Mükəmməl dinin mənsubları mükəmməl olmağa çalışmalıdır
Sual: Cənabi-Allah: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.” (“Maidə” surəsi, 5/3) - buyuraraq ilahi rizanın əkməliyyət və ətəmiyyətdən asılı olduğunu bildirmişdir. Bizim üçün ülvi bir məqsəd olan əkməliyyət və ətəmiyyətin həyata keçməsi hansı xüsuslardan asılıdır?
Cavab: İslam qiyamətədək bütün insanların hər cür ehtiyacını təmin edən nöqsansız, qüsursuz, mükəmməl və bütöv bir dəyərlər məcmusunun adı və ünvanıdır. Bu səbəbdən bu dinin mənsubları əkməliyyət və ətəmiyyətə, yəni əsl mükəmməl və kamil olana can atmalıdır. Daha sadə dillə desək, kamala çatan və tamamlanan son dinin mənsubları onun vəd verdiyi gözəllikləri və xeyirli nəticələri kamil bir surətdə əldə edə bilmək üçün vəzifələrini ən mükəmməl və tam şəkildə əda etməyə çalışmalıdırlar. Ayədən belə başa düşürük ki, ilahi rizaya aparan yol da məhz budur.
“Müvəffəqiyyətsizlik və uğursuzluqların səbəbkarı mənəm!”
Gələk bu yolun şərtlərinə: ayeyi-kərimənin göstərdiyi məqsədə çatmaq üçün insan ilk öncə Cənabi-Allahın ona ehsan etdiyi bütün imkanlardan və qabiliyyətlərdən səmərəli istifadə etməyə niyyət eləməli və bu istiqamətdə əzmkarlıq göstərməlidir. Məsələn, kiminin gözəl səsi var, kimi mahir ustadır, kiminin yaxşı idarəçilik qabiliyyəti var, kimisi yaxşı yazı yaza bilir, kiminin də gözəl danışıq qabiliyyəti var. Kimin nə qabiliyyəti varsa, onu haqq və həqiqət yolunda ən səmərəli şəkildə, son damlasınadək istifadə etməyə çalışmalı, bəzi xəta və qüsurlarla rastlaşanda da orada-burada günahkar axtarmaq əvəzinə bu xəta və səhvləri özündən bilərək onları aradan qaldırmağın yollarını arayıb axtarmalıdır.
Xüsusən də, həyatını iman və Quran yolunda xidmətə həsr edən insan ictimai həyatın hansı sahəsində çalışır-çalışsın, əgər əkməliyyət və ətəmiyyətə nail olmamışsa, buna görə özünü günahlandırmalı, ortaya çıxan problemləri özündən bilməlidir. Əslində onun “Çiynimə qoyulan vəzifəni layiqincə yerinə yetirə bilmədim, bu işi sonadək görə bilmədim, istənilən nəticəni əldə edə bilmədim. Ona görə də iş yarımçıq qaldı” düşüncəsi bir mənada tövbə, hətta qəlbin ənginliyi səviyyəsində inabə və ya övbə sayılır. Cənabi-Allah bu cür iztirab çəkən bir qəlbə lütfü və inayəti ilə təvəccöh edər və inşallah onun fövtə verdiyi əməlləri müstəsna inayəti ilə tamamlayar.
Yoxsa bir insanın özünün gördüyü işləri mükəmməl hesab etməsi, əməllərində qüsur görməməsi, planlarını və layihələrini göyləri belə fəth etməyə qadir və nöqsansız olduğunu düşünməsi, meydana gələn müvəffəqiyyətsizlikləri də onu anlamayan və ona itaət etməyən insanların üstünə atması fironun “Mən sizin ən böyük Rəbbinizəm!” (“Naziat” surəsi, 79/29) cəfəngiyyatının fərqli şəkildə ifadəsidir.
