Allahım, bizi bu bölgə əhalisinə sevdir!
Sual: Dua məcmuasında da verildiyi kimi Rəsuli-Əkrəm (s.ə.s.) təşrif gətirdiyi bir bölgəni görərkən: “Allahım, bizi bu bölgə əhalisinə, bu bölgənin saleh insanlarını da bizə sevdir” deyə dua edirmiş. Dünyanın dörd bir yanına gedən xidmət sevdalıları üçün Əfəndimizin gövhər dilindən çıxan bu dua nə ifadə edir, nə deməkdir?
Məlum olduğu üzrə dua mövzusunda verilən təsnifatlardan birində dua iki yerə ayrılır; Feli (əməli), qövli (sözlü) dua. Ustad Bədiüzzaman Həzrətlərinin verdiyi örnəklə izah etsək; bir cütçünün, əkinçinin torpağı əkməsi feli duadır. Bununla o mərhəmət xəzinəsinin qapısı olan torpağı xışla döymüş olur. Allah Təalanın xüsusi lütfü və ehsanı olmadıqca, torpağa toxum səpmədən oradan bir məhsul götürmək qeyri-mümkündür. Dolayısilə, səbəblər baxımından nə tələb olunursa, yerinə yetirilməlidir. Feli duanı yerinə yetirmək səbəblər dünyasında yaşayan insan üçün qaçılmazdır, zəruridir. Başqa sözlə, feli dua səbəblərə əhəmiyyət vermək və onun tələbləri istiqamətində hərəkət etməklə yerinə yetirilir. Bunu da unutmayaq ki, Allah Təala səbəbləri izzət və əzəmətinə pərdə etmişdir. Biz də o pərdəyə sayqılı olmalı, ona ciddi yanaşmalıyıq. Onlara laqeydlik bir baxımdan Allaha qarşı hörmətsizlikdir. Digər tərəfdən səbəbləri yerinə yetirməmək bizi insan iradəsini rədd edən cəbirilik (İnsanın cüzi iradəyə malik olduğunu qəbul etməmək) düşüncəsinə sürükləyər ki, bu da əqidə və inanc baxımından çox təhlükəlidir. Bəli, iradəli və şüurlu insanın vəzifəsi səbəbləri görmək və onlarla ayaqlaşmaqdır. Ekosistemə bir bütöv kimi baxanda orada mövcud olan nizam və intizamı açıq-aşkar görmək mümkündür. Deməli, hər bir varlıq Allahın muradı və iradəsi ilə sözügedən sistemə müvafiq hərəkət edir. Bununla yanaşı ekosistemin (təbiətin) iradə və şüura malik müstəsna parçası olan insan oğlu zaman-zaman cahillik edib Haqqın muradına zidd əməllər etməklə o mükəmməl sistemə zərər verir. Təbii ki, insan həmin sistemin bir parçası olduğuna görə verdiyi zərər əvvəl-axır gəlib öz həyatına mənfi təsir göstərir.
Sözlü duaya gəlincə o da torpağı əkdikdən sonra məhsul götürmə diləyi ilə əlləri Cənabi Haqqa açıb Ona yalvarmaqdır. Bu mənada dua səbəblər fövqü Müsəbbibül Əsbaba (Bütün səbəbləri meydana gətirən Allah) yönəlmənin ünvanıdır. Belə ki, O Sonsuz Qüdrət Sahibi Allah səbəblərin yerinə yetirilməsi ilə lütf etdiyi kimi, – diləyərsə, – xarqüladə olaraq, səbəblərə bağlı olmadan da bəxş edər. Halbuki nə Peyğəmbərimiz, nə də digər böyük Nəbilər (ala nəbiyyinə və əleyhissəlam) işlərini bu qəbildən olan xarqüladəliklər üzərində bina etməmişdir.
Sevginin əks olunduğu Parlaq Ayna.
Sizin verdiyiniz sualda da Rəsulullahın (ə.s.) belə bir qövli duası əksini tapır. Bəli, İnsanlığın iftixarı(s.ə.s.) bir bölgəyə təşrif buyurduğu vaxt:
اَللّٰهُمَّ ارْزُقْنَا حَيَاهَا وَأَعِذْنَا مِنْ وَبَاهَا وَحَبِّبْنَا إِلَى أَهْلِهَا وَحَبِّبْ صَالِحِي أَهْلِهَا إِلَيْنَا اَللّٰهُمَّ بَارِكْ لَنَا فِيهَا
“Allahım, bizə bu bölgənin bolluğu ilə ruzi ver. Bizi vəba kimi xəstəliklərdən hifz et. Bizi bu bölgənin xalqına, bu bölgənin saleh insanlarını da bizə sevdir. Allahım, bizim üçün buranı bərəkətli et!”
