Adilik hissi və təsrif üslubu
Sual
Zaman keçdikcə gördüyümüz işlər bəzən bizim üçün adiləşir. Bu hissin mənfi təsirlərindən qorunmaq üçün nələr tövsiyə edirsiniz?Cavab: Görülən iş və həyata keçirilən fəaliyyətlər standartdan kənara çıxmır, mahiyyət və dərinliyinə yeni çalar, yeni naxış və yeni cizgilər əlavə olunmursa, eşq və həyəcanla başlayan işlərdə belə müəyyən vaxtdan sonra insanın adiləşmə və vərdişin boğucu ab-havasında müqəvvaya çevrilməsi qaçılmazdır. Çünki belə bir vəziyyətdə gördüyünüz hər iş, -çox mühüm və həyati əhəmiyyət daşısa da- adilərdən adi bir şey kimi görsənəcək, gözünüzdə adiləşməyə başlayacaq, hətta "tez-tələsik bu işi görüm, aradan çıxsın" anlayışı sizə hökm edəcək. Əgər biz Allahı, Peyğəmbəri tanıdıb sevdirmək kimi ülvi bir işə könül vermişiksə, tez-tez “format” dəyişdirməli, axtarıb fərqli “format”lar tapmalıyıq ki, nə müxatəbimizdə bezginlik yaransın, nə də biz gördüyümüz işlərdən usanaq.
Fərqli üslub fərqli nəşvə doğurur
Bu məsələni Qurani-Kərimin tənzil və təbliğində istifadə edilən təsrif üslubu ilə əlaqələndirə bilərsiniz. Qurana bu aspektdən baxanda görürük ki, eyni məzmun və məfhumun fərqli yerlərdə, fərqli üslub və fərqli formada verilir. Məsələn, Həzrəti Musa qissəsi müxtəlif problemlərə örnək olsun deyə bu problemlərə həll yolları göstərməsi və o problemlər qarşısında peyğəmbərə xas əzm və cəhdi vurğulaması üçün bir çox yerdə təkrarlanır. Buna baxmayaraq bir qissə başqa bir yerdə sözbə-söz təkrarlanmır, eyni qissə fərqli ifadələrlə qarşımıza çıxır. Digər tərəfdən Allah (cəllə cəlaluhu) eyni həqiqəti müxtəlif ifadələrlə dilə gətirmək üçün bəzən Hz. Musanı, bəzən Hz. İsanı, bəzən də İnsanlığın İftixarını (Allahın salat və salamı onlara olsun) danışdırır. Bunun adı təsriftir.
Əgər məsələlər fərqli bir üslubda təqdim edilərsə, insanlarda xüsusi bir nəşvə doğurub bambaşqa bir inşiraha səbəb olar. Bəli, bu üsula baş vurmaqla məsələləri özünəxas dərinliyi və ənginliyi ilə təqdim etmiş və diqqətləri bu həqiqətlərə cəlb etmiş olarsınız. Və bu da insanlarda sizin təmsil etdiyiniz həqiqətlərə hörmət hissi doğurar. Bizim dəyərlər öz mahiyyət etibarilə qiymətli və dəyərlidir. Ona görə də onlar misgər bazarında deyil, qızıl, gümüş, zəbərcəd və ya yaqut bazarında satılmalıdır. Ancaq elə gözəl həqiqətlər var ki, üsulunu bilməyənlərin dilində dəyər və qiymətini itirir. Elə sönük həqiqətlər də var ki, düzgün əlaqələndirmə və ifadə qabiliyyəti olanların dilində insanları ovsunlayır. Bəzən batil məsələlər cərbəzə, müğalitə, demaqoqluq və dialektika ilə rəvac tapır, haqq-həqiqət isə gözəl təqdim edilmədiyinə görə layiq olduğu rəğbəti görmür. Madam təmsil etdiyiniz, sahib çıxdığınız və başqalarına çatdırmağa çalışdığınız məsələlər həqiqətdir, - ki buna şübhə yoxdur- təsrif üslubu ilə başqa insanlarda da bu həqiqətlərə qarşı ehtiram hissi oyatmalısınız.
