Həyəcan və məntiq-2

Sual: Çağdaş nəsillərin qəlbində “başqaları üçün yaşama” eşqini oyatmaq və bu həyəcanın uzunömürlü olmasını təmin etmək üçün nə etməliyik?

Cavab: Təfəkkür mexanizminin hərəkətə gəlməsi və düşüncə sisteminin dərinləşməsi bu eşq və şövqün oyanmasında mühüm rol oynayır. Təfəkkürdə məşəqqət çəkmək, əziyyətə qatlanmaq var. Odur ki, təfəkkür beynin dərin fikri təmrinlə düşünməyə alışdırılmasıdır. Təfəkkür oturub qara-qara düşünmək və ya müşahidə edib dinlədiyi şeylər arasında səthi əlaqə qurmaq demək deyil. Əksinə o, başlanğıcla sonu birgə götürüb dəyərləndirmək; ağılı səbəb-nəticə arasında var-gəl etdirib düşündüklərini “sağmaq”, bir mənada onları ruhla sormaq, eyni zamanda düşüncələrini ihsaslara aşılamaq, hətta onları ihtisas süzgəcindən keçirib yeni şeylər əldə etməkdir. Bu baxımdan ürəyin başqaları üçün yaşama eşq-şövqü, hiss-həyəcanı ilə döyünməsi üçün ilk növbədə insanları düşünməyə, məntiqi işlətməyə alışdırmaq və onlara yaxşını yamandan ayırmağı öyrətmək lazımdır.

Gecə-gündüz Haqq deməli

Bu kimi düşüncə fəaliyyətində mütəmadilik də əhəmiyyətlidir. Hətta məfkurə yoldaşlarınızın "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır" (“Rad” surəsi, 13/28) üfüqündə pərvaz etdiyini düşünsəniz belə, onların bu halını kafi görməyiniz, daha doğrusu, bizim bir-birimizi kafi görməyimiz qətiyyən doğru deyil. Bu işdə bir-birimizə daim dəstək olmalıyıq. Dövrün böyük mütəfəkkirinin ifadəsiylə desək, yıxılmamaq üçün qübbədəki daşlar kimi çiyin-çiyinə verməliyik. Bu sözü təkcə cəmiyyətdə iftiraq və ixtilafa yol verməmək, vifaq və ittifaqla hərəkət etmək mənasında başa düşmək natamam anlayış olar. Bu sözü həm də həyatın qayəsini dinə xidmətdə görmək və bu qayənin həyata keçməsi naminə bir-birimizə ruhən, mənən dəstək olub mənəvi gümrahlığı qorumaq kimi anlamaq lazımdır. Elə isə ali bir məfkurə qayəsi ilə təşkil olunan məclislərdə əsla laübalılığa yol verməməli, bu məclisləri söhbəti-cananla süsləməliyik. Bəli, hər məclisdən sonra:

اَللّٰهُمَّ رَبَّنَا زِدْنَا عِلْمًا وَإِيمَانًا وَيَقِينًا وَتَوَكُّلاً وَتَسْلِيمًا وَتَفْوِيضًا وَمَعْرِفَةً وَمَحَبَّةً وَعِشْقًا وَاشْتِيَاقًا إِلَى لِقَائِكَ وَعِفَّةً وَعِصْمَةً وَفَطَانَةً وَحِكْمَةً

”duasında Allaha ərz edilən diləklərdən hansını əldə edə bildik” deyib özümüzü sorğu-suala çəkməliyik. Hətta bir dünya işindən ötrü bir yerə toplaşanda belə, ələ fürsət düşən kimi, bir yol tapıb diqqəti söhbəti-canana çəkməliyik; söhbəti o istiqəmətə çəkib könüllərə imanın gözəlliklərini pıçıldamalıyıq.

Gündəlik hadisələri öyrənmək, müəyyən aktual mövzulara bələd olmaq, şübhəsiz hər bir vətəndaşın haqqıdır. Ancaq bu gün bu məsələlərlə maraqlanan çoxlu sayda insan var və qənaətimcə, ömrünü Qurana həsr edən insanlar istedad və qabiliyyətlərini Quranın layiqincə təbliği istiqamətində kamilləşdirməli, əsasən bu sahədə dərinləşməlidirlər. Qeyri düşüncələr onlar üçün ikinci dərəcəli məsələlər olmalı, özlərini başqa şeylərlə yormamalıdırlar. Odur ki, gecə-gündüz Haqqı tərənnüm etməli, Onunla nəfəs almalıdılar. Xülasə, insanları Allahın dəli-divanəsinə və Rəsulullahın (sallallahu əleyhi və səlləm) adı çəkiləndə burnunun ucu göynəyən Peyğəmbər aşiqlərinə ‒ muhibbi Habibullaha çevirmək üçün nə lazımsa, etməliyik.

Bəli, Allah yolunda xidmət həyəcanının və adanmışlıq ruhunun sönməməsi üçün mütəmadi “yenilənməyə” ehtiyacımız var. Əslində, insanın maddi həyatı da bundan o qədər fərqlənmir. Məsələn, bir orqan uzun müddət hərəkətsiz qalanda əzələlər tədricən “yoxa çıxır”, sonra da yararsız hala gəlir. Bu, ruh və qəlbə də aiddir. Gündə beş vaxt namaz və ya ildə bir ramazan orucunun hikməti də elə budur. İnanan könüllər gündə beş dəfə kuzəsini İslam adlı o mənhəlül-azbil-məvruda salır, nəsibinə düşəni götürür və onunla yuyunub arınırlar. Yəni gündə beş dəfə Onu duymağa, Onu hiss etməyə və Onu öyrənməyə çalışırlar. Biz də ibadətin bu ümdə mahiyyətini qavrayaraq ömür sürməli, həyatımızı Ona həsr etməliyik ki, İslami eşq və həyəcanımız uzunömürlü olsun.

Bu dənizləri sınıq-salxaq gəmi ilə keçmək olmaz

Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) Həzrəti Əbu Zərə nəsihəti çox mühümdür:

جَدِّدِ السَّفِينَةَ فَإِنَّ الْبَحْرَ عَمِيقٌ

وَخُذِ الزَّادَ كَامِلاً فَإِنَّ السَّفَرَ بَعِيدٌ

وَخَفِّفِ الْحِمْلَ فَإِنَّ اْلعَقَبَةَ كَئُودٌ

وَأَخْلِصِ الْعَمَلَ فَإِنَّ النَّاقِدَ بَصِيرٌ

"Gəmini bir daha gözdən keçirərək yenilə, çünki dəniz çox dərindir. Kifayət qədər azuqə götür, şübhəsiz, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki çıxacağın yoxuş çox dikdir. Əməlində ixlaslı ol, çünki hər şeyi görən və qiymətləndirən Rəbbin bütün etdiklərindən xəbərdardır."

Bəli, yol uzun, dəniz çox dərin olduğu üçün məsələ çox ciddidir. Çünki səfərdə insanı batma təhlükəsi gözləyir. Allah eləməsin, insan bir günah və ya qəflət ucbatından Titanik kimi parça-parça olub bata bilər. Səfinəni bizim ruhi-mənəvi həyatımıza və qəlbimizin Allahla münasibətinə bənzətsək, hər səhər Günəşlə birgə onu gözdən keçirməli, sınığı, nasazlığı varsa, təmir etməliyik. Zira qırıq-sökük səfinəylə, ala-yarımçıq qəlblə, zədələnmiş ağıl-məntiqlə uzun səfərə çıxmaq mümkün deyil.

Bu ləl-gövhər kəlamın davamında, "Kifayət qədər azuqə götür, şübhəsiz, səfər çox uzundur" buyurulur. Burada nə yemək, nə içmək, nə də silah götürmək tövsiyə olunur. Əksinə, azuqə sözü ilə Allaha ibadət və itaət nəzərdə tutulur. Dünyada başlayıb axirətə uzanan səfər çox uzun olduğuna görə kifayət qədər azuqə götürmək lazımdır. Məsələn, namazımız bərzəx həyatında bizi müşayiət edəcəyi kimi, orucumuz da Rəyyan qapısından keçib cənnətə girməyimizə vəsilə olacaq. Əgər bu azuqəni bu dünydada tədarük etməmişiksə, orada yoxsul vəziyyətə düşəcəyik.

Daha sonra yoxuşun dik olduğunu xatırladaraq yükü yüngül tutmağı məsləhət görür. Demək ki, ağır dünya yüklərini çiynimizə götürməkdən çəkinməli, yükümüzü yüngül etməliyik ki, o dik yoxuşu aşa bilək. Axırda da Həzrəti Naqidin (Allahın ismi) bizi hər an gördüyünü xatırladaraq əməllərdə ixlaslı olmağa çağırır.

Bu səviyyədə hazırlıq haqqın bərqərar olması, ədalətin dirçəlməsi, millətimizin onun üçün alın yazısı və ya ehtimal hesab etdiyimiz zirvəyə yüksəlməsi istiqamətində mücadilənin mütəmadi aparılmasında mühüm əhəmiyyət daşıdığı kimi, uxrəvi səadətə qovuşmaqda da böyük əhəmiyyət kəsb edir.

Cənabi Allah da Quranda iki yerdə:"Əgər (Allah) istəsə, sizi yox edib yerinizə cədid bir qövm gətirər." (“İbrahim” surəsi, 14/19; “Fatir” surəsi, 35/16) buyurur. Burada işlənən "cədid bir qövm" ifadəsi dinin dirçəldilməsi naminə tarix səhnəsinə ilk dəfə çıxarılan yeni bir qövm mənasına gəlməklə yanaşı, köhnəlməmiş, əldən düşməmiş, ülfət-ünsiyyətə məğlub olmamış, dini dərindən duyan Haqqa adanmış ruhlar, hiss-həyəcan timsalı anlamına da gəlir. “Fatir” surəsindəki ayənin ardında: "Bu, Allah üçün çətin deyildir." (“Fatir” surəsi, 35/17) buyurulur. Çünki hər şey Onun "Ol!" əmri ilə var olur. Tarix boyu həmişə belə olmuşdur. Bəli, köhnə nimdaş əşyaya dönən, əldən-ayaqdan düşənlər, dini hiss-həyəcanını itirənlər, – bunların istər nəbilər kimi həyatı, istər müctəhidlər və mücəddidlər kimi işləri olsun – onların yerinə yeni bir qövm gətirilmişdir.

İlahi lütflə dirçəlib qol-budaq atanların "Biz həmin o qövmü-cədidik" deməsi qürurlanmaq olardı. Bu da Allahın onları mərhəmət və köməyindən mərhum etməsinə səbəb olar. İlahi inayətin daimi olması iddialılıqdan çəkinib məhviyyət və təvazö ilə çalışmaqdan asılıdır. Elə isə biz bir şeyə görə məsuliyyət daşıyırıqsa, bir tərəfdən "vəzifə hər şeydən ucadır" deyərək əlimizdən gələni edib ona layiq olmalı, digər tərəfdən də "nəfs hər şeydən yamandır" deyib qul olduğumuzu heç vaxt unutmamalıyıq. Ancaq bu anlayışla “aktiv” gözləsək, üç yüz, dörd yüz, beş yüz il keçsə də, uzun yollara meydan oxuyub yeni bir həyəcan və adanmışlıq ruhu ilə ilə gələcəyə addımlaya bilərik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.