Valideynin işlədiyi günahlar övlada təsir edir?

Valideynin işlədiyi günahlar övlada təsir edir?

Sual: "Uşağın şaki[1] və ya səid[2] olması haqqında hökm ta ana bətnində yazılır. Ana və ata haram yeyibsə, onların dünyaya gətirdiyi övlad da haramzadə olur" deyilir. Uşaq hələ dünyaya göz açmayıbsa, onun günahı nədir?

Hər şey “Lövhü-məhfuz”da müəyyən edilmişdir. “Lövhü-məhfuz” ilahi elmin məxluqata aid hökmlərinin yazıldığı kitabdır. Qurani-Kərimdə buna "İmami-mübin" də deyilir. Zərrələrin hərəkətindən qalaktikaların dövranına qədər hər şey “Lövhü-məhfuz”da yazılmışdır. Elə bir şey yoxdur ki, “Lövhü-məhfuz”da yazılmamış olsun. Buna bir uşağın dünyaya gələndən sonra şaki, yaxud səid olacağı haqda hökm də daxildir. Burada əksini tapan hər bir məsələ həqiqi zamanın bir ünvanı olan daha kiçik kitaba, yəni “Lövhü-Məhv və İsbat”a köçürülür. Xülasə, qiyamətədək keçmiş və gələcək, hadisələrin səbəb və nəticəsi – bir sözlə, hər şey əvvəlcədən müəyyən edilmişdir və bunu yalnız Allah bilir.

Digər tərəfdən, hər məsələ bu böyük dəftərdən – “Lövhü-məhfuz”dan götürülür və onun kiçik nümunələri olan dəftərlərə bir-bir köçürülür. Məsələn, ana bətnində sperma ilə yumurta birləşdiyi andan etibarən yeni bir dəftər də açılmış olur. Kainatın kiçildilmiş bir nümunəsi, böyük kitabın kiçik nüsxəsi − yeni bir varlıq meydana gəlir. (Təbii ki, bu, aləmi-mülk[3] aspektindən belədir. Əksinə mələkut aləminin[4] prizmasından baxanda insan kainatdan daha böyükdür. Kainat insanda gizlidir[5]). Bu yeni varlıq yaradılan kimi mələklər Allahın əmri ilə ona aid xüsusları böyük dəftərdən yazırlar. İstər “Lövhü-məhfuz”dakı yazı olsun, istər “Lövhü-məhv və isbat”ın bir parçası olan bu kiçik nümunədəki yazı olsun, − hər ikisi Allahın elmində mövcuddur.

Ancaq insanın iradəsi və mühitin təsiri nəzərə alınmadan qəti hökm verilmir. Belə ki, “Lövhü-məhfuz”da günaha və ya savaba dəlalət edən əməllər nəzərə alınmadan bir insan haqqında nə "səid", nə də "şaki" hökmü verilir. Allah-Təala bir insanın zəlalət yoluna gedəcəyini qabaqcadan bildiyi üçün onun barəsində "Zəlalət yolunu seçəcək" sözləri yazılır.

Elm məlum olandan asılıdır. “Lövhü-məhfuz”dan götürülən bu məlumat uşağın xüsusi dəftərinə necə varsa, o şəkildə yazılır. Ancaq bu zaman uşağın iradəsi də nəzərə alınır. Uşağın aqibəti haqqında hökm onun iradəsi, ətrafı və mühitin təsiri nəzərə alınaraq yazılır. Elə isə “Lövhü-məhfuz”da ana bətnindəki uşaq haqqında səid və ya şaki hökmünün yazılması ilə doğulacaq uşağın səid və ya şaki olması arasında ziddiyyət yoxdur. Əksinə, o böyük kitabda olan hökmlər götürülüb daha kiçik kitablara köçürülür və yenilənir.

