Bir ömür boyu fədakarlıq
Sual: Adanmışlık ruhunun daima könüllərdə təravətli qalması üçün hansı düsturlara əməl edilməlidir?
Cavab: Adanmış könüllər − özlərini bu məfkurəyə həsr etmiş insanlar hər şeydən əvvəl etibarlarına xələl gətirən bütün hərəkət və davranışlardan uzaq olmalıdır. Zənn etmirəm ki, bir amala səmimi hislərlə, zərrə qədər təmənna ummadan könül verən, ömrünü bir ideala həsr edən insanlar mənsub olduqları dairəyə zərər versinlər, məfkurə yoldaşlarının ləkələnməsinə səbəb olsunlar. Ancaq bəzən ətraflı düşünülmədən atılan addımlar, düzgün planlaşdırılmadan, ölçülüb-biçilmədən görülən işlər uğursuzluqla nəticələnir və qazanılan etibarı zədələyir. Belə hallarda eyni duyğu və düşüncəyə mənsub insanlar ortaq fikir və müştərək hərəkətlə dərhal həmin xəta və yanlışı düzəltməyə çalışmalı, bunun üçün cəhd və səy göstərməlidir. Bu zaman həm xətaya yol verən insan xəcalətdən qurtarılar, həm də onun mənsubu olduğu yer/dairə haqqında mənfi düşüncələrin yayılmasının qarşısı alınar.
“Allahım, mənə qardaşlarımı utandırası iş gördürmə!”
Mövlana Xalidi-Bağdadinin isteğnası (göz-könül toxluğu) ən gözəl nümunələrdən biridir. O, xoşagəlməz düşüncələrin qarşısını almaq üçün tələbə və müridlərinə belə nəsihət edərdi: “Varlılarla, hökmdarlarla, idarəçilərlə nə badə həddən artıq yaxın olasınız. Onlar bəzən verdikləri yeməkdən, şahlara layiq iltifatlardan, hətta təbəssümlərində belə, rüşvət kimi istifadə edirlər. Əgər minnət altında girsəniz, ömür boyu diyəsini ödəməli nolarsınız. Ona görə də əlinizdə-ovucunuzda olanlara qənaət edin, heç kimə əl açmayın. Ailə qurmusunuzsa, ikinci dəfə evlənməyin. Unutmayın! Hökmdarlar və idarəçilər sizin əl-ayağınıza qandal vurub istədikləri yönə çəkməyi arzu edirlər”. O baxımdan, məncə, ömrünü hizmətə həsr edən insanlar sui-zənnə yol açan bütün hərəkət və davranışlardan uzaq olmalı və qınaqla qarşılanan yerlərə qətiyyən yaxın durmamalıdır. Məsələn, insanların “Görəsən, oradan çıxmadı ki?” sözlərini deməsini istəmirsə, meyxananın (içki satılan və içilən yer) önündən belə keçməməyə çalışmalıdır. Üstəlik, bir adamn günahı başqasının adına yazılırsa, o zaman olduqca həssas hərəkətm etmək lazımdır.
Ancaq nə qədər həssas olsanız da, unutmayın ki, yenə də tənqid oxlarına tuş gələcəksiniz. Birlik və həmrəylik xəyalları ilə yaşasanız da, “Sevgi, sevgi!” deyib inildəsəniz də, qeyd-şərtsiz hamıya qollarınızı açsanız da və heç kimi düşmən kimi görməsəniz də, sizə qarşı intiqam hissi bəsləyən, qeyzlə coşan insanlar − əgər varsa − sizə əl uzatmayacaq, ürəyini açmayacaq, təbəssümünüzə qaşlarını çatmaqla cavab verəcəklər. O halda bircə yolumuz var, o da Allaha üz tutmaq, əl açıb dualarla yalvarmaqdır. Unutmayın, Həzrəti Adəmdən bəri belə gəlib belə gedəcək.
