Müsibət, Dua və Qürbət
Sual: Müsibət, əzab-əziyyət və əndişə uzaq məsafələri aşmaq və Cənabi-Allaha yaxınlaşmaq üçün bir vasitə ola bilərmi? Dua vaxtı sayılan müsibət əsnasında Allaha təvəccöh etməmək Ondan daha da uzaqlaşmağa səbəb ola bilərmi?
Cavab: Kimi öz bədəninə, bəşəri quruluşuna, övladlarına, ailə həyatına, ya da qohum-əqrəbasına gələn bəla və müsibətlərə görə əndişələnir, əzab-əziyyət çəkir. Kimi - ətrafla münasibətin genişliyi nisbətində -kənd, qəsəbə və ya ölkəsində baş verən hadisələrə görə mütəəssir olur. Kimisi də bütün dünyaya baxır, hər kəslə maraqlanır, yer üzündə baş verən hadisələri "od hara düşür-düşsün məni də yaxar" mülahizəsi ilə içdən, vicdanən duyub hiss edir və onun hər anını yaşayır. Əlbəttə, belə əndişə və iztirab təqdir və təbcilə layiq müqəddəs iztirab və əndişədir. Ancaq insan ifrata varıb özünə zərər, əzab verməməlidir. Həmçinin çəkilən iztirablar qətiyyən iradəni iflic etməməli, insanı ümidsizliyə salmamalı, onu çarəsizlik psixologiyasına sürükləməməlidir. Bildiyiniz kimi, aləmlərə rəhmət olaraq göndərilən, qəlbi bütün bəşəriyyət üçün döyünən Nəbilər Sərvərinin (sallallahu əleyhi və səlləm) bu mövzudakı təbcil və təqdirə layiq həssaslığı İlahi vəhylə tədil[1] edilmişdir. Məsələn, Allah-Təala "Kəhf" sureyi-cəliləsində keçən bir ayeyi-kərimədə;
فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلٰى اٰثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهٰذَا الْحَدِيثِ أَسَفً
"(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!" ("Kəhf" surəsi, 18/6) buyuraraq iltifat və təqdir ədalı tədillə İnsanlığın İftixarının timsalında ümmətə xəbərdarlıq etmişdir.
İztirabsızlıq və ya insanlığın sonu
Bu nöqteyi-nəzərdən Ona ümmət olan hər bir şəxs peyğəmbəranə əzm və qətiyyətlə başda ətraf və yaxınlara olmaqla ölkə və milləti daxil, bütün müsəlmanlara, hətta alihimmətdirsə, bütün bəşəriyyətə qucaq açmalı, onların iztirabını vicdanən duyub hiss etməyə çalışmalıdır. Çünki müasir dünyanın hər tərəfində ədalətsizlik, hüquqsuzluq və qeyri-bərabərlik - loru dildə desək - boğaza qədərdir. Aclıq və səfalət içində ölüb gedən, zülm və təzyiqlərə məruz qalanların halı-pürməlalı insanın ürəyini dağlayır. Bu kədərli mənzərə qarşısında hadisələri film kimi seyr etməmək, bu tabloya baxıb həyəcan və iztirab çəkmək insanlığın tələbidir. Bunun əksi isə insanlığın sonu, ölümüdür. Şəfqət Peyğəmbəri (sallallahu əleyhi və səlləm):
مَنْ لَمْ يَهْتَمَّ بِأَمْرِ الْمُسْلِمِينَ فَلَيْسَ مِنْهُمْ
"Müsəlmanların dərdini bölüşməyən onlardan deyildir" (Taberani, Mu'cemu'l-evsat, 7/270) buyurur ki, bu nurlu bəyanı dərindən düşünmək lazımdır.