Hətta büdrəyən və yıxılan insan nəfsini hesaba çəkərkən məsuliyyət daşıdığı işi də nəzərə almalıdır. Yəni vəzifənin məsuliyyəti artdıqca nəfsin sorğu-sualı da ağırlaşmalıdır. Yəni bir insanın vəzifəsi artdıqca, məsuliyyət dairəsi genişləndikcə, bu dairələrin hər bir uğursuzluğunu, hər bir müvəffəqiyyətsizliyini özündən bilməlidir. O, bütün bu xoşagəlməz hadisələri Allahla irtibatının zəif olmasından, İslamiyyəti dərindən duyub hiss etməməsindən, Allah Rəsulunun düsturlarını düzgün təhlil etməməsindən, yaşadığı dövrün şəraitinə yaxından bələd olmamasından, düşmən tərəfi yaxşı tanımamasından, xülasə özünə aid nöqsanlardan bilməlidir.
Gözəlliklər Ondan, nöqsan və qüsurlar bizdən
Əslində Qurani-Kərimin sözügedən məsələ ilə əlaqədar bu düsturu artıq sözə ehtiyac qoymur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər” (“Şura” surəsi, 42/30). Ortaya çıxan xəta və nöqsanların gözün yaradılış qayəsinə zidd mənzərələrə baxmasından, qulağın yaradılış qayəsinə zidd səslərə qulaq asmasından, ağılın yaradılış qayəsinə zidd fikirlər düşünməsindən, dilin yaradılış qayəsinə zidd sözlər danışmasından, əlin yaradılış qayəsinə zidd bir şeyə uzanmasından, ayağın yaradılış qayəsinə zidd yerlərə addım atmasından, hislərin yaradılış qayəsinə zidd yerlərdə istifadə edilməsindən və s. irəli gəldiyini və bunların əksəriyyətini də Allahın əfv etdiyini Qurani-Kərim açıq-aşkar bəyan edir.
Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də bir hədisi-şərifində “Hər insan xəta edər. Xəta işləyənlərin ən xeyirlisi çoxlu tövbə edəndir” (Tirmizi, “Qiyamət”, 49; İbn Macə, “Zöhd”, 30) buyuraraq insanın təbiətən xəta işləməyə meyilli olduğunu diqqətə çatdırmışdır. Burada əsas məsələ insanın öz xətasını bilməsi və onu düzəltməyə çalışmasıdır. Rəşid xəlifələr belə bəzən: “Kaş filan işi bu cür yox, başqa şəkildə görəydim” (Həzrəti Əbu Bəkir (radiyallahu anh), baxın: ət-Təbərani, “əl-Mücəmül-kəbir”, I/62) deyərək nəfsini hesaba çəkmiş, verdikləri bəzi qərarlarda – öz mənəvi mərtəbələrinə görə – yanıldıqlarını söyləmişlər.
Hadisələri düzgün anlamaq
Hətta insan öz iradəsindən asılı olmayaraq, başına gələn bəla və müsibətlərdə belə özünü günahkar bilməlidir. Məsələn, ayağına bir tikan batanda bunun təsadüfi olmadığını, hansısa bir qüsurunun üzündən başına gəldiyini düşünməlidir. Buna bir örnək verim: bir qardaşınız öz-özünə gündə bəzən iki, bəzən də üç dəfə insulin iynəsi vurur. Əgər iynənin qapağı əlindən düşsə, bu hadisənin “Bismillah” deməyi unutduğuna görə baş verdiyini düşünür və “Allahım, əgər Sənin adını anaraq taxsa idim, əlimdən düşməzdi” deyir. Bəzən də iynənin ucu sinirə və ya kapilyar damara sancılır və qan axır. Bunların da qəlbinin inhiraf etməsi, düşüncəsinin istiqamətdən sapması, Allahla irtibatda nöqsana yol verməsi kimi səbəblərdən başına gəldiyini düşünür. Fikrimcə, bəla və müsibətə məruz qalan insan bu cür fikirləşməlidir. Çünki insan nöqsanı, qüsuru özündən bilməsə və nəfsini hesaba çəkməsə, ömür boyu sui-zənn etməkdən və başqalarını günahlandırmaqdan əl çəkməz. Hətta əksinə, ətrafındakı insanların onun müsbət hərəkət və davranışlarını korladıqlarını və işlərinə əngəl olduğunu düşünər. Şübhəsiz ki, öz nöqsanlarını görmədiyi üçün də onları aradan qaldırmağa çalışmaz.
