İman hüzuru və aqibət əndişəsi

Sual: İmanda mənəvi bir “tubayi-Cənnət çəyirdəyi”nin olduğuna inanırıq. Digər tərəfdən isə dinimizdə “aqibət əndişəsi” mühüm bir əsasdır. İnanan bir könlün həm imanın vəd etdiyi hüzuru, həm də aqibət əndişəsini eyni anda duyub hiss etməsini necə başa düşməliyik? İzah edə bilərsinizmi?

Cavab: "İmanda mənəvi bir tubayi-Cənnət çəyirdəyi var" cümləsində keçən “iman” kamil iman deməkdir. Lakin bunu da unutmamaq lazımdır ki, səviyyəsindən asılı olmayaraq, insanın qəlbində olan iman cövhər kimi qiymətlidir. Çünki insan iman sayəsində varlığı (varlığı bir kitab kimi təsəvvür etsək) düzgün oxuyur. Bəli, insan imanla varlığın mahiyyətinə baxır, onu pərdə önü və arxası ilə birgə dəyərləndirir. Bu baxış və dəyərləndirmə nəticəsində varlığın sonsuz qüdrət və mərhəmət sahibi bir Zatın təsərrüfündə (idarəsində) olduğunu, Onun izni olmadan heç kim və heç nəyin ona zərər verə bilməyəcəyini dərk edir. Həmçinin axirətə iman sayəsində o, dünya həyatı nə qədər çətin və məşəqqətli olsa da, bu dünyanı Cənnətin gözləmə salonu mahiyyətində gördüyündən hər şeyi xoş qarşılayır, hər şeyə dözür, şükür edir. Başqa sözlə, mömin imandan tövhidə, tövhiddən təslimə, təslimdən təvəkkülə, təvəkküldən də “səadəti-dareyn”ə, yəni dünya və axirət xoşbəxtliyinə qovuşur. İmandan məhrum nəzər isə mövcudatı yerdən fışqıran, sonra da gedib bir çuxur və yoxluğa tökülən qaranlıq və mənasız varlıq kimi görür. Bu baxımdan iman insana məbdə və müntəhanı (əvvəl və axırı) göstərdiyi kimi, ona yolun əmin-amanlığını da vəd edir. Bəli, iman elə bir cövhərdir ki, iman edilməli məsələlərə onları dərindən təhlil və tədqiq etmədən iman edən ümmi (təhsilsiz) bir insan belə başlanğıcda elmihaldan öyrəndiyi məlumatlarla imanın, həqiqətən, insan qəlbində mənəvi bir tubayi-Cənnət çəyirdəyi, küfrün də, mənəvi bir zəqqumi-Cəhənnəm toxumu gizlətdiyini vicdanında duyub hiss edə bilər. Üstəlik bu iman kamil mənada olsa, həmin insan Cənnət dəhlizlərində yürüyər.

Aqibət əndişəsi imanla düz mütənasibdir

İmanın vəd etdiyi bu hüzuru kövsər suyutək içərək duyub hiss edən həqiqi möminlər "Öləndən sonra hesabı necə verəcəyəm, axirətə nə vəziyyətdə gedəcəyəm?" əndişəsi ilə tir-tir əsmişlər. Çünki aqibətindən qorxmayanın aqibətindən qorxarlar. Dini çox yaxşı dərk edən və onu həyatına həyat edən səhabeyi-kiram iman atmosferində hüzur və itminanla (əminlik) nəfəs alsa da, eyni zamanda aqibətindən əndişələnmişdir. Məsələn, Həzrəti Əbu Bəkir əs-Siddiqin Haqq Təalaya təzərrö və niyaz edərkən dediyi sözlər buna ən gözəl nümunədir:

جُدْ بِلُطْفِكَ يَـا إِلهِي مَـنْ لَـهُ زَادٌ قَـلِيـلْ
مُفْلِـسٌ بِالصِّدْقِ يَأْتِـي عِنْدَ بَابِـكَ يَاجَلِيلْ
ذَنْبُهُ ذَنْبٌ عَظِيمٌ فَاغْفِرِ الـذَّنْـبَ الْعَظِيـمْ
إِنَّهُ شَخْـصٌ غَرِيبٌ مٌذْنِـبٌ عَبْـدٌ ذَلِيـلٌ
مِنْهُ عِصْيَـانٌ وَنِسْيَـانٌ وَسَهْـوٌ بَعْدَ سَهْـوْ
مِنْكَ إِحْسَانٌ وَفَضْلٌ بَعْـدَ إِعْـطَاءِ الْجَزِيـلْ

"Lütfünü əsirgəmə, ey Rəbb, bu quluna ki, azuqəsi çox qəlil (az),
Müflisləşmiş olsa da, sədaqətlə yenə qapına gəldi, ey Cəlil!
Günahı çox böyük, Sən o günahları bağışla nə olar,
Halı da çox əcəb, həm günahkar bir əbdi-zəlil.
Onunki üsyan, onunki nisyan və xəta üstünə xəta,
Səndən ehsan üstünə ehsan, həm də ətayi-cəzil (bol əta)"

