Səhabələr dövrünün hadisələrinə bir baxış
Sual: Həzrəti Əlinin (radiyallahu anh) digər üç xəlifəyə qarşı münasibəti necə idi? Bəzi kəsimlər Həzrəti Əlinin (radiyallahu anh) əvvəlki üç xəlifə ilə aralarında ciddi ixtilaflar olduğunu iddia edirlər. Bəs, həqiqət nədir, izah edə bilərsinizmi?
Cavab: Sözügedən mövzu haqda düzgün fikir yürütmək üçün ilk növbədə Həzrəti Əlini (radiyallahu anh) və digər üç böyük xəlifəni yaxşı tanımaq lazımdır. Çünki o böyük şəxsiyyətləri yaxından tanımadan ortaya atılan fikirlər fərqli düşüncələrə zəmin hazırlayar ki, bu düşüncələrdən də yanlış nəticələr doğar. İndi isə gəlin Rəşid xəlifələrin o işıqlı həyat salnamələrindən çıxış edərək onların bariz xüsusiyyətlərini daha yaxından tanımağa çalışaq.
Qızıl silsilənin sərtacı
Həzrəti Əli (radiyallahu anh) istər nübüvvətdən əvvəl, istərsə də sonra Peyğəmbərimizdən (sallallahu aleyhi vəsəlləm) uzun müddət təlim-tərbiyə alan səhabələrdəndir. O, Allah Rəsulunun barəsində: “Fətimə mənim bir parçamdır. Onu üzən Məni üzmüş olar.” (Buxari, “Fəzailül-əshab”, 12) buyurduğu Həzrəti Fatimə ilə evlənmiş və beləcə Peyğəmbərimizə (aleyhissalatu vəsəlləm) daha yaxın olmaqla şərəflənmişdir. Rəsuli-Əkrəm Peyğəmbərimiz tez-tez onlara baş çəkmiş, gecə-gündüz demədən evlərinə gedib yanlarında əyləşmiş, nəvələrini qucağına götürüb əzizləmişdir. Dolayısilə, Həzrəti Əli (radiyallahu anh) Peyğəmbərimizin ən məhrəm hislərinin, duyğu və düşncələrinin canlı şahidlərindəndir.
Üstəlik Allah Rəsulunun (aleyhi salavatullahi və salamuh) əziz nəvələri bu qüdsi evdə dünyaya göz açmış və Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) nəsli onlarla davam etmişdir. Həzrəti Həsən şəriflərin, Həzrəti Hüseyn də seyidlərin atası olmuşdur. O baxımdan Həzrəti Əli (radiyallahu anh) Əbül-Həsən əş-Şazəli, Əhməd Rüfayi, Əbdülqadir Geylani və Məhəmməd Bahaüddin Nəqşibənd kimi böyük şəxsiyyətlərin cəddi olmaqla özünməxsus yerə malikdir.
“Əbu Bəkir olmasaydı, müsəlmanlıq olmazdı!”
Digər xəlifələr də özünəməxsus üstün fəzilətlərə sahib olmuşlar. Məsələn, Həzrəti Əbu Bəkir (radiyallahu anh) müəyyən məqamlarda pərdədarlıq vəzifəsi yerinə yetirmişdir. İlk dəfə Allah Rəsuluna arxa çıxması, hicrət yolunda təhlükələrə sinə gərməsi, müşriklərin hücumları qarşısında özünü dəfələrlə Ona sipər edib mömini-ali-firon kimi: ““Rəbbim Allahdır!” dediyinə görə onu öldürəcəksiniz?!” (“Ğafir” surəsi, 40\28) hayqırması mühim hadisələrdir (Bax.: Buxari, “Fəzailüs-səhabə” 5). Zər qədrini zərgər olmayan bilməz. O baxımdan Həzrəti Əli: “Şayəd Əbu Bəkir olmasaydı, müsəlmanlıq olmazdı” (Deyləmi, “əl-Müsnəd”, 3\358) sözləri ilə onu təqdir edənlərin başında dayanır. Həzrəti Əli (radiyallahu anh) onun böyüklüyünü belə təsvir edir: “Əbu Bəkrin bir gecəsi bizim ömrümüzə bərabərdir”.
