Təvazökarlıq və mükəmməllik
Sual: Bildirirsiniz ki, mömin bir tərəfdən bütün iradəsini ortaya qoymalı və daima mükəmməlliyin arxasınca düşməli, digər tərəfdən də əldə etdiyi uğurların müqabilində nəfsini sorğu-suala çəkməli və təvazökarlığı əldən verməməlidir. Bu iki məsələyə eyni anda necə riayət etmək olar?
Cavab: Həqiqi mömin sarsılmaz inamla Allaha bənd olan, ən xoşagəlməz hadisələr qarşısında belə ümidini itirməyən əzmkar və iradəli insandır. Bu səbəbdən də bütün yollar dalana dirənsə də, o, qətiyyən məyus olmaz, mətanətini itirməz və önünə çıxan əngəlləri bir yol tapıb aşaraq məqsədinə doğru addımlayar. Çünki o bilir ki, Allah-taala haqq yolu seçənləri heç vaxt yolsuz qoymaz. Məsələn, Məkkədə müşriklərin Allah Rəsuluna nəfəs almağa imkan vermədiyi bir vaxtda Cənabi-Allah səmalara uzanan yolu açmış, hər mənzil başında ənbiyeyi-izamı Onun pişvazına çıxarmışdı. Hətta Allah Rəsulu (sallallahu aleyhi və səlləm) elə bir məqama yüksəlmişdi ki, Cəbrail əleyhissalam belə, Onunla axıracan yola davam edə bilməmiş və: “O tərəfə bircə addım atsam, həlak olaram” demişdi.
İlahi əxlaqa yiyələnmək istəyirsənsə, mükəmməl olmağa çalışmalısan
Bəli, Allah (cəllə cəlaluhu) haqq yolu seçənləri heç vaxt yolsuz qoymamışdır. Ən gözlənilməz məqamlarda belə əl uzatmış və onları sahilə sağ-salamat çıxarmışdır. Quyuya düşə bilərsiniz, ancaq gözləmədiyiniz anda qalın bir kəndir içəri sallanar və siz ondan yapışıb xilas olarsınız. Bəzən üç-dörd qardaşınızın zülm, həsəd və qısqanclığına məruz qalarsınız. Ancaq qısa seyri-süluqi-ruhanidən sonra bir də görərsiniz ki, Allah sizin üçün könüllərdə taxt qurub. Odur ki, bütün çətinliklərə rəğmən, Allahın yardım və inayətini duyan möminlər böyük amalların ardınca getməli, məqsədinə çatmaq üçün iradəsini ortaya qoymalı və işini mükəmməl görməyə çalışmalıdır. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisində möminləri ilahi əxlaqa yiyələnməyə səsləmişdir. Qurani-Kərim “O, yaratdığı hər şeyi gözəl yaratdı...” (“Səcdə” surəsi, 32/7), “Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir” (“Nəml” surəsi, 27/88) məallı ayələrində ilahi əxlaqı təsvir edərək Onun hər şeyi yaxşı, gözəl, sağlam, mükəmməl yaratdığını diqqətə çatdırır. Allahın ibda(1), inşa və əhya etdiyi mövcudata baxanlar valeh olmuş və “Daha mükəmməli ola bilməz” demişlər. Həzrəti Pir də İmam Qəzalidən bu sözləri iqtibas gətirir: “Kainatda mövcud mövcudatdan daha gözəl mövcudatın olması mümkün deyildir”. Bəli, insan kainatı bir bütöv kimi götürsə və səbəb-nəticə arasında var-gəl edə bilsə, “Allah kainatı o qədər gözəl yaradıb ki, mənə min il ömür versələr və mövcudatın bir parçasını qurmağı tapşırsalar, yenə də bacarmaram” deyə acizliyini etiraf etməli olar. İlahi əxlaqdan öyrənirik ki, haqq yolun yolçusu var-gücünü ortaya qoymalı və işini mükəmməl görməyə çalışmalıdır.Əməllərinizi elə işləyin ki, sanki Allah və Rəsuluna ərz edirsiniz
Möminin gördüyü işlərdə mükəmməllik sorağında olması ilə əlaqədar “Tövbə” surəsində belə buyurulur:
اِعْمَلُوا فَسَيَرَى اللهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلٰى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
“De: “(Ey insanlar!) Əməl işləyin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Sonra gizli və aşkar hər şeyi bilən Allahın huzuruna çıxarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!” (“Tövbə” surəsi, 9/105).