Dolayısilə, dünyada baş verən hadisələr vicdanı tamamən korşalmamış insanları əndişələndirər və iztiraba sövq edə bilər. Lakin inanan insan, yuxarıda da dediyimiz kimi, bu əzab-əziyyəti duyub hiss edərkən ümidsizliyə, çarəsizliyə qapılmamalıdır. Əksinə Hz. Müsəbbibül-Əsbaba təvəccöh etməli, Ona üz tutmalı, içini Ona açmalı, duadan yapışmalı, Ona yalvarıb-yaxarmalı və səbəblər dairəsində nə lazımsa, eləməyə çalışmalıdır. Siz özünüzü, mən də özümü bildiyim gündən bəri bizim dünyamız bu iztirab və əzab içində qıvrılır. Bu dərd və əzablar bəzən mövsüm-mövsüm yerini dəyişsə də, gah ora, gah bura keçsə də, ümumi mənada əsrlərdir davam edir. Bəzən əl açıb, "Allahım! Ölkəmiz, idealımız, gələcəyimiz, millətimiz, iqbalımız uğrunda çalışan insanları paydar[2] elə, onları müzəffər et, nicatınla sərəfraz elə!" deyə dua etdik. Bəzən də "Allahım! Ölkəmiz, gələcəyimiz, maddi-mənəvi dəyərlərimiz əleyhinə çalışan və millətimizi bölüb parçalamaq istəyənləri Sənə həvalə edirik!" deyib Rəbbimizə sığındıq. Bəli, bütün bu baş vermiş hadisələr qarşısında "Kaş olmayaydı!"nın iztirabı ilə ikibüklüm olduq. "Kaş insanımıza qarşı bu qədər təmərrüd və inadkarlıq edilməsəydi. Kaş ki bu qədər təəssübkeşlik və fanatizm olmayaydı. Kaş ki, düşmənçilikdən əl çəkməyən insanlar heç olmasa bir dəfə Anadolu insanına və bu ölkənin övladına insafla, qərəzsiz baxa biləydi. Bəli, kaş bircə dəfə millətimiz və insanlıq üçün həyata keçirilən bu gözəl fəaliyyətləri düzgün qiymətləndirə biləydi. Və kaş ki, əsrlərlə haqq və ədaləti təmsil edən insanımız şanlı tariximizdə olduğu kimi, bu gün də yer üzündə, dövlətlər arasında güclü, nüfuzlu, sözükeçər ölkə olaydı. Bütün məzlum və məğdurlara qol-qanad olacaq mövqedə olaydı. Niyə mənim ölkəm Amerika, Çin və ya Hindistanın yerində olmasın? Niyə dünya iqtisadiyyatına istiqamət verən, siyasi və idari sahədə sözükeçən bir ölkə olmasın? Bütün bunlar mütləq olmalıdır. Çünki bu mərd millət dövlətlər müvazinətində öz həqiqi yerini tutanadək dünya hələ çox çəkəcək".
Bu gözəl amal yolunda maneələrlə üzləşən insan "nuri-tövhid içində sirri-əhədiyyəti" vicdanən duymalı, əl açıb iztirarla:
يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ أَصْلِحْنِي شَأْنِي كُلَّهُ وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ
"Ey hər şeyi var edən Hayy və ey hər şeyin həqiqi səbəbi Qayyum! Sənin sonsuz mərhəmətinə etimad edərək inayətinə sığınıram. Məni islah et və bir göz qırpımı qədər olsa, nəfsimlə baş-başa buraxma" (Nesai/Sünen, 6/147) deyə həqiqi güc-qüdrət Sahibinə halını ərz etməlidir. Məhz belə bir insan bəla və müsibətlə üzləşərkən sarsılmaz, ümidsizliyə qapılmaz, səylərini əsirgəməz və daim Cənabi-Haqqa üz tutub inayəti Ondan umaraq yoluna davam edər.
"Tulumbanı götür yetiş imdada, yanğın var!"
Təbcil və təqdirə layiq olan bu kimi əzab-əziyyəti ifadə edərkən "müqəddəs əzab" sözünü işlədirik. Əvvəllər də dediyim kimi, əlimdə olsa, insanların içinə ciyərləri cızıldadan, yandırıb-yaxan bir iztirab saçaram. Çünki o, ən təsirli duadır. Duaları peyk sürəti ilə məna aləminə çatdıran ən əsas amildir. Bəli, heç bir şey iztirab və iztirar qədər dualara sürət verə bilməz. O halda inananlar bəşəriyyətin bu halına baxıb qəmsizliyi, iztirabsızlığı böyük fəlakət saymalı və "Eyvah! Yazıqlar olsun bizə!" deyib iztirabla inləməlidir. İnləməli, başını səccadəyə qoymalı, səccadə alınlarını öpərkən, onlar da "Nə olar Allahım, bəxtinə düşdük!" deyə Allaha içini tökməlilər. Məhz belə iztirab bizi mühərrik kimi hərəkətə gətirə bilər. Biz də bir xilaskartək tulumbanı götürüb alovu söndürməyə can atarıq. Çünki Suzinin suzişi[3] nəğmələrlə ifadə etdiyi kimi;
"Tulumbanı götür yetiş imdada, yanğın var.