Haqqı batildən ayıran aşılmaz qala
Həzrəti Ömərin də özünəxas üstün cəhətləri vardır. O, xəlifəliyi dövründə İslam birliyini təhdid edən bütün nifaq axınları qarşısında sarsılmaz bir qala kimi mətin dayanmışdır. Üstəlik o, öz dövründə dünyanın iki hegemon dövlətini − Bizans və Sasani imperiyalarını diz çökdürmüş və bir çox insanın İslamla şərəflənməsinə vəsilə olmuşdur. Qadisiyyə döyüşündə məğlub olan və tamailə fəth edilən İran Həzrəti Ömərə qarşı kin bəsləməyə başlamışdır. Ustad onların məqsədini: “Həzrəti Əli sevgisi deyil, Həzrəti Ömərə qarşı kin” şəklində izah etmişdir “ (Bədiüzzaman, “Ləmalar” s. 29-30) şəklində təsvir etmişdir.
Həzrəti Əli (radiyallahu anh) bu iki xəlifəni yaxşı tanıdığına görə onların dövründə − adını biz sonra qoymuşuq − şeyxülislamlıq vəzifəsini yerinə yetirmişdir. Yəni bu iki xəlifə fitva veriləsi məsələlərdə əksərən ona müraciət edir, onunla məsləhətləşirdilər. Xüsusilə, Həzrəti Ömər ondan bir çox məsələ haqda soruşmuş və fitvalar almışdır. Hədis kitablarında rəvayət edilən aşağıdakı hadisə də Həzrəti Əlinin Həzrəti Ömərə olan münasibətini göstərməsi baxımından olduqca əhəmiyyətlidir. Həzrəti Ömər Həcərül-əsvədi öpərkən “Bilirəm ki, sən adi bir daşsan. Nə faydan var, nə də zərərin. Allah Rəsulunun səni öpdüyünü görməsəydim, mən də öpməzdim”, − söyləmiş, Həzrəti Əli (radiyallahu anh) çəkinmədən: “Sən o daşın sirrini bilsəydin, ya Ömər, belə danışmazdın”, − demişdir. Həzrəti Ömər isə Ona: “Əli olmasaydı, Ömər həlak olardı” (əl-Hakim, “əl-Müstədrək”, 1\628) şəklində cavab vermişdir. Gördüyünüz kimi, onlar həm bir-birini yaxşı tanıyan, həm də bir-birini təqdir edən insanlardı.
“Bir qızım olsaydı, onu da verərdim!”
Həzrəti Osmanın (radiyallahu anh) da özünəxas mənəvi dərinliyi, ayrı bir zərifliyi vardı. Allah Rəsulu (aleyhi əkməlüttəhaya) ona qızını vermiş, həmin qızının vəfatından sonra o biri qızını da ona gəlin köçürmüşdür. Hətta “Bir qızım olsaydı, onu da verərdim” – deyə buyurmuşdur. Həzrəti Osmanın xaricilik fikirlərinin İslam coğrafiyasında yayıldığı bir dövrdə dövlətin əmin-amanlığını qoruması da onun böyüklüyündən xəbər verir.
Fərqli fəzilətlər, fərqli xüsusiyyətlər
Dolayısilə onların hər birinin özünəxas üstün cəhərləri vardı. Bildiyiniz kimi, xüsusi fəzilətdə raceh (başqalarından üstün tutulan) mərcuha (başqaları ondan üstün tutulan) tərəccüh (üstün tutulur) edilə bilər. Bu baxımdan onların özünəxas xarakteri, mövqeyi, dəyəri və Allah qatındakı mahiyyətini diqqətə alaraq hər birinin Peyğəmbərimizin bir xüsusiyyətini yaşatdığına inanmaq daha məqsədəuyğun yanaşmadır. Məhz bu səbəbdən Həzrəti Əbu Bəkirə “Siddiq”, Həzrəti Ömərə haqqı batildən ayıran mənasında “Faruq”, Həzrəti Osmana “Zinnureyn” ünvanı verilmiş, Həzrəti Əli (radiyallahu anh) isə “Şahi-övliya”, “Heydəri-kərrar”, “Şahi-mərdan” və “Damadi-Nəbi” ləqəbləri ilə anılmışdır. Onların hər biri məxsusi fəzilətləri etibarilə əlçatmaz insanlardır. İnsan haqda “mütəal” sözünü işlətmək doğru olmasa da, əlçatmaz xüsusiyyətləri diqqətə alındıqda onların bambaşqa mahiyyətə malik şəxsiyyətlər olduğunu görürük. Məsələn, idarəçilikdə və rəşidlikdə (düzgün, sağlam, doğru), demək olar ki, onların tayı-bərabəri yoxdur. Burada qeyd etmədiyimiz daha bir çox xüsusiyyətləri baxımından da onların hər biri çox dəyərli insanlardır. Bildiyiniz kimi, Rəsuli-Əkrəm (aleyhissalatu vəssalam) əşəreyi-mübəşşərinin başında bu dörd xəlifənin adını çəkmişdir. Ona görə də Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əli (radayallahu anhum əcmain) haqda danışanda onların cənnətlik insanlar olduğunu nəzərə almaq lazımdır.