Əgər Həzrəti Əbu Bəkir özünü müflis sayırsa, onda biz bəri başdan müflisik. Çünki Rəsuli-Əkrəm (əleyhi əlfü əlfi salatin və salam) bir hədisində onun haqqında belə buyurur:

لَوْ وُزِنَ إِيمَانُ أَبِي بَكْرٍ بِإيمَانِ أَهْلِ الْأَرْضِ لَرَجَحَ بِهِمْ

"Əgər Əbu Bəkrin imanı bütün insanların imanı ilə (tərəzidə) çəkilsə, şübhəsiz onun imanı daha ağır gələr."(Kənzül-ummal, hədis: 35614) Məhz Həzrəti Əbu Bəkir qəlbində belə bir iman ola-ola həmişə aqibətindən əndişə etmişdir. Çünki İnsanlığın İftixarının dizinin dibində oturma şərəfinə nail olub, ancaq sonralar Müseylimətül-Kəzzabın cərgələrində Cəhənnəmə yuvarlanıb gedən insanlar vardı. Bu baxımdan heç kimin mütləq zəmanəti yoxdur, Allahın hüzuruna necə çıxacağı bəlli deyil.

Səhabeyi-kiram kimi, tabiundan da dini həyatını çox həssas yaşamasına baxmayaraq, aqibətindən əndişə edən böyük insanlar çıxmışdır. Çox təkrarlanan bir misalla izah edim: Tabiundan təbeyi-tabiuna keçid dövründə yaşayan İbrahim b. Əthəm Həzrətləri hökmdar ola-ola taxt-tacından imtina edib Məkkeyi-Mükərrəmədə məskən salır və hər şeyi tərk edib ömrünü ibadətlə keçirir, özünü Allah yoluna həsr edir. Ömür yolu ağılasığmaz mənzərələrlə dolu olan bu böyük insanın dualarına baxanda xövfü-xəşyət dolu bir dərinliklə qarşılaşırıq. Məsələn o bir duada Allaha belə yalvarır:

إِلَهِي عَبْدُكَ الْعَاصِي أَتَاكَ
مُقِرّاً بِالذُّنُوبِ وَقَدْ دَعَاكَ
وَاِنْ يَكُ يَا مُهَيْمِنُ قَدْ عَصَاكَ
فَلَمْ يَسْجُدْ لِمَعْبُودٍ سِوَاكَ

"Allahım! Sənin bu üsyankar, mücrim və günahkar qulun günahlarını etiraf edərək Sənə döndü. Ey hər şeyi görüb, hər şeyə nəzarət edən Allahım! Bu qul çox üsyan etsə də, Səndən başqasına səcdə etmədi".

Mövzu ilə bağlı bir misal da Nəhai ailəsinin sərkar və pişuvası olan Əsvəd b. Yezid ən-Nəhaidən verək: O ölüm döşəyində elə qıvrılır, elə iztirab çəkir və üzü elə saralıb solur ki… Həzrəti Alqamə yanına gəlib ona: "Günahlarından qorxursan?" deyə soruşur. Əsvəd b. Yezidin cavabı isə olduqca ibrətamizdir: "Necə qorxmayım! Allahdan qorxmağa məndən daha layiq kim var? Üstəlik Haqq Təala məni bağışlasa da, həya duyğusu məni həmişə narahat edir". Bu qədər əndişələnib döşəyində qıvrılan Əsvəd b. Yezid Həzrətləri Rəsulu Əkrəmdən (sallallahu əleyhi və səlləm) əvvəlki dövrlərdə yaşasaydı, yəqin peyğəmbərliklə şərəflənərdi. Bu səviyyədə ola-ola, gördüyümüz kimi, böyük bir xövfü-xəşyət içindədir. Bu baxımdan belə demək olar ki, bir insan aqibətindən qorxur, tir-tir əsib əndişələnirsə, bu, onun imanının kamalını göstərir. İman elə bir cövhərdir ki, həqiqi mömin onun dəyərini çox yaxşı bildiyindən büdrəyib yıxılaraq çiynində daşıdığı bu qiymətli cövhəri itirməkdən qorxar. Ustad Həzrətləri: "Diqqətli ol, (addımını) diqqətlə at, batmaqdan qorx. Bir loğma, bir kəlmə, bir danə, bir ləma, bir işarə və bir öpməklə batma!" deyərək bu mühüm məsələyə diqqət çəkir. Yəni bunlardan bircə dənəsi belə insanı sel kimi götürüb apara bilər, buna görə də inanan insan imanını itirməmək üçün hər an belə qorxu və əndişə duymalıdır.

"Qorxma, tir-tir əs!"

