Hiss-həyəcan və əqli-salim
Sual: "Səlabəti-diniyə" nədir və təzahürləri necə olmalıdır?
Cavab: "Səlabət" sözünü qatılıq, fanatizm və xüşünət (qabalıq, inadkarlıq) kimi başa düşmək düzgün deyil. Qatılığı biz daha çox kor-koranə, dəlil və əsas olmadan fikirdən dönməmə, başqa fikirlərə dözümsüzlük mənasına gələn fanatizm və təssübkeşliyin sinonimi kimi işlədirik. Bu baxımdan səlabəti-diniyə ifadəsi "qatılığ"ı deyil, mətanəti, təməssükü (yapışmaq), dindən möhkəm yapışmağı ifadə edir. Bu məzmun "Bəqərə" sureyi-cəlilədə belə keçir:
لَا إِكْرَاهَ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقٰى لَا انْفِصَامَ لَهَا
"Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Kim Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur" ("Bəqərə" surəsi, 2/256). Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) İslamı, o əzəli nuru bizə əmanət edərkən:
فَعَلَيْكُمْ بِسُنَّتيِ وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ، عَضُّوا عَلَيْهَا بالنَّوَاجِذِ
"Siz Mənim və doğru yolda olan Raşid Xəlifələrin yolunu yol seçin. Bu yoldan azı dişlərinizlə yapışdığınız kimi bərk-bərk yapışın" (Ebu Davud, Sünnet 5) buyurmuşdur. Hədisi-şərifdə keçən "Azı dişləri ilə yapışma" Ərəb dilində işlənən bir ifadə tərzi, bir idiomdur. Dolayısilə, bu sözün hərfi mənasına deyil, daha çox ərəblərin onu hansı mənada işlətməsinə baxmaq lazımdır. Bu cəhətdən "Azı dişlərinizlə yapışın" ifadəsini "Dindən elə möhkəm-möhkəm yapışın ki, sanki kəlbətinlə tutmusunuz və elə bil heç vaxt onu buraxmayacaqsınız" şəklində başa düşə bilərik. Sözügedən nəsslərdən aydın olduğu kimi, dinə, dinin əmrlərinə möhkəm sarılma, sədaqətlə bağlanma, iman, əxlaq, namus və s. kimi ülvi dəyərlər mövzusunda mətanətli olma, zəiflik və laqeydlik göstərməmə səlabəti-diniyədir. Yoxsa dini qəbul etdirmək üçün qatı və sərt olma, zorakılıq etmə, mövzunun başında da dediyimiz kimi, səlabəti-diniyə deyil, bir növ fanatizm və təəssübkeşlikdir.
"Dinə xidmət edirəm" deyib dindən uzaqlaşdırmaq
Bu səbəblə əgər bir insan zorakılıq, xüşünət və sərtliyi səlabəti-diniyə kimi anlayır və bu anlayışla dinə xidmət etdiyini, edə biləcəyini düşünürsə, o adam ciddi mənada yanılır. Çünki bu kimi hərəkət və davranışlar əks-reaksiyaya, etiraza səbəb olar və nəinki insanların dini qəbul etməsinə, əksinə dinə nifrət edib uzaqlaşmasına gətirib çıxarar. Bu səbəbdən, əgər insanlara dinin mahiyyətini, iç dərinliyini, ifadə etdiyi məna və məzmunu, insana bəxş etdiyi yaxşılığı və gözəlliyi izah etmir; dinin verdiyi müjdələrlə qəlblərdə dinə arzu, iştiyaq oyatmırsınızsa, niyyətinizin əksinə gözləmədiyiniz yerdən zərbə alar, "dinə xidmət edirəm" deyə-deyə insanları dindən uzaqlaşdırarsınız. Bəli, fanatik və radikal zehniyyətlə ortaya qoyulan bir fikrin itkisi qazancından çoxdur..