Tutarsız iddialar, əsassız ittihamlar
Bütün bu məsələləri hərtərəfli götürəndə Həzrəti Əlini, xüsusilə Həzrəti Əbu Bəkir və Həzrəti Ömərin əleyhdarı saymaq, onu haqqın tərəfdarı kimi göstərib başqalarını haqsız göstərmək ilk növbədə Həzrəti Əliyə qarşı böyük həqarətdir. Çünki Həzrəti Əli kimi cəsur və şücaətli bir qəhrəmanın haqsız saydığı bir məsələdə Həzrəti Əbu Bəkir və Həzrəti Ömərə boyun əyməsi mümkünsüzdür. O, mərd, cəsur insandır. Xeybərdəki kimi ölümün üstünə gülə-gülə gedən səhabədir. Peyğəmbərimizə isnad edilən bir sözdə deyilir: “Əli kimi igid, Zülfiqar kimi qılınc tapılmaz” (İbn Asakir, “Tarixu-Dəməşq” 39\201). Belə bir insanın Həzrəti Əbu Bəkir və Həzrəti Öməri yola verdiyini, müdara (İstəmədiyi adamla birtəhər keçinmək, ürəyində olan kin və küdurəti gizlədib üzdə dostluq göstərmək, yola vermək) və mümaşa (Yalandan öymək) etdiyini irəli sürmək onun ruhuna hörmətsizlik və həqarətdir. Dolayısilə, bu cür iddialar öz-özlüyündə tutarsız və əsassızdır.
Digər tərəfdən Peyğəmbərimizin həyatı boyu Həzrəti Əbu Bəkir, Həzrəti Ömər və Həzrəti Osmanı (radiyallahu anhum əcməin) yanından ayırmadığını nəzərə alanda bu şəxslər haqda ortaya atılan mənfi fikirlər Peyğəmbərimizə qarşı da bir həqarət sayılır. Çünki bu iddialardan belə çıxır ki, Peyğəmbərimiz gizli planları olan, haşa və kəlla, səhabələrini (aleyhi əlfu əlfi salatin və salam) heç tanımamış və nə oyundan çıxdıqlarını bilməmişdir. Bu da Ona qarşı böyük bir hörmətsizlikdir. Halbuki Onun fətanətinin əsas xüsusiyyətlərindən biri də ətrafındakı insanları yaxşı tanıması və onlara qabiliyyətlərinə uyğun vəzifələr tapşırmasıdır. O, adamın üzünə bir dəfə baxmaqla üstün fətanəti sayəsində onun harda nə iş görə biləcəyini dərhal müəyyənləşdirir və bu çərçivədə tapşırıq verirdi.
Bəli, vəhylə dəstəklənən Rəsuli-Əkrəmin (aleyhissalatu vəssalam) vəhyin başlanğıcından ruhunu Allaha tapşırdığı anadək oturub-durduğu insanları yaxşı tanıya, onların hərəkət və davranışlarını düzgün qiymətləndirə bilmədiyini irəli sürmək böyük bir məntiq xətasının nəticəsidir. Bu məsələdə məntiq və müstəqim düşüncə tələb edir ki, Peyğəmbərimizin qəbul etdiyi bütün insanları qəbul edək və onlara ehtiramla yanaşaq. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir çox hədisində səhabənin fəzilətindən danışmışdır. Hədis kitablarında da səhabələrin fəzilətindən bəhs edən ayrıca fəsillər vardır. Məsələn, İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisdə: “Mənim səhabələrim ulduzlara bənzər. Hansına tabe olsanız, hidayət taparsınız” (Əliyülqari, “əl-Əsrarül-mərfua”, s.388) sözləri ilə səhabənin əlçatmaz dərəcəsini diqqətə çatdırmışdır.