Cənabi-Allah burada “bir hərəkəti etmək, nəsə eləmək” mənasına gələn اِفْعَلُوا feilinin əvəzinə اِعْمَلُوا buyuraraq möminləri “əməl işləmə”yə səsləyir. Əməl işləmək isə bir sıra ayələrdə “saleh əməl” tərkibində işlənməsindən də göründüyü kimi qabaqcadan nəticəsini düşünərək müəyyən plan daxilində faydalı və nöqsansız iş görmək deməkdir.
Ayə bu şəkildə davam edir; Əməlləri Allah, Rəsulullah (sallallahu aleyhi və səlləm) və möminlər görəcək. Yəni mömin işlədiyi əməllərin müqabilinbdə Rəbbindən: “Bu iş bu cür görərlər!”, İnsanlığın İftixarından (sallallahu aleyhi və səlləm): “Bərəkallah ümmətimə!” kimi təqdir məzmunlu ifadələr, möminlərdən də: “Kaş biz də bu cür əməl işləyəydik!” şəklində qibtə dolu sözlər eşitməlidir.
Yeri gəlmişkən, mövzumuzla yaxın əlaqəsi olmasa da, bir məsələni diqqətə çatdırmaq istəyirəm: mükəmməllik axtaran möminin məqsədi əməl və işlərini kiməsə bəyəndirmək, kimdəsə qibtə hissi oyatmaq olmamalıdır. Əksinə, o, işlərini layiqincə, nöqsansız görərək ilahi rizanı qazanmağa çalışmalıdır. Bu baxımdan, bu cür möminə qibtə etmək, ona oxşamağa çalışmaq, üxrəvi mükafatlar qazanmaq niyyətilə ondan geri qalmamaq üçün səy göstərmək kimi düşüncələr məqbul olsa da, məsələyə qısqanclıq və rəqabət hisləri ilə yanaşmaq möminə əsla yaraşmaz.
Mələklər bizim üçün necə gözəl nümunədir!
Qurani-Kərim mələklər haqqında: “Onlar Allahın verdiyi əmrlərə əsla asi olmaz, buyurduqlarını layiqincə yerinə yetirərlər” (“Təhrim” surəsi, 66/6) buyurur. Yəni mələklər Allahın hər bir əmrini “nöqtəsinə”, “vergülünə” kimi yerinə yetirir və zərrə qədər də olsa, qarşı çıxmırlar. Onların bu məziyyəti biz bəşər üçün gözəl nümunədir. Nəticə etibarilə, möminlərin də hər əməli Cəbrail əleyhissalam kimi dəqiq, yerli-yerində və ilahi təqdirə layiq olmalıdır. Bəxş edilən iradəni layiqincə ortaya qoymaq və tapşırılan işi mükəmməl görmək üçün canla-başla çalışmalıdırlar. Çünki bir kəlamda deyildiyi kimi, kim bir işin arxasınca düşüb onu yerinə yetirmək üçün ciddi cəhd göstərərsə, Allah da ona diləyini verər.
Müvəffəqiyyətlə gələn ağır imtahan
Bu cür cidd-cəhd göstərən insan, Allahın izni və inayəti ilə, həqiqətən çox gözəl nailiyyətlər əldə ed bilər. Hətta minlərlə, yüz minlərlə insan bu cür gözəl bir fəaliyyəti alqışlaya, səbəbkarlara təşəkkür və təriflər yağdıra bilər. Bəli, insanın ən böyük imtahanı da məhz bu məqamda başlayır. O, əldə edilən nailiyyətləri öz əməyinin bəhrəsi sayacaq, yoxsa Rəbbinin lütfü biləcək? Uğurlar onu şükrə sövq edəcək, yoxsa ağlını başından alacaq?