XX əsrdə müəyyən "izm"lərin öz sistemlərini insanlara qəbul etdirmək üçün əl atdığı zorbalıq, zorakılıq və təzyiqin hansı nəticələrə gətirib çıxardığını hər kəs bilir. Bildiyiniz kimi, bu məqsədlə bir ölkədə qırx-əlli milyon insanı qətlə yetirmiş və sistemi, demək olar ki, o öldürülən insanların kəllələri üstündə qurmağa çalışmışlar. Ancaq bu zülm, təzyiq və zorakılıqdan yalnız kin və nifrət qalmışdır. Bəli, bu qədər zülm, dəhşət və zorakılığa baxmayaraq aradan əlli-altmış il keçəndən sonra o sistem dağılmağa məhkum olmuşdur. Zorakılığa məruz qalan insanlar isə, keçmişdə harada, necə və nəyə inanırdısa, təkrar ona yönəlməyə başlamışdır.
Dinə sədaqətin gerçək ölçüsü
O halda səlabəti-diniyəsi olan bir mömin hissə qapılıb çığırıb-bağırmaqla fikri çatdırma kimi bir xətaya əsla yol verməməlidir. Belə bir üslub müxatəblərin yalnız nifrət hissini hərəkətə gətirər, onların qabıq bağlayıb daha da qatılaşmasına səbəb olar. Sonra bu əhval-ruhiyyə əks-reaksiyaya, hətta təcavüzkarlığa və düşmənçiliyə gedib çıxar. Bütün bu mənfi nəticələrə, qarma-qarışıqlığa yol açmamaq üçün müsbət hərəkət metodunu əsas götürməli, öz dəyərlərimizdən möhkəm yapışmalı, fikrimizi onlar üstündə cəmləşdirməli, onların carçısı olmalı və o cümlədən könül dili, hal şivəsi ilə o dəyərləri ən gözəl şəkildə təmsil etməyə çalışmalıyıq. Məsələn, elmin və bəyanın (natiqliyin) ön planda olduğu, "mədənilərə qələbənin inandırma ilə mümkün olduğu" müasir dövrdə dininə bağlı, səlabəti-diniyəsi olan bir insan ilk növbədə öz dəyərlərini yaxşı-yaxşı öyrənməli, öyrənib xarakterinə hopdurmağa çalışmalıdır. Əgər bunun üçün, məsələn yüz kitab oxumaq lazımdırsa, dininə xidmət etmək istəyən fərd onları təmin etməli və özünün iki-üç il o kitabları oxuyub-anlamağa həsr etməlidir. Lazım gəlsə, yazının xülasəsini hazırlamalı, qeydlər götürməli, oxuduqlarını təhlil və tərkib etməli və nəhayət, o kitablardan süzüb götürdüyü məna və məzmunu mənimsəməyə, mənliyinə hopdurmağa çalışmalıdır. Bütün bunlarla yanaşı, məsələnin mənəvi tərəfini əsla bir kənara qoymamalıdır. Yeri gəlsə qırx il gecə qalxıb təhəccüd namazı qılıb, hacət namazında başını səcdəyə qoyub: "Allahım, bəxtinə düşdüm! Nə olar bu insanların qəlbini din, iman üçün yumşalt!" deyə yalvarıb-yaxarmalıdır.
Əgər öz dəyərlərini oxuyub öyrənmək, öyrənib mənimsəmək bu qədər əzm, bu qədər cəhd, bu qədər qeyrət tələb edirsə, sən o qədər oxuyacaq, özünü bu işə o qədər həsr edəcəksən. Bu məsələ fərdi bir məsələ olmadığına görə, fərdi oxuma ilə kifayətlənməyəcək, oturub oxuduqlarını yoldaşlarınla müzakirə edəcək, düşüncələrini ortaq ağlın süzgəcindən keçirəcək və beləcə o ortaq ağılın, o ortaq duyğu və düşüncənin mənəvi gücünə arxalanaraq yola düşəcəksən. Bunu da az görəcək, Haqq Təalanın dəstəyini almaq üçün daim Rəbbinlə möhkəm irtibatda olmağa və həmişə yaxşı qul olmağa səy göstərəcəksən. Beləcə Allah da (cəllə cəlaluhu) bu səmimi çırpınışları dəstəkləyəcək və sözlərinə nüfuz etmə imkanı verəcək. Belə ki, dilindən çıxan sözlər ruhlara can verəcək, qəlbləri həyəcana gətirəcək. Gördüyünüz kimi, məsələni başlanğıcda hissiliyə deyil, məntiq və mühakiməyə həvalə etmək, sonra da onların rəhbərliyi ilə yola düzəlmək lazımdır. Allah Rəsulu Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yolu da bu deyildirmi? O, iyirmi üç il ərzində gətirdiyi dini insanların qəbul edə biləcəyi şəkildə təqdim etmiş, Quran əqli və Quran məntiqi ilə hərəkət etmiş və heç kimdə etiraz hissi oyatmadan İlahi vəhyi qəlblərə çatdırmışdır.
