Ərzi və səmavi müsibətlərdən qorunma duası
Sual: Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) "Kim hər gün səhər və axşam bu duanı üç dəfə oxusa, ona heç bir şey zərər verməz" buyuraraq oxuduğu: بِسْمِ اللّٰهِ الَّذي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي اْلأَرْضِ وَلاَ فِي السَّمَاءِ وَهُوَ السَّميعُ الْعَليمُ (Tirmizi, Daavat 13) duası hansı xüsusları ehtiva edir?
Cavab: Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) məsurata[1] aid bu mübarək duaya بِسْمِ اللّٰهِ الَّذي ifadəsi ilə, yəni Allahın adını zikr edərək başlayır; sonra da لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي اْلأَرْضِ وَلاَ فِي السَّمَاءِa "Onun adı çəkiləndə, nə yer, nə də səmaya aid heç bir şey insana zərər verməz" deyərək maddi-mənəvi, dünyəvi-uxrəvi bütün təhlükələrdən Allahın (cəllə cəlaluhu) siyanətinə, himayəsinə sığınır. Sonra da: وَهُوَ السَّميعُ الْعَليمُ buyurub Haqq Təalanın iki ismini anaraq duanı tamamlayır. Yəni duanın axırında "Haqq Təala yerdən gələn və göydən enən hər təhlükə qarşısında səmimi qəlbdən Ona sığınan qulunun yalvarışını eşidən və qulun bu duasını sonsuz elmi ilə ən yaxşı biləndir" deyilir.
Bu duanı müəyyən məqsədlərlə müxtəlif xəstəliklər və müsibətlərə qarşı oxumaq olar. Haqq Təala da hansı niyyətlə oxunubsa, həmin istəyi yerinə yetirə bilər. Lakin alimlərin ümumi fikrinə görə bu dua iflic xəstəliyi üçün oxunur. Bu hədisi Əban bin Osman atası Hz. Osman bin Affandan (radiallahu anhuma) rəvayət etmişdir. Eşidib öyrəndiyi hər dini məsələni dərhal həyata keçirmək səhabələrə xas bariz xüsusiyyət olduğuna görə, onlar bu duanı səhər-axşam oxuyur, iflicə qarşı oxumağı da məsləhət görürdülər. Bəli, onlar bir Quran ayəsi nazil olan kimi və ya Peyğəmbərimizdən (sallallahu əleyhi və səlləm) bir hədis eşidər-eşitməz, dərhal həmin ayə və ya hədisi birlikdə müzakirə edib anlamağa, həyata tətbiq etməyə çalışırdılar.
Bu duanı ehtiva edən hədisin ravisi Əban bin Osman (radiallahu anh) bir gün iflic keçirir. Bu hədisi ondan (Əban bin Osmandan) eşidən bir şəxs küçədə onu bu vəziyyətdə görəndə təəccüblə baxır. Əban b. Osman Həzrətləri vəziyyəti həmin şəxsə belə izah edir: "Hədis rəvayət etdiyim kimidir. Lakin mən bu müsibətə düçar olduğum gün onu (sözügedən duanı) oxumamışdım. Allah da (cəllə cəlaluhu) belə təqdir buyurdu" (Tirmizi, Daavat 13)
Bəli, gördüyümüz kimi, səhabeyi-kiram eşitdiyi hər bir əmri qəlbən yaşamağı, ruhən mənimsəməyi həyatının qayəsi sayırdı. Təəssüf ki, bu gün biz belə bir şüurdan məhrumuq. Duyğu və düşüncəmizi tar-mar edən zəlzələ, bizi çulğalayan fətrət dövrü müsbət adlı nə varsa götürüb-apardı, silib-süpürdü. Beləcə dinin gözəlliklərinə, İslami dəyərlərin üsul və füruuna uzaq və yad olduq. Üstəlik dinimizin dilini bilməmək də bizim üçün ciddi çatışmazlıqdır. Yoxsa səhər-axşam bu duanı oxumaq o qədər çətin iş deyil.
Bəli, səhabə mütəmadi olaraq səhər-axşam bu duanı oxuyur, bu duanı oxuyanın da iflic keçirməyəcəyinə ürəkdən inanırdı. Qoruyub hifz edən Allahdır, ona görə də bu məqamda əsbabpərəst (səbəblərə həddindən artıq inanan) olmamaq lazımdır. Təəssüf ki, son bir neçə əsrdir "fünunu-müsbətə" adlanan müsbət elmlər bəşəriyyət üçün bəzi faydalar gətirməklə yanaşı, insanlığa hər şeyi maddədə axtarma və hər şeyi bir səbəbə aid etmə anlayışını zorla mənimsətdiyinə görə, bizi də "ağlı gözünü örtmüş" insanların davranışlarına sürüklədi, belə bir cəhənnəm qəyyasına çəkdi. Artıq bizim gözlərimiz də bəzi səbəblər fövqü (səbəblərdən asılı olmayan) ilahi inayət və riayəti görməməyə başladı. Siz iflic xəstəliyinin səbəblər çərçivəsində təzyiqdən, duzun çoxluğundan əmələ gəldiyini, irsən keçdiyini iddia edə bilər və ya damar sərtliyi ilə bağlı olduğunu düşünüb müxtəlif səbəblərlə izah edə bilərsiniz. Ancaq unutmamaq lazımdır ki, Allah müsəbbibül-əsbabdır (səbəbləri yaradandır). O, səbəblərlə planlanan, ortaya qoyulan hər şeyi mütləq qüdrət və iradəsi ilə dilədiyi şəkildə dəyişdirə, bütün sistemi poza və həmin yerdə Öz hökmünü icra edə bilər. Bəli, O murad etsə, fövqəladə inayəti və fövqəladə riayəti ilə sizə baxar, nəzarət edər, qayğı göstərər, belə bir xəstəliyə tutulmağınıza imkan verməz. Materialist, pozitivist və naturalist dünyagörüşünə malik olanların bu sözügedən xüsuslara ağız büzə və kənardan, məsafəli baxa bilər. Lakin mömin Haqq Təalanın sonsuz qüdrət və iradəsinə şübhə və tərəddüdsüz inanır və inanmalıdır.
Bu baxımdan köhnə dillə desək, istər fəlakəti-səmaviyə, istər fəlakəti-əraziyə (yerdən gələn fəlakətlər) və xüsusən də iflicdən qorunmaq üçün səhər-axşam bu duanı oxumaq məsləhətdir. Özümüzü pis hiss edəndə, məsələn, təzyiqimiz qalxanda, üzümüzdə gərginlik, səyrimə olanda bu duanı oxumaqla dərhal Rəbbimizə yönələ bilərik. Çünki orqanizmin müxtəlif yerlərində bizim bilmədiyimiz şəkildə "səhhətmetr", "həyatmetr" kimi şeylər hərəkətə gələrək bizə siqnal göndərə bilər. Məhz belə hallarda bu ucuz müalicəyə müraciət etməyin nə qəbahəti var! Bəli, bir çətinliyə düşərkən dərhal:
بِسْمِ اللّٰهِ الَّذي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي اْلأَرْضِ وَلاَ فِي السَّمَاءِ وَهُوَ السَّميعُ الْعَليمُ
deyib Haqq Təalanın sonsuz mərhəmət və qüdrətinə sığına bilərik. Dua haqda mövzularda da qeyd edildiyi kimi, duada "istənilən şey istənilən şəkildə və dərhal olsun" düşüncəsi doğru deyil. Çünki Haqq Təala bəzən istəyimizi olduğu kimi verir, bəzən də müəyyən hikmətlərinə görə, daha xeyirlisini verir, ancaq bizim elmimiz məhdud olduğuna görə bunu bilə bilmərik. Lakin çətinliyə düşən kimi dərhal duaya üz tutmaqla bu fürsəti dəyərləndirmiş, bir ibadət, zikr və fikir dairəsinə girmiş olarıq.
Səmavi zərərlər
Duada keçən: فِي السَّمَاءِ ifadəsinə ruhanilərdən (ruhani varlıqlardan) və cinlərdən gələn zərərlər də daxil ola bilər. Çünki cinlər və lətif varlıqlar oksigen, karbon dioksid və digər qazlar kimi atmosferdə "üzürlər". Əslində bu metafizik varlıqların sadəcə bu kimi qazlardan ibarət olub olmadığını bilmirik. Çünki ayədə göstərilir ki, bu məxluqlar "maric nar"dan (tüstüsüz oddan) yaradılmışdır ("Rahmən" surəsi, 55/15). Biz isə maric narın mahiyyətini dəqiq bilmirik.
Bir təfsirə görə, "Yeddi qat səma" ifadəsi ilə atmosferin yeddi təbəqəsi nəzərdə tutulur. Atmosfer ən aşağı qatdan ən yuxarı qata qədər müxtəlif təbəqələri ehtva edir. Ərvahı-xəbisə (xəbis ruhlar) və cinlərlə yanaşı, məlaikə və ruhani varlıqlar da bu təbəqələri vətənə çevirmiş, qabiliyyət və istedadına müvafiq olaraq müəyyən qatlarda "məskən" salmışlar. Almalılı M. Hamdi Yazırın təfsirində keçdiyi kimi, ildırım, şimşək, göy gurultusu və s. atmosfer hadisələrinə bəzi məlaikə və ruhani varlıqlara xas müəyyən hadisələrin fiziki aləmdə əks olunması, təzahür etməsi kimi yanaşmaq olar. Səma deyəndə, ağıla ilk öncə yerin səması gəlsə də, məsələyə daha geniş aspektdən yanaşa bilərik. Bu mövzuda həm Hz. Ustad, həm də Almalılı M. Hamdi Yazır Həzrətlərinin şərhlərdən biri bu məzmundadır: "Bu gözlə gördüyümüz ulduzlarla bəzənmiş səma birinci qat səmadır". Biz ikincisini, üçüncüsünü, dördüncüsünü, beşincisini, altıncısını və nəhayət yeddincisini görə bilmirik. Bu təfsirə görə, səmanın birinci qatında Südyolu qalaktikası ilə birlikdə minlərlə kəhkəşan yerləşir. Bəlkə də, onun üstündə gözlə görünməyən "efir"dən ibarət bir səma var; "əsir"dən bir səma var; əsirin də əsas təşkil etdiyi başqa-başqa maddələrdən ibarət səmalar var. Onlar nə teleskop, nə mikroskop, nə də ultrabənövşəyi şüalarla görünür. Bəli, bərzəx aləminin, misal aləminin, məhşərin, Cənnətin və Cəhənnəmin – hər aləmin bir səması var.
Astronomiya və astrofizika ilə bağlı məlumatlara baxdıqda çox uzaq planetlərin belə Yer kürəsinə təsir etdiyini aydın görürük. Əgər bu təsiri təkcə fiziki təsirdən ibarət saysaq, mövzunu darlığa məhkum etmiş olarıq. Çünki ruhanilər, əcinnələr, ifritlər, qulyabanilər bu təsirdə müəyyən rol oynaya bilər. Hz. Pirin ifadə etdiyi kimi, ruhanilər və xəbis ruhlar o aləmdən bu aləmə müntəzəm şəkildə gedib-gəlir. Hətta meteorit və meteorlar bir mənada onların daşlanmasının təzahürüdür.
Bütün bunları nəzərə almaqla səmaya geniş aspektdə baxmalıyıq. Ən uzaq səmalardan bizim dünyamıza bəzi şeylər gələ bildiyi kimi, atmosferdən də gələcək şeylər var. Digər tərəfdən Şeytanın:
لَاٰتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَۤائِلِهِمْ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ
"Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" ("Əraf" surəsi, 7/17) sözlərinə müqabil Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir duasında:
اَللّٰهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ وَمِنْ خَلْفِي وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي وَمِنْ فَوْقِي وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي
"Allahım, məni öndən-arxadan, sağdan-soldan və üstdən (gələcək təhlükələrdən) qoru. (Yerə batırılaraq) altdan həlak olmaqdan əzəmətinə sığınaram" (Ebu Davud, Sünne 110) deyə dua edərək öndən, arxadan, sağdan-soldan, aşağıdan-yuxarıdan gələn təhlükələrdən Allaha sığınmışdır. Dolayısilə, səmadan gələnlər insana toxana, zərər verə bildiyi kimi, yerdən gələnlər də toxana bilər. Eyni şəkildə xəbis ruhlar və şeytan da toxana bilər. İşari məna baxımından beldən aşağı toxanma da ola bilər. Cəvamiül-kəlim olan İnsanlığın İftixarı Peyğəmbərimizin (əleyhissalatu vəssalam) bu duası dal-bil-ibarəsi, dal-bil-işarəsi, dal-bil-dəlaləsi və dal-bil-iqtizası ilə müxtəlif cəhətləri cəmləyir.[2] Məsələyə Onun bu duada nəzərdə tutduğu ənginliklə yanaşa bilmək üçün bütün bu məna qatlarını nəzərə almaq lazımdır. Əksinə ona təkcə pozitivist və naturalist mülahizə ilə, dar çərçivədə yanaşsaq, onu mahiyyətindən uzaqlaşdırmış, öz dar anlayışımıza məhkum etmiş olarıq.
Sünnənin əhyası
Bəzi yerlərdə "Həşr" surəsindən əvvəl bu duanı oxumaq adətə çevrilib. Məsələn Ərzurumda "Həşr" surəsindən əvvəl üç dəfə:
بِسْمِ اللّٰهِ الَّذي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي اْلأَرْضِ وَلاَ فِي السَّمَاءِ وَهُوَ السَّميعُ الْعَليمُ
deyəndən sonra "bismillah" deyib ayələrə keçirlər. Əslində mövcud qaynaqlarda nə dövrü-risalət-pənahidə, nə də Raşid Xəlifələr dövründə belə bir şeyin icrası ilə bağlı bir qaydaya rast gəlmirik. Lakin bəzi alimlər əsli Quran və ya Sünnədə olan məsələlərin əhya edilməsi niyyəti ilə fəslin[3] müəyyən şəklə salınmasına etiraz etməmişlər. Buna mənfi yanaşanlar belə ən azı "bidəti-həsənə" demişlər. Məsələn, Hz. Ömər təravih namazının camaatla qılındığını görəndə: نِعْمَ الْبِدْعَةُ هَذِهِ "Bu nə gözəl bidətdir" (Buhari, Salatü't-Teravih 1) buyurmuşdur. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) təravih namazını yalnız iki-üç axşam camaatla qılmışdı. Xalqın böyük rəğbətini görüncə də camaatla təravih namazını qılmaqdan vaz keçmişdir.
Çünki Rəsuli-Əkrəm Peyğəmbərimizin təşriyə (şəriətə) aid davranışları çox əhəmiyyətlidir. "Əfali-nəbəvi", yəni Allah Rəsulunun feli (hərəkət və davranışları) dini qanunların əsasını təşkil edir. Yəni Peyğəmbərimiz təravih namazını camaatla qılmağa davam etsəydi, Müsəlmanlar bunu belə mənimsəyib sonra da yerinə yetirməli idilər. Buna görə İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dinin ruhuna xas yüsrə (asanlıq prinsipi) əsasən müsəlmanları belə bir məcburiyyətlə üz-üzə qoymamaq üçün ilk iki gün təravih namazını camaatla qıldıqdan sonra Cənnət firdövsindən daha müqəddəs səadət dolu hücrəsinə çəkilmişdi. Daha sonra da bunun səbəbini izah etmişdi.
بِسْمِ اللّٰهِ الَّذي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي اْلأَرْضِ وَلاَ فِي السَّمَاءِ وَهُوَ السَّميعُ الْعَليمُ
duasının əsli məşhur hədislərdə keçdiyinə, Allah Rəsulunun bir tövsiyəsi olduğuna, buna rəğmən insanlar laqeydlik üzündən bu mühüm sünnəni tərk etdiyinə görə, bəzi yerlərdə bu duanı "Həşr" surəsindən əvvəl oxuyub əhya etməyə çalışırlar. Yəni, "Bu duanı imam oxusun, camaat da dinləsin, beləcə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu tövsiyəsi yerinə yetirilmiş olsun" düşüncəsi ilə hərəkət etmişlər. Ancaq qənaətimcə, bu və buna bənzər məqamda məsələni bütünlüklə bir çərçivəyə salmamaq lazımdır. Xüsusilə bu adətə yad yerlərin sakinlərində "yeni şey çıxarırlar" fikrinin formalaşmasına imkan verilməməlidir.
[1] Mə'surat: Peyğəmbərimizdən (s.ə.s.) rəvayət edilən dualar.
[2] dal bil-ibərə: Bir söz və ya ifadənin yalnız bir məna verməsi.
dal bil-işarə: Sözün işarə etdiyi mənanın dəlil sayılması
dal bid-dəlalə: Bir sözün dəlilə əsaslanaraq bir mənanı izah etməsi
dal bil-iqtiza: Bir sözün mahiyyətinin tələbi ilə bir mənanı izah etməsi
[3] Məsələn hicab Quranda və sünnətdə var, yəni bu əsldir.
Amma örtünmə şəkli, usulü və s. şeylər dövrə, cəmiyyətə görə dəyişir. Bu da fəsildir.
- tarixində yaradılmışdır.