Peyğəmbərimizi və sünnəsini anlamada müstəqim düşüncə

Sual: Son illərdə bəzi şəxslər “Peyğəmbərlərin vəzifəsi təbliğdir, yəni onlar Allahla bəndə arasında, haşa, poçtalyondan başqa bir şey deyillər” kimi sözlərlə Hz. Peyğəmbər (s.ə.s.) və sünnəsinə şübhə oyatmağa çalışırlar. Bu mövzuda müstəqim düşüncə nədir?

Əvvəla bunu bildirməliyəm ki, bu mövzu belə kiçik bir söhbət məclisində elmi kriteriyalarla izah ediləsi mövzu deyil. Simpozium və ya geniş bir konfransda müzakirə olunası bir mövzudur ona görə də hələlik sadəcə bir neçə başlıq verəcəyəm.

 

Üluhiyyət haqqında sapqın anlayışlar

Ən sapqın, ən azğın düşüncədən tut ta orta səviyyədə, ondan da həqiqətə ən yaxın olanına qədər müxtəlif düşüncələr ortaya atılmış və bu düşüncə müəllifləri şərait imkan verdiyi qədər fikirlərinə bəzək-düzək vurub yaymağa çalışmışlar. Hətta Allah (c.c.) haqqında nə qədər nalayiq fikir irəli sürmüş, üluhiyyət həqiqətini yöndəmsiz çərçivələr içərisində mütaliə edərək insanların ağılları bulandırmağa cəhd göstərmişlər. Əfsuslar olsun ki, bu kimi fəlsəfi düşüncələr vəhy mənşəli kitabların içinə belə girmişdir. Məsələn, Əhdi-ətiqdə – Tövratda Allah (c.c.) insan cildində Hz. İbrahimlə danışır, yeri gələndə onunla nəyisə müzakirə edir; Hz. İshaqla bir dağda insan şəklində görüşür, “Mən İshaqın, yəni İsrailin Rəbbiyəm,” deyir; həmçinin Hz. Yaqubla güləşir və güləşdə Hz. Yaqub, haşa, Allahı məğlub edir.

Eyni mənbədə: “Sizin ilahınız Yahova Rəbb çox həris, çox şıltaqdır...”, haşa, ifadəsi dəfələrlə təkrarlanır. Əslində bu kimi duyğuların bəşərə aid olması açıq-aydındır. Bu xüsusiyyətlər bizdə ola bilər, Allah (c.c.) buna bənzər zəflərdən münəzzəh və mübərradır.

Ona heç kim əbr ilə bir iş işlədəməz
Nə kim Kəndi murad edə, vücuda ol gəlir billah.
İbrahim Haqqı

وَاللّٰهُ يَفْعَلُ مَا يَشَاءُ “O istədiyini edər”. Yəni Allah heç nəyi eləmək məcburiyyətində deyil. Müəyyən bəşərə xas zəflər, bəşəri boşluqlar Ona istinad edilə bilməz. Gəl gör ki, insan oğlu bəzən məsum şəkildə bilməyərəkdən, bəzən qəsdən, ancaq öz düşüncəsinə uyğun Zati-Üluhiyyəti belə “Ərzi-əzəmdən endirərək” öz səviyyəsində mütaliə etmişdir.

Peyğəmbərlik mövzusunda sapqın anlayışlar

Eyni sapqın fikir və düşüncələr peyğəmbərlik haqqında da ortaya atıldı. Peyğəmbərlər sidq, əmanət, təbliğ, fətanət və fiziki qüsurlardan uzaq olduqları halda, onları doğruluğu naqis, əmanətdə xain, təbliğdə yalançı, ismətdə qeyri-məsum göstərən bir aləm sapqın fikir irəli sürüldü.

Bu kimi anlayışlar nöqteyi-nəzərindən baxanda yuxarıda sözügedən mənbəyə görə Davud silahdaşı Uriyanın həyat yoldaşını üryan görür, haşa, özünə hakim ola bilməyib zina edir. Sonra isə Uriyadan canını qurtarmaq üçün müharibədə onu ön cəbhəyə göndərərək ölümünə səbəb olur, daha sonra arvadı ilə evlənir. Və eyni düşüncə tərzi həm də Hz. Davuda (ə.s.) içki içirdir, Hz. Süleymanı (ə.s.) sehirbaza oxşadır. Belə iddia və anlayışları peyğəmbərlik həqiqəti ilə izah etmək mümkün deyildir. Bunlar elə dəhşətli günahlardır ki, onları heç sadə insanlar da işləməz. Dolayısilə, belə mənfur istinadlar insanı dəhşətə gətirir. 

