Əməlin ruhu – ixlas
Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin hər hərəkət və davranışında Allahın rizasını axtarmalı, bir an belə olsa nəfsini işə qarışdırmamalı, “Mən dedim, mən etdim, mən elədim” deməməli, hətta gördüyü xeyirxah işləri yaddaşından silməlidir. Mömin, xüsusilə də haqq və həqiqətin təbliği yolunda “qırtlaq ağalığı” etməməli, bir yerdə haqq və həqiqətdən danışanda qəlbinin səsini dilə gətirməlidir. Nəticə əldə edəndə isə, gördüyü işlərin, əldə etdiyi nailiyyətlərin zərrəsini belə öz adına çıxmamalıdır.
Ölü sözlər
Əlbəttə, bu şüuru birdən-birə əldə etmək olmur. İnsan gərək nəfsin üstünə o qədər xətt çəksin ki, axırda “Bilmirəm, mən varam, yoxsa yoxam?” deyə bilsin, mənən kamilləşərək get-gedə özünü unutsun. Əks halda xeyirxah əməllərin təsiri dar dairədən kənara çıxmaz, nəticənin bərəkəti qalmaz. Azacıq tərpəniş gözə dəysə də, fəaliyyətlər uzun ömürlü olmaz.
Bu gün məscidlərdə tilavət edilən Quranların, oxunan saysız hesabsız azanların, o bər-bəzəkli iqamələrin, camaatı fərz namazına hazırlamaq üçün oxunan “İxlas”ların Peyğəmbərimizin dövründə, çox güman, onda biri belə oxunmurdu. İndi minarələrdə oxunan azanlarla hər tərəf lərzəyə gəlir. Came kürsülərində, televiziya ekranlarında tez-tez dini söhblətlər edilir, vəzü-nəsihətlər verilir. Ancaq bu sözlər insanlara təsir etmir, könüllərə yol tapmır, xalqı Səadət Əsrindəki kimi Allaha yönəltmək olmur. Çünki dildəki sözlər ürəkdən gəlmir. Əgər bir insan “Allah böyükdür” deyəndə belə öz böyüklüyündən dəm vurursa, səsinin tonu və ahəngi ilə özünü ifadə edirsə, Allah və Peyğəmbərdən (sallallahu aleyhi vəsəlləm) danışanda öz natiqliyini nümayiş etdirirsə, üstü-örtülü yalan danışmış olur.
Dərin iman
Bu cür hallar iman və Quran hizmətinə könül verən insanlar üçün ciddi təhlükədir. Əgər bugünədək məsələnin qıraq-bucağından keçmiş və mərkəzdə heç cür yer tutmamışıqsa, o halda ilk öncə diqqətimizi əsas məsələyə cəmləməli, imanda dərinləşmək üçün özümüzü hazırlamalıyıq. Elə səhabə əxlaqı və şüuru da bunu tələb edir. Çünki onlar bir-biri ilə qarşılaşanda “Gəl bir saat Allaha iman edək” deyirdilər (Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, III, 265; İbn Həcər, “əl-İsabə”, IV, 83). Yəni “Bu anadək imanımızın bir qiyməti vardı. Ancaq bundan sonra onun ilahi dərgahda dəyərinin olub-olmayacağını bilmirik. Ona görə də onu təzədən gözdən keçirməliyik”. Diqqət edin, səhabələr “Təzədən iman edək” deyil, “bir saat Allaha iman edək” deyirlər. Yəni Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) Əbu Zərr əl-Qifariyə (radiyallahu anh) “Gəmini bir də əldən keçir, çünki dəniz çox dərindir” (əd-Deyləmi, “əl-Müsnəd” 5/339) buyurduğu kimi, hər yeni gün yeni bir səfərə çıxmaq deməkdir.
İnsan səfərə çıxmadan qabaq hər ehtimala qarşı maşınını gözdən keçirdiyi, mühərrikindən təkərlərinədək hər bir hissəsini yoxladığı kimi, Allahın hüzurunda məsuliyyət daşıdığı hər bir işi və vəzifəni də gözdən keçirməli, ehtiyac varsa əyər-əskiyini tamamlamalı, imanını bir daha yeniləməlidir. Çünki gəmisini tələm-tələsik dərin həyat dəryasına buraxan insan hər an bata bilər. Halbuki hələ onu bərzəxlə başlayıb Cənnət və ya Cəhənnəmlə sona çatan uzun bir yol gözləyir. Ona görə də belə bir yola çıxanda gərək yaxşı hazırlıq görsün.
Ardınca Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) “Azuqəni tam götür, səfər çox uzundur” buyuraraq yolun uzun olduğunu vurğulamışdır. İnsanın yol azuqəsi onun Sirat körpüsündən keçməsinə və Cənnətə getməsinə vəsilə olmalıdır. Sirat körpüsü dünyadakı körpülər kimi deyil. Ola bilsin bir dəfəyə, bir göz qırpımına Siratın bir ucundan o biri ucuna keçə bilmədik. Hədislərə baxanda, o, bəlkə də dünya həyatı kimi uzun bir səfərdir. İnsanın Cənnətə getməsi bu körpünü keçməsindən asılıdır.
