Şəri sovuşdurmağın bəzi meyarları
Sual: Pis rəftar və hərəkətlərə müsəlman necə münasibət bildirməlidir?
Cavab: Hamıya məlumdur ki, kin kini, nifrət də nifrəti doğurur. Sərtliyə sərtliklə, zorakılağa zorakılıq və hiddətlə cavab verilməsi qarşısıalınmaz fəsadlar meydana gətirir. Bu fəsadlar da cəmiyyətin parçalanmasına və hamının bu hadisələr girdabında boğulub getməsinə gətirib çıxarır. Ona görə də möminin qəlbi əngin olmalıdır, ən xoşagəlməz hadisələri belə həzm edib sinirməyi bacarmalı və beləcə elə bir mübarizə yolu seçməlidir ki, pislik edənlərin belə qurtuluşuna vəsilə olsun.
Ən gözəl sovuşdurma yolu!
Qurani-Kərim bir ayeyi-kərimədə:
أُولٰۤئِكَ يُؤْتَوْنَ أَجْرَهُمْ مَرَّتَيْنِ بِمَا صَبَرُوا وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
“Onlar səbir etdiklərinə görə, onlara iki qat mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər” (“Qasas” surəsi, 28/64)
buyuraraq möminlərin xoşagəlməz rəftarlara necə cavab verməyi öyrədir. Rəvayətlərə görə, ayeyi-kərimə əhli-kitabla əlaqədar nazil olsa da, səbəbin xüsisiliyi hökmün ümumiliyinə mane deyildir. Bu səbəbdən ayeyi-kərimə hər kəs kimi, müasir möminlərə də xitab edir.
Ayeyi-kərimədə iki qat mükafat vəd verilən insanlar “بِمَا صَبَرُوا” ifadəsindən aydın olduğu kimi, dişini sıxıb əzab-əziyyətlərə səbir edənlər, başına gələn bəla və müsibətləri köksündə əridənlər, acını udub təbəssüm saçanlardır. Bəli, onlar ən xoşagəlməz hadisələri belə xeyrə çevirib “وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ” ifadəsindən də aydın olduğu kimi, pisliyə yaxşılıq və gözəlliklə cavab verirlər.
Bu ayeyi-kəriməni özünə düstur seçən möminlər çirkin və xoşagəlməz münasibətlə qarşıladığı zaman qəlbində kiməsə və ya kimlərəsə qarşı kin və nifrət hissi hasil olursa, dərhal o duyğunu həlimlik hissi ilə qəlbindən təmizləməlidir.
إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ
“Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir” (“Hud” surəsi, 11/114)
ayəsinin də bildirdiyi kimi, mömin xoşagəlməz bir əməl işləyəndə və bu əməli onun ibadətinə mənfi təsir edəndə dərhal kəffarə niyyəti ilə onu təmizləməyə çalışar, üstəlik saleh bir əməl işləyər.
Bəli, mömin pis bir əməl işlədimi, o əməl bir nizə, bir mizraq ya da bir qılçıq olub ürəyinə saplanar və ruhunda narahatlıq meydana gətirər. O da bu pis əməlinin ardınca dərhal yaxşı bir əməl işləyərək onu silməyə, günahın açdığı yaranı sağaltmağa çalışar. O, istər bir kəlmə, istər bir hərəkət, istər bir baxış, hətta bir eyhamla belə pis əməl işləyəndə dərhal yaxşı bir əməl işləməklə onu aradan qaldırmağa, zehnində əmələ gətirdyi izləri silməyə çalışar.
Əslində bu cür münasibət müsəlmanlığın bir şüarıdır, bəndəliyin düsturudur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Həzrət Muaza (radiyallahu anh) nəsihətində belə buyurmuşdu: “Ey Muaz! Harada olursan-ol, Allahdan qorx. Pis əməlinin ardınca yaxşı bir əməl işlə ki, onu silib-təmizləsin. Və insanlarla da gözəl əxlaqla rəftar et” (İbn Kəsir, “Sirə”, IV/194-195). Bəli, yaxşı əməllər həm qövli əməlləri (sözlə edilən yaxşı əməlləri) Allaha aparan pillələr, həm də pis əməlləri yuyub-təmizləyən bulaqlardır. Ayənin sonunda keçən: “Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir” ifadəsini də Qurani-Kərimin mühüm bir xatırlatması kimi qəbul etmək lazımdır.