Əks halda, xüsusilə bu gün insanlar müəyyən səviyyədə məntiqə əsaslandığına, düşüncəyə dəyər verdiyinə və məsələlərə kitab çərçivəsində yanaşdığına görə, gücə-qüvvəyə söykənməklə, qışqırıb-bağırmaqla, qoçuluq etməklə kimsəyə bir şey izah, problemləri həll edə bilməzsiniz. Bəli, dinə xidmət yolunda özünüzü fəda etməyi düşünürsünüzsə, din və diyanət naminə yüksək səviyyədə fikri və ruhi mahiyyətə qabiliyyətə malik olmalı, Allahla güclü irtibat qurmalı, daim "fikir sancısı" çəkməlisiniz. Və üstəlik kiçilən dünyamızda İslamı təmsil məsələsi ümumi məsələyə çevrildiyinə görə ümumi hüquq zərurət olan yerdə heç kim şəxsi hərəkət və davranışlara yol verməməlidir. Çünki bu cür fərdi davranışlar səbəb olduğu yanlışlarla bütün möminləri utandırır. Məsələn, "İslamın müdafiəsi naminə" üstünə bomba bağlayıb intihar hücumları törədərək günahsız insanları ölümünə səbəb olmaq İslamı elə qara çalarlarla təqdim edir ki, yer üzünün bütün Müsəlmanları bu mənzərəni izah etməkdə çətinlik çəkir və çox çətin vəziyyətə düşürlər. Qarşı tərəf də, "Bunu törədənlər Müsəlmandır. Pal-paltarları, zahiri görünüşü onların Müsəlman olduğunu göstərir" deyib haqq, ədalət və mərhəmətin carçısı olan bir dini tam əks qütbdə göstərib bütün inananları zənn altında qoymağa çalışır. Bütün möminlərin haqq-hüququ sarsıdan bu cür yanlışlar dinin ruhunu anlamamaqdan, sirati-müstəqim düşüncəsini dərk etməməkdən və Quran əqliliyi və məntiqiliyini bir tərəfə qoyub hislərlə hərəkət etməkdən qaynaqlanır.
Ağıl və məntiqlə tənzimlənən həyəcan dinamizmi
Bu dediklərim "hisssizliyi alqışlama" şəklində başa düşülməməlidir. Əlbəttə ki, hiss İslamiyyəti anlatmada və onun müdafiəsində mühüm faktordur. İnsan inandığı dəyərləri ruhlara çatdırmaq üçün həyəcanla dolub-daşmalı, dinə gələsi bir fəlakət qarşısında nəfəsi kəsilməli, ölüm döşəyinə düşməlidir. Lakin o, ağlı və məntiqi ilə həyəcan dinamizmini nizamlamalı, onu doğru yola istiqamətləndirib ən səmərəli şəkildə faydalanmağı bacarmalıdır.
