Allah Rəsulunu yuxuda görmək

Allah Rəsulunu yuxuda görmək

Sual: Allah Rəsulunu yuxuda görənlər səhabə sayılır?

Cavab: Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi yuxuda görmək, şübhəsiz ki, bir xeyir və bərəkət əlamətidir. Uşaqlıqda üzü qibləyə yatar, “Nə olar ya Rəsulallah, Səni yuxumda görmək istəyirəm!” deyə inilti və şövqlə dua edərdim. Görəsən, eyni şövqü indi də vicdanımda hiss edirəm? Hiss etmirəmsə, demək, qəlbim qaralıb. Cənabi-Allah qəlbi qəsvətdən qorusun!

Peyğəmbərimizi görmək çox mühim məsələdir. Rəsuli-Əkrəm bir hədisində “Məni yuxuda görən həqiqətən görmüş sayılır” buyurur. Bəzi alimlər bu hədisi “Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) burada (dünyada) görən orada (axirətdə) da görər və şəfaətinə nail olar. Kövsər bulağının başında Onun əlindən kövsər içər” şəklində şərh etmişlər. Bəziləri də hədisi “Peyğəmbərimizi yuxuda görən həqiqətən görmüş sayılır” mənasında izah ediblər. Çünki Allah Rəsulu hədisin sonunda: “Şeytan mənim surətimə girə bilməz”, − buyurur.[1]

Bundan əlavə, hədisi fərqli şəkildə şərh edən üləma da var. Şərhlərdən biri bu şəkildədir: Peyğəmbərimiz hər adama fərqli surətdə görünür. Hətta bir adam Peyğəmbərimizi yuxusunda bir neçə dəfə, hər dəfə də əhval-ruhiyyəsindən asılı olaraq fərqli surətlərdə görə bilər. Məsələn, bir dəfə Onu iri gözlü, qövsvari burunlu, geniş alınlı, qara saçlı görə, başqa bir vaxt da saçına dən düşmüş halda görə bilər. Bu səbəbdən də “Hər Onu (yuxuda) görən (həqiqətən) görmüş sayılımır” deyənlər də var. İmam Rəbbani kimi alimlər: “Peyğəmbərimizi həqiqətən yuxuda görmək üçün əvvəla, Onu Rövzəyi-Tahirədə, ikincisi, şəmailinə müvafiq surətdə görmək şərtdir”[2], − demişlər.

Doğrudur, Rəsulullahın müəyyən surəti və şəmaili var. Allah Rəsulu orta boylu... iri sümüklü ... qalın barmaqlıdır... pəhləvanı xatırladır... kök deyil... sinəsi ilə qarnı eyni səviyyədədir... alnı xeyli genişdir... burnu xəfif qövsvaridir... çöhrəsi olduqca xoşagəlimlidir... dişləri inci kimidir və heç tökülməmişdir... dodaqları ləl-cövhər təki parlaqdır...[3] İmam Rəbbani yuxuda Onun məhz bu surətdə görənləri həqiqətən görmüş hesab edir. Ancaq alimlərin əksəriyyəti “Bir insan yuxuda gördüyü şəxsin Allah Rəsulu olduğuna inanırsa, demək, o, həqiqətən Peyğəmbərimizdir”[4] fikrindədir. Çünki Peyğəmbərimiz: “Şeytan mənim surətimə girə bilməz”, − deyə buyurmuşdur.

Allah Rəsulunun yuxularda fərqli surətlərdə görünməsi məsələsinə gəlincə, hər insan Onu ruh aynasına müvafiq şəkildə, bir qədər də hadisələrin təsiri altında qalaraq görür. Onu kimisi nəhəng, kimisi də qövsvari qəlb aynasında görür. Burada meyar, bir mənada ruhun aynasıdır. Kiminin qəlbi dumdurudur, şəffafdır, o da Allah Rəsulunu apaydın görür. Kiminin qəlbi də kir-pas içindədir. Bu kir-pas da görüntünü tutqunlaşdırır.