Peyğəmbərimizin (s.ə.s.) dövründə də bəzi insanlar İnsanlığın İftixarının o pakizə zövcələrinə iftira atdılar. Gözünü açandan Allah Rəsulundan başqasını görməyən Hz. Aişə (ki iffətsizlik onun yanında Lut gölü qədər alçaqdır. Başı göy qübbəsindən yüksəkdir) anamız üçün, haşa, ... dedilər. Bu da sözügedən sapqın fikirlərin nə qədər tarazsız və ölçüsüz olduğunu göstərməsi baxımından olduqca ibrətvericidir. Təəssüflər olsun ki, bəzi sapqın məzhəblər sırf məzhəb təəssübkeşliyi və nifrəti ilə Hz.Əlini haqlı göstərmək üçün Hz.Aişəni gözdən salmağa çalışaraq bu məsələni kitablarına daxil etdilər və dini əsas kimi sonrakı nəsillərə təlim etdilər. Bununla İslamiyyətə, peyğəmbərlik həqiqətinə böyük zərər vurmaqla xəyanət etdilər.

Eyni zümrə bəzilərinin Hz.Məsihə, bəzilərinin də Hz.Üzeyrə, haşa, “Allahın oğlu” dediyi kimi, Hz.Əli haqqında da, haşa, “Allah girdi (hülul etdi)” dedilər. Elə əvvəllər də bəzi qədim dini şərh və anlayışlarda bir az sirli, müəmmalı göstərilən bu üstüörtülü hülul və ittihad anlayışının girmədiyi məbəd qalmadı. Bəziləri mövzunu yayındırmaq istəsə də, bu məsələnin mahiyyəti araşdırılanda bir məqam açıq-aşkar ortaya çıxır: Allahın, haşa, insanları bağışlamaq iqtidarı yoxdur, insanlarla münasibət qurmaqda acizdir, qısaca, passiv ilah kimi göstərilir. O ancaq bir şəxsdə hülul və biri ilə ittihad etdikdən sonra aktiv hala gələ bilər. Və bu şəkildə fəlsəfi passiv ilah anlayışı aktivləşir, insan bədəninə girən və ya insan şəklində zühur edən bu ilah özünü fəda edərək insanların günahlarını təmizləyir. Bəli, nəticədə nə riyazi mənada dərk edə biləcəyimiz, nə də üluhiyyət həqiqəti ilə izah edə biləcəyimiz bir inanc, bir doktrina ortaya çıxır.

Buna bənzər sapqın anlayış və düşüncələrin keçmişinə və mənbəyinə baxanda bu gün Peyğəmbərimiz (s.ə.s.) və sünnəsi haqqında deyilən nalayiq sözlərin sadəcə bu günə aid və yeni olmadığını görərik. Ümumiyyətlə, bu kimi sapqın düşüncəli insanlar hər zaman böyük şəxsiyyətləri tam dərk edə və öz çərçivələrində əhatə edə bilmədiklərinə görə onları öz səviyyə (!) və ya səviyyəsizliklərinə salmaq istəmişlər. Belə adamlar böyük insanlarda da özlərindəki kimi, eqoizm, şəhvət, kin, nifrət olduğunu, beləliklə, onların da yeri gələndə vədlərinə xilaf çıxdığını, xəyanət etdiklərini və ya edə biləcəklərini, ismətlərini qoruya bilmədiklərini iddia etmişlər.

Müsəlmanların yunan fəlsəfəsi ilə tanış olması

Peyğəmbərimiz haqqında buna bənzər fikirlər müsəlmanların neoplatonik düşüncə və yunan fəlsəfəsi ilə tanış olmasından sonra ortaya çıxdı, daha çox da Abbasi Məmun dövründə kitablar vasitəsilə İslamiyyətin elm və kültürünə daxil oldu. Quranın məxluq olub-olmaması mübahisəsi də bu düşüncə axını ilə İslam ilahiyyətinə daxil olan məsələlərdən biridir.

Sələfi-saleh dövründə Quranın məxluq olub-olmaması kimi mübahisələr yox idi. Onlar Qurana: “Allah onu bizə necə göndərdi və Peyğəmbərimiz necə öyrətdisə” elə inanır; nüzul keyfiyyəti, həmin ankı və hazırkı durumunun Allahın Kəlam sifəti ilə münasibəti, “kəlami-nəfsi, kəlami-ləfzi”[1] kimi mövzularda mübahisəyə girmədən ona “kəlamullah” deyib qəbul edirdilər. Elə ki bu mübahisə ortaya atıldı, o vaxt İmam Əbu Mənsur əl-Maturidi, Əbul Həsən əl-Əşari kimi mühəqqiqlər, güman ki, Həsən Bəsri, Səvri və Əbu Hənifə həzrətlərinin fikirlərinə istinadən Quranın nəfsi-kəlam olması baxımından Kəlam sifətinin bir yönünü təşkil etdiyini və bu aspektdən də “məxluq” adlandırılmasının qeyri-mümkünlüyünü, ancaq məxluqata baxan yönü ilə yazılmış şəklinə “məxluq” deyilməsinin mümkünlüyünü irəli sürüb məsələyə nöqtə qoymaq istədilər. Quranın bu həqiqəti uğrunda bir çox insan işgəncələrə məruz qaldı. Bunlar arasında böyük hədis alimi, “Müsnəd” kimi bir əsərin müəllifi və məzhəb imamı Əhməd b. Hanbəl də var idi. Bu insanlar məhz bu məsələyə görə ömürlərinin çox hissəsini zindanlarda keçirdi.

