Üzərimizdə Allahın İnayəti var!..

Sual: Cənabi-Haqqın inayətini cəlb edən və bunun kəsilməsinə vəsilə olan səbəblər nələrdir? İlahi inayətin kəsilməməsi üçün, xüsusilə, hansı cəhətlərə diqqət yetirilməlidir?

Cavab: "İnayət" sözü lütf, ehsan (lütfkarlıq) və yaxşılıq etmək, imdada çatmaq, nəzərini əksik etməmək və himayə etmək mənalarına gəlir. Təsəvvüfdə Allahın quluna kömək etməsinə və onu hər cür pislikdən qorumasına inayət deyilir.

İlahi İnayət

Din alimləri arasında termin olaraq istifadə edilən inayət təbiri isə, Cənabi-Haqqın xüsusi iltifatı ilə çox əhəmiyyətli bir fəaliyyətdə istixdam (xidmətə götürmə, qulluğa qəbul etmə, işlətmə) edilmək; dinə xidmətdə çox vaxt gözlənilməz nemət və lütfə (ehsan) məzhər olmaq; ən çətin zamanlarda və ən pis şərtlərdə belə ixtiyar və iqtidar xaricində qeybdən uzanan bir əl tərəfindən qorunub, himayə edilmək; hətta "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirlidir." (Bəqərə, 2/216) ayəsində bildirildiyi kimi, zahirən çox çirkin görünən hadisələrdə belə maddi-mənəvi çox böyük nemətlərə nail edilmək mənalarını ehtiva edir.

Haqqında açılan məhkəmələri, məhkum edilmə qərarlarını, sürgünləri və həbs cəzalarını belə həmişə xeyirə yozan və hər fürsətdə tələbələrinə: "Narahat olmayın, biz inayət altındayıq. Zahirən əziyyət olan hadisələrin ardında böyük rəhmət var" -deyən Nur Müəllifi məhz bu inayət anlayışını dilə gətirmişdir. Həbsxana həyatını belə ilahi qədərin əmri, tənsibi (münasib görmə, uyğun hesab etmə) və sövq etməsi ilə mədrəseyi-Yusifiyədə (Həzrəti Yusif (ə.s.) həbsxanada keçirdiyi zaman müddətində oranı mədrəsəyə çevirməsi) iştirak etmək kimi qiymətləndirmişdir. Dinə xidmət edənlərin ilahi himayəyə məzhər olduqlarını, hər zaman Cənabi-Haqqın nəzarəti altında olduqlarını, müsibətləri səbir və təvəkküllə qarşılayacaqları təqdir də bir dirhəm zəhmətin bir batman rəhmət və savabla nəticələnəcəyini, çox qiymətli mənəvi faydalara nail olunacağını müjdələmişdir.

Əslində, özünü ilayi-kəlimətullaha (Allahın adını ucaldılması, Allahın qullarına sevdirliməsi) həsr edən və bu yolla Allahın razılığını əldə etməyə çalışan insanların hamısı ilahi inayətə məzhərdir. Peyğəmbərlər başda olmaqla, nübüvvət yolunun hər nümayəndəsi, istisnasız, Cənabi-Haqqın nəzarət və himayəsi altındadır. Necə ki, Qurani-Kərimdə müxtəlif vəsilələrlə bu həqiqətə işarə edilir. O cümlədən, Rəsuli-Əkrəm Əfəndimizə (s.ə.s.) "(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbir et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!" (Tur, 52/48) deyilir. "Sənə heç kim ilişə bilməz, çünki sən gözümüzün önündəsən, bizim nəzarətimizdəsən, qorunursan!" xitabının ilk müxatəbi Əfəndimizin (s.ə.s.) hicrət əsnasında, mağaranın ağzına qədər gələn düşmənləri görüncə Həbibi-Əkrəm adına narahat olan Həzrəti Əbu Bəkirə (r.a.): "Sən heç narahat olma, çünki Allah bizimlə bərabərdir!" -deyişi də, məhz bu yaxınlığı, bu inayəti, bu riayəti, bu mühafizəni və bu vəkaləti ifadə edir.

Həzrəti Nuhun Gəmisi və Allahın İnayəti

Cənabi-Haqqın Həzrəti Nuha: Nuha belə vəhy olundu: "Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zülmündən qurtararıq!) Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!" (Hud, 11/36-37) şəklindəki xitabında da ilahi inayətin nəzərə çatdırılması əsas məsələdir.