Dedim: Zahirdəmi aşiq?
Dedi: İxfada yanğın var.
Səfineyi-qəlbimə bir köz atdın, ey dost
Bülənd-avaz ilə deyirsən,
Baxın dəryada yanğın var!"
Bəli, ölkədə yanğın var. Dünyada yanğın var. Əhəmiyyətli müəssisələrdə yanğın var. Gəlin, Allah xatirinə bu böyük yanğını söndürmək üçün hər kəs xilaskar olsun, xilaskar olsun ki, əlbir olub bu müdhiş alovu söndürə bilək.
Bunu da xatırlatmalıyam ki, dərddən gicgahlarımız zoqquldasa da, gecə-gündüz bu "müqəddəs dərd"lə inləsək də, başqa insanları dərdsiz, qəmsiz, iztirabsız saymaq qətiyyən doğru deyil. Bu sui-zəndır, bizim üçün də ağır bir vəbal olar.
Günahların bəhrəsi məlun sıxıntılar
Bu ülvi və müqəddəs iztirabdan savayı insanın çəkdiyi bəzi sıxıntılar da var ki, bunlar daha çox xəta və günahların "məhsulu"dur. Bir mənəviyyat böyüyü bu həqiqəti belə dilə gətirir:
اَلْهُمُومُ عُقُوبَاتُ الذُّنُوبِ
"İnsanın içindəki sıxıntılar günahların cəzasıdır" (Zehebi, Tarihu'l-İslam, 26/376). Bu sıxıntı və vəhm nəinki insanı Allah yolunda fəaliyyətə sövq etməz, hətta onu bu yoldan soyudar. Belə ki, bu ruhi halətə qapılan insan vəhmlə oturub-durar, daim vəhmindən söz açar. "Bu belə olmalı idi, bu elə olmalı idi…" deyib dayanmadan insanları tənqid edər, işə gəlincə isə zərrə qədər cəhd və səy göstərməz, göstərə də bilməz. Ağıla belə bir sual gələ bilər: "Biz - Allah qorusun - fühuşdan uzağıq, oğurluq, haram bizdə olmaz. Qəm-kədərə səbəb olacaq günah işləmədiyimiz halda, bunlar haradan qaynaqlanır?". Unutmayın ki, günahlar yalnız yuxarıda sadalananlardan ibarət deyil. Ümmətin dərdinə şərik olmamaq, "əmri-bil-məruf nəhyi-anil-münkər etməmək" də günahdır. Çünki Qurani-Kərim irşad və təbliğ mövzusuna çox əhəmiyyət verir, bu vəzifə yerinə yetirilməsə, toplumun bəlalara, müsibətlərə düçar olacağını bildirir. Digər tərəfdən, əl, ayaq, göz, qulaq və dilə diqqət etməmək, bu məsələyə diqqətsiz və laübali yanaşmaq və beləcə aramsız işlənən kiçik günahlar da böyüyərək bir gün qarşımıza çıxa bilər.
Yığıla-yığıla böyüyən bu günahlar "humum"a[4] çevrilər və neçə-neçə sıxıntılara səbəb olar. Allah yolunda iztirab çəkmək "müqəddəs əzab", insana heç bir faydası olmayan bu kimi sıxıntılar "məlun sıxıntıar"dır. Əgər insan bir küncə çəkilib nəfsini sorğu-suala çəkmir, ağlını başına yığmır, əlinə, ayağına, gözünə, qulağına nəzarət etmirsə, sıxıntı şəklində büruzə verən hümum da getdikcə böyüyür.