Bu məqamda haqq ərənlərinin əsas vəzifəsi istər şəxsi, istər ailə, istərsə də ictimai həyatda Hərəkatın adına ləkə gətirən hərəkət və davranışlardan çəkinməsidir. Onlar iradələrini layiqincə ortaya qoymaqla yanaşı, “Allahım, qardaşlarımızı bizə görə, bizi də qardaşlarımıza görə utandırma!” deyə dua etməli, Allahın himayəsinə pənah aparıb Ondan inayət diləməlidir. Yoxsa insan hər an nəfsinə məğlub ola bilər. Çünki həvaü-həvəs (nəfsani arzu-istəklər) kökü üstə bitən və insanı həlakətə sürükləyən “möhlikat” (həlak edən, fəlakətə sürükləyən əməllər) adlı yüzlərlə zəif cəhət və günah vardır. Üstəlik şeytan bunları elə hey bəzəyib düzəyib insanın qabağına çıxarır, günahları cazibədar surətdə göstərir. Bu təhlükəli hallarla mübarizədə ayıq-sayıq olmayan bir insanın özü də bilmədən bu fəlakət bataqlığına atılıb, Allah eləməsin, üz qarası olması mümkündür.
Bu səbəbdən milyonların rəğbətini qazanan bir Hərəkatın mənsubları əməlləri ilə iffət və ismətlərinə xələl gətirməkdən uzaq olmalı, şeytani və nəfsani istəklərə boyun əyməməli, sədaqətdə və əmanətə riayətdə bircə qarış da geri çəkilməməlidir. Məfkurə qardaşlarının haqqını tapdalamaq qorxusu ilə tərəddüdsüz əllərini qaldırıb: “Allahım, qardaşlarımı əməllərimlə xəcil edəcəyəmsə, məni yerin dibinə batır!” deməyi bacarmalıdır. Məhz budur uca məfkurəyə vəfa və sədaqətin ifadəsi. Hər bir “adanmış ruh” Hərəkatın əleyhinə bircə söz də söylətməmək və ən xırda xətaya yol verməmək üçün etibar, sədaqət və ismət timsalı olmalıdır. Bəli, o, həmişə müstəğni – gözü-könlü tox olmalı, heç kəsə əl açmamalı, kiminsə üzünün suyunu tökməməli, acgöz olmamalı, Allahın verdiyinə qənaət etməli və etibarına xələl gətirən hər şeydən uzaq olmalıdır.
Təmsil (əməl) təbliği üstələməlidir
Haqq və həqiqətin səsi olmaq istəyən bir insan unutmamalıdır ki, qarşı tərəfin etibarını sözdən çox səmimi hərəkət və davranışlarla qazana bilər. Bəzən həqiqəti əks etdirməyən və ya mətləbdən uzaq, mübaliğəli bir söz insanları müvəqqəti ofsunlasa da, qəlblərə nüfuz etməz. Üstəlik bu cür sözlər “inandırıcılığa” mane olur. Mütəmadi davranışlarda isə yalan olmur. Onlar həmişə düzgün məcrada axır. Daima sadiq və vəfalı olan, iffətindən əsla güzəştə getməyən, insanların etibarını və inamını qazanan insanların sözü də, hərəkəti də inandırıcı olur. Bu baxımdan tərəddüdsüz demək olar ki, müsəlmanlıqda təmsil təbliğdən daha əhəmiyyətlidir.
Rəsuli-Əkrəmin (sallallahu aleyhi vəsəlləm) peyğəmbərlik vəsflərindən biri də başımızın tacı sayılan təbliğ, yəni Allahdan gələn əmrləri ümmətə çatdırmaqdır. Ancaq Allahın vəhyi – Qurani-Kərimin Rəsuli-Əkrəm (sallallahu aleyhi vəsəlləm) kimi bir müməssili olmasaydı, yüksək sədası bu günədək gəlib çatmaz və bu qədər insanın qəlbinə yol tapmazdı. Başqa sözlə, evlərdə yuxarıdan asılan və məxmər məhfəzələrdə qorunub saxlanan Qurani-Kərim təsir gücünü onu yaşayanlarla ortaya qoymuş və qoyacaqdır. O baxımdan Peyğəmbərimizin təmsil yönü təbliğini üstələmişdir. O (sallallahu aleyhi vəsəlləm) təkcə Quranı təbliğ etdiyinə görə deyil, həm də onu layiqincə təmsil etdiyi üçün meraca – səmalara dəvət edilmişdir.