Bu mövzuda Abbasi zülmünə məruz qalanlardan biri də mötəzilə düşüncəsinə meyilli İbn Maindir. O başqa bir görüşə görə “Quran məxluqdur” deyib işgəncəyə məruz qalmaqdan qurtuldu. Əhməd bin Hənbəl bu xəbəri eşidəndə çox üzüldü və bunun böyük bir fitnəyə səbəb olacağından narahatlıq keçirdi. O, bu yanlış düşüncənin İbn Mainin rəyi ilə bəraət qazanıb geniş yayılmasından qorxurdu. Əhməd bin Hənbələ görə bu yolda yeri gəlsə candan da keçmək lazım idi...

O dövrdə buna bənzər düşüncələr daha çox fələsəfə ilə məşğul olan Mötəzilə təmayüllü şəxslər tərəfindən İslam aləminə gətirildi. Hətta fars şiəliyinin üsuli-xəmsəsi (beş əsası) də Mötəziləyə söykənir. Bəli, üsuli-xəmsəyə və Qazı Abdulcabbarın yazı və şərhlərinə baxanda, çox təəssüf ki, eyni mənzərə ilə qarşılaşırıq. Mühüm məsələ bu kimi əsərlərin müəlliflərinin kimliyi deyil, bütün bunların əsasında fəlsəfə və bəzi dinə bənzər düşüncə sistemlərinin dayanmasıdır. İbn Teymiyənin “Minhəcüs-Sünnə”də bildirdiyi kimi, İslamiyyətdə bilə sapqın düşüncə və anlayışların arxasında yunan fəlsəfəsi və təhrif olunmuş dinlər var.

Mötəzilənin hədis haqqında ortaya atdığı şübhələr və ümmətin cavabı

Yaxşı, Mötəzilə neylədi? Mötəzilə əvvəla hədis haqqında şübhələr ortaya atdı. Bu nöqteyi-nəzərdən bu gün hədisi inkar edib: “Hədislər ancaq hicri üçüncü əsrdə toplanıb yazıya alındı. Dolayısilə, hər şeyi olduğu kimi qoruyub saxlamaq mümkün olmadı,” deyənlər bununla heç də orijinal fikir irəli sürmüş olmurlar. Onlar bu fikirlərlə sadəcə “Neo-Mötəzilə” ünvanına layiqdirlər.

Əslində Mötəzilə bu fikirlərə rəvac verərkən və rəğbətlə qarşılanarkən görkəmli din alimləri hədisləri o qədər həssas elmi üsullarla təsbit edir, yazıya alırdılar ki, tarixdə bunun bənzərinə şahid olmaq qeyri-mümkündür. Hətta Ömər b. Abduləzizin əmri ilə İbn Şihab əz-Zührə rəsmi şəkildə hədis təsbiti tapşırılır və tədvin dövrü başlayır. Həmçinin Abdullah ibn Ömərin mövlası, İmam Malikin müəllimi, Leys ibn Sadın da şeyxi olan Nafi və şəxsən Leys ibn Sad da hədisləri təsbit edirdi. Onlardan əvvəl Əbu Hureyrənin tələbəsi Vəhb ibn Münəbbih də hədis toplayırdı. Muhamməd Hamidullah bəy bu şəxsin xüsusən Əbu Hureyrəyə istinadən təsbit etdiyi hədisləri toplamış və onları müqayisəli şəkildə şərh etmişdi.

Mustafa əl-Əzəmi də apardığı araşdırmalarla erkən dövrlərdə bilavasitə səhabə və tabiun tərəfindən hədislərin yazıldığını müəyyənləşdirmişdir. Onun araşdırlamalarına görə hicri birinci əsrdə tələbələrinə hədis yazdıran səhabələrin sayı əlliyə yaxın yaxın idi.

Hədisləri İslami iffət və isməti zirvədə təmsil edən böyük şəxsiyyətlər yazıya almış, təsbit etmiş və çox etibarlı kanallarla Buxari, Müslim və s. kimi bu sahənin dahi alimlərinə ötürülmüşdür. Onlar da həmin hədisləri bir daha mətn və sənəd kriteriyalarına əsasən süzgəcdən keçirmiş və “səhih” olanlara daha çox diqqət yetirməyə çalışmışlar.