Allah Rəsulu (s.ə.s.) insanların qəlbində islam çırağını yandırmaq, könüllərə sevgi toxumları səpmək üçün həm lazımi səbəbləri yerinə yetirmiş, məsələn, daim onlarla dialoqda olmuş, münasibətlərin pozulmaması üçün aradakı pərdəni yırtmamış, həm də qövli duaları ilə dilədiyi qəlbi sevgi ilə çoşduran Allaha yalvarmışdır. Cənabı Allah da ən çox sevdiyi Qulu – Rəsulullahı heç vaxt boş qaytarmamış, Onu xüsusi lütfləri ilə sevindirmiş, göylərə və yerə sevdirmişdir. Hətta bir mənada sevgi Məhəmmədin (s.ə.s.) aynasından varlığın çöhrəsinə əks olunmuşdur. Bəli Allah Rəsulunun ali həyatına baxanda bu nəbəvi gövhərdən süzülən duanın ilahi dərgahda qəbul edilməsinə şahid oluruq. Məsələn, Allah Rəsulu Məkkeyi Mükərrəmdən Mədineyi-Münəvərrəyə hicrət edərkən Mədinə əhalisi Onu sevib bağrına basmışdı. Bəzi soysuz münafiqlər və İslama nifrətdən gözləri heç nə görməyən bəzi kafirlər istisna olmaqla Mədinənin Rəsulullaha sevgisinin böyüklüyü və ehtişamı göz qabağındadır. Rəsulullah Mədinəyə təşrif gətirdikdən qısa müddət sonra Əvs və Xazrəc də daxil olmaqla Mədinə xalqı pərvanə olub Onun başına dolanmağa başladı. Əslində O Nəbilər Sərvəri qədəmləri ilə haranı şərəfləndirmişdisə, orada gözəl, xoş qarşılanmışdı. Əfəndimiz də Mədinəni çox sevmişdi. Mövzuya ümmətə əmanət edilən nurlu bəyan prespektivindən baxanda da Onun Qızıl Dövrdən indiyədək hüsnü-qəbul gördüyünə (gözəl şəkildə qəbul edildiyinə) şahid olmaq olar. Bəli, siz də qəlblərinizə, İnsanlığın İftixarının qəlblərinizdə müstəsna yerinə baxanda Onun tarixdə heç kimə nəsib olmayan sevgi çağlayanına məzhər olduğunu görərsiniz. Onu hər şeydən üstün bilmə, görmə anlayışı sizin Ona sevginizin göstəricisidir. Siz belə olarsınızsa, O da axirətdə ruhunun üfüqündə sizi sevər. Onun könlündə sizə qarşı sevgi yoxdursa, Sizdə ona qarşı sevgi olmaz, ola bilməz. Bir mənada sevginin mənbəyi Odur. Allahdan gələn sevgi parlaq, cilalı aynada əks olunur, sonra ümmətinə “paylanır”, saçılır. Başqa sözlə, Onu nə qədər sevərsinizsə, Onun tərəfindən o qədər sevilərsiniz
Kainatın İftixarı şərəfləndirdiyi diyarlarda belə hüsnü-qəbulla qarşılandığı kimi, Onun xas təmsilçiləri də getdikləri yerlərdə daima sevgi və hörmət görmüşlər. Məsələn, irşad niyyəti ilə Yəmənə gedən Həzrəti Əlinin (radiyallahu anh) ətrafında qısa zamanda minlərlə insan toplaşmışdı. Onlar Həzrəti Əlini sevmiş, Həzrəti Əli də onları sevmişdir. Onsuz da Həzrəti Əli (radiyallahu anh) təkcə hərb meydanlarının qəhrəmanı deyil, eyni zamanda məna aləminin də bir sultanıdır. O, belə iki məharətə sahib olmaqla Peyğəmbər Əfəndimizin (əleyhi əkməlüttəhiyyat və ətəmmüttəslimat) ən həqiqi varislərindən biridir. Ona duyulan sevginin nəticəsidir ki, Əbu Musa əl-Əşari və Abdullah ibn Cərir əl-Bəcəli kimi (radiyallahu anhim əcməin) dəyərli Müsəlmanlar İslama səmimi bağlanmışlar.
Sevgi ilə gedilən yerlərdə daimi olmaq mümkündür
İnancınızdan qaynaqlanan gözəllikləri getdiyiniz yerlərdəki insanların qəlbinə səpməyiniz baxımından hədisi-şərifdə bəhs edilən “sevgi” çox əhəmiyyətlidir. İslam tarixinə baxanda Müsəlmanların könülləri fəth etmək niyyəti ilə getdikləri yerlərdə daimi olduğunu, silinməz izlər qoyduğunu görə bilərik. Məsələn, Asiya, Balkan ölkələri, Kiçik Asiya dediyimiz Anadolu, Afrikanın bəzi yerləri daima belə olmuşdur. Müsəlmanlar bu diyarlara getmiş, oraların əhalisini sevmişdir. Onlar da Müsəlmanlara sevgi ilə yanaşmış və zaman keçdikcə İslamın gözəllikləri içində əriyib getmişlər. Bunu da Peyğəmbərimizin (əleyhissalatu vəssalam) ümumi rəftarının, davranışlarının, sünnəsinin bir nəticəsi kimi görmək lazımdır. Yəni siyəri fəlsəfəsi ilə yaxşı dərk edən sonrakı Müsəlmanlar həqiqi fəthin ancaq könüllərin fəthi ilə gerçəkləşəcəyini qavramış və bu istiqamətdə hərəkət etmişlər.
