Həqiqi dindarlıq və yüksək xarakter
Sual: Xoşagəlməz sözlər və ədəbsiz hərəkətlərlə qarşılaşan mömin öz xarakterini qorumaq üçün hansı xüsuslara diqqət etməlidir?
Cavab: Düşüncə dünyamız və terminologiyamız nöqteyi-nəzərindən “xarakter” insanın İslamın buyurduğu əməl və ibadətləri ehsan şüuru ilə (yəni hər zaman özünü Allah-Təalanın nəzərləri altında hiss etmək) yerinə yetirərək tədricən təbiətinə nəqş etməsidir ki, buna “islami xarakter” də demək mümkündür. Bu baxımdan “xarakterli mömin” Allahla möhkəm irtibata malik olan, İnsanlığın İftixarı Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) fövqəladə ehtiram göstərən, istər şəxsinə, istər ailəsinə, istərsə də cəmiyyətə aid vəzifələrini nöqsansız yerinə yetirən və bu yoldan son nəfəsədək ayrılmamağa çalışan insandır.
Nafilə ibadətlərlə təmrin
Bu cür xarakterə yiyələnmək ciddi cəhd və zəhmət tələb etdiyi kimi, onu ömür boyu qoruyub saxlamaq da asan iş deyildir. Ancaq mömin bunu əldə etməyə çalışmalıdır. Allah Rəsulu Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “Sənə əmr olunduğu kimi, doğru ol” (“Hud” surəsi, 11/112) ayəsinin də işləndiyi “Hud” surəsinin Onu qocaltdığını buyurur (Bax: Tirmizi, “Təfsir” (56) 6). O halda həqiqi mömin Peyğəmbərimizin dayandığı həmin zirvəyə mümkün qədər daha çox yaxınlaşmağı əsil qayə bilməlidir. Əgər bu çətin məsələ ibadət və saleh əməllərin təmrini ilə (təkrar edilə-edilə alışdırma) insanın təbiətinə çevrilsə, iradənin yükü qismən də olsa, yüngülləşər və mömin mükəlləfiyyətlərini daha rahat yerinə yetirər.
Əslində, nafilə ibadətlərin bir funksiyası da elə budur. Məsələn, uzun, isti və boğucu yay günlərində bir ay oruc tutmaq nəfsə ağır gələ bilər. Ancaq bildiyiniz kimi, Allah Rəsulu həftənin bazar ertəsi və cümə axşamı, həmçinin ayın on üç, on dörd və on beşinci günlərində oruc tutmağı tövsiyə etmişdir (Bax: Buxari, “Savm” 56, əhadisül-ənbiya 37; Müslim, “Siyam” 181). Qısa və sərin günlərdə nafilə orucları tutan insan uzun və isti yay günlərində aclığa, susuzluğa daha dözümlü olar və Allahın izni ilə fərz ibadətini daha asan yerinə yetirər.
Bunu zəkat ibadətinə də şamil etmək olar. İslamda malın bəzən qırxda bir, iyirmidə bir, onda bir və ya beşdə bir hissəsini zəkat vermək fərzdir. Əgər insan azacıq da olsa, sədəqə verməyə özünü alışdırmayıbsa, İslamın qoyduğu zəkat mükəlləfiyyətini yerinə yetirməkdə çətinlik çəkər. Ancaq əgər o, az da olsa, təsəddüq edə-edə nəfsini infaqa alışdırıbsa və sədəqə verməyi tədricən təbiətinə nəqş edibsə, iradəsi zəkat verməkdə çox çətinlik çəkməyəcəkdir.
Eyni şəkildə rahat vaxtlarda nafilə namazını qılmağa alışan bir insan daha ağır şəraitlərdə, məsələn, sübh və ya digər fərz namazlarını qılarkən nəfsin həvaü-həvəsinin çıxardığı əngəlləri daha asan dəf edər. Belə ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifdə: “Allah hər nəbiyə bir arzu, bir istək və bir şəhvət vermişdir. Mənim şəhvətim gecə namaz qılmağadır” (Təbərani, “əl-Mücəmül-kəbir”, 12/84) buyuraraq bir mənada “Siz cismani şeylərdən həzz aldığını kimi, Mən də Rəbbimə ibadət etməkdən həzz alıram” deyir və bununla insanın xarakterinə hopan ibadətü-taət düşüncəsini diqqətə çatdırır. Hər bir müsəlman bu məqama yüksəlməyi özünə məqsəd bilməlidir. Doğrudur, hamının bu zirvəyə yüksəlməsi mümkün deyil, ancaq bu yolda olmaq və bunu arzulamaq da böyük fəzilətdir. Allah (cəllə cəlaluhu) bu məqsəd üçün çəkilən zəhməti ibadət sayar və belə bir insanın mənəvi dərəcəsini yüksəldər.
Mənfi əməllərə də eyni nöqteyi-nəzərdən yanaşmaq olar. Məsələn, ağılı başdan alan münkərat (haramlar) və föhşiyatla (çox çirkin, əxlaqsız əməllər) qarşılaşdığı anda iradəsini lazımınca ortaya qoymaqda çətinlik çəkə bilər. Ancaq o, böyük-kiçik fərq qoymadan bütün haramlardan uzaq gəzər və bunu xarakterinə hopdurarsa, Allahın izni və inayəti ilə ağılı başdan alan, gözlərə tor çəkən münkərat və föhşiyatla qarşılaşsa belə, kirə-pasa bulaşmadan bu əngəli aşa bilər.
Hərəkət və davranışlarda doğruluq
Qeyd edilən məsələləri insanların qarşılıqlı münasibətlərinə də şamil etmək olar. Bəli, mömin Allah-taala ilə irtibatı ilə yanaşı, insanlarla münasibətlərində də dini hökmlərə riayəti öz xarakterinə çevirməlidir. Daha aydın desək, əgər insan ayrı-seçkilik etmədən hər kəsə məhəbbətlə qucaq açma, hamıya təbəssüm etmə, möhtaclara əl uzatma, insanlara dəyər verib hörmət göstərmə kimi gözəl sifətləri təbiətinə və xarakterinə nəqş etməmişsə, heç gözləmədiyi halda xoşagəlməz bir hadisə ilə qarşılaşanda qeyri-ixtiyari sərt və kobud davrana bilər. Bu cür xoşagəlməz hadisələrdə yükün ağırı iradənin çiyninə düşdüyünə görə, insan çətinlik çəkər və bəzən xətalara yol verər. Hərəkət və davranışlardakı bu təzadlar isə onun etibarına xələl gətirər. Əgər biz xalqın etibar etdiyi, güvəndiyi və inandığı insanlar olmaq istəyiriksə, ibadətləri, haramlardan uzaq durmağı və ictimai münasibətlərdə doğruluğu təbiətimizə nəqş etməliyik.
Buna baxmayaraq, bəzən mömin şiddətli hadisələrlə qarşılaşanda xarakterini düzgün ortaya qoya bilmir. Bu kimi hallar dini təəssübkeşlikdən, bəzən də insafsız iftira, həqarət və təhriklərdən irəli gəlir. Belə vaxtlarda insan qeyri-ixtiyari olaraq mənfi əhval-ruhiyyəyə qapıla, kiminləsə ağızlaşa və çəkişə, qəlb qıra bilər. Ancaq unutmayaq ki, nə olur-olsun xarakterimizə yaraşmayan hər bir hərəkət etibarımıza vurulan zərbədir. Buna görə də həqiqi mömin ən alçaq hücum və təcavüzlər qarşısında belə xarakterinə sadiq qalmalıdır. Etirazını bildirsə belə, möminə yaraşan ədəb və əxlaqa xələl yetirməməlidir.
Yüksək xarakterli səbir qəhrəmanları
Əslində, Qurani-Kərim: “Cəza verəsi olsanız, sizə nə cəza verilibsə, həmin cəza ilə cəzalandırın” (“Nəhl” surəsi, 16/126) məallı ayəsi ilə möminlərə hücumlara hücumla cavab verməyi caiz görmüşdür. Ancaq Cənabi-Allah ayənin arxasınca yüksək xarakterli bəndələrinə bu cür səslənmişdir: “Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu səbir sizin üçün daha xeyirlidir”. Çünki xarakterdə bircə dəfə çat meydana gəlsə, bu, həm insanın etibarına xələl gətirər, həm də növbəti xətalara zəmin hazırlayar. Bir insanın xarakterində belə bir çat əmələ gəlibsə, həmin adam gözlənilməz məqamlarda xətalara yol verə bilər. Bu səbəbdən, insan hansı şəraitdə olur-olsun xarakterini qoruyub saxlamalı və zədələnməsinə heç vaxt imkan verməməlidir.
Xüsusən də iman və Quran yolunun yolçuları ümumbəşəri sevgi və müsamihə hislərinə xələl yetirməməlidirlər. Ən amansız hücumlara məruz qalsalar belə, yollarını dəyişdirməməlidirlər.Yunus Əmrə: “Döyənə əlsiz, söyənə dilsiz, dərviş könülsüz gərək” deyir. Misranın sonunu dəyişdirərək “Quran tələbələri könülsüz gərək (yəni heç kimdən incinməməlidirlər − tərc.)” deyə bilərsiniz. Çünki nə də olsa, incidilən, qırılan könüldür. Könül isə bir mənada ərşi-Rəhmandır (Bax: İbn Qayyim, “əl-Fəvaid” səh.27). Başqa sözlə desək, könül bir ağacın toxumu kimidir. Doğrudur, bəzən bu yüksək dəyər münbit torpağa düşmədiyinə, əlverişli şərait tapmadığına, susuz qaldığına, günəş şüalarından məhrum olduğuna görə inkişaf etmir. Buna baxmayaraq, sizin Allahın (cəllə cəlaluhu) ərşi-Rəhmana tən tutduğu bu ülvi varlığa – qəlbə hörmətsizlik etməyə haqqınız yoxdur.
Bu yerdə ağlınıza belə bir sual gələ bilər: “Bəs mömin etirazını bildirməməlidir, susub dayanmalıdır? Şərin qarşısını almaq üçün nə etməlidir?” Əvvəla bilməliyik ki, mömin şəxslərə deyil, şəxslərdəki xüsusiyyətlərə etiraz edər. O, etirazı ilə cəhalət, dinsizlik, münafiqlik və yersiz inadkarlıq kimi insanı mənən öldürən və alçaldan xislətləri aradan qaldırmağa çalışmalıdır. Başqa sözlə desək, valideyn oda gedən və ya uçuruma sürüklənən övladını xilas etmək üçün necə qorxu və iztirabla çırpınırsa, mömin də eynən onu kimi insanlardakı sözügedən mənfi xüsusiyyətlərə görə iztirab çəkməli, nəsihət və xəbərdarlıqlarla onlara yol göstərməyə çalışmalıdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur ki: “Mən və siz ocaq qalayan adamla alova qaçan pərvanələrə bənzəyirik. Mən sizin ətəklərinizdən tutub çəkirəm. Siz isə oda sarı can atırsınız” (Buxari, “Ənbiya”, 40; Müslim, “Fəzail”, 17-19).
Bəli, həqiqi mömin mərhəmət və şəfqətin canlı mücəssəməsidir. Siz, şəfqət və mərhəmətin yer üzündə təmsilçiləri olaraq Cəhənnəmə sürüklənən bir insana “Madam getmək istəyirsən, cəhənnəm ol, get!” deyərsiniz, yoxsa Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) kimi onu yoldan qaytarıb, zərərli düşüncə və mühitdən uzaqlaşdırmağa çalışarsınız? Birincisi, vicdanı qapqara qaralmış insanların xüsusiyyəti, digəri isə həqiqi möminlərin məziyyətidir. Bu baxımdan mənfi xüsusiyyətlərə etiraz etmək Allahın dərgahında əhəmiyyətli bir məsələ olduğu kimi, bəşəriyyət üçün də faydalı bir davranışdır.
Rəbbim, hamımızı ən dəhşətli hadisələr qarşısında belə yüksək xarakterindən dönməyən, İslamın mahiyyətini qavrayıb müsəlmanlığı qəlbən yaşayan həqiqi dindarlardan eyləsin!..
- tarixində yaradılmışdır.