Məsələn, İmam Buxari əli çatan bütün səhih hədisləri toplamağa çalışmış, bu hədislərdən ibarət əsərinə də “əl-Camius-Səhih” adını vermişdir. Buxaridən sonra gələn hədis alimləri Onun səhih hədislərlə bağlı qoyduğu kriteriyalara sadiq qalmaqla yanaşı, onun öz dövründə əldə edə bilmədiyi səhih hədislərdən ibarət isidraklar[2] yazmışlar. Bunların başında Şafi məzhəbinə bağlı əllamə[3] Darəkutni gəlir və onun bu sahədə yazdığı “Sünən” əsəri çox məşhurdur. Eyni sahədə digər məşhur bir əsər də Hakim ən-Neysaburinin “Müstədrək” əsəridir.

Xülasə, deyə bilərik ki, hədislər ta Peyğəbərimiz (s.ə.s.) dövründən təsbit edilirdi. Daha sonralar rəsmi olaraq tədvinə, yəni toplanılıb sistemləşdirilməsinə icazə verildi, hətta təşviq edildi və beləliklə, bir çox istedadlı şəxs bu sahəyə yönəldi. Düzdü, Peyğəmbərimiz (s.ə.s.) bir vaxtlar bəzi şəxslərə: “Məndən (eşitdiyiniz) Qurandan başqa bir şey yazmayın” demişdi, ancaq bu müəyyən bir dövr üçün keçərli idi. Buxarinin “Kitabul-elm” bölümündəki bir hədisi Allah Rəsulu (s.ə.s.) Əbu Şahın Vida Xütbəsini özü üçün yazdırmasına icazə verir, “Əbu Şah üçün yazın!” deyərək həmin dövrə son qoyur. Həmçinin Allah Rəsulunun Abdullah ibn Asa: “Yaz, bu ağızdan doğrudan başqa (heç nə) çıxmaz” buyurduğunu Buxari, Müslim və Əbu Davud qeyd edir. Mütəxəssislərin bildiyi və bizim də “Sonsuz Nur” adlı kitabımızın son bölümündə verməyə çalışdığımız kimi, səhabə (Allah onlardan razı olsun) Allah Rəsulunun hədislərini qorumuşdur, dolayısilə də bu ümmət digər ümmətlər kimi nəbəvi mirası hədər etmə fəlakəti ilə üzləşməmişdir.

Bundan əlavə bu gunə qədər sünnə haqqında istər müstəşriqlərin[4], istər bizimkilərin ortaya atdıqları şübhələrə cavab mahiyyətində bu günə qədər bir çox kitab qələmə alınmışdır. Sünnəyə qarşı istişraq (oriyentalizm) qaynaqlı bu axınlar ilk dəfə sistemli şəkildə Misirdə ortaya çıxdığına görə, oranın alimləri buna lazimi cavabı vermişdilər. Bu mövzuda ilk yazılan əsərlərdən biri mərhum Mustafa Sıbainin “əs-Sünnətü və məkanətüha fit-teşriil-İslami” adlı əsərdir. Arxasınca “Höciyyətüs-sünnə”, “əs-Sünnə qablət-tədvin” və s. kitablar yazılmışdır. Hətta “Əbu Hureyrə çox rəvayət edir” tənqidinə cavab olaraq “Raviyətül-İslam Ənu Hureyrə” adlı xüsusi bir əsər yazıldı. Ancaq hədis və sünnəyə etirazlar tarix boyu dəfələrlə tutarlı şəkildə cavablandırılsa da, yenə də yeni, orijinal bir şey kimi bu bayat məlumatları təkrar-təkrar ortaya atır və saf beyinləri bulandırılmağa çalışırlar. Bu gün Qərb mənbələrində olan bu köhnə etirazları yeni zənn edən bəzi qərbşünaslar onları kitablarına daxil etmiş və saf beyinləri bir daha fəsada sürükləmişlər. Halbuki bu etirazların bir qismi hələ İbn Kuteybə dövründə cavablandırılmış, qalanları da ortaya atıldığı dövrlərdə dərhal təkzib edilmişdir, yəni əsassız, boş iddialardan başqa bir şey deyildir.

İlk dövrlərdə hədislərin səhih olanı, zəyifi, tənaqüzlərin təlifi[5], mövzu[6] rəvayətlərin seçilməsi kimi ixtilaflı məsələlər haqqında cildlərlə kitablar yazılmış, hədis mövzusunda bütün problemləri həll etmişlər. Məsələn, böyük alim İmam Tahavi “Müşkilül-asar” və “Şərhu maanil-asar” adlı əsərlərini sırf bu mövzuya həsr etmişdir. Bu iri həcmli əsərlər hədislə bağlı qələmə alınmış neçə-neçə kitablardan sadəcə bir neçəsidir. Tahavi kimi böyük alimlərin hədis haqqında yazılarını oxumaq üçün bir insan ömrü bəs eləməz...

Yəhya bin Saidul-Qattan kimi, Buxari kimi neçə-neçə dahi mühəddislər Allah Rəsulunun bəşəriyyətə bəxş etdiyi hədisləri bir neçə dəfə təkrarlayıb: “Vallah bunun içində ilahilikdən başqa bir şey yoxdur” deyərdilər. Bu böyük şəxsiyyətlər bir yana, sonra gələnlər belə hədis adı altında rəvayət edilən, lakin hədis olmayan bir sözlə qarşılaşanda: “Bu peyğəmbər sözünə oxşamır” deyər və müxtəlif üsullarla bunu isbatlayardılar.