Suala qayıdaq, Peyğəmbərimizi yuxusunda görən deyil, Səadət əsrində dünya gözü ilə görən insan səhabə sayılır. Səhabə istilahının ən mötəbər tərifini İbn Həcər vermişdir: Səhabə Peyğəmbərimizi dünya gözü ilə görən, Onun hüzurunda olan, Onun söhbət məclisində az da olsa iştirak edən və müsəlman olaraq dünyadan köçən insana deyilir[5].

Peyğəmbərimizin dövründə yaşayan, müsəlman olduğu halda, Allah Rəsulunu görmədən şəhid olan bəzi insanlar var ki, səhabeyi-kiram onları sahəbə saymamışdır. Bu səbəbdən, səhabə olmaq üçün Allah Rəsulunu birbaşa görmək şərtdir.

Üstəlik, bir insan nəinki Allah Rəsulunu yuxuda, oyaq halda təməssülünü belə görsə, səhabə sayılmır. Məsələn, Hafiz Süyuti təməssülən yetmiş dəfədən çox Allah Rəsulu ilə görüşmüşdür[6]. Süyuti birbaşa Peyğəmbərimizlə görüşdüyünü və mükalimə etdiyini bildirmişdir ki, bu, yuxu deyil. Bu, ruhlar aləminə aid bir məsələ də deyil. Bəlkə də, həqiqəti-Əhmədiyyə ilə Süyutinin həqiqətinin qarşılaşmasıdır. Buna baxmayaraq, Hafiz Süyuti səhabə sayılmır. Süyuti kimi təməssülən Peyğəmbərimizi görənlərin sayı heç də az deyil.

Onlardan biri də Həllac Mənsurdur. Həllac bir müşahidəsini bu cür nəql edir: “Kürsüdə “Mənim şəfaətim ümmətimdən böyük günahları işləyənlərədir”[7] hədisini oxuyurdum. Ağlımdan belə bir fikir keçdi: “Ya Rəsulallah, niyə təkcə böyük günah işləyənlərə şəfaət edirsən? Niyə “Küfür edənlərə də şəfaət edərəm” demirsən?” Həmin anda Rəsuli-Əkrəm qarşımda təməssül etdi. Başımdakı sarığı açdı, boynuma doladı və: “Sən elə bilirsən, bu sözləri Mən deyirəm? Bu düşüncənin hesabını başınla ödə!” – dedi”.

Bəli, alimlərin fikrincə Həllacın edam edilməsinin səbəbi məhz bu hadisə olmuşdur. Peyğəmbərimizi bu surətdə təməssülən görənlərin sayı çoxdur. Şah Vəliyullah, İmam Qəzali və İmam Rəbbaninin kitablarında tez-tez bəhs açdıqları aləmi-misalda (misal aləmi) əşya rəmzlərlə görünür. Təməssülat də insan həqiqətinin rəmzlərlə görünməsidir.

Xülaseyi-kəlam, Peyğəmbərimizi yuxuda və ya təməssülən görən insan səhabə sayılmır. Səhabə olmaq üçün on dörd əsr əvvələ qayıtmaq və orada yaşamaq lazımdır. Ancaq səhabənin yolunu tutmaq olar, o da bu zəmanədə İslam dininə xidmət etmək şəklində yerinə yetirilir. Allah (cəllə cəlaluhu) nemətlərin şükrünü əda eləməyi, sələfi-salehinə də hörmət və vəfa göstərməyi bizlərə müvəffəq etsin.

[1] Buxari, “Elm”, 38. Müslim, “Yuxu”, 10.
[2] İmam Rəbbani, “əl-Məktubat”, I/112 (107-ci məktub).
[3] Bax: ət-Tirmizi, “əş-Şəmail”, səh. 32-35.
[4] Bax: Tirmizi, “Mənaqib”, VIII. İbn Əbi Şeybə, “əl-Müsənnəf”, VI/328.
[5] İbn Hacər, “əl-İsabə”, I/7.
[6] İbnül-Emad, “Şəzaratüz-zəhəb”, IV/54. Ən-Nəbhani, “Camiü-kəramatil-övliya”, II/156.
[7] Tirmizi, “Qiyamət”, XII. Əbu Davud, “Sünnə”, XXI. İbn Macə, “Zühd”, XXXVII.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.