Həzrəti Nuhun (ə.s.) gəmisi bütün çətinliklərə baxmayaraq batmamış, o azğın dalğalar arasında qəzasız-bəlasız sahilə çıxmışdır. Halbuki, yer qabığında qırılmaların meydana gəldiyi, bəzi quru sahələrin suya qərq olduğu, suyu tamamilə çəkilən bəzi dənizlərin də toroslara çevrildiyi və yer üzündə böyük dəyişikliklərə səbəb olan geoloji proseslərin cərəyan etdiyi belə bir vəziyyətdə bir gəminin su üzərində qəzasız gedə bilməsi mümkün deyil. Müasir texnologiya ilə hazırlanan transatlantik gəmilərin belə bir müsibətin öhdəsindən gəlməsi demək olar ki, qeyri-mümkündür. Buna görə də, məsələni səbəblər daxilində nəzərdən keçirərkən, Elmalılı Hamdi Yazır kimi bəzi alimlər Həzrəti Nuhun (ə.s.) gəmisinin bizə məlum olmayan çox yüksək bir texnologiyanın əsəri olduğunu söyləmişlər. Mövzu ilə əlaqəli ayədə işlənən: "vəfarət tənnur – tənnur qaynadığı zaman" ifadəsindəki ocaq və soba mənasını verən "tənnur" sözündən həmin gəminin buxarla çalışdığına dair mənalar çıxarmışlar.

Həzrəti Nuhun (ə.s.) və ona tabe olanların möcüzəvi qurtuluşuna səbəb olan gəmi (ya da gəmilər) hansı texnologiyanın məhsulu olursa olsun, əsas xüsus o gəminin həm inşasının, həm də səfərinin "Bi ayunina - Bizim himayəmiz altında" iltifatına məzhər olmasıdır. Həzrəti Nuh (ə.s.) gəmini ilahi inayətlə inşa etmiş, Allahın ona yaxınlıq göstərməsi sayəsində yol getmiş və nəhayət Cənabi-Haqqın mühafizəsi ilə mənzil başına çatmışdı. Sükanında ilahi inayətin göndərdiyi bir əl olan o gəmi nəhəng dalğalara baxmayaraq batmamışdır.

Sədi Şirazi: "Nə qəm o gəmidəkilərə ki, sükanda oturan sənsən ya Məhəmməd!.." -deyir. Bəli, kapitanlığını İnsanlığın İftixarının (s.ə.s.) etdiyi bir gəmi də əsla batmayacaq, çünki Həbibi-Əkrəm (s.ə.s.) və onun ümməti hər zaman Cənabi-Haqqın nəzarət və mühafizəsi altındadır.

İnayəti Cəlb Edən Səbəblər

Beləliklə, ilayi-kəlimətullah yolunda və Allahın rizası arxasınca gedən insanlar ümumi mənada Cənabi-Haqqın inayəti altındadırlar. Bununla birlikdə, bəzi xüsusiyyətlər var ki, xüsusilə onlar inayəti cəlb edir və Allahın xüsusi lütflərinə zəmin hazırlayır. Bunların başında, xüsusilə Peyğəmbər Əfəndilərimizə (ə.s.) aid ali vəsflər gəlir, əsasən sədaqət, əminlik, təbliğ, fətanət (peyğəmbərlərə xas məntiq) və ismət xüsusiyyətləri ən mühüm inayət səbəbləridir.

Ömürü doğruluq və sədaqət çarxı ətrafında dönərək, Cənabi-Haqqa, Rəsulullaha, İslam təbliğinə, dini həyata və inananlara sadiq olan; etibarlılığı şəxsiyyəti ilə bütünləşdirərək, əlindən və dilindən heç kəsə zərər gəlməyəcəyini hər halı ilə ortaya qoyub hər kəsə əminlik təlqin edən; həm təbliğ, həm də təmsil ilə İslamın ülvi həqiqətlərini təbliğ etməyi və hər fürsəti "əmri-bil-maruf, nəhyi-anil-münkər" (yaxşılıqları əmr etmək, pisliklərdən çəkindirmək) istiqamətində dəyərləndirməyi həyatının qayəsi bilən; irşad vəzifəsində ağıl, məntiq, qəlb, könül, hiss və sair duyğularının hamısını səfərbər edən, bədəvisindən ən mədənisinə qədər hər kəsə vəhyin işıqlarını saçan; bütün bunları edərkən də günahlara girməmək, diqqətsiz davranmamaq və qeyri-ciddiliyə yol verməmək üçün maksimum səy göstərmək surəti ilə iffət abidəsi kimi yaşayan hər insan ilahi inayətin cəlb və mütəmadiliyi adına çox əhəmiyyətli vəsilələrə sarılmışdır. 

Bəli, Peyğəmbərlərin vəsflərini təmsil edən insanlar inayətə ləyaqət kəsb etmiş  sayılırlar. Bu ali xislətləri qoruduqları müddət ərzində onlar da xüsusi mühafizə və himayəyə nail olarlar.