Allah Rəsulunun sözləri məlumdur və hədis mütəxəssisləri onları Qurandan sonra müvafiq yerinə oturtmuşlar. Elə oturtmuşlar ki, ondan üstün bəyan ancaq Quran olar.

Ümumi olaraq bütün bu mülahizələrə baxanda ortaya belə bir mənzərə çıxır. Hədislə bağlı iddiası olanlar əzbərə danışırlar. Çoxu bu mövzuda təməl əsərlərdən bixəbərdir. Bu əsərlərdə hansı kriteriyaların təbliğ edildiyini hədislərin necə süzgəclərdən keçirilərək toplanıldığını, bəşəriyyətin istifadəsinə təqdim edildiyini, istər sənəd, istər mətn olsun hər şeyin həssaslıqla ölçülüb-biçildiyini qətiyyən bilmirlər.

Peyğəmbər poçtalyon deyil

Hazırda bəzi müddəilərin bu qədər araşdırma, tədqiqat və fəaliyyəti görməzlikdən gələrək İnsanlığın İftixarını (s.ə.s.) ədəbsizcəsinə, haşa, “poçtalyon”a bənzətməsini insafınıza buraxıram. Allah belə peyğəmbərinə “poçtalyon” deyil, “rəsul” demişdir. Allah Quranda Ondan bəhs edərkən: “Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini رَسُولَهُ hidayət və haqq dinlə göndərən Odur” (“Fəth” surəsi, 48/28) kimi təzimkar bir üslub işlədir. Bəli, Allah Onu hidayət və Haqq dinlə təyid və təsdiq edərək göndərmişdir. Heç kəsə qismət olmayan bir vəzifə ilə sərəfraz etmişdir, təkrarolunmaz təmsil O Kamil Ruha nəsib olmuşdur və O, dövrün səviyyəsiz çaparlarının dediyi kimi qətiyyən “poçtalyon” deyildir... 

Hər “hidayət”in içinə nəsə qarışa bilər.. hər elçiliyə müəyyən qədər (peyğəmbərliyi deyil, xəbər aparan elçiləri nəzərdə tuturam) nəsə bulaşa bilər.. hər xəbərə xəbəri yayan elçinin kültürü, dünyagörüşü az-çox təsir edə bilər. Peyğəmbərlərin gətirdikləri isə məna aləminin saf, duru səsi-sədasıdir. Həmçinin Nəbinin yad bilik və məlumatlardan uzaq və təcrid olması (ümmilik) Onun ruhuna nəfh edilən məlumatları bizə olduğu kimi çatmasının sübutudur... Bəli, vəhy məhz bu qədər pak və durudur. Çünki Peyğəmbərin dimağında vəyhə qarışacaq heç nə yoxdu. Bu da peyğəmbərlərin özünəməxsus, müstəsna xüsusiyyətini göstərir.

 Belə ki, biz bütün bu üstün vəsflərinə baxmayaraq Peyğəmbərə “dahi” demirik. Peyğəmbərlik ağlı adlandıra biləcəyimiz bir məfhumu bu qədər hadisələrin içərisində Alladan nazil olan saf, duru vəhy və ilhamı dəyişmədən, əlavə və dəyişiklik etmədən əks etdirən “fətanəti-üzma” sahibi deyirik. Bəli, Allah Rəsulu (s.ə.s.) hər şeyi olduğu kimi əks etdirən bir insandır. Buna görə də nə risalətinə, nə də gətirdiyi hidayətə göndərənin muradına müxalif heç nə qarışmamışdır. Mövzumuzla bağlı yuxarda keçən ayənin arxasınca Allah-təala belə buyurur: “Allahın şahid olması kifayət edər!” (“Fəth” surəsi, 48/28)

Allah Rəsuluna sayğı

Belə bir insandan (o insandan ki, Allah-Təala onun risalətini ehtiramla yad edir, ismini peyğəmbərliklə yanaşı, vəhy gələn böyüklərin fövqündə anır)  adi insan kimi “Məhəmməd.. Mustafa” deyə bəhs edən olsa-olsa tərbiyəsizlər padşahı seçilər...

Bizə düşən tərbiyəli olmaqdır. Mən Ona “Ya, Rəsulullah” deməyi belə kifayət görmürəm. Çünki bu Allahın Ona xitabıdır. Bunu dərk edən İmam Rəbbani kimi şəxslər Onu hər dəfə təzimlə, sayğı ilə yad edər və insanları Ona ehtiramla anmağa təşviq edərdilər. Budur zər qədrini bilən bir zərgərin Onunla bağlı bəzi iafdələri: “Haqq belə dedi; Həqiqət isə deyir ki; Xatəmi-Divani-Nübüvvət Olan O Zat; O Şərəfi-Növü-İnsan və Fəridü-Kövnü-Zaman belə buyurur”...