Allah Rəsulu bir gün Həzrəti Əbu Bəkir və Həzrəti Ömərin əlindən tutub: “Biz axirətdə belə həşr olunacağıq” demiş, başqa bir vaxt da dünyadakı vəzirlərinin Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, səmadakı vəzirlərinin isə Cəbrail və Mikail olduğunu bildirmişdir (əl-Hakim, “əl-Müstədrək”, 2\290). İndi bu ulu səhabələr haqqında mənfi fikirlər səsləndirmək həm o insanları, həm də Allah Rəsulunu tanımamaqdan qaynaqlanmırmı?! Üstəlik Peyğəmbərimiz onları cənnətlə müjdələməklə yanaşı, Həzrəti Əbu Bəkrin və Həzrəti Ömərin qızları ilə evlənmiş, Həzrəti Osmana iki, Həzrəti Əliyə də bir qızını vermiş və onlarla yaxın qohumluq münasibəti qurmuşdur. Möhyəddin ibn Ərəbinin (“Füsus əl-hikəm” əsərində) fikirləri çərçivəsində məsələyə baxsaq, hadisələrin gedişatı baxımından qız alıb-vermənin fərqli mənalara gəldiyini görərik. Ancaq biz məna aləmindən bixəbər insanlar olduğumuza görə məsələni sadə şəkildə izah etməyə çalışacağam və o yerlərə girməyəcəyəm.
Mərkəzdən kənarlara doğru böyüyən bucaq
Bütün bunlara rəğmən müəyyən dövrlərdə bu şəxsiyyətlərə qarşı yanlış münasibət formalaşmışdır. Belə şeylər mərkəzdə çox gözə çarpmadığından başlanğıcda meydana gələn əyintini hiss etməmişlər. Ancaq mərkəzdəki bu kiçik əyri dairənin sektorunda böyük bir bucaq əmələ gətirmişdir. Və get-gedə böyüyən bu bucaq elə bir səviyyəyə gəlmişdir ki, -haşa - kimisi Həzrəti Əliyə kafir demiş, kimisi Həzrəti Əliyə məhəbbət iddiası ilə ortaya atılmış, amma ömrünü Həzrəti Əbu Bəkir və Həzrəti Ömərə düşmənçiliklə keçirmişdir. Onlar düşmənçiliklərini əsaslandırmaq üçün Həzrəti Əlinin adından istifadə etmiş, hətta ona elə ifrat “vəsf libasları” geyindirmişlər ki, özü belə razı olmazdı. Nəticədə hülul və ittiahada qədər gedib çıxan bir çox batini məzhəblər ortaya çıxmışdır. İlk dövrlərdə ortaya çıxan Həsən Sabbah, Qərmətilik, İsmaililik və Nüseyrilik kimi bir çox batil məzhəbin və dünyanın müxtəlif yerlərində zühur edən “mehdilərin” kökündə Həzrəti Əli haqda uydurulan bu cür iddialar dayanır.
Hədis meyarları baxımından tənqid olunsa da, Həzrəti Ustadın da əsərində yer verdiyi bir hədisdə Allah Rəsulu (aleyhissalatu vəssalam) Həzrəti Əliyə görə iki zümrənin həlak olacağını bildirir. Bu zümrələrdən biri, haşa, onu üluhiyyət taxtına çıxaracaq, o biri zümrə də, haşa, xırda bir məsələ ucbatından ona kafir gözü ilə baxacaq, ona düşmənçilik bəsləyəcək və onu öldürməyə cəhd edəcəkdi. Və gün gəldi, farslar müsəlmanlığa fitnə salmaq üçün Həzrəti Əbu Bəkir və Həzrəti Öməri inkar etdilər, hətta düşmənçilikdə bir az da irəli gedərək onlara iki bütün – cibt və tağutun adını verdilər. Həzrəti Aişə anamıza da iftira atdılar.
Kin və nifrəti körükləyən mədəniyyət kodları
Bu gün belə bir yanlış düşüncəyə malik insanlar, ola bilsin, İslam dünyasının ümumi vəziyyəti, ölkələrarası əlaqələr və mövcud şəraitə görə hər kəsin gördüyü və bildiyi yerlərdə bu çirkin fikirləri dilə gətirmirlər. Lakin müxtəlif hadisələrlə əlaqədar özlərini saxlaya bilməyib dilə gətirdikləri kin və nifrət dolu ifadələrə nəzər salanda onların bu çirkabdan təmizlənə bilmədiklərini və nəşət etdikləri mədəni mühit, istifadə etdikləri mənbələr baxımından bu çirkabdan yaxa qurtarmalarının da xeyli çətin olduğunu görürük. Çünki onlar bu mövzuda müəyyən metodologiya ortaya qoymuş və kitablar yazmışlar. Dolayısilə, ümumi etiqad və qənaətləri bu yöndə formalaşmışdır. Məsələn, Qazı Əbdülcabbarın “Üsuli-Xəmsə”si kimi onların etiqad əsaslarından bəhs edən kitaba nəzər yetirsək, onların imaməti iman əsasına çevirdiklərini görərik. Onların etiqadınca imam hökmən Həzrəti Əlinin nəslindən olmalıdır. Başqası qətiyyən imam ola bilməz. Onlar bu cür füruata aid məsələləri imanın şərti sayaraq dəhşətli ixtilaflara səbəb olmuşlar.