Bu baxımdan çəkilən dərd və sıxıntını düzgün müəyyənləşdirmək lazımdır. Ümid edək ki, bizim sıxıntı və iztirabımız o "müqəddəs dərd" olsun. Dərdimiz bizi hərəkətə gətirsin, bizə təkan versin, şahlandırsın, yanan od-alovu söndürməyə sövq etsin. Onsuz da əgər insan Allah yolunda çalışıb-çabalasa, müsibətlərə canını dişinə tutub səbir etsə və hər şeyə rəğmən Allah yolundan ayrılmasa, Cənabi-Haqq onun içindəki "hümum"u aradan qaldırar, qəlbinə inşirah verər və ona itminan[5] bəxş edər.
Ancaq bunun üçün insanın yalnız bəla və müsibətlər zamanı deyil, rahat zamanlarda da Cənabi-Haqla irtibatı möhkəm olmalıdır. Çünki Allah (cəllə cəlaluhu) buyurur ki;
فَاذْكُرُونِۤي أَذْكُرْكُمْ
"Siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım!" ("Bəqərə" surəsi, 2/152). Təfsirçilər bu ayeyi-kəriməni belə izah edirlər: "Siz xoş günlərdə əl açıb Mənə içinizi tökün, Məni yad edin ki, çətinliyə düşəndə Mən də sizin imdadınıza yetişim". Deməli, bu İlahi vədə görə insan rahat, kefi yerində olduğu vaxtlar əllərini açıb Allaha yalvarıb-yaxarmalıdır ki, Allah da (cəllə cəlaluhu) çətinliyə düşəndə onun əlindən tutsun, inayətlə onu siyanət etsin. Bəli, rahatçılıqda, "heç bir şeyə ehtiyacım yoxdur" dediyiniz və heç nəyin dərdini çəkmədiyiniz vaxtda Onu düşünmək, Onu xatırlamaq və əl açıb Ona təzərrö və niyaz etmək məqbul olan dua və təzərrödür.
İztirara gəlincə isə, bu vəziyyətdə olan insan gücün-qüvvənin yalnız və yalnız Allah-Təalaya məxsus olduğunu dərk edərək və vicdanın hər rüknü ilə bu həqiqəti duyub hiss edərək Ona əl açıb dua etməlidir. İztirar zamanı edilən bu dualar heç vaxt geri qayıtmaz. Bildiyiniz kimi Hz. Eyyub və Hz. Yunus da (aleyhiməssalam) tamamən çarəsiz bir anda əl açıb Allaha yalvarmış, Cənabi-Haqq da onları həmin sıxıntıdan qurtarmışdır. Cənabi-Haqqın neçə-neçə buna bənzər inayət və yardımları olmuşdur. Bəlkə də, "Saləti-Münciyə" və "Saləti-Təfriciyə" kimi dualar dara düşən insanlara Cənabi-Haqqın bir ilhamıdır. O gündən biz də dara düşəndə, çətinliklərlə üzləşəndə dərhal o duaları müəyyən sayda oxuyuruq.
Səbir və qürbət Bəla və müsibətin qürbətə[6] səbəb olması üçün başa gələn hadisələrə səbir edib qədəri tənqid etməmək lazımdır. Məsələn, insan "Mən neyləmişəm ki, başıma bunlar gəlir?", "Niyə dualarım qəbul olmur?", "Allah niyə mənə baxmır?" kimi zəlalətə, küfrə aparan sözləri deyəndə, deyib taleyinə daş atanda, başa gələn müsibətlər nəinki qürbətə səbəb olur, əksinə insanı yoldan azdırır, Allahdan uzaqlaşdırır. Halbuki həqiqi mömin ən çətin, ən ağır anlarda belə Hz. Yaqub əleyhissalam kimi: "Allahım dərdmi, kədərimi, dərbədərliyimi, pərişanlığımı, qolsuz-qanadsız qalmağımı Sənə ərz edirəm" deyərək Cənabi-Haqqa üz tutmalıdır.
Naçar qaldığın yerdə,
Nagah olar ol pərdə,
Dərman olar hər dərdə,
Mövla görək neyləyər,
Neylərsə, gözəl eylər.