Digər tərəfdən, xüsusiyyət baxımından olduğu kimi, əməl baxımından da inayətin bəzi səbəbləri var.

Bu əməllərin başında Allaha təvəccöh gəlir. Günəbaxan çiçəyi kimi günəşə yönəldikcə, təbəssüm etmələri və daha da qol-budaq açıb inkişaf etmələri kimi, insanlar da ancaq üzlərini Cənabi-Haqqın dərgahına çevirsələr həm şəxsi həyatları, həm də din yolunda xidmətinə yönəlik işləri baxımından inkişaf edə bilərlər. İnsan, heç bir zaman gözünü Onun qapısından ayırmamalıdır ki, səviyyəsinə görə nəzər və təvəccöh nemətlərindən istifadə edə bilsin. Yoxsa, Ona təvəccöhdə qüsur edən, mərhəmət və şəfqət nəzərindən məhrum qalar; übudiyyətlə (ibadətlərlə) Ona yaxınlaşma əzmində olmayan da mənən müflis olar. "Mənə bir qarış yaxınlaşana Mən bir arşın yaxınlaşaram" bəyanı da bu həqiqəti ifadə edir. Beləliklə, ilahi inayətə nail olmaq, xüsusilə, Cənabi-Haqqa təvəccöh, təvəccöhdə (meyil, yönəlmə) sabitlik, davamlılıq və Onun da bu mütəmadi yönəlişə qarşı mərhəmət təvəccöhləri göstərməsi sayəsində reallaşa bilər.

İmana xidmət naminə görülən işlər və əldə edilən müvəffəqiyyətlər nisbətində təvazönün artması da ilahi inayətin davamlılığı üçün çox əhəmiyyətlidir. Həqiqi bir mömin, hər müvəffəqiyyətin Cənab-ı Haqqın lütfü, bərəkəti və ehsanı ilə olduğuna ürəkdən inanmalı, beləliklə həm şirkdən xilas olmalı, həm nəfs və şeytanın eqoizm kimi vəsvəsələrindən uzaq durmalı, həm də acizlik duyğuları içində hər zaman Allaha könül verməlidir. Bəli, həddini bilmək və acizlik hissləri ilə Ona yönəlmək ilahi rəhmət və inayətin imdadı üçün ən məqbul bir niyazdır.

Haqqın İnayətinə Təqdim Edilən Ən Güclü Ərizələr

Allahın (c.c.) inayət qapısını açan digər xüsus da səbəblərə riayətdir. İnsan, səbəblər dairəsində yaradıldığına görə, Müsəbbibül-Əsbaba (Səbəbləri yaradan Allah) tam etimad etməklə birlikdə, hər zaman səbəbləri yerinə yetirməkdə də məsuldur. Əslində, səbəblərə təşəbbüs etmək feili duadır. Səbəblərə riayət etmək, istəniləni icad etmək üçün deyil, gözlənilən nəticəni hal dili ilə Cənabi-Haqdan diləmək üçün zəmin hazırlamaqdır. Nəbilər Sərvəri Əfəndimizin (s.ə.s.) mücadilə meydanında bir tərəfdən Allaha dualarla yalvarması, digər tərəfdən də bir-birindən fərqli fövqəladə sipərlər quraraq və üst-üstə iki zireh geyərək səbəblər çərçivəsində zəruri olanı etməsi bu mövzuda çox əhəmiyyətli bir dərsdir.

Allahın inayətinə çağırışlardan bir digəri də, hədəf (Allah rizasını qazanmaq) istiqamətindəki səylərin heç azalmaması, həmişə davam etməsidir. Çünki çox həvəslə başladığı neçə-neçə fəaliyyət üzvlərinin ya yorulmaları, ya da bezmələri səbəbi ilə qısa müddətdə dağılaraq tarixə çevrilmişdir. Əksinə, bir neçə sadiq və vəfalı təmsilçinin Cənabi-Haqqın inayətini qazanma mahiyyətindəki səbirli və mütəmadi cəhdləri sayəsində zaman-zaman inkişaf edib boy atmış və hər tərəfə yayılmış məfkurələr də az deyil.

Nəhayət, İlahi inayətin çox böyük bir səbəbi də birlik və ittifaqdır. Həzrəti Ustadın yanaşması ilə; öz dəyərləri etibarilə toplanınca sadəcə on altı edən dörd ədəd dörd, əgər sirri-ühüvvət (qardaşlıq sirri), ittihadi-məqsəd (bir məqsəd ətrafında toplaşma) və ittifaqi-vəzifə (vəzifə ətrafında birləşmə) ilə təvafüq edib bir xətt üstündə çiyin-çiyinə versələr, o vaxt dörd min dörd yüz qırx dörd dəyərini qazanarlar