Yaxşı, ana-ata günah işləyibsə, bəs uşağın bunda nə təqsiri var? Bəzən ana-ata haram yeyərək, günah işləyərək bu işə səbəb olurlar, uşaqları da bunun əziyyətini çəkir. Məsələn, onlar böyük bir günah edirlər, uşaqları da dünyaya şikəst gəlir. Tale bununla valideynlərə iztirab çəkdirir. Ancaq burada bir məsələ də var; günahsız insanların uşaqları da şikəst doğula bilər. Nəticə etibarilə, bu məsələdə qəti bir prinsip irəli sürmək olmaz. Ana-ata zəlalət içində üzüb, uşaqları da şaki olub. Valideynlərin işlədikləri günahların uşaqlarında günah və onlara kədər gətirən bir hadisə şəklində zühur etməsi ehtimal daxilindədir. Səbəblərdən biri də uşağın öz iradəsi ilə zəlalət yolunu seçməsidir. Nəticə etibarilə, bunların hamısını bir yerdə düşünmək bir zərurətdir.

Bundan başqa Allah-Təala uşaq hələ dünyaya gəlməzdən əvvəl onun öz iradəsi ilə zəlalətə düşəcəyini bildiyi üçün onun haqqında şaki hökmünü vermiş olur. Bəlkə də, ana-atanın haram yeməsi bunun kiçik bir səbəbidir. Burada uşağın iradəsi bir kənara qoyulmur. Ana-atanın faiz və rüşvət yeməsi, yalan danışması, zina etməsi uşaqlarında bu şəkildə təzahür edir. Biz burada "Uşağın günahı nədir ki?" deyə sual edirik.

Uşaq öz günahını öz iradəsiylə edir. Burada onun iradəsi bir kənara atılmamalıdır. Ağılı başında olan hər kəs Quranın prinsipləri çərçivəsində doğru yolu seçə bilər. Uşaq günahı öz iradəsiylə edir. Burada iradənin az və ya çox dərəcədə rol oynaması əhəmiyyətli deyil. Bu yerdə uşağın zəlalətə düşməsində ana və atanın işlədikləri günahın da rolu istisna edilmir. Haqq Təala uşaqların yanlış yola düşməsi ilə əsasən valideynləri iztiraba düçar edir.

Məsələn, ana-ata haram yeyib, qövli və feili (söz və əməllə) zina edib və ya əxlaqa zidd işlər görüb. Uca Allah da onların bu günahlarını uşaqlarında göstərir. Onlar hər dəfə uşaqlarını zəlalət içində görəndə iztirab çəkirlər. Axirətdə uşağa işlədiyi günahların müqabilində − burada uşağın iradi seçiminin də rolu var − əzab verməklə də ana-ataya yenidən əzab çəkdirə bilər. Dindar və vətənini sevən valideynlər övladlarına gözəl İslam tərbiyəsi vermədiklərinə görə övladları anarxist olub həm dininə, həm vətəninə, həm də millətinə düşmən kəsilməklə onlara elədikləri günahın cəzasını çəkdirir. Valideynlər axirətdə də övladının aqibətini görüb iztiraba qərq olur və günahlarının cəzasını çəkirlər. Lakin bu, o demək deyil ki, uşağı bu vəziyyətə gətirən təkcə ana və atanın günahıdır. Nəticə etibarilə, uşaq günah yolunu öz iradəsi ilə seçib. Ona görə də bu aqibəti nə Allahdan bilmək, yəni ilahi məcburiyyət kimi görmək, nə də uşağın ana və atasına görə haqsız yerə cəza çəkdiyini düşünmək doğru deyildir.

[1] Şaki – Qurani-Kərimdə işlənən bir istilah olub haqdan və nəsihətdən üz döndərən, Allahın əmrlərinə üsyan edən, həqiqəti qəbul etməyən insanlara deyilir.
[2] Səid – Allahın rizasını qazanan əməlisaleh bəndə.
[3] Aləmi-mülk – mülk aləmi. Gözlə görünən cismani aləm.
[4] Mələkut aləmi – Gözlə görünməyən aləm, ruhlar aləmi. Bir şeyin əsl həqiqəti. Yəni insan cismən kainatın kiçik bir surəti olsa da, mənən və ruhən kainata sığmır.
[5] Münavi, “Feyzül-qadir”, V/366.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.