İslamda "insan haqları" məsələsi
Sual: "İslamda insan haqları" barədə nə demək olar?
Cavab: İslam ümumbəşəri, cahanşümul bir dindir. Dolayısilə, İslamın "haqlar" məsələsinə verdiyi əhəmiyyət və bu mövzuya baxışı bütün varlıq aləmini əhatə edir. Bəli o, bütün "haqlar"ı qoruma altına almışdır. Belə ki, onun "haqlar" mövzusunda bu geniş, əhatəli çərçivəsinə insanlarla yanaşı, heyvanlar da daxil edilmiş, onlar da bundan faydalanmışlar.
Allah Rəsulunun (s.ə.s) həyatına nəzər yetirsək, bu mövzu ilə bağlı bir çox nümunə görmək mümkündür:
Allah Rəsulu ordusu ilə döyüşdən qayıdır. Yol üstə fasilə verirlər. Bir neçə səhabə quş yuvası görür və yuvadakı balaları əllərinə alırlar. Bu əsnada ana quşcığaz yuvasına dönür. Balalarını insanların əlində görüncə onların başları üstündə pərvaz etməyə başlayır. Allah Rəsulu bunu görüncə çox cəlallanır və dərhal balaları yuvaya qoymağı əmr edir (Ebu Davud, Edəb: 164).
Allah Rəsulunun (s.ə.s) yalnız bu rəvayətdəki həyəcanı belə İslamiyyətin, digər mövzularda olduğu kimi, "haqq" mövzusunda da hər şeyi əhatə edən bir sistem olduğunu isbat etmək üçün kifayətdir. Başqa bir sistemdə bu dərəcədə əngin, geniş "haqq" düşüncəsini görmək mümkün deyil.
Qurani-Kərim insan öldürməyi bütün insanlara qarşı cinayət sayır.. və “Maidə” surəsinin 52-ci ayəsində: “Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur," buyurur.
"Haqq" mövzusunda bu dərəcə həssaslığı başqa heç bir dində, hətta heç bir müasir hüquq sistemində görmək mümkün deyil. Bəli İslam, bu məsələyə çox həssas yanaşmış və bir insan öldürməyi bütün insanları öldürməyə bərabər tutmuşdur. Hərçənd Quran və Sünnədə adı keçməsə də, Tövratda bildirilən Hz. Adəmin oğulları Habil və Qabil haqqında nazil olan Quran ayəsi: "Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu," (“Maidə” surəsi, 5/30) buyurmaqla qardaşını öldürən ilk qatilin pis aqibətinə diqqət çəkir.
Qurani-Kərim başqa bir surədə haqsız yerə insan öldürənin əbədi olaraq cəhənnəmdə qalacağını vurğulayır və: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!" (“Nisa” surəsi, 4/93) deyir.
Bu fikrə əsasən ayədəki "xalidən" sözünə xüsusilə diqqət çəkmək istəyirəm. Çünki burada "əbədən" kəlməsi əlavə olunmadan yalnız "xalidən" ifadəsi istifadə olunmuşdur. Qurani-Kərimin başqa ayələrində "əbədi" mənasına "əbədən" kəlməsi də istifadə edilir. Buna baxmayaraq ayədə istifadə olunan "xalidən" sözünə istinadən İbni Abbas və ondan sonra gələn Təbiun imamlarından bəziləri Allahı inkar edənlər kimi, insanı öldürən qatillərin də əbədi əzaba haqq qazanacağını bildirmişlər ki, insan haqlarının qorunması baxımından bu çox vacibdir.. və İslamda "insan haqları sistemi" də bu əsaslara istinadən qurulmuşdur. Peyğəmbərimizin (s.ə.s) səhih hədisində buyurduği kimi, bir insan öz canı, ağlı, malı, nəsli və dini uğrunda ölərsə, şəhid olar. Məhz buna görə də bu müqəddəs dəyərlər uğrunda aparılan mübarizə cihad sayılmışdır. Dünyanın bütün hüquq sistemlərində bu beş əsas prinsip olaraq qəbul edilir və qorunur. Bu mövzu hüququmuzun əsasını təşkil edən üsul kitablarımızda da mövcuddur. Ən başlıca əsas dindir, onu mütləq qorumaq lazımdır. Ondan sonra da digər əsaslar gəlir ki, bunların hər biri qorumaqla mükəlləf olduğumuz həyati əhəmiyyətli əsaslardır.
İslamiyyət insan haqlarına bu təməl prinsiplər nöqteyi-nəzərindən yanaşır və hər fərdi onları mühafizə və müdafiə etməklə mükəlləf sayır. Belə bir dinə insan haqlarına laqeyd yanaşır demək mümkünsüzdür. Üstəlik yalnız İslam dini insanı Allahın xəlifəsi ünvanı ilə şərəfləndirmiş və ona bəxş edilən bu uca rütbə sayəsində əşyaya müdaxilə etmə icazə və imkanı verilmişdir. Həmçinin İslamda insan özünü və nəslini qoruma, əmək və təşəbbüs azadlığı ilə sərəfraz qılınmışdır. Belə ki, nə bu mövzu ilə bağlı başqa sistemlərin prinsipləri İslamdan üstün ola bilər, nə də məsələnin hər hansı bir mənfi cəhətini göstərmək mümkün deyildir. Bəli, insana gerçək haqq və dəyəri İslam vermiş və onun bütün haqlarını mühafizə edərk ona sahib çıxmışdır.
- tarixində yaradılmışdır.