Halbuki xətalarını görən və dərk edən bir insan hər dəfə xoşagəlməz bir hadisə ilə qarşılaşanda papağını qabağına qoyub düşünər və bir də eyni xətaya yol verməmək üçün başqa yollar axtarar. Bəli, müvəffəqiyyətsizliyin və uğursuzluğun günahını özündən görən insan eyni səhvi təkrarlamamaq üçün daha diqqətli və məntiqli hərəkət edər və bütün lazımi tədbirləri görməyə çalışar. Məsələn, bir idarəçi tabeçiliyində olan insanların arasında problem çıxanda bundan dərs götürər, eyni problemlərin təkrar baş verməməsi üçün bütün ehtimalları gözdən keçirib hər bir ehtimal üçün bir neçə həll yolu ortaya qoyar. Yəni işin başında ortaya qoyduğu plan və layihələr gələcək ehtimal olunan problemlərin alternativ həll yollarını ehtiva etməlidir.
Müştərək ağıla müraciət
İşlərin mükəmməl və tam görülməsini təmin edən, insanı xəta və səhvlərdən qoruyan əsas düsturlardan biri də müştərək ağla müraciət etməkdir. Söz Sultanı buyurur ki, məşvərət edən, məsləhətləşən bir insan heç vaxt peşman olmaz (ət-Təbərani, “əl-Mücəmül-kəbir”, VI/365). Təsəvvür edin ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) vəhylə kömək almasına Onun mənəvi aləmlərlə irtibatlı olmasına baxmayaraq, hər məsələni məşvərət edirdi. Üstəlik, dini, haqq və həqiqəti, məşvərətin mahiyyətini öyrətdiyi insanlarla məşvərət edirdi. Bəli, öz üstünlüyünü bir kənara qoyur və sadə bir insan kimi səhabələrlə problemlər haqqında məsləhətləşirdi. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) yanılma ehtimalı yoxdur. O halda, yanılan, üstəlik dəfələrlə yanılan insanlar yanılma ehtimalını azaltmaq üçün məsələləri müştərək ağıla həvalə etməlidirlər.
Bu gün həm fərd, həm cəmiyyət olaraq bir çox problemlə üzləşirik. Əgər bu gün siz dolaşıq problemlərə həll yolu axtaran bir məşvərət mexanizminə, müştərək ağıla baş vurmasanız, dalbadal meydana gələn xətaların altında əzilər, sonra da günahkarlıq psixologiyasına qapılar, orada-burada günahkar axtarar, beləcə, ətrafındakı bütün insanların qəlbini sındırar və onları küsdürərsiniz. Günah sizdə ola-ola başqalarını günahlandıraraq etibarınıza xələl gətirər, onları özünüzdən soyudar və uzaqlaşdırarsınız. Halbuki bir şairin sözü ilə desək,
Heç kim baqi deyil, mülki-dövlət, simu-zər;
Bir xarab olmuş könül təmir etməkdir hünər!
Əgər qızıl və gümüş baqi olsa idi, Qaruna bir faydası dəyərdi. Halbuki o xəzinələri ilə birlikdə yerin dibinə batırıldı. Üstəlik, Quranda lənətlənərək bir mənada daima həmin ayələri oxuyanlar tərəfindən mənən yerin dibinə batırılmağa məhkum edildi (Bax: “Qasas” surəsi, 28/76-83). Bu baxımdan əsl hünər sınmış bir ürəyə məlhəm olmaqdır. Yunus Əmrə də: “Biz könül yıxmağa deyil, könül yapmağa gəldik”, - deyir. Bizim də vəzifəmiz qəlblərə məlhəm olmaqdır. O halda bir insanın öz xətalarını başqalarının üstünə atması, başqalarını günahlandırması və beləcə, insanların qəlbini sındırması qəbuledilməz haldır.
- tarixində yaradılmışdır.