdrətlə üz-üzə dayanmışıq. Bütün varlıqlar arasında şüurlu bir müdaxilənin varlığını hayqıran çox sıx bir əlaqə vardır.

O zaman gəlin, düşünək: ən kiçik aləmdən ən böyük aləmə qədər, bu şüurlu rabitəni, inzibatçılığı və hakimiyyəti təsis edən bu zavallı, kör, kar, iqtidarsız və şüursuz zərrələrdirmi, yoxsa kamal sifəti ilə üzə çıxan, nöqsan sifətdən uzaq olan Cənabi-Haqqdırmı? Əlbəttə, Odur və Onun qüdrəti sonsuzdur...

Bələliklə, belə bir sonsuz qüdrət sahibi olan Cənabi-Haqq bir kitab kimi yaratdığı bu kainatı bir gün örtəcəyini, bir başqa gün yenidən açacağını vəd edir. İndi ki, söyləyən Odur və bu mövzunun ixtisas sahibi olan nəbilər, sadiqlər və vəlilər hamısı buna şahidlik edirlər, demək mütləq olacaqdır. O halda, həşrin meydana gələcəyinə mümkün olacaq yox,  mütləq olacaq nəzəri ilə baxılmalıdır.

“O gün Sur çalınar, bölük-bölük gələrsiniz. Göy açılmış, qapı-qapı olmuşdur.” (“Nəbə”, 78/18, 19)

Çiyinlərinə yüklənən böyük əmanət barəsimdə onlara veriləcək suallara cavab vermək, istintaqa tabe tutulmaq üzrə, insanlar və cinlərlə bərabər, mələklər də məhşəri saracaqlar. “Qur’ani-Kərim”in müxtəlif ayələri diqqətimizi bu məsələyə yönəldir.


61. Vəid -Yaxşı əməllərə sövq etmək və ya pis əməllərdən çəkindirmək üçün irəlidə qarşılaşacağı pis aqibəti xəbər verərək qorxutmaq. Cəhənnəm haqqında xəbər vermək.

62. Xülfu’l-vəd - verdiyi vədə xilaf çıxan.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.