Bu gün də yoldaşlarımız dünyanın müxtəlif diyarlarına hicrət edir, amaclarına uyğun olaraq həmin diyarlarda yaşayan bir çox təbəqələrlə münasibətlər qururlar ki, bu nadir hadisənin tarixdə misli-bərabəri yoxdur. Yuxarıda da ərz etdiyim kimi əvvəlcə feli duanı yerinə yetirmək lazımdır. Bu dua da bölgələrin mədəniyyət mühitini, fərqli dünyagörüşünü nəzərə alaraq hazırlıqlı getməklə yerinə yetirilir. Bir bölgə insanının nələrə nə qədər dəyər verdiyini bilmədən və – heç olmasa, başlanğıcda – ona uyğun mövqe sərgiləmədən həmin diyarın xalqı ilə dialoq qurmağınız qeyri-mümkündür. Hərçənd, ümumi mənada insana insan olduğuna görə lazımi hörməti göstərəndə dərhal hər yerdə qəlblərdə sizə “yaşıl işıq” yanar, demək olar ki, hər yerə gedə bilərsiniz. Əgər addım atdığınız yerdə daimi olmaq, iz qoymaq istəyirsinizsə, o yerin insanlarını yaxşı tanımaq və ona uyğun yaxşı bir mövqe sərgiləmək məcburiyyətindəsiniz.
Zahiri səbəblər baxımından bunları yerinə yetirmək bir zərurətdir. Bununla birlikdə, bizim doğru olmaq, səhv etməmək, getdiyimiz diyarın xalqını sevmək və onlar tərəfindən sevilmək üçün Allah Təalaya əl açıb yalvarmağımız duanın qövlü (sözlü) tərəfidir. Biz də Rəsulu Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm) etdiyi duanı təkrarlayır və "Allahım, o diyarın saleh insanlarını bizə, bizi də onlara sevdir" deyirik.
Allahım! Bizə "Vüdd" (sevgi, dostluq) vəz et!
Bununla birlikdə hər gün, bəlkə, dəfələrlə,
اَللّٰهُمَّ أَعْلِ كَلِمَةَ اللّٰهِ وَكَلِمَةَ الْحَقِّ فيِ كُلِّ أَنْحَاءِ الْعَالَمِ، وَاشْرَحْ صُدُورَنَا وَصُدُورَ عِبَادِكَ فيِ كُلِّ أَنْحَاءِ الْعَالَمِ إِلىَ الْإِيمَانِ وَالْإِسْلَامِ وَالْإِحْسَانِ وَالْقُرْآنِ وَإِلَى خِدْمَةِ الْإِيمَانِ، وَاسْتَخْدِمْنَا فِي هَذَا الشَّأْنِ وَضَعْ لَنَا الْوُدَّ بَيْنَ عِبَادِكَ فِي السَّمَاءِ وَاْلأَرْضِ
"Allahım! Cəlil ismini dünyanın hər yerində bir daha ucalt. Bizim və dünyanın hər yerindəki qullarının qəlbini imana, İslama, Qurana və iman xidmətinə aç və bizə bu vəzifədə xidmət etdir. Bizi göydə və yerdəki qullarına sevdir, qəbul etdir!" deyə dua edərik.
Bu eyni zamanda Cənabı Haqqın Qurani-Kərimdə saleh qullarına verdiyi müjdədir: “İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq” (“Məryəm”surəsi, 19/96). Yəni onları başqalarına da sevdirər və qəbul etdirər; onları həm öz nəzərində, həm də məxluqlar nəzərində sevimli edər. Bu sevgi və hüsnü-qəbul Cənabı Haqqın Vədud isminin bir təcəllisdir. Bir hədisi şərifdə də keçdiyi kimi "Allah Təala bir qulunu sevəndə Cəbrayıla: “Mən filan qulumu sevdim, sən də sev!”– deyə fərman buyurar. Cəbrayıl (əleyhissalam) da onu sevər və digər mələklərə: ”Allah filan qulunu sevmişdir, siz də sevin!” deyə səslənər. Göy əhli həmin qulu sevincə, yer əhli də sevər" (Buhari, Bedü'l-halk 6; Edeb 41) Bir şəxs kimi, şəxslər də, bir heyət, bir birlik də sevgiyə məzhər ola bilər. Təbii ki, bu, ayədə də ifadə edildiyi kimi saleh əməl işləməkdən, saleh əməllərə bağlanmaqdan və yalnız Allahın razılığını düşünməkdən asılıdır. Haqqın vədi bu üfüqün qəhrəmanları üçün gerçəkləşər və onlar sevilər, sevdirilər. Allah bir dəfə sevgi vəz etdisə, Onun izni ilə bütün qapılar açılar. – Əsas odur ki, əhdə vəfada bir qüsura yol verilməsin. İman və Quran xidmətindəki yoldaşlarınızın başlanğıcdan bəri dünyanın müxtəlif yerlərində sevgi və hüsnü-qəbulla qarşılanması bu həqiqətin açıq-aşkar dəlilidir.- tarixində yaradılmışdır.