Bildiyiniz kimi Dövləti-Aliyə (Osmanlı dövləti) nəhəng bir coğrafiyada İslamın müdafiəçisi və son istehkamı olmuşdur. Bəli, o, uzun müddət İslam dünyasının namus, şərəf və heysiyətini qoruma vəzifəsini yerinə yetirmişdir. Lakin sonra nə baş verdisə, elə bir dövr gəldi ki, onun coğrafiyasında Quran, Peyğəmbər və Kəbə məsxərəyə qoyulduğu halda qulaqlar bu küfr dolu təhqirləri eşitməz oldu. Bəli, elə bir dövr yaşanmışdır ki, insanı imanından edən bu cür fikirlərə səsini çıxaran belə olmamış və nə qədər insan imandan çıxıb dinini itirmişdir. Deməli, heç bir insan və heç bir toplum üçün mütləq əmina-amanlıq yoxdur.

Xövfü-rica (qorxu və ümid) haqqında Həzrəti Ömərə isnad edilən gözəl bir söz var: "Mənə desələr ki, bütün insanlar Cənnətə, bir insan Cəhənnəmə gedəcək. “Görəsən, o mənəm?” deyə qorxaram. Mənə desələr ki, peyğəmbərlər istisna, bütün insanlar Cəhənnəmə, bir insan Cənnətə gedəcək. Allahın əngin mərhəmətindən “Görəsən, o insan mənəm?” deyə ümid edərəm". Məhz xövfü-rica tarazlığı belə olması çox əhəmiyyətlidir.

Yeri gəlmişkən, Həzrəti Qəzalinin mülahizəsini də sizə çatdırım: İmam Qəzali cavanlıqda, yəni ölümün “kəşfiyyat dəstəsi” vücudumuzu istila etməmiş daha çox xövfün, qocalıq çağında isə ricanın üstünlük təşkil etməsinin zəruriliyini deyir. Yəni insan sağlamlığı, səhhəti yerindəykən Allahdan çox qorxmalı və tir-tir əsməlidir. Ölümün nəfəsini hiss etdiyi günlərdə isə ümidsizliyə düşməmək üçün onda rica(ümid) hissi ağır gəlməlidir.

Bir gün Zübeyr ağabəy Ustad Həzrətlərinə: "Ustadım, aqibətimdən çox qorxuram!" deyir. O isə belə cavab verir: "Qorxma! Tir-tir əs!" Yəni o qədər əndişələn ki, yediyin yemək boğazından keçməsin. Ölüm yatağında isə insan: "Allahım, mən Sənə gəlirəm. Sən indiyə qədər Sənə ümidlə gələn insanların heç birini o qapıdan əliboş qaytarmadın. Sən qapını döyən heç kimə “xeyr” demədin. Heç kimin ayıbını üzünə vurmadın. Çox kiçik əməllərlə belə qapına üz tutan insanları uca əməllərlə gələn ziyarəçilər kimi qəbul etdin və onlara iltifat göstərdin" mülahizələri ilə dolub daşmalıdır. Ustad Həzrətlərinin “Ləmalar” adlı əsərində yaşlılıq haqda mövzulara "rica" adını qoyması da məhz bu mülahizədən irəli gələ bilər.

Böyük sərmayə və qəsb əndişəsi

Bəli, imanda mənəvi bir tubayi-Cənnət çəyirdəyi var. Bununla yanaşı, insanın “bu böyük sərmayəni itirə bilərəm” deyib əndişə içində olması da çox mühümdür. Bunu bir misalla belə izah edə bilərik: təsəvvür edək ki, beş-on vəzifəli şəxs Mərkəzi Bankın bir trilyon lirəsini avtomobillə bir yerdən başqa yerə aparır. Necə ki bu insanlar "Aman bu qədər pul daşıdığımızı heç kim bilməsin!", "Birdən, yolumuzu kəsərlər!", "Bir yerdə yol probleminə görə bizi saxladıb bu pulları götürüb qaçsalar?" əndişəsi ilə vəzifələrini ürəkləri ağızlarına gələ-gələ yerinə yetirir! Əbədi səadətin vəsiləsi olan iman sərmayəsinin yanında trilyonların, katrilyonların nə əhəmiyyəti var! Bəli, iman əbədi səadətə vəsilə olan misilsiz sərmayədir. Bu mənada onda bir tubayi-Cənnət çəyirdəyi var. Yəni Cənnət bu iman çəyirdəyindən boy atıb böyüyəcək, ağaca çevriləcək, sonsuzluğa doğru uzanıb sizin əbədiyyətədək kölgəsində şad-xürrəm yaşamağınızı təmin edəcək. İnsanın bu qədər böyük bir sərmayəsi varsa və o insanın şeytan, şeytanın köməkçiləri, nəfsi-əmmarə və cismaniyyət kimi düşmənləri varsa, üstəlik hər an bu düşmənlərin badalağına məruz qalıb o sərmayəni itirmə təhlükəsi mövcuddursa, (siz deyin) belə insan qorxmalıdı, qorxmamalıdı? Aqibət əndişəsindən doğan qorxu məhz belə bir qorxudur. Burada örnək verdiyimiz Həzrəti Əbu Bəkir (radiyallahu anh) kimi səhabələr, İbrahim b. Ədhəm, Əsvəd b. Yezid Həzrətləri kimi Allah dostları məhz bu qorxunu hiss etmişlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.