Əslində, istər fərdi, istərsə ictimai olsun, bütün pis əməlləri insanların yaddaşından silən hər bir davranış, onların İlahi dərgahda da əməl dəftərindən silinməsinə vəsilə olur. Çünki ilahi mərhəmətin ənginliyi pis əməllərin axirətdə əzab-əziyyətə çevrilməsinə, daxili iztirablara dönməsinə razı deyil. Bəli, möminin sonsuz nemət, hüdudsuz ehsan və namütənahi iltifat diyarında “Rəbbimə, dinimə, Peyğəmbərimə və dəyərlərimə hörmətsizlik etməməliydim” deyib daima pis əməllərini gözünün qabağına gətirməsi mənəvi iztirab olardı. Bu səbəbdən də Allah-taala mərhəmətinin bir təcəllisi olaraq o biri aləmdə bəndəsinə pis əməllərini unutduracaq və onu bu iztirabdan xilas edəcək.
Ancaq insanın dünyada işlədiyi günahları unutması və yaddaşından silməsi doğru deyildir. Belə ki, bir günahı əlli il əvvəl işlədiyi halda hər dəfə yadına düşəndə “əstağfirullah” deyirsə, bu, həm onu təkrar həmin günahı işləməkdən qoruyur, həm də onun əməl dəftərinə daim savab yazılmasına vəsilə olur. Bəli, bu cür iztirabla dilə gətirilən hər bir isteğfar günahları yuyub aparar. Təmizlənəsi günah qalmayanda da elə gözəlliklərə vəsilə olar ki, onlar axirtədə insanın qarşısına çıxanda heyrət və sevincdən mat-məəttəl qalar. Ona görə də insan öz günahını heç vaxt unutmamalı, axirətdə iztirab çəkməmək üçün dünyada ən kişik xətasını belə yaddan çıxarmamalı və ruhən duyduğu iztirabla “Əstağfirullah, əlfü-əlfi əstağfirullah” deyib Həzrət Qaffar olan Allahdan əfv diləməlidir.
Digər tərəfdən, mömin işlədiyi yaxşı əməllərini unutmalıdır. Bu yaxşı əməl İstanbulun fəthi kimi yeni bir mədəniyyətin təməlini atmaq da olsa, düstur dəyişmir. Hətta bu cür xeyirli bir əməl xatırladılanda: “Ay Allah, bunu, doğrudan, mən eləmişəm, yadıma gəlmir!” deməlidir. Əgər insanlar illah da “Bu, sənin əməlindir” deyirsə, o zaman hislərini nemətə şükür niyyəti ilə “Demək, Allah (cəllə cəlaluhu) mənim kimi bir mücrimə də bəzi işləri gördürərmiş. Bu, tamamən Onun mərhəmətinin təcəllisidir” şəklində ifadə etməlidir.
Yamanlığa yaxşılıq ər kişinin işidir
Başqa bir ayədə isə:
وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ
“Yaxşılıqla pislik eyni ola bilməz! O halda sən (pisliyi) yaxşılıqla dəf et! Belə etsən, bir də baxarsan ki, aranızda düşmənçilik olan şəxs yaxın bir dost olub!” (“Fussilət” surəsi, 41/34)
buyurulur və yuxarıdakı ayəyə oxşar məsələ dilə gətirilir.