Ələvilik Həzrəti Əliyə məhəbbət, Əhli-Beytə bağlılıqdırsa, onda biz hamımız ələvi sayılırıq. Bizim təsəvvüf kitablarımız, ədəbiyyat dünyamız da bunları sübut edir. Bunları götürüb tədqiq etsək, başdan-ayağa Əhli-Beyt sevgisi ilə dolu olduğunu görərik. Sırf füruata dair məsələləri ön plana çəkərək üsula aid məsələləri görməməzliyə vurmaq doğru deyil. Yeri gəldikcə dəfələrlə demişəm; yetişdiyim ailə mühiti mənə Həzrəti Əli sevgisi aşılayıb, məni ona sevgi ilə böyüdüb. Qəhrəman deyəndə birinci ağlıma o gələrdi. Xəyalımda qılıncını çəkəndə əlli nəfərin boynunu birdən vuran insan canlanardı. Şüurulatıma baxanda mən Həzrəti Əli vurğunu olmalıyam. Ruhumda Həzrəti Əli sevgisi elə kök atmışdır ki, uzun müddət mən Həzrəti Əlini digər xəlifələrlə eyni sıraya qoymaqda, bu məsələdə tarazlığı qorumaqda çətinlik çəkmişəm.
Paslı qıfılların açarı sevgidir...
Hazırda öhdəmizə düşən vəzifəyə gəlincə; keçmişdə baş vermiş bu hadisələrə baxmayaraq, bizim borcumuz Ələvi, Nəsturi, Süryani və s. arasında fərq qoymadan hər kəsə əl uzatmaq, xeyirxahlıq etmək və beləcə daxili-xarici qara qüvvələrin məkrli planlarını puça çıxarmaqdır. Qabaqlar da Şərq probleminin həlli barəsində demişdik: millətimizin ruh və təbiətində daşıdığı mərdliyi, açıqürəkliliyi bir daha ortaya qoymasına zəmin hazırlamalı və bunu mütəmadi şəkildə forma dəyişdirməklə uzunmüddətli proses halına gətirməliyik. Məsələn, mübarək gecələrdən yararlanaraq o bölgədə müxtəlif tədbirlər keçirmək olar. Əgər siz bir yerdəki camedə bir gecəni əhya etməklə onların gecəsinə nur çiləyir, qaranlığı işıqlandırırsınızsa, ortaq məxrəcə gəlmə, könülləri fəth etmə yönündə mühüm bir fəaliyyətə imza atmış olursunuz. Bununla yanaşı, bəsirətli valilər, bəsirətli polis şöbə müdirləri, bəsirətli həkimlər, bəsirətli din xadimləri oraya göndərilsə, onlar da xalqın qanayan yaralarını sarımağa çalışsa, tədricən bütün təxribatlar aradan qalxacaqdır. Bütün qapıları açmağa qadir olan məhəbbət və sevgi açarı ilə, Mövlana üslubu, Yunus Əmrə sistemi ilə və ümumbəşəri vicdanla məsələləri həll etməyə çalışmaq lazımdır. Bəli, problemləri kökündən həll etməyin bir yolu var, o da hər kəsə könül qapılarını açmaq və beləcə qəlblərə yol tapmaqdır.
Bəlkə də, güc tətbiq etməklə problemləri müvəqqəti yatırmaq olar. Ancaq indiyədək heç bir bəşəri problem güc tədbiqi ilə kökündən həll olunmamışdır. Siz bir tərəfdən zor tətbiq edərək problemi aradan qaldırsanız da, o başqa bir yerdən yeni qəlibdə üzə çıxacaq. Fitnələrdə bir mənada reankarnasiya xassəsi var. Dolayısilə, problem kökündən həll olunanadək fitnələr yeni don və qiyafələrə bürünüb bəşəriyyətə aman verməyəcək. O baxımdan güc ağıl və məntiqin öz potensialını ortaya qoymasına mane olan ən böyük əngəllərdən biridir. Yəni problemi kimisə əzməklə həll etməyi düşünürüksə, alternativ fikir irəli sürməkdə ağıl və məntiqdən hərtərəfli istifadə edə bilmərik. Şübhəsiz, güc həmişə olmalıdır, amma həmişə ağıl və məntiqin, bəsirət və fərasətin rəhbərliyində, vicdan və insafın nəzarətində işləməlidir. Zənnimcə, tarixdən gələn bir problemin həllində də eyni anlayışa üstünlük verilsə, ümidverici nəticələr əldə ediləcəkdir.
- tarixində yaradılmışdır.