Nemətləri Kəlami-Nəfsi ilə Dilə Gətirmək

Sual: Təhdisi-nemət nə deməkdir? Kəlami-nəfsi ilə təhdisi-nemət necə olur? İzah edə bilərsinizmi?

Cavab: Təhdisi-nemət Haqq Təalanın bəxş etdiyi lütf, ehsan və nemətləri şükür mülahizəsi ilə dilə gətirməkdir. Başqa sözlə, o (təhdisi-nemət), İlahi nemətlərlə fəxr etməmək, bununla yanaşı onları görməməzliyə vurmaq və s. kimi yanlışlıq, nankorluq da etməməkdir. Bu da ehsan və ikramı inkar etmədən həqiqi Sahibinə aid etməklə mümkündür. Yəni "Məndə olan bütün bu nemətlər mənə güc və qüdrəti ilə lütf edən, mənə iş görmə qabiliyyəti verən, məni ümid, eşq və şövqlə mənən dəstəkləyən, düz yola istiqamətləndirən, haqq və həqiqətə hidayət etdirən Zata məxsusdur" düşüncəsi ilə hərəkət etməkdir. Bu düşüncənin qaynağı isə "Duha" surəsində Rəsuli-Əkrəmə (sallallahu əleyhi və səlləm) buyurulan;

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

Və (həmişə) Rəbbinin sənə olan nemətindən söz aç!. ayəsidir

"Duha" surəsində sadalanan xüsusi nemət və lütflər

Haqq Təala "Duha" surəsinin ilk sətirlərindən başlayaraq Həzrəti Ruhu-Seyyidil-Ənama (Bütün məxluqatın öndəri) (əleyhi əfda­lut­ta­hi­y­yat və əkməlüttəslimat) bəxş etdiyi müstəsna nemətlərini, lütflərini sadalayır, surənin sonundakı sözügedən ayə ilə də Onun bu nemətləri yad edib dilə gətirməsini istəyir. Surə Günəşin qalxıb parladığı quşluq vaxtına and içməklə başlanır, ardınca da zülmətə qərq olan, səs-səmir kəsilən gecəyə and içilir. Quşluq vaxtından sonra dərhal gecənin zülmət qaranlığına and içilməsi diqqətçəkən məqamdır. Çünki ən qatı qaranlıq anı işığın doğduğu üfüqdür. Bəli, həmin an aydınlığın yoxuşu, limanı və ya meydanı kimidir. Ətrafı bürüyən o zülmət qaranlıq şəfəqlə ağaracaq. Nə qədər bu zülmət qaranlıqdan sonra bir fəcri-kazib[1] zühur etsə də, Ustad Həzrətlərinin yanaşma tərzi ilə desək, fəcri-kazib fəcri-sadiqin ən doğru əlamətidir. Çünki ondan sonra gecə sona çatır.

Haqq Təala bu iki mühüm əsası dilə gətirdikdən sonra;

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلٰى

"Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu"("Duha" surəsi, 93/3) buyurur. Burada keçən "وَدَّعَ" sözü təfil babında[2] işlənib. Bildiyimiz kimi təfil babı çoxluq ifadə edir. Buna görə ayənin ən düzgün məalı bu şəkildə olacaq; "Allah Səni heç vaxt tərk etmədi". Əksinə düşünsək, ayədən: "Allah maiyyəti ilə (yaxınlığı ilə) həmişə Səni dəstəklədi" nəticəsini çıxara bilərik.

Sonrakı ayə isə;

وَلَلْاٰخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولٰى

"Əlbəttə, sənin üçün hər zaman işin sonu başından, əvvəlki vəziyyət sonrakı vəziyyətdən daha xeyirlidir" ("Duha" surəsi, 93/4) buyuraraq başqa bir nemətdən xəbər verir. Ümumi mənada düşünəndə bu ayə ilə birinci və bilavasitə O Fəridi-Kövnü-Zamana, ikinci və bilvasitə də Onun ümmətinə; bu günə nisbətən sabahın, bu vəziyyətə nisbətən bundan sonrakı vəziyyətin, mərkəzdəki məhdud genişlənməyə paralel mühit xəttində geniş dairə əmələ gəlməsinin və nəticə olaraq dünyaya müqabil Cənnət və ruyətullahla (Allahı müşahidə etmək) nöqtə qoyulan axirətin müjdəsi verilir. Rəsuli-Əkrəmə bəxş edilən xüsusi lütf və ehsanların arasında bu müjdənin ayrı yeri və mövqeyi var. Çünki "Səbəb olan (həmin işi) görən kimidir" prinsipinə əsasən bu gün insanlığın sahib olduğu dəyərlər mənzuməsi Allah Rəsulunun əlindən və köksündən onların könüllərinə axdığı üçün insanların elədikləri həsənatın bir misli də Onun savab dəftərinə yazılır. Dolayısilə bütün bunlar Onun tərəqqisinə vəsilə olur, mübarək ayaqlarının altında, Onu daim yüksəldən bir pilləyə çevrilir. Düşünün ki, bu gün yer üzündə bir milyard yarıma yaxın müsəlman yaşayır. Əgər bunların bir milyardı namaz qılırsa, bu, o deməkdir ki, bir milyard insan Kainatın Fəxri Peyğəmbərimizə gündə beş dəfə salatu-salam gətirir. Həmçinin möminlər hər gün namazla yanaşı digər vaxtlarda da Ona salatu-salam gətirib dua edirlər.

Əslində bütün peyğəmbərlər (Allahın salat və salamı Peyğəmbərimizə və onlara olsun) kamil bir rəhbər olmuş, həqiqəti təmsil etmiş və insanları daim həqiqətə yönəltmişlər. Elə peyğəmbər olub ki, ümməti iki-üç insandan o tərəfə keçməyib. Buxari və Müslimdə keçən bir hədisi-şərifdə belə buyurulur: "Mənə keçmiş ümmətlər göstərildi. Peyğəmbər gördüm yanında üç-beş nəfərlik kiçik bir dəstə vardı. Peyğəmbər gördüm yanında bir-iki adam vardı. Və peyğəmbər gördüm yanında heç kim yox idi. Bu zaman önümə böyük bir izdiham çıxdı. Onları öz ümmətim sandım. Mənə "Bu insanlar Musa və ümmətidir, Sən üfüqə bax!' dedilər. Baxdım, böyük bir insan kütləsi (gördüm). Sonra mənə o biri tərəfə də baxmağı söylədilər. Baxdım, orada da böyük bir insan kütləsi (vardı). "Bu insanlar Sənin ümmətindir. Onların içində hesaba çəkilmədən, əzab görmədən Cənnətə girəcək yetmiş min adam var" dedilər." (Buhari, Rikak 50; Müslim, İman 374)

Bu hədisi-şərif göstərir ki, Allah Rəsulunun (əleyhi salavatullahi və səlamuh) ümməti bütün peyğəmbərlərin ümmətindən çoxdur. Bəlkə də, zahirən ümmət içində görünən ancaq ümmət xüsusiyyətini qoruya bilməmiş insanlar da vardır, amma onlara da ümmət kimi baxılacaq. Bir mənada Həzrəti Məhəmməd Mustafanın (əleyhissalatu vəssalam) milləti sayılan bu insanların sayı digər ümmətlərdən olduqca çoxdur.

Haqq Təala "Duha" surəsinin sonunda Ona bəxş etdiyi bütün bu nemətlərə eyham və işarə edərək buyurur ki; Səni istixdam edən və Sənə bütün bunları lütf edən Allahın nemətlərini yad et.

Hamımız bir damladan ibarətik

Şübhəsiz, Onun yolu ilə gedən, imana və Qurana ixlas və səmimiyyətlə xidmət edən, ömrünü o yola həsr edən adanmış ruhlar da yol boyu Haqq Təalanın xüsusi lütf və ehsanları ilə qarşılaşa bilərlər. Xidmət yolçusu bu xüsusi təvəccöh və iltifatlar qarşısında şükran hissi ilə ikiqat olmalıdır. Həyata keçirilən xidmətlərdə özünə pay ayırmayan, belə bir niyyət və təmənnası olmayan insanlar da bu lütf və nemətləri dilə gətirə bilər, hətta minarənin şərəfəsindən bir həqiqəti hayqıran carçı kimi, bunu avaz-avaz elan edə bilər. Lakin bu məqamda o lütf və nemətlərlə fəxr etməmək mühüm əsasdır. Belə ki, bəzən insan ona bəxş edilən ehsan və ikramları dilə gətirərkən, özü də bu işin içində olduğuna görə, özündən danışma, özünü ortaya qoyma kimi bir həvəsə də qapıla bilər. Bu mövzu ilə bağlı unuda bilmədiyim bir hadisəni əvvəllər sizə danışmışdım. Belə ki, bir müəssisənin açılışında çıxış edən bir şəxs fəaliyyətlərdən danışarkən buna bənzər bir söz işlətdi: "Bu günə qədər çalışıb vuruşub "bizdə"niz bu məktəbi açdıq" Mən bu qəribə, tühaf və yanlış ifadəni heç unuda bilmirəm. Kaş, unuda biləydim. Çünki o sözü hər dəfə xatırlayanda deyəni də xatırlayıram. Rəbbim təqsiratımı bağışlasın!