Təvazökarlıq və qısqanclıq
Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifdə buyurur: “Bir qövmün hökmdarı onun xidmətçisidir” (Deyləmi, “Müsnəd”, II, 324). İlk dəfə “Xadimül-Harameyn”, yəni “Məkkə və Mədinənin xidmətkarı ünvanını götürən bu ruhun böyük daşıyıcısı İslam qəhrəmanı Səlahəddin Eyyubidir. Bu ulu ruhun digər canlı mücəssəməsi Yavuz Səlim (cənnətməkan aleyhirrahmətu vəl-ğufran) də xütbədə ona Hakimül-Harameyn deyənlərə etiraz edib “Xeyr, xeyr! Xadimül-Harameyn” demişdir. Ondan sonrakılar da özünə Xadimül-Harameyn ünvanını götürmüşdür. Ona görə də adanmış insanlar məqam və mövqelərindən asılı olmayaraq, insanlara xidmət etməyi özlərinə ən böyük məqam bilməlidir. Onlar yeri gələndə “Bir ideala könül verən, müəyyən bir düşüncə, məfkurə və məntiq ətrafında toplaşan insanlara su paylayan, onlara xidmət edən insan da lazımdır” deməli və xidmətkarlıqda ilk sıralarda olmalıdır.
Bir digər məsələ: bəzi insanların müəyyən sahələrdə əldə etdiyi nailiyyətlər kimlərdəsə qibtə hissi doğura bilər. Hətta xaraktercə zəif insanlar paxıllıq (həsəd) edə, rəqabət hissinə də qapıla bilərlər. Ona görə də İslamın nəfs tərbiyəsinə dair ortaya qoyduğu ilahi prinsiplərə riayət etmək vacibdir. Bu prinsiplər işığında əxlaqi bir düstür ortaya qoyan Həzrəti Pir həqiqi Quran tələbəsinin din qardaşlarını qibtəyə sövq etməkdən çəkinməli olduğunu söyləmişdir. Halbuki İslamiyyətdə qibtə zərərli duyğu hesab edilmir. Nəzərə alsaq ki, qibtə həsədlə həmsərhəddir, demək, qibtə hissi daşıyan bir insan özü də bilmədən sərhədi aşa bilər. Məhz buna görə də Həzrəti Pir qibtə hissini körükləməməyi bu düstur kimi Quran tələbələrinin qarşısına qoymuşdur. Bunun yolu da “xidmət” edən hər kəsi alqışlamaq və lazım gələndə başqalarını özündən üstün tutmaqdır. Bundan əlavə, bəzi insanlarda özünü bəyəndirmə, şöhrətpərəstlik, məqam-mənsəb ehtirası kimi zəif cəhətlər olur. Ona görə də hər kəsə uyğun vəzifə verilməli, fəaliyyət sahələri geniş götürülməli və bu fərqli sahələrdə şəxslərin səmərəli işləməsi, həmçinin gördükləri işdən zövq alması təmin edilməlidir. Bununla yanaşı, onlara iman və əxlaq aşılamaq, onların Allahla irtibatını möhkəmləndirmək və əldə edilən bütün nailiyyətləri Allahdan bilmək lazımdır.
Zirvə təhlükəsi
Bir vacib məsələ də doğru yolda sabitqədəm olmaqdır. İlahi sövqlə xeyirxah bir yolda addımlasaq da, təkcə doğru yolu tapmaq kifayət etmir. Əsas məsələ bu yolda sonadək ayıq-sayıq yaşamaqdır. Bununla bağlı belə bir hədis rəvayət edilir:
“Bütün insanlar həlaka düçar ola bilər, alimlər istisna. Alimlər də həlak ola bilər, ancaq elminə əməl edənlər istisna. Onlar da həlakara sürüklənə bilərlər, ancaq bildiyi elmə sırf Allahın rizasını qazanmaq üçün əməl edənlər istisna. Halbuki, onlar da ciddi bir təhlükə ilə üz-üzədir. (Əl-Acluni, “Kəşgül-Xafa”, II, 415)
Əgər bu böyük təhlükəyə bir ad qoyası olsaydıq, ona “zirvə təhlükəsi” deyərdik. Ona görə də Allah bəndəsini hansı məqama yüksəldir-yüksəltsin, o, bu zirvədə hər an üzü üstə yıxılma ehtimalı olduğunu düşünərək tir-tir əsməlidir. Allah-taala əvvəlki səmavi dinlərin mənsublarına hidayət bəxş etmiş, lakin onlar müəyyən düsturlara diqqət etmədiklərindən doğru yoldan uzaqlaşmış və bir daha geri dönə bilməmişlər. Bir hissəsi “dallin/zəlalətdə olanlar” damğası ilə damğalanmış, bir hissəsinə də “məğdubin/Allahın qəzəbinə məruz qalanlar” möhrü vurulmuşdur. Bu baxımdan doğru yolu tapmaq çətin və vacib bir məsələ olsa da, o yolda sabitqədəm olmaq daha çətindir. Bəli, zirvəyə çıxmaq çətindir, daha çətini isə zirvədəki məqamı qoruyub saxlamaqdır. Ona görə Həzrəti Pir deyir ki, ixlas qülləsinin başından yıxılanı bəzən dərin bir quyu gözləyir.