Bəli, zər qədrini zərgər bilər. Sərraf qızılı əlinə alan kimi keyfiyyətini bilir. Məhz bunun kimi, Allah Rəsulunu anlamaq üçün də Onu Hz. Əbu Bəkirdən başlayıb Bədiüzzamana qədər uzanan qızıl silsilənin böyüklərindən soruşmaq lazımdır. Ehtimal ki onlar sizə مَا عَرَفْنَاكَ حَقَّ مَعْرِفَتِكَ “Səni layiqincə tanıya bilmədik” sözləri ilə cavab verəcək və buna aciz olduqlarını ifadə edəcəklər.

Onun təmsili təbliğin fövqündə idi

Bəli, O (s.ə.s.) sadəcə xəbəri gətirib təqdim edən insan deyildi. Haqdan xəbər alıb yayma Onun təbliğ yönüdür. Onun təbliğ yönü ilə yanaşı bir də təmsil yönü vardır. O bu yönü – təmsili etibarilə təbliğ etdiyi həqiqətləri hər kəsdən çox özü yerinə yetirərdi və bu həqiqətləri yaşayan bir insan olaraq Onun təmsili daim təbliğindən öndə olardı. Allah (c.c.) əgər Ondan daha qadir, Onun elədiklərini eləməyə daha layiq, Ondan daha kamil bir fitrət və bundan daha üstün fəaliyyət göstərən olsaydı, Onun əvəzində onu seçər, onu vəzifə­lən­di­rər­di...

Busiri Onun qədrini, qiymətini bu beytlərlə necə də gözəl ifadə edir:

فَإِنَّهُ شَمْسُ فَضْلٍ هُمْ كَوَاكِبُهَا
يُظْهِرْنَ اَنْوَارَهَا لِلنَّاسِ فِي الظُّلَمِ

(İnsanlığın İftixarı fəzilət günəşidir, onlar da ulduzlar. Ulduzlar işığı ancaq hər yanı zülmət bürüyəndə saçar.)

Yəni O elə bir fəzilət günəşidir ki, Onun digər peyğəmbərlərdən üstünlüyü günəşin öz ətrafında dövr edən peyklərdən üstünlüyü kimidir. Peyklər, ulduzlar günəş batanda görünməyə başlayır, günəş çıxan kimi də hamısı qaranlıqda gizlənir.

O Sultanı-ənbiyadır, yəni nəbilərin də sultanıdır. Hətta (tənqid edilsə də) Nəcib Fazilin ifadəsi ilə, O peyğəmbərlərin peyğəmbəridir. “Məhəbbət” mövzusunu izah edərkən “Hz. İbrahim (ə.s.) xarici çəmbər, Hz. Musa (ə.s.) isə o çəmbərin içidir” demişdim, lakin o çəmbərin tacı, ayın dövrəsindəki halənin əsas işıq mənbəyi kimi, alıb əks etdirən Qəməri-Münir[7] Hz. Məhəmməd Mustafadır (s.ə.s.).

O ən böyük və ən müqəddəs vəzifənin ən layiqli nümayəndəsi kimi peyğəmbərlik işığını almış və elə bir peyğəmbərlik nümayiş etdirmişdir ki, (buna təmsil deyilir) bu Ona قَابَ قَوْسَيْنِ اَوْ اَدْنٰي “((Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu” (“Nəcm” surəsi)) şərəfini bəxş etmişdir. Müfəssirlər bu məqama müxtəlif ünvanlar vermişlər, lakin Ustadın bu məsələyə heç bir təfsirdə görmədiyim yanaşma tərzi var. O, bu məqamı “imkan-vücub arasında bir nöqtə”[8] şəklində təsvir edir.

İmam Busiri isə bunu fərqli şəkildə təsvir edir: مُحَمَّدٌ بَشَرٌ وَلَيْسَ كَالْبَشَرِ “O (s.ə.s.) bəşər olmağına bəşərdi, amma hər bəşər kimi bəşər deyildi,” – deyir. Bəli, O da bir ana, bir atadan dünyaya gəlmişdi, ancaq bəşəri dəyərlərlə Onun həqiqi dəyərini ölçmək istəsəniz, Onun fövqəl adi, fövqəl təbii olduğunu görəcəksiniz. Hz. Məhəmməd Mustafa (s.ə.s.) bizə və bütün bəşəriyyətə şərəf gətirsin deyə insanlıq ağacının bir budağı, daha doğrusu, ən kamil, ən möhtəşəm meyvəsi kimi bizə rəhbər göndərilmişdir. Onun bəşəriliklə əlaqəsi yalnız bununla bağlıdır. O, cismaniyyətin fövqündə ərzli bir səmavidir.