Halbuki inanan insanın düşüncəsində nə "bəndəniz", nə "sizdəniz" nə də "bizdəniz" ola bilməz. Biz hamımız nəinki dəniz, bir damladan ibarətik, bir "bəndə"yik. Bu səbəbdən bir mömin danışarkən "Baxın, bu işdə bizim də əməyimiz var!" kimi mənalar daşıyan sözləri dilinə gətirməməlidir. Nəinki danışmamalı, əslində insanın içində, qəlbinin dərinliyində özündən danışma və özünü ifadə etmə kimi bir dərdi olmamalıdır. Yoxsa sözlər, cümlələr çox gözəl olsa da, daxildəki arzu və təmayül bəzən mimikalarda əks olunur. İnsan simasını oxumağı bacaran, fizionomiyadan məna çıxaran fərasət ərbabı da bu məsələnin dərində yatan sirrinə agah olur. Bəli, əhli fərasət özündən danışmaq dərdi olan adamın üz mimikalarından, ağız hərəkətlərindən, göz bəbəyindən, səsinin dalğa-dalğa yüksəlişindən iç dünyasını oxuya bilir. Əlbəttə, mələklər də zahirə əks olunan bu halı anlayırlar. Allah, onsuz da, əngin elmi ilə hər şeyi bilir. Dolayısilə belə bir davranış və düşüncə əvvəla Allaha, sonra mələklərə, sonra da fərasət ərbabına qarşı ayıbdır. Halbuki biz bilirik ki, müvəffəqiyyətləri lütf edən Allahdır. Mələklər də Onun inayətinin bir vəsiləsi olaraq çox vaxt bizi mənən təsdiq etmiş, bizi dəstəkləmişdir. Onlar ətrafımızı sıx şəkildə əhatə etmiş və üstümüzə səkinə və itminan yağdırmışdır. Rəhmət qanadlarının altında olan möminlər də Allahın izni, inayəti və hifzi ilə yerini tərk etməmiş və sarsılmamışlar.

Təhdisi-nemətin təhlükəli olub-olmaması bu cür mülahizə və niyyətlərdən asılı olaraq dəyişir. Məsələn, bir insan Hz. Ustad kimi: "Mən özümü bəyənmirəm. Məni bəyənənləri də bəyənmirəm" deyərək açıq-aşkar təqdir, təvəccöh və iltifatlara qarşı çıxa bilər. Lakin burada əsas olan insanın söylədiyi hər sözü, hər kəlməni qəlbin dəyər meyarları ilə ölçüb-biçib süzgəcdən keçirmək və hər sözü hesaba çəkməkdir. "Sən həqiqətən özünü bəyənirsənmi-bəyənmirsənmi?", bunu yoxlayacaqsan. Məsələn, biri səni incidəndə reaksiya vermirsənsə, deməli, bu dediyi sözə sadiqsən. Deyək ki, biri sənə: "Soxulcanın biri soxulcan!" deyib təhqir etdi. Bu zaman sən: "Həqiqətən, lap mənə uyğun söz tapdın!" deyə biləcək səviyyədə nəfsinə qalib gəlmisənsə, deməli özünü bəyənmirsən. Və ya biri qalxıb sənə: "Səndən nə xeyr gələr ki?" deyəndə sən mənfi reaksiya vermədən: "İndiyə qədər niyə heç kəs bu düz sözü mənə söyləməyib?" deyəcək qədər rahatsansa, deməli, özünü bəyənmirsən.