Nəfsinin başına daima külüng çalıb onu islah etməyə çalışan, məhviyyət və təvazö hislərini itirməyən könül ərənləri bu ağır imtahandan üzüağ çıxarlar. Onlar bütün savabları bir anda hədər edən belə bir təhlükəli məqamda öz həddini bilən insanlardır. Yolun başında iradələrini lazımınca ortaya qoyduqları kimi bu məqamda da vicdanla hərəkət edər və öz yerlərini düzgün müəyyənləşdirərlər. Onlar heç vaxt öz nəfslərinə pay çıxmaz, “Edən Odur, yaradan Odur, həyata keçirən Odur!..” deyər, təkəbbür, özündənrazılıq kimi hislərdən ilan-çayandan qaçırmış kimi qaçarlar. Əməllərini bəyənmək bir yana, hətta işilərinin nöqsanlı cəhətlərini görər, buna görə üzülər və işi mükəmməl görə bilmədiklərinə görə iztirab çəkərlər.
Daha ətraflı izah edək: müxtəlif sahələrdə çalışan insanlar yüksək nailiyyətlər əldə etmiş ola bilərlər. Gördükləri hər işin üstünə gözəllik möhrü vuraraq səma sakinlərini heyran qoya bilərlər. Kimi nitqi ilə, kimi qələmi ilə, kimi idarəçilik qabiliyyəti ilə, kimisi də sənət istedadı ilə mükəmməl işlərə imza ata bilər. Ancaq həqiqi mömin bütün bu müvəffəqiyyət və nailiyyətlər qarşısında “Mənim yerimə iti ağıla və əngin vicdana sahib başqa bir adam olsaydı, yəqin ki, daha mükəmməl və səmərəli işlər görərdi” deməli, deməyi bacarmalıdır.
Hətta barmağının bir işarəsi ilə ay ikiyə bölünsə, günəş istiqamətini dəyişsə, bütün bəşəriyyəti ülvi bir həqiqətin ətrafında birləşdirsə, müvəffəqiyyətdə Həzrət Cəbrailə çatsa, yenə də vicdanından bu sözləri eşitməlidir: “Mənim yerimə başqa bir adam olsaydı, yəqin, daha sağlam və gözəl işlər görərdi! Əslində, bu iş mənim kirli əllərimdən çıxdığına görə ala-yarımçıq və nöqsanlı alındı”.
Qiyamət və özünü qınayan nəfs
Möminin nəfsini qınaması niyə bu qədər vacibdir? Çünki axirətə əliboş getmə təhlükəsi var. Cənabi-Allah Uca Bəyanında: “And içirəm qiyamət gününə! And içirəm nəfsi-ləvvaməyə!” (“Qiyamət” surəsi, 75/1-2) buyuraraq əvvəlcə qiyamət gününə, ardınca da nəfsi-ləvvaməyə and içir. Bildiyiniz kimi, əhəmiyyətli və qiymətli şeylərə and içərlər. Qiyamət günü böyük hadisədir. Çünki o gün Allahın elmi, iradəsi və qüdrəti insanların gözündə böyütdükləri kəhkəşanların, qalaktikaların, günəş sistemlərinin nizamını alt-üst edəcək. O gün hər şey bir saman çöpü kimi sovrulub gedəcək. Burada qiyamət gününə and içilərək ilahi qüdrətin ogünkü təcəlliləri nəzərə çatdırılır.
Ardınca nəfsi-ləvvaməyə and içilir. Nəfsi-ləvvamə isə əməllərini bəyənməyən, daim özünü sorğu-suala çəkən və qınayan nəfsə deyilir. Bu baxımdan, mənəvi kamilliyə gedən yolda ilk pillə sayılır. Bu pilləyə çıxmayan insan nəfsi-mülhəməyə, nəfsi-mütməinnəyə, nəfsi-raziyə və mərziyyəyə, ələlxüsus da safiyə və ya nəfsi-zakiyyəyə yüksəlməsi mümkün deyil. Nəfsi-ləvvamə bir mənada nərdivan və ya lift kimi insanı nəfsin digər mərtəbələrinə qaldırır. Bu səbəbdən insanın daima özünü hesaba çəkməsi, pisi özündən bilməsi, həmişə özünü qınaması vacib məsələdir.