Allah Rəsulu, sanki, Nəsiminin ifadə etdiyi kimi,

Məkanım laməkan oldu, bu cismim cümlə can oldu,
Nəzəri-Haqq ayan oldu, özüm məsti-liqa gördüm.

məkanın hər şeyi ilə bağlı olduğu halda, Ustadın “imkan-vücub arası” dediyi nöqtədə, Qazı İyazın “Şəfayi-Şərif”ində nəql etdiyi kimi, ayaqlarının boşluqda olduğunu hiss edər. Və oradaca təzərrö və niyazla: “Allahım, ayağımı hara basım?” – deyər. Ona “Sağ ayağını sol ayağının üstünə,” – buyurular. Deməli, Allahın (c.c.) xüsusi təvəccöh və inayəti ilə o nöqtədə daşıyan da Odur, daşınan da. 

Vəhy

O həmçinin vəhlə sərəfraz idi ki, biz bu üstün keyfiyyəti dərk etməkdə acizik. Bəli, əgər vəhy hər kəsə müyəssər olsaydı, dizini Allah Rəsulunun dizinə verib Onunla eyni ab-havanı bölüşənlər də alardılar. Halbuki O (s.ə.s.), vəhyi alır, yanındakıla isə bundan bixəbərdilər. Yanındakılar sadəcə Onun dediklərini yazıya ala bilirdilər. Deməli, O, hər kəsdən fərqli idi.

O, ən ağır - Onu himayə edən əmisi və çox sevdiyi zövcəsi Hz. Xədicə Anamız vəfat etdiyi, çox kədərləndiyi dövrdə həm fiziki, həm də ruhu ilə meraca məzhər olur, heç kəsə nəsib olmayan bir təşriflə şərəflənir. Bəzi hədis kitablarında keçdiyi kimi, Onun bədənindən cismaniyyətə aid bir parça kəsilib atılır və Onun mahiyyəti səmaları vücudu ilə pərvaz etməyə uyğun hala gətirilir.

Bütün bunlar bir “poçtalyon” ünvanı verib ötəri baxılacaq məsələlər deyil. Vəhy almaq sirrə bağlıdır. Bu elə bir sirdir ki, o səviyyəyə gəlməyincə sirr açılmaz.

Merac Allah Rəsulunun qulluğuna bəxş edilən ilahi ikram, ilahi hədiyyədir. Və Allahın varlığını sübut edən xariqüladə bir hadisə kimi Peyğəmbərimizin kəramətidir. Merac həmçinin Allah Rəsulunun dini mükəlləfiyyətlərlə birlikdə qayıdışı olduğu üçün nəticə etibarilə möcüzədir.

Deməli, Allah Rəsulu bədən və ruhu ilə heç kəsə nəsib olmayan bir xüsisiyyətlə, ikramla sərəfraz olur və üstəlik bu möcüzə sırf Onun qulluğuna ərmağan olaraq bəxş edilir. O qulluq üçün Ona açılan qapıdan içəri girərək Ondan gözləniləndən daha yüksək qulluq göstərir və özü özünü geridə qoyur.

Onun qulluğu olduğundan dərin ola bilməzdi. Ayaqları şişənə qədər ibadət etdiyini görən və: “Allah Sənin keçmiş və gələcək bütün günahlarını bağışlamadımı?” deyə soruşan Aişə anamıza: “Mən məni belə yaradan Rəbbimə çox şükür edən bəndə olmayımmı?” deyə cavab verir və Ona yaraşan mövqeyi ortaya qoyurdu. Busiri deyir:

ظَلَمْتُ سُنَّةَ مَنْ اَحْياَ الظَّلاَمَ اِلٰي
اَنْ اِشْتَكَتْ قَدَمَاهُ الضُرَّ مِنْ وَرَمِ

“Mən gecələri ayaqları şişənə qədər ibadət edən O Zatın sünnəsini tərk edərək ona zülm elədim”. 

De: “Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (“Ali İmran” surəsi, 3/31) ayəsində “Allaha tabe olun” buyurulmur. Çünki Allaha tabe olmaq xüsusilik tələb edir. Allah Rəsulu (s.ə.s.) yeri gəlsə həm Qurani-Kərimin kamil bir müfəssiri, həm də kamil şərhçisidir. Çünki Allah (c.c.) Ona vəhy edərkən ayələrin şərhini də bildirirdi. Səhabə ayələrin tam nəyə işarə etdiyini anlaya bilmədiyinə görə Ondan soruşurdular, O da ayələri izah edirdi. Quran elə şəkildədir ki, onu az-çox oxuyan üçdə ikisini başa düşə bilir, ancaq qalanı mütləq Allah Rəsulunun izahını tələb edir, O da bunu layiqincə yerinə yetirmişdir. Əgər belə bir yüksək səviyyəli izah olmasaydı, biz yanlışlarla güman ki, çaşqına dönərdik.

Böyüklük kriteriyaları və Hz. Məhəmməd (s.ə.s.)