Demək istədiyimi bir misalla izah etməyə çalışım: Məsələn, yüksək dağların ətəyində yerləşən bir diyar düşünün. Bu diyarda hər il qar əriyəndə qabağına çıxan hər şeyi yuyub aparan sel təhlükəsi var. Burada ağıla və məntiqə uyğun olan iş bir su anbarı tikmək, o coşğun suyu nəzarətdə saxlamaq, sonra da kanallar açıb quraq əraziləri suvarmaqdır. Bunun kimi, mömində də mütləq həyəcan olmalıdır. Belə ki, dinin əleyhinə bir mənfi şey zühur etsə, iztirabdan ikiqat olmalı, qıvrım-qıvrım qıvranmalı, gecələr yuxusu qaçmalı, divanələr kimi ora-bura var-gəl etməlidir. Ancaq o, bu həyəcanı heç bir faydası olmayan çığır-bağıra sərf etməməli, boş yerə xərcləməməlidir. Ağıl, məntiq həmin hadisə qarşısında nəyi tələb edirsə, onu görməyə çalışmalı və bu şəkildə o coşğun həyəcanını müsbət hərəkətə, iş və aksiyona çevirməlidir. Və bunu edərkən fərdi, hissi hərəkətlərə əsla yol verməməlidir. Çünki həyəcan nə qədər təqdirəlayiq bir hisdirsə, o həyəcanı nəzarətdə saxlayıb, ağıl və məntiq süzgəcindən keçirib faydalı şəklə salma cəhdi də o qədər təqdirəlayiqdir. Məsələn, bu gün İslam aləminin, hətta bütün bəşəriyyətin acınacaqlı vəziyyəti, əlbəttə ki, hamımızı iztirabdan inlətməli, təpədən dırnağa həyəcanla doldurmalıdır. Fəqət insan yalnız həyəcanla hərəkət edərsə, ətrafını dağıdıb tökər, insanlarda nifrət hissi oyadar və nəticədə özü öz əli ilə təcavüzkar və təxribatçı bir cəbhə meydana gətirər. Bəli, hiss və həyəcan ağıl və məntiq süzgəcindən keçirilməsə, ağıl və məntiq çərçivəsində dəyərləndirilməsə, daşqın olub ətrafa faydadan çox zərər vurar.
Ustad Həzrətlərinin bu mövzuda ortaya qoyduğu o müstəsna və möhkəm mövqeyi xatırlamamaq mümkün deyil! Bildiyiniz kimi o, eşq və həyəcanla dopdolu bir insandır. Demək olar ki, onun dövründə o qədər həyəcanlı insan yoxdur. Ancaq eyni zamanda onun qədər mötədil insan da yoxdur. Bəli, ömür boyu millətin maddi-mənəvi tərəqqisi naminə çalışıb-vuruşan və bu cəhətdən baş tacı olası bu insanı yetmiş beş-səksən yaşlarında belə həbsxanalarda, hətta bəzən tualet kimi yerlərdə təcrid etmiş və ona heç vaxt gün ışığı verməmişdilər. Lakin bütün bunlara baxmayaraq o, əsla hissi və fövri hərəkət etməmişdir. Belə ki o müstəsna şəxsiyyət, özünü cilovladığı kimi, öz ətrafında hissi hərəkət etmə ehtimalı olan insanları da cilovlamağı bacarmış, o mövzuda da heç vaxt xəta etməmişdir. Yoxsa ətrafında pərvanə kimi dolanan ürəkli, cəsur, həyəcanla dopdolu bir çox insan vardı. Lakin Həzrəti Pir mücərrəd hissiyyatla, etirazlarla bir şey əldə edə bilməyəcəyini bildiyinə görə o həyəcan potensialını Quran əqli və Quran məntiqi ilə müxtəlif kanallara istiqamətləndirərək o qədər gözəl dəyərləndirmişdir ki, bu gün ətrafınızda elm, mədəniyyət və imanın çiçəklənməsində o böyük təsir danılmazdır.
Xülasə, hiss və həyəcan dini qəlblərə duyurmaq və İslamı hücumlardan da qorumaq üçün zəruri və mühüm dinamizmdir. Lakin bu dinamizm mütləq, elm, əqli-salim, məntiq, mühakimə, məşvərət, ortaq ağıl və ortaq düşüncəilə tarazlanmalı, tarazlanıb faydalı və səmərəli hala gətirilməlidir.
- tarixində yaradılmışdır.