İnsan bu uzun yol üçün lazımınca azuqə götürməklə yanaşı, hər cür xəta və günah yükünü də üstündən atmalıdır. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bunu “Çiynindəki yükünü yüngülləşdir, çünki yoxuş olduqca sərtdir” sözü ilə ifadə etmişdir. Yəni insan çalışmalıdır ki, ağır günah yükü ilə qəbrə girməsin, bərzəxə addım atmasın, məhşərə düşməsin və Siratdakı qarmaqlara keçməsin.
Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) Həzrət Əbu Zərə son tövsiyəsində buyurur: “Əməlində ixlaslı ol, çünki görən və dəyərləndirən Rəbbin hər şeydən xəbərdardır”. Bu ifadəni Həzrət Pirin sözü ilə açıqlayaq: “Allah üçün işləyin, Allah üçün görüşün, Allah üçün çalışın. Lillah, livəchillah, liəclillah rizası üçün hərəkət edin” (Bədiüzzaman, “Ləmalar” s. 21 (Üçüncü ləma, üçüncü nöqtə)). Çünki sizin əməllərinizə qiymət verən, onları əməl dəftərinə yazan Zat sizi daim görür. Sizin elə bir əməliniz yoxdur ki, Ondan xəbəri olmasın. O, hər şeydən agahdır.
Daimi mühasibə
Bəli, dünya həyatına bu cür yanaşmaq lazımdır. Bu məsələyə biganəlik göstərmək olmaz. Haqq dostlarından Əsvəd ibn Yezid ən-Nəxainin dediyi kimi “İş bildiyiniz kimi deyil, çox, çox ciddidr!” (Əbu Nuaym, “Hilyətül-övliya”, II, 104). Yəni bu iş adi bir məsələ deyil. Çünki bunun axırında ya əbədi əzab, ya da əbədi səadət var. Ona görə də insan namaz, oruc və digər ibadətlərini şüurlu şəkildə yerinə yetirməli və daim özünü sorğu-suala çəkməlidir.
O baxımdan insan bir məsələ haqqında danışanda bir tərəfdən “Allah düzgün danışdırsın, sözlərimiz təsirli olsun, könüllərə yol tapsın” deməlidir. Digər tərəfdən isə məsələyə eqosunu qarışdırmamalı və işini ixlasla görməlidir. “Allahım, hər sözüm Sənin rizana uyğun olsun” deməyi də heç vaxt unutmamalıdır. Başqa sözlə desək, Qurani-Kərimdə verilən Həzrət Musanın “Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir. Dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” (“Ta ha” surəsi, 20/25-28) məzmunlu duası dilimizdən düşməməlidir. Və bununla yanaşı, “Rəbbim, Sənin rizanla birlikdə...” deməyi də unutmamalıyıq.
İxlas ərənləri
Daha ətraflı desək, insan özündə cəsarət tapıb: “Söz və əməllərimi rizanla qiymətləndir! Təvəccöhünlə, nəzərinlə, inayətinlə, riayətinlə qiymətləndir! Mən faniyəm, axirətə gedəndə hər şey sona çatacaq. Əməllərimdə Sən yoxsansa, əməllərimin nə əhəmiyyəti var” deməyi bacarmalıdır.
Mərhum Nurəddin Topçu mövlüd, nət və minacat oxuyaraq özlərini nümayiş etdirənlərə “qırtlaq ağaları” deyərdi. Çünki səmimiyyəti vacib sayar, həmişə ixlasın əhəmiyyətini vurğulayardı. Həzrət Pirin bu məsələyə baxışı isə təqdirəşayandır. O, ixlassız və qeyri-səmimi heç bir əməli qəbul etməz, ürəkdən gəlməyən hər şeyi yerə çırpıb tapdalayardı. Məhz bu gün bu cür bir ovuc ixlas ərinə ehtiyac var. Çünki dünyanın çöhrəsini onlar dəyişdirəcək. Alqış, təqdir, təbcil, təmənna umaraq iş görənlər azacıq tərpənişə vəsilə olsalar da, onların uzunömürlü bir iş gördüyünü bu günədək görən olmamışdır. Bəli, dünyəvi mənfəət, təqdir və alqış üçün iş görən insanların müvəqqəti təsirləri olsa da, belələrinin indiyədək uzunömürlü və ciddi bir iş ortaya qoyduqlarını görən olmamışdır, olmayacaqdır da.
İnsanlığın İftixarı Peyğəmbərimiz və Onun Rəşid xəlifələrindən sonra gələn Əməvilər, Abbasilər, Xarəzmşahlar, Eyyubilər, Səlcuqlular və Osmanlıların İslama xidməti az deyil. Onlar, xüsusilə müəyyən dövrlərdə Gül dövrünün nümayəndələri olaraq öz vəzifəsini yerinə yetirmiş, sonra da yadi-cəmil olaraq dünyasını dəyişmişlər. Ancaq onlar heç vaxt Rəşid Xəlifələrin əldə etdiyi nailiyyətləri və uğurları qazana bilməmişlər. Bunun səbəbi isə Rəşid Xəlifələrinin böyük səmimiyyət və ixlasıdır. Bu gün bəşəriyyətin zahirə, surətə, populizmə, təqdirə, alqışa, böyük iddialara deyil, həqiqi müsəlmanlığın ixlasla, səmimiyyətlə təmsil edilməsinə, hal dili ilə göstərilməsinə ehtiyacı var.
- tarixində yaradılmışdır.