Dövrün gerçəklərini nəzərə almaq, qavramaq
“Köhnəlməmə”yin, başqa sözlə daim təzə, təravətli qalmağın mühüm bir əsası da dörvün şüurunda olmaqdır. Biz ibnül-vaxt, yəni zamanın övladları olduğumuza görə, öz dövrümüzü yaxşı qavramalı və zəmanənin tələbinə müvafiq bir üslub seçməliyik. Məsələn, bu gün mən otuz-qırx il əvvəl İzmir və ya Ədrəmitdə vəz verdiyim kimi, insanlara bir şey anlatsam, düzgün olmaz. Çünki bu günün insanları o günün insanlarından fərqlidir. Bəlkə də, bu gün çox adam o gün deyilənləri əzbər bilir. Bu gün isə mövzuların fəlsəfi dərinliyinə enmək və məsələlərin məntiqi yönlərini vurğulamaq lazımdır.
Məsələn, bir mövzuda fiqhi məsələlər varsa, ona Şatibinin pəncərəsindən baxmağı və ya həmin məsələni Taftazaninin “Təlvih”i çərçivəsində götürməyi bacarmalısınız. Əgər siz bunu bacarsanız, insanlar mövzuları dəyərli görüb dinləyəcəklər. Əks halda həqiqət həmin həqiqət olsa da, müxatəblər ehtiyac hiss etməzlər. Əzəli və Əbədi Müəllim olan Allah (cəllə cəlaluhu) Quranda təsrif edərək bizə bir qapı aralayır, bir yol göstərir, demək ki biz də bunu çox yaxşı dəyərləndirməliyik.
Yuxarıda ibnül-vaxt məsələsini qavramağın əhəmiyyətinə işarə etdik. Bəzi sözlərim yanlış anlaşılmasın deyə bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Dövrün şəraitini anlamamaq doğru olmadığı kimi, məsələləri tamamilə zamandan asılı vəziyyətə gətirərək tarixilik anlayışına yol vermək də düzgün deyil. Yuxarıdakı sözlərimdən belə bir məna çıxdısa, bundan Allaha sığınıram. Çünki əzəli və əbədi olan Quranın həqiqətləri qətiyyən dəyişməz.
Ancaq həm Kitabda, həm də Sünnədə üstüörtülü verilmiş, dövrün anlayışına həvalə edilmiş sahələr var. Elə isə zamanın övladları ictihad və istinbatlarla həmin sahələri dolduracaqlar. Müxtəlif dövrlərə aid ictihad və istinbatlardan hansının bu günün ehtiyacına cavab verməsi və hansının seçilib insanlara təqdim edilməsi məsələsi əhəmiyyətlidir? Zamanın müəssir olduğu sahələr məhz budur. Ustad Həzrətlərinin: "Zaman böyük bir müfəssirdir, qeydini izhar etsə (şərtləri varsa), etiraz olunmaz" ifadəsi də bu həqiqəti vəciz üslubda dilə gətirir.
Mühasibə (özünütənqid) və təkrar diriliş
Özünü yeniləmənin digər mühüm bir yolu da iş və fəaliyyətlərin müəyyən fasilələrlə muhasibə edilməsi və gözdən keçirilməsidir. Eşitdiyimə görə, yaponlar ildə bir-iki ay sakit bir yerə çəkilib gördükləri və ya planladıqları işlər barədə müzakirə aparırlar. Bu toplantılarda görülən işlər təcrübə qazanmaq üçün bir daha gözdən keçirilir, təkrar sistemləşdirilir, bununla yanaşı gələcəyə hazırlaşmaq və mənəvi gumrahlığı qorumaq üçün yeni-yeni hədəflər qoyulur. Sənaye və ticari sahədə bu cür seminarlar təşkil olunursa, insanların əbədi həyatına dair irşad və təbliğ kimi məsələdə, mənə elə gəlir daim ruhi-mənəvi rehabilitasiyaya ehtiyac var. Bəli, dünyəvi və maddi işlərdə belə bu məsələ zərurətdirsə, irşad və təbliğdə “zərurət dər zərurətdir” (zərurətin fövqündə zərurət). Elə isə irşad yolunun yolçusu hər il “təchizatın”ı zənginləşdirmək üçün seminarlara qatılmasa, bir yerə çəkilib zehnini təmizləməsə, ötən ilin səhvlərini gözdən keçirib gələcək üçün tədbirlər görməsə eyni səhvləri, eyni xətaları təkrar etməsi və uğursuzluğa düçar olması qaçılmazdır.