Qabiliyyətlərə uyğun iş bölgüsü
Haqq yolunda xidmətin uzunömürlü olması üçün əşya və hadisələri düzgün qavramaq və fitrətə əks getməmək də mühüm məsələdir. Cənabi-Allah insanları fərqli xarkatersə xəlq etmiş və onlara fərqli qabiliyyətlər vermişdir. Bəzi şəxslərin cəmiyyətlə ünsiyyət yönü zəif olduğundan onlar birbaşa insanlara təsir edə bilmirlər. Məsələn, qələmi ilə haqq və həqiqətə tərcüman olan, yazıları ilə milyonları riqqətə gətirən, qəlblərdə diriliş duyğusunu oyadan elə insanlar var ki, bir yerdə bir söhbət təklif etsən, kitablarla qazandığı rəğbəti birinci konfransdaca itirə bilər. Çünki Allah ona yazı səviyyəsində nitq qabiliyyəti verməmişdir. Halbuki həmin insan inandığı dəyərləri kitablarla, məqalələrlə oxucuya çatdırmaqda mahirdir. Ona görə də idarəçilik məqamında olanlar bu məsələni nəzərə almalı və hər kəsə qabiliyyət və bacarığına uyğun iş təklif etməlidir.
Bildiyiniz kimi, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Həzrəti Xalidin istəyini nəzərə alaraq onu Yəmənə irşad və təbliğ üçün göndərmişdi. Əbu Musa əl-Əşarinin nəqlinə görə, aradan üç həftə keçmiş, ancaq nə gələn olmuşdu, nə gedən. Əslində Xalid ibn Vəlid danışıq qabiliyyəti zəif bir insan deyildi. Ancaq Cənabi-Allah ona irşad deyil, sərkərdəlik şərəfi bəxş etmişdi. Yəni ona başqa bir üstün qabiliyyət lütf etmişdi. İlahi hikməti dərk etmək çətindir. Əgər Həzrəti Xalid də bəzi səhabələr kimi “söz sultanı” olsa idi, bəs onda Bizansın başına külüngü kim çalardı, Sasaniləri kim yerlə-yeksan edərdi?! Bir müddət sonra Həzrəti Xalid geri qayıtmış, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) isə Yemənə onun yerinə Həzrəti Əlini göndərmişdi. Bir xatib, bir vaiz və bir naseh kimi Allahın fərqli xüsusiyyət və üstün cəhətlər bəxş etdiyi, nitqi ilə ruhları vəcdə gətirən, adı daim könüllərdə yaşayan Həzrəti Əli Yəmənə çatandan üç-dörd gün sonra müsəlmanlığı qəbul edənlərin sayı sürətlə çoxalmağa başlamışdı. Çünki o, harda, necə, nə cür söz deyəcəyini yaxşı bilir və beləcə qəlblərə yol tapırdı.
Bu yerdə idarəçilərin vəzifəsi hər kəsə fərqli aspektdən yanaşmaq və səmərə əldə etmək üçün hər bir şəxsə qabiliyyətinə uyğun işlər verməkdir. Filin işini qarışqaya tapşırsanız, onu ağır yük altında əzər, qarışqanın işini filə tapşırmaqla isə fili hədər etmiş olarsınız.