Bəli, inanan insan dara düşəndə, başına müsibət gələndə:
"Gəlsə cəlalından cəfa
Yaxud camalından vəfa
İkisi də cana səfa
Lütfün də xoş, qəhrin də xoş"
deyib əngin bir qəlblə başına gələn bəla və müsibətləri kiçiltməyi, beləcə "of-of"ları "oh-oh"lara çevirməyi bacarmaldır. Müsibətin çöhrəsində mərhəmətin qığılcımlarını görməli, bəlalara "Oh, nə gözəl" deməli və iradə və ağıldan layiqincə istifadə etməlidir.
Lakin zəif iradəli, rahat həyata alışmış və sağlam mühakimədən məhrum olan insanlar əlindən bir şey alanda küsən uşaqlar kimi, bəla və müsibətlərə məruz qaldıqda hər şeyin bitdiyini, artıq edəcək heç bir şeyin qalmadığını düşünməyə başlayırlar; hətta (haşa) dönən dövran çarxını Cənabi-Haqqın da əksinə çevirə bilməyəcəyini düşünürlər. Halbuki insan başlanğıcdan döydüyü qapının kimin qapısı olduğunu fərqinə, şüuruna varmalı, o qapıdan yapışıb eşiyindən ayrılmamalıdır. Qapı hər döyüləndə - bu da bir hikmət - açılmasa, bir az gözləməyi bacarmalı, sədaqət sınağına çəkilidyini anlamalı və özünü isbat etməyə çalışmalıdır. Bunu bacara bilsə, həqiqi iman gətirən heç kimin o qapıdan əliboş qaytarılmadığını görüb anlayar.
Qurani-Kərimdə müxtəlif yerlərdə bu xüsusa işarə edilmişdir. Məsələn, bir ayeyi-kərimədə belə buyurulur:
وَلَوْ أَنَّ أَهْلَ الْقُرٰى اٰمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَۤاءِ وَالْأَرْضِ
"Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq)" ("Əraf" surəsi, 7/96). Deməli, Cənabi-Haqqın nemətini üstümüzə leysantək yağdırması Ona təvəccöhdən asılıdır.
"Maidə" surəsində isə bu həqiqətə belə diqqət çəkilir:
وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ اٰمَنُوا وَاتَّقَوْا لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأَدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ
"Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq)" ("Maidə" surəsi, 5/65)
"Ənam" surəsində isə nemət veriləndə yol azan, verilməyəndə hay-haray salıb (haşa) Cənabi-Haqqdan şikayət edən pozulmuş təbiət və xarakterli insanlar haqqında belə buyurulur:
وَلَقَدْ أَرْسَلْنَۤا إِلٰۤى أُمَمٍ مِنْ قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَۤاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ
"Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar" ("Ənam" surəsi, 6/42).
Yenə başqa bir yerdə bu çürük təbiətli insanlardan belə bəhs olunur:
وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
"Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər" ("Muminun" surəsi, 23/75). Yəni bəlaya, müsibətə məruz qalan kimi aləmə car çəkən bu insanlardan uzaqlaşdırmasaydıq, onlar yenə gedib çirkaba baş vuracaqdılar. Bəli, bunlar elə utanmaz, elə həyasız insanlardı ki, Cənabi-Haqq onlara mərhəmət edib qara buludları çəksə, onlar vaxt ötürmədən yenə eyni çirkabın qolları arasına atılacaqlar. Allah hamımızı belə bir sapqın anlayışdan qorusun.
Bütün bu xüsusları nəzərə alanda, nəticə olaraq deyə bilərik ki, əgər insan istər lütf və nemətlər, istər bəla və müsibətlər qarşısında dinin möhkəm əmrləri əsasında ruhunu tənzimləsə, Allahın izni və inayəti ilə nə nemətə qarşı həyasızlaşar, nə də nemətlər kəsilərkən qədərə daş atıb günaha və sapqınlığa düşər.
[1] Əslinə dəymədən dəyişdirmək.
[2] Uzun ömür ver
[3] Ürək yanğısı
[4] Üzüntü, qəm, kədər
[5] Arxayınlıq, xətircəmlik
[6] Yaxınlıq
- tarixində yaradılmışdır.