Buna görə də bir insan qısqanclıq və həsədi üzündən möminə düşmənçilik bəsləyir, qeyz və nifrətlə dolub-daşır, onu təhrik edir və özündən çıxarmaq istəyirsə, mömin də
وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da qəzəblərini udar, insanların günahlarından keçərlər” (“Ali İmran” surəsi, 3/134)
ayəsində buyurulduğu kimi, ona qəzəbini udmaqla cavab verməlidir. Ayədəki “وَالْكَاظِمِينَ الْغَيْظَ” ifadəsi qəzəbini, hiddətini, şiddətini zorla da olsa, udanlar, dərdini izhar etməyənlər və bu məsələdə səbir göstərənlər deməkdir. Bu məziyyət Peyğəmbərimizin kəlamlarında da bir fəzilət kimi anılır. Bir insan xəta edəndə onu bağışlamaq, bir pis əməl işləyəndə eyni əməli təkrar etməsin deyə ona yaxşılıq eləmək... bəli, bütün bunlar yamanlığa yaxşılıqla cavab verilməsinə dair nümunələrdir.
Başqa sözlə desək, bəzi insanlar əl, dil, göz, qulaq, hətta mimikaları ilə dayanmadan pis əməl işləyirsə, mömin bütün bunlara yaxşı əməllə cavab verərək bunun fəsad dairəsinə çevrilməsinə imkan verməməlidir. Bir atalar sözündə deyilir: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. Bu səbəbdən möminə yaraşan da münkərə mərufla cavab verərək “ər kişi” olmaqdır. Əksinə zalımlıq edərək zülmə zülmlə, pisliyə pisliklə cavab vermək, qoca qarılar kimi “Onlar mənə filan pisliyi elədi, mən də əvəzində onlara filan pisliyi elədim” demək və bir mənada savab yolunda günah işləmək ona yaraşmaz! Bu anlayışın müasir problemlərin həllinə heç bir faydası yoxdur. Dolayısilə, bu məsələdə hər kəsin, xüsusilə də, ülvi məfkurə yolçularının çox həssas olması lazımdır.
Yaxşlıqla cavab vermək və “yol təhlükəsizliyi”
Bir atalar sözü var: “Yaxşılıq elədiyin insanın şərrində özünü qoru”. Məncə, bu fikir xudbin və sayğısızca deyilmişdir. Çünki yaxşılıq nəinki insana, kobraya belə rəqs elətdirir. Sənədli filmlərdə görmüsünüz: kobra zurnanın səsinə rəqs edir. Əslində kobra kar heyvan olduğuna görə, zurna səsini eşitmir, yalnız zurnanın üzərində oynayan barmaqları görür və insanın ona zərər verməyəcəyinə əmin olanda rəqs etməyə başlayır. İfada bir nöqsana yol veriləndə, ehtimal ki, sancır da, amma mənə elə gəlir, bu, nadir haldır. Çünki elə olsaydı, bu sənət bu qədər geniş yayılmazdı.
Xülasə, madam ki, Allah (cəllə cəlaluhu) heyvanlara belə yaxşılığa yaxşılıqla cavab vermək hissi ehsan etmişdir, o halda insan da ona verilən qabiliyyətlərdən istifadə etməli və “Şərindən ehtiyat etdiyin insana yaxşılıq et” (Əliyul-Qari, “əl-Masnu”, I/44) anlayışı ilə hərəkət etməlidir. Əlbəttə, bu, ümum cəmiyyətin əmin-amanlığını qorumaq, kin, nifrət və fitnə alovunu söndürmək üçün iradi şəkildə ortaya qoyulan bir davranışdır, çərçivəsini də şəxsi haqları fəda etmək təşkil edir. Əksinə bütün topluma edilən zülmə susmaq, susaraq zülmə şərik olmaq insanı dilsiz şeytan edir və qətiyyən möminə yaraşmır. Ancaq mizrağı əlinə alan, süngüsünü taxan, can almağa gələn bir insana “Gəl qardaş, səni bağrıma basım” deməklə mizraq və süngü yerə qoyulacaqsa, mömin bunu etməlidir və təkrar edirəm, bu davranış problemlərin həllində həyati əhəmiyyət kəsb edir.
- tarixində yaradılmışdır.