Üstəlik, səni bəyənənləri də bəyənməyəcəksən. Məsələn, bir nəfər səni gözəl xidmətlərinə görə təqdir dolu ifadələrlə mədh etdi. Bu zaman xəcalətdən ikiqat olmur, deyilən sözlərdən narahatlıq keçirmirsənsə, özün haqqında səhv fikirləşdiyinə əmin ola bilərsən. Hətta bu məqamda insan batinini idarə edə bilmirsə, daha öldürücü bir riya və süma təhlükəsi ilə üz-üzədir. Məsələn, bir insan özünü bəyənmədiyini açıq şəkildə ifadə edir və ya davranışları ilə özünü bəyənmədiyini inandırmağa, göstərməyə çalışır. Burada daxilən belə bir gizli düşüncə var: Mahviyyət və təvazökarlıq örtüyü altında "əstağfirullah"la özünü "sığortalamaq". Hətta bunun dalğalanaraq başqalarına da çatmasını və onların da: "Bax, bu insan özünü bəyənmir. Özünü bəyənənləri də bəyənmir!" deməsini təmin etmək. İnsan nəfs və şeytanın bu hiylə və tələlərini unutmamalı, unutmayıb ən məsum hərəkət, davranış və sözlərdə belə bir problem ola bilər əndişəsi ilə daim özünə nəzarət etməlidir. Batini mülahizə və niyyətlərində bulanıqlıq hiss edəndə də nemətlərin təhdisini kəlami-ləfzi ilə deyil, ən təhlükəsiz yol olan kəlami-nəfsi ilə dilə gətirməlidir.

Mələklər belə bilməsin

Bu düşüncənin ağlımızda və qəlbimizdə oturuşması üçün bütün lütf və gözəlliklərin Haqq Təaladan olduğuna şək-şübhəsiz, ürəkdən inanmalıyıq. Qurani-Möcizül-Bəyan bu məsələni açıq və dəqiq üslubla açıqlamışdır. O buyurur ki:

مَۤا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّٰهِ وَمَۤا أَصَابَكَ مِنْ سَيِّئَةٍ فَمِنْ نَفْسِكَ

"(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə nəfsindəndir" ("Nisa" surəsi, 4/79). Buna görə ayağınıza bir iynənin batması, işlərinizdə müvəffəqiyyətsizlik və s. hamısı sizdəndir. Leysantək üstünüzə yağan lütf, ehsan, uğur və müvəffəqiyyətlərə gəlincə onların hamısı da Allahdandır. Məhz bu həqiqətə qəlbən inanmaq və verdiyi bu Quran meyarından möhkəm yapışmaq lazımdır.

Xülasə, insan bir tərəfdən özü ilə üz-üzə gələcək və özünü günahkar biləcək. Digər tərəfdən də özünü dərindən sorğu-suala çəkərək başqalarına açmadan öz içindən, yəni kəlami-nəfsi ilə: "Rəbbim, məzhər olduğumuz bütün bu gözəlliklərdən ötrü Sənə həmd olsun" deyərək oturub-durub təhdisi-nemət edəcək. Dilə gətirmədən qəlbinin səsi ilə Allaha yönələcək, qəlbən şükür hisləri ilə dolub boşalacaq, Rəbbi-Kəriminin lütf və ehsanlarını ürəyində dilə gətirəcək. Hətta belə daxilən mütaliə edərkən bunu mələklərdən də gizləməyə çalışacaq. Deyəcək ki: "Ya Rəbbi! Mələklərin belə bundan agah olmasını istəmirəm. Mən yalnız Sənin bilməyini arzu edirəm. Sənə minlərlə həmd-səna olsun ki, Sən Həbibinə (Rəsuluna):

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

buyuraraq bizə də bu mövzuda bir işarə vermisən. Mən də bu işarəyə uyğun olaraq təhdisi- nemət edirəm. Ancaq bunu Hafəzə və Kiramən Katibin mələklərinin belə bilməsini istəmirəm. Madam bu məsələ Səninlə mənim aramdadır. Sənin bilməyin mənə yetər".


[1] Fəcri-sadiq səhərə doğru üfüqdə yayılmağa başlayan ağ işıqdır. Fəcri-sadiqdən əvvəl şəfəq olur. Bir qədər sonra isə çəkilib gedir. Həmin bu birinci işığa fəcri-kazib deyilir.

[2] Təkrar və çoxluq bildirən fel forması

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.