İş bölgüsündə şəxslərin qabiliyyət və xarakterinin nəzərə alınması vacib olsa da, həqiqi təsir gücünün Allaha aid olduğunu da unutmamalıyıq. Danışıq qabiliyyəti zəif olan, iki-üç cümləni güclə quran elə insanlar tanıyıram ki, bircə sözü insanların yumşalmasına kifayət edirdi. Bunu onun şəkil-şəmaili ilə, bacarığı ilə, düşüncə dünyası ilə, danışıq qabiliyyəti ilə izah edə bilməzsiniz. Çünki qəlblər Allahın əlindədir. İstədiyi bəndəyə hidayəti verən Odur. Bu səbəblə könül ərənləri Allah üçün görülən heç bir işə laqeyd yanaşmamalıdır. Bəzən bir stəkan çay içirərək, bəzən yemək yedirərək, bəzən hal-əhval tutaraq, qısaca qəlblərə yol tapmaq üçün hər fürsətdən istifadə edərək öhədəsinə düşəni yerinə yetirməyə çalışmalıdır.
İdeallıq və reallıq müvazinəti
Digər tərəfdən ideallıqla reallıq bir-birinə qarışdırılmamalıdır. Bəli, insanın gərək yüksək idealları, ali məqsədləri olsun. Məfkurə mühacirlərinin uca idealları hətta dünyanı bir anda dəyişdirməyə qabil olmalıdır. Qayəniz ali olarsa, − əməlləriniz ona çatmasa da − Allah bu boşluğu niyyətlərinizlə doldurar və sizi xəyalını qurduğunuz o qayə səviyyəsində mükafatlandırar. Yəni Allah-taala insana həyata keçirə bilmədiyi gözəl niyyətlərinə də savab verər.
Ona görə də insanın məqsədi yüksək, qayəsi ülvi olmalıdır. Bununla yanaşı, zaman, məkan, imkan və insan amili hökmən diqqətə alınmalıdır. Şəraitin əlverilşli olub-olmadığınıı düzgün müəyyənləşdirmək lazımdır ki, atılan addımlar uğursuzluqla nəticələnməsin.
Bəzən dünyanın rəngini dəyişdirmək istəyənlər olur, ancaq Fərabinin “Mədinətül-fazilə”si, ya da Kampanellanın “Günəş ölkəsi” kimi ütopik düşüncələrə qapılırlar. Bu xəyali dünyada insanlar harda qarşılaşsalar, bir-birini qucaqlayır. Şir və canavarlar qoyunlardan halallıq istəyir. Bazar-dükanlardakı insanlar qanadlı mələkləri xatırladır. Bu dünyada zərrəcə doğru yoldan sapan olmaz. Uşaqlar ciddi təlim-tərbiyəyə ehtiyac duymadan yetkinləşir, kamilləşir və on beş yaşını haqlayanda sanki mələk olurlar. Belə bir dünyanın xəyallarını qurmaqla onu gerşəkləşdirmək ayrı-ayrı məsələlərdir.
Məhz bu məqamda insanın xarakteri və qarşılıqlı münasibətlər hökmən diqqətə alınmalıdır. Peyğəmbərlərin dövründə belə bir cəmiyyət qurulmamış, bazar-dükan heç vaxt belə təmiz-pak olmamış, qurdla-quzu bir yerdə otlamamış, şirlər heç vaxt ətdən əl çəkib ot yeməyə başlamamışdır.
Madam ki, reallıqlar bunu göstərir, qənaətimcə, könül verdiyimiz həqiqətlərin reallaşmasının mümkün olub-olmadığını ciddi gözdən keçirməliyik. Əgər biz məfkurə qardaşlarımızın dünyanın simasını dəyişdirməsini və ona yeni bir libas geyindirməsini umuruqsa, xəyallarla hökmlər verməklə, qeyri-mümkün işlərlə məşğul olmaqla həm qurduğumuz xəyalları, həm də bizə bel bağlayan insanların ümidlərini puça çıxarmayaq. Belə bir vəbalı boynumuza götürmək istəmiriksə, fərdlərin istedad və qabiliyyətləri bir-bir diqqətə alınmalı, buna əsasən iş bölgüsü aparılmalı, gözəl fikirlər zaman, məkan insan və imkan amilləri nəzərə alınaraq həyata keçirilməlidir.
- tarixində yaradılmışdır.