Böyüklük üçün kim hansı kriteriyanı işlədir işlətsin, biz böyük olaraq ancaq Hz. Məhəmmədi (s.ə.s.) tanıyırıq. Karlil (Carlyle) “Qəhrəmanlar” adlı kitab yazdı və bu kitabda Ona “Qəhrəmanlar qəhrəmanı” adını verdi. Başqa bir yazıçı “Abkariyyat” (Dahilər) əsərini yazdı, Onu “Dahilər Dahisi” kimi təqdim etdi. Peyğəmbərə dahi, qəhrəman deyilərmi? Biz Peyğəmbərə nə dahi, nə də qəhrəman demərik. Peyğəmbərə bəzi xüsusi məsələlərin qəhrəmanı desək də, O, heç bir qəhrəman, heç bir dahi ilə müqayisə edilməyəcək qədər bəşəri meyarlardan yüksək, özünə xas üstünlüyə malik insandır; O, Peyğəmbərdir, O, Rəsuldur.

Bəli, bu mövzuda başqalarının kriteriyaları bizi maraqlandırmasa da, böyüklük üçün kim hansı kriteriya işlədir işlətsin, biz böyük olaraq ancaq Hz. Məhəmmədi (s.ə.s.) tanıyırıq. Madam ki belədir, Peyğəmbərimiz (s.ə.s.) haqqında nalayiq, ədəbsiz söz deyənlərə: فَأَيْنَ تَذْهَبُونَ “(Siz ondan üz döndərib) hara gedirsiniz?” deməli deyilikmi? Bəli, gəlin ağlımızı başımıza alıb ədəbli, sayğılı olaq.

Xülasə

Peyğəmbərimiz və peyğəmbərlik haqqında ortaya atılan bu ədəbsiz, nalayiq fikirlər daha əvvəl də dediyim kimi, cavablandırılmış, təkzib edilmiş fərziyyələrdir. Əslində buna bənzər fikirlərlə xalqın beynində şübhələr oyadanlara məhəl qoymadan, daha fərqli bir platformda bu mövzunun mütəxəssislərini toplayaraq sünnə, sünnənin şəriətdəki yeri və təsbiti (bilavasitə Peyğəmbərimizin dövründə qorunan, Ömər b. Abduləzizin dövründə rəsmi olaraq yazıya köçürülən) izah etməklə bu mövzuda xalqın silinib getməyə üz tutmuş fikirlərinə dəstək olmaq lazımdır; sarsıntıya, şübhəyə, tərəddüdə düşən insanları da bu şübhələrdən qurtarmaq lazımdır. Qənaətimcə bu işdə Bədiüzzamanın üslubundan istifadə etmək daha doğru olar. Onun əsərlərində nəzərdən keçirilən məsələlərin hamısı zəlalət və şirk əhli tərəfindən müxtəlif dövrlərdə İslama etiraz mahiyyətində ortaya atılan düşüncələrdir. Bədiüzzaman bu şəxslərin heç birinə yönəlmədən sadəcə şübhələri aradan qaldıran əsaslardan, düstürlardan bəhs edir. Hətta şübhə deyə ortaya atılan bəzi məsələlərdən o çox mühüm həqiqətlər ortaya çıxarır.

Bu nöqteyi-nəzərdən bu məsələ artıq sahənin mütəxəssisləri üçün vəzifədir, məsuliyyətdir. Yalnız bu məsələ deyil, İslamiyyətlə bağlı son dövrlərdə müzakirə edilən hələ bir çox məsələ var ki, onların hamısında həqiqətləri ortaya qoymaqla zehinləri qarışıqlıqdan qurtarmaq lazımdır.


[1]Sözügedən alimlər – Əşari və Maturidi “kəlam”ı iki yerə bölmüşlər;
1. Nəfsi (kəlami-nəfsi),
2. Ləfzi (kəlami-ləfzi).
Nəfsi (kəlami-nəfsi) – Allahın zati ilə daim və qaim, mahiyyəti bizə gizli əzəli bir sifətdir.
Ləfzi (kəlami-ləfzi) – Nəfsi-kəlama dəlalət səs və hərflərdən ibarət Quranın ləfzi, kəlmə və sözləridir. Ləfzi-kəlam hüdus (sonradan yaranma) xüsusiyyətinə malik olduğu üçün əzəli deyil, məxluqdur.
[2] Əlavələr
[3] Bir çox elmi bilən
[4] Oriyentalizmlə məşğul olanlar, şərqşünas
[5] Ziddiyytli görünən hədislərin düzəldilməsi
[6] Başqası tərəfindən söyləndiyi halda Peyğəmbərimizə (s.ə.s.) istinad edilən hədis. Sənədləri, yəni raviləri təsbit edilməmiş hədisdir. Bunun mənası səhv demək deyildir.
[7] Nur saçan günəş
[8] Allahın zat, sifət, feil və əsmaul-hüsnası ilə məxluqat aləmi arasında bir nöqtə

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.