Günahları təmizləyən ən düzgün qayda
Müvəffəqiyyət və nailiyyətlər nəticəsində ortaya çıxan nəfsani hislərlə mübarizə aparma yollarına dair Həzrəti Pirin fikri də olduqca diqqətəşayandır. Əsərlərin birində nəfsə bu sözlərlə müraciət edir: "Ey riyakar nəfsim! “Dinə xidmət etdim" deyə qürurlanma. Bir hədisdə: "Şübhəsiz ki, Allah bu dini facir (günahkar) adamla da qüvvətləndirər” (Buxari, “Cihad”, 182; Əbdürrəzzaq, “əl-Müsənnəf”, V/270) – buyurulur. Sən təmizlənmiş, pak bir insan olmadığına görə özünü həmin facirdən biri saymalısan" (Bədiüzzaman, “Sözlər”, s. 515 (26-cı söz, 4-cü məbhəs)). Onun ortaya qoyduğu düstur isə nəfsi təzkiyə (təmizə çıxarmaq, haqq qazandırmaq) və təbriyə (bəraət qazandırmaq) etməməkdir. Odur ki, özünü günahkar görməyən, mənən arınmağa ehtiyac duymayan bir insanın nəfsini təzkiyə etməsi və nəticədə müzəkka (günahdan arınmış, təmizlənmiş) olması mümkün deyildir. Nəfs müzəkka olmadığına görə də bütün xoşagəlməz şeyləri, pis əməlləri, müvəffəqiyytəsizlikləri özündən bilməlidir.
İnsan qüsur və nöqsanları özündə görsə, nə əldə edər? Cənabi-Allaha üz tutar, Ondan hidayət diləyər. Allah-taala (cəllə cəlaluhu) onun bu diləyini peşmançılıq və tövbə kimi qəbul edər, əfvə gedən yolları açar. Bunun əksini düşünən insan isə yüz cür xəta işləsə də, yenə də özündən razıdır. Eynilə bu gün “lə şey” (heç nə) olduğu halda, özünü “hər şey” sayan bir çox insanlar kimi.
Öz dövrünün hegemon dövlətlərini diz çökdürən, gecə-gündüz demədən səhərədək Allahın hüzurunda əmrə müntəzir dayanan, başını səcdədən qaldırmayan və günahlardan uzaq yaşayan Həzrət Ömər insanların quraqlıqdan əziyyət çəkdiyi günlərdə başını yerə qoymuş və “Allahım, nə olar mənim günahlarım ucbatından Məhəmməd ümmətini həlak etmə!” deyə dua edərək hönkür-hönkür ağlamışdı.
Bir gün ona “Ey əmirəl-möminin, yağmur duasına çıxsan yaxşı olar!” deyəndə, çox güman ki, öz-özünə “Mən hara, Allahdan yağış diləmək hara!” demiş və Həsrət Abbasın əlindən tutub bir təpəyə qalxmışdı. Daha sonra onun əlini havaya qaldırmış və “Allahım, bu sənin Rəsulunun əmisinin əlidir. Onun hörmətinə bizə yağış bəxş et!” deyib diləyini Allaha ərz etmişdi. Siyər kitablarında deyilir ki, bu duadan sonra şırhaşır yağış yağmağa başlamışdı.
Kamil insanın bu cür düşünməli, bu cür yaşamalıdır. O, hər işini mükəmməl görməli, daim mükəmməllik axtarmalı və iradəsini son damlasınadək ortaya qoymaqla yanaşı, əməllərində özünə aid nöqsanlar tapmalı və daim özünü hesaba çəkməlidir. Həzrət Ömərə aid edilən gözəl bir kəlam var: “Hesab günü gəlmədən özünü hesaba çək!”
Xülasə, işlərini mükəmməl görən bir insanın öz nöqsanlarını görməsi və “Bu işləri başqaları daha yaxşı görərdi” düşüncəsi ilə oturub-durması, Allahın izni və inayəti ilə, onun bütün qüsurlarının abi-həyatla, zəmzəmlə yuyulub təmizlənməsiə səbəb olacaq.
[1] Yaratmaq , meydana gətirmək.
- tarixində yaradılmışdır.