Bizim məhz belə bir ruhi-mənəvi rehabilitasiyaya ehtiyacımız var. Çünki məsuliyyət çox ciddi və çox böyükdür. Biz Allaha və Rəsulullaha aid bir hüququ (yolu, haqqı), bir mənada Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bizə ötürdüyü əmanəti təmsil etməyə çalışırıq. Sizə bir örnək verim: İbn Məsud Həzrətləri on dəfə oturub-durmasa, "la havlə" deməsə, mədəsini tutmasa, əllərini başına aparmasa, Peyğəmbərimizə aid bir məsələni dilə gətirməyə cəsarət etməzdi. Çünki o, mahiyyətə zidd bir şeyi dilinə gətirməkdən qorxurdu. Bu, bir mənada, məsuliyyəti dərk etmək deməkdir. Çünki bəzən bir söz hər şeyi yerlə-yeksan edir. Böyüklərin söhbəti şəkər-şərbət kimi olur. Ancaq bəzən bülbül nəğməsinə bir sağsağanın səsi qarışanda hər şey alt-üst olur.
Məsuliyyətli insan heç vaxt yerli-yersiz danışa bilməz. Bir xəstə yalnız öz xəstəliyi haqqında fikir söyləyə bilər. Ancaq təbiblik prinsiplərini bilən təbib əgər andını yerinə yetirmək əzmindədirsə, peşə əxlaqını qazanmışsa, heç vaxt qulaqdan dolma biliklə fikir bildirə bilməz. Əks halda bir səhv söz müalicə gözləyən xəstənin vəziyyətini daha da ağırlaşdırar. Dünya həyatımızı tənzimləyən, əbədi səadətin yollarını göstərən, möhkəm üluhiyyət və risalət anlayışı bəxş edən din məsələsinə gəlincə isə, bunun nə qədər ciddiyyət tələb etdiyini, mənə elə gəlir, izah etməyə ehtiyac yoxdur. Bu yolu insanları ildə bir neçə dəfə ruhi-mənəvi rehabilitasiyadan keçirmədən köhnə məlumatlarla davam etdirmək olmaz.
Ən çox səhv edənlər
Bəzi insanlar insanlığın dirilişi uğrunda çalışan dairənin içində iyirmi-otuz il ola bilər. Lakin “bəslənmə mexanizmi” yaxşı işləmirsə, yola ilk qoyulanların biliyi sonrakılardan on il geri qala bilər. Bundan daha betəri isə yola ilk rəvan olanların bunun fərqinə varmamasıdır. Bu baxımdan bir daha kəfəni yırtmağa, bir daha köynəyi geyinməyə, bir daha “bismillah” deyərək məsələni təkrar gözdən keçirməyə, təkrar anlamağa və təkrar təhlil etməyə başlamalıyıq. Əks halda fərqinə varmadan çox səhvə yol verərik. Ən çox səhv edənlər də məqamına güvənənlərdir. Mübtədilər onlara nisbətən daha az səhv edirlər. Çünki onların bir gözü işinə, digər gözü isə önündəki rəhbərə baxır. Bir insanın zehnində "Bu qədər vaxtdır işin içindəyəm. Mən də az-çox bilirəm…" düşüncəsi baş qaldırsa, o bilməlidir ki, çoxdan işin çölündədir, amma bunun fərqində deyil. Belə bir vəziyyətə düşməmək üçün hər kəs hər il bir-iki dəfə bir araya gələrək müqtəsəbatını, işin harasında olduğunu, hansı səhvlər etdiyini gözdən keçirməli, eyni səhvləri bir də etməmək üçün tədbir görməli və gələcək planları müzakirə etməlidir.
- tarixində yaradılmışdır.