Faydasız və faydalı “kaş ki”lər

Fəthullah Gülən: Faydasız və faydalı “kaş ki”lər

Sual: “Furqan” surəsində işlənən: “O gün zalım barmaqlarını dişləyib deyəcəkdir: “Kaş ki Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım. Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim!” (“Furqan” surəi, 25/27-28) şəklində heyifsilənmək, başa-gözə döymək hansı günahların “bəhrə”sidir? Axirətdə bihudə “kaş ki”lərlə inildəməmək üçün dünyada nələrə diqqət etməliyik?

Cavab: Ayə وَيَوْمَ “O gün” ifadəsi ilə dəhşətli bir gündən xəbər verərək başlayır, ardınca da bu müdhiş gündə zalımın təəssüf və peşmançılıq hissi ilə barmaqlarını dişləməsindən bəhs edir. Ərəb dilində idiom olan “barmaq dişləmə” ifadəsi tələhhüf (heyifsilənmə, ağlayıb sızıldama), təəssür (kədərdən iki qat olma) və təhəssür (həsrətdən yanıb-yaxılma) hislərindəki peşmançılığı bildirmək məqsədilə işlədilir.

Ayənin ardında zalım peşmançılıq hissini bu sözlərlə dilə gətirir: “Kaş ki Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım.” Zalımın peşmançılığı təkcə bundan ibarət deyil. O, həsrət və kədərdən doğan peşmançılıq hissini həm də bu ifadələrlə dilə gətirir: “Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim!” Yəni “Kaş filan xainlə, ağılsızla dost olmayaydım, onu (əməllərini) alqışlamayaydım! Kaş azğınların yolundan getməyəydim!”

Halbuki onun bu “kaş ki”ləri axirətdə bir fayda verməyəcək, əksinə peşmançılığını iki qat artıracaqdır. Başqa sözlə desək, orada “kaş ki” demək bihudə enerji sərf etmək olduğuna görə müsibəti artırmaqdan başqa bir yararı olmayacaq. Bu cür peşmançılıq məzmunlu sözləri təkcə axirətdə deyil, can boğaza gəlib əl ələ, ayaq ayağa “əlvida” deyəndə də, axirət aləminin ilk mənzili sayılan bərzəx aləminə keçəndə də deyənlər olacaq. Harada olur-olsun, bu sözlər bilə-bilə, göz görə-görə fürsəti əldən verən bir insanın təəssüf, həsrət və hicran dolu sözləridir.

Ən böyük “kaş ki”

Axirətdə insanın kədər və peşmançılıqdan belini bükən, ürəyini dağlayan, təəssüf hissi ilə “kaş ki” dedirən bir çox günah və xəta olsa da, ilk sırada dayanan küfrdür. Çünki bütün kainat başdan ayağa cümlə-cümlə, söz-söz, hərf-hərf Allahı nişan verir. Bəli, insan qərəzsiz şəkildə, insafla bu kainat kitabına qulaq versə, hətta hansı sözünü, hansı hərfini dinləsə, hamısından istisnasız olaraq “Lə iləhə illəllah” cümləsini eşidər. İmam Maturidi həzrətləri məhz bu açıq-aydın həqiqətə əsaslanaraq peyğəmbər göndərilməyən insanların belə Allahı bilməklə mükəlləf olduğunu söyləmişdir. Çünki onlar Allahı (cəllə cəlaluhu) müstəsna vəsf və əsmaü-hüsnaya müvafiq tanımasalar da, Onun Zatını nübuvvət və vəhy aspektindən bilməsələr də, kainat kitabına baxanda bir yaradanın var olduğunu mütləq anlayacaqlar. Cahiliyyə dövründə yaşayan Həzrəti Ömərin əmisi Həzrəti Zeyd bu düşüncəni dilə gətirmişdi: “Bilirəm ki, bir Yaradan var. Ancaq məndən nə istəyir, bunu bilmirəm. Ah kaş bunu biləydim, bilib əməl edəydim” (Bax.: Buxari, “Mənaqib” 24). Xülasə, axirətdə insanı peşmançılıq hissi ilə qıvrandıran, içini yaxıb qovuran ən böyük “kaş ki” imansız can verməkdir.

Axirətdə “kaş ki”lərə səbəb olan böyük günahlardan biri də hidayətə gəldikdən sonra təkrar zəlalətə düçar olmaqdır. Zira imanla küfür, hidayətlə zəlalət arasında incə bir pərdə var və insan yüngül bir hərəkətlə o biri tərəfə düşə bilər. Məhz buna görə də bizlər inanan insanlar olaraq sünnələrlə birlikdə qıldığımız beş vaxt namazda Cənabi-Allahdan gündə qırx dəfə “sirati-müstəqim” diləyir, sonra da صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ deyərək Onun nemət bəxş etdiyi insanların yolunu istəyirik. (“Fatihə” surəsi, 1/6-7) Allahın nemət bəxş etdiyi insanlar isə, (bir ayədə buyurulduğu kimi) nəbilər, siddiqlər, şəhidlər və saleh bəndələrdir. (“Nisa” surəsi, 4/69). Bəli, biz hər gün namazda qırx dəfə Cənabi-Allahdan bu dörd zümrənin yolunda olmağı diləyirik. Ardınca da غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ (“Fatihə” surəsi, 1/7) deyərək Allahın əzəmətinə, mərhəmətinə sığınır, hidayətdən sonra “Allahım, bizi qəzəbinə düçar olanlardan, yoldan azanlardan etmə!” deyə dua edirik.

Demək ki, “Daha biz yolumuzu tapmışıq. Bundan sonra bu yolda sürüşmədən, büdrəmədən, yıxılmadan, şeytanın tələsinə düşmədən mənzil başına çatarıq” şəklində düşünmək puç xəyallardır. Zira kimsənin son nəfəsədək yolundan azmayacağına təminat verilməmişdir. Hətta bu məsələdə arxayın olan adam gələcəyini təhlükəyə atmış olur. Aqibətindən qorxmayanın aqibətindən qorxmaq lazımdır. Odur ki, insan “hidayətdən sonra zəlalətə düşərəm” deyə hər an narahatlıq içində tir-tir əsməli və daim mənən sayıq olmalıdır. Bəli, insan nəfsi ilə bir göz qırpımı qədər də olsa baş-başa qalmamaq və şeytanın “həmzü-ləmzindən” qorunmaq üçün tez-tez Cənabi-Allaha yalvarmalıdır. Cünki cənnətə, rizvana və camalullaha aparan iman həqiqəti çox qiymətli bir cövhərdir. Ona göz dikən, torunu qurub pusquda gözləyən inni və cinni şeytanlar var. Elə isə insan gərək bu cövhərə sahib çıxsın, onu inni və cinni şeytanların hücumundan qorusun və bu məsələdə daim gözüaçıq, ayıq-sayıq olsun.

İnsanı yerin dibinə batıran qüsurlar

Həzrəti Pirin “Hücumatı-sittə”də sadaladığı “mənəvi viruslar”a yoluxmaq da sirati-müstəqimdən uzaqlaşmaqdır və axirətdə insana acı “kaş ki”ləri daddıra bilər. Əsərdə haqqında danışılan altı virusun hər biri ayrı-ayrılıqda insanı azdırmağa kifayət edir. Vəzifəpərəstlik, şöhrətpərəstlik hissi kimi qorxu da insanı kürəyini yerə gətirə bilər. Eyni şəkildə acgözlük də, irqçilik də, xudpəsəndlik də, tənbəllik də, rahatçılığa düşkünlük də insanın əhdini kəsə bilər. Bunlar ayrı-ayrılıqda insanı diz çökdürməyə bəs edirsə, demək, hamısı bir insanda olsa, nəinki onu üzüüstə yerə çırpar, Allah eləməsin, hətta yerin dibinə də batırar. Bəli, insan iman dairəsində olsa da, həmişə bu cür viruslara yoluxma ehtimalı ilə üz-üzədir. Məsələn, insan saleh halqada olmasına baxmayaraq, şöhrətpərəstlik hissinə qapılaraq din üçün gördüyü işləri ləkələyə bilər. Başqası müstəsna əsərlər ortaya qoyub alqışlanmaq, barmaqla göstərilmək arzusuna qapıla bilər ki, bu arzu da onun axırına çıxar. Üstəlik bu cür mənfi hiss başqa zərərli hislərə də zəmin hazırlayır. Məsələn, şöhrətpərəstlik hissi gəlib insanın belinə mindimi, kim bilir, ona daha nə pisliklər elətdirər.

Bəli, hər bir mömin – müsəlman dairəsində olsa da, – bu kimi təhlükələrlə üzləşə bilər və Allah eləməsin, o biri dünyada adama “kaş ki” deməyə məcbur olar. Bəli, ixlas düsturlarına əməl etmədiyinə görə, qazandığı uğurları özündən bilən, bununla özünə şöhrət axtaran, təqdir və alqış uman bir adam axirətdə “Kaş bu əməllərimi bir təqdir, bir alqış ucbatından öz əllərimlə məhv etməyəydim, puç eləməyədim! Kaş axırı ölüm olan bir axına düşüb getməyədim!” kimi faydasız tələhhüf, təəssüh və təhəssürlə qıvranacaq, çox peşman olacaqdır. Ancaq təəssüf ki, nə qədər sızıldayır sızıldasın, ona heç bir faydası olmayacaq, əksinə iztirab və müsibətini daha artıracaqdır.

Faydasız “kaş ki”lərlə heyfislənmək istəmiriksə...

Buna görə də mömin ağıllı hərəkət etməli, bir tərəfdən küfr və zəlalətdən qurtuluşu Cənabi-Allahın ən böyük lütfü saymalı, digər tərəfdən də küfr və zəlalətə aparan yollardan uzaq olmalıdır. Zira Həzrəti Pirin də diqqətə çatdırdığı kimi, hər günahın içində küfrə gedən bir yol var. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də hər günahın qəlbdə ləkə əmələ gətirdiyini və bu ləkələnin təricən bütün qəlbi tutduğunu buyurmuşdur. (Tirimizi, “Təfsiru-surə”, (83) 1) Çünki qəlbdə meydana gələn hər bir ləkə başqa bir ləkəyə zəmin hazırlayır. Cənabi-Allah günah, üsyan və pis əməllərlə kirlənən və qaralanan qəlblər haqda belə buyurur: “Xeyr, xeyr (belə deyildir)! Əslində pis əməlləri ucbatından qəlbləri kir-pas basdı (buna görə inkar edirlər)” (“Mutaffifin” sursi, 83/14). Əgər qəlbi qaraldan günahlar tövbə-istiğfarla təmizlənməsə, “Allah onların qəlblərini möhürlədi” (“Bəqərə” surəsi, 2/7), “Onların ürəkləri möhürlənmişdir” (“Tövbə” surəsi, 9/87) ayələrində keçdiyi kimi tədricən qəlb möhürlənə də bilər. Möhürlənmiş qəlb isə göydən pak bir xəbər də gəlsə, nəsə anlamaz, o biri tərəfdə də “kaş ki, kaş ki”lərlə sızlayar.

Axirətdə bu cür faydasız “kaş ki”lərin toruna düşməmək üçün isə qulluq mükəlləfiyyətlərini son nəfəsədək ciddi xövf və rica tarazlığı ilə qüsursuz yerinə yetirməyə çalışmalıyıq. Bu da qəlbin xəşyət hissi ilə dolub daşmasından asılıdır. Zira Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur: “Əgər qəlbində xüşu olsaydı, əzaları da xəşyətdə olardı” (əl-Hakim ət-Tirmizi, Nəvadirul-üsul, 2/172). Çünki qəlbdəki xəşyət insanın hərəkət və davranışlarında əks olunur və tədricən əzaları da xəşyətlə tir-tir əsməyə başlayır. Hətta belə bir insanın göz bəbəyinə baxsanız, xövfdən titrədiyini görərsiniz. İnsan bir tərəfdən Allahın əzəməti, ululuğu qarşısında hicabından iki qat olar, digər tərəfdən Onun əngin mərhəmətinə güvənib bu cür həssas və müvazi ömür sürərsə, axirətdə “ah-vay”larla, “kaş ki”lərlə peşmançılıq çəkməz.

İnsan söhbəti-cananla da “kaş ki”lərlə dolu aqibətə sürükləyən əməllərin qarşısını ala bilər. Süleyman Çələbi demişkən:

“Hər nəfəsdə Allah adın de müdam,
Allah adı ilə olur hər iş tamam.”

Eyni həqiqəti bir başqa Haqq dostu bu sözlərlə dilə gətirir:

“Kaş sevgilimi sevsə, qamu-xəlqi-cahan;
Sözümüz cümlə həman qisseyi-canan olsa!..” Bəli, əgər biz oturub-durduğumuz hər yerdə Ondan danışsaq, məclislərimizi Onunla nurlandırsaq, vaxtımızı Onun nəfəsi ilə işıqlandırsaq, axirətdə bir çox “kaş ki”lərin qarşısını almış olarıq.

İstiğfar çalarlı “kaş ki”lər

Sual: Faydasız “kaş ki”lərlə yanaşı, faydalı “kaş ki”lər də varmı? Bu məsələdə meyar necə olmaldır?

Cavab: Axirətdə heç bir faydası olmayan, əksinə iztirabı, müsibəti iki qat artıran “kaş ki”lər olduğu kimi, niyyətdən asılı olaraq dində caiz görülən, hətta təqdirlə qaşlanan müsbət “kaş ki”lər də var. Məsələn, Həzrəti Əbu Bəkirin (radiyallahu anh) dilindən çıxan “kaş ki”lər buna daxildir. “Kaş kəlalə (atası və övladları olmayıb mirası qardaşlarına verən şəxs) haqqında hökmü Allah Rəsulundan soruşaydım, insanların ictihadına qalmayaydı!” sözləri ona aiddir. Miras bölgüsündə nənənin payı haqqında deyilən peşmançılıq sözləri də ona aiddir, çünki Quranda buna aydınlıq gətirilmir. “Kaş Xalidi farsların üstünə göndərəndə Öməri də romalıların üstünə göndərəydim. Beləcə, iki məsələni birdən həll etmiş olardım” (Bax.: ət-Təbərani, “əl-Müvəmül-kəbir”, 1\62) sözləri də ona məxsusdur. Qənaətimcə, dini düzgün anlamaq və doğru şəkildə əməl etmək üçün çəkilən iztirab və müsibətdən doğan bu cür “kaş ki”lər Siddiqi-əkbərin əməl dəftərinə elə böyük savablar yazdırmışdır və onu elə ali dərəcələrə çıxarmışdır ki, bunu bizim anlamağımız mümkünsüzdür. Görün İnsanlığın İftixarı onun haqqında nə buyur: “Əgər Əbu Bəkirin imanı qalan bütün insanların imanı ilə bir tərəziyə qoyulsa, onun imanı ağır gələr” (əl-Beyhaqi, “Şüabül-iman” 1\69) Axı o, Siddiqi-əzəmdir. O, Allahın izni ilə iki il, üç ay və on gün ərzində Osmanlının 150 ildə bacarmadığını etmişdir. O, tiranlar kimi ölkələri yerlə-yeksan etməməmiş, əksinə fəth etdiyi bölgələri ruhunun ilhamları ilə cana gətimişdir. Bəli, o, haraya adddım atmış, hansı tərəfə üz tutmuşsa, o yerlərdə Məhəmmədi ruh qanad açmışdır. Həzrət Ömər dövründə qazanılan böyük fəth və nailiyyətlərə zəmin hazırlayan da odur. Dolayısilə, bu “kaş ki”lər imanı bütün insanların imanından ağır gələn o dəyərli şəxsin böyüklüyünü daha da artırmışdır.

İnsanın dərəcəsini yüksəldən bu kimi müsbət “kaş ki”lər hər mömin üçün keçərlidir. Məsələn, “Kaş cavanlığımı daha yaxşı qiymətləndirəydim! Kaş gecələr iki saat ayırıb yüz rükət namaz qılaydım! Kaş nəfsani istəklərdən özümü qoruyaydım! Kaş qanım qaynayan cavanlıqda, hislərimin şəhvəti təhrik etdiyi anlarda əlimə, ayağıma, gözümə, qulağıma yiyə duraydım! Kaş gözüm əğyara getməyəydi, kaş gözüm heç yad surətlər görməyəydi!” İndiyə qədər olmasa da, bundan sonra əməl etmə niyyət və düşüncəsi ilə, yaxud da peşmançılıqla dilimizdən tökülən bütün bu “kaş ki”lər insanın dərəcəyini yüksəldən “kaş ki”lərdir. Ancaq o biri tərəfə qalan “kaş ki”lər təəssüf və təhəssürdən ibarətdir. Burada dilə gətirilən peşmançılıqlar, bir mənada, istiğfar sayılır. İnsan hər ağılına gələndə “əstəğfirullah” deyər, hətta bir dəfə “əstəğfirllah” deməyi özünə ar sayar və “əlfü əlfi əstəğfirullah” deyərək tövbə, övbə, inabə ruhu ilə mütəmadi Cənabi-Allaha sığınar, bu hislərlə rəhmət qapısını döyərsə, ümid edirik ki, Allah da (cəllə cəlaluhu) onun sızıltısını cavabsız qoymaz, onu əngin mərhəmət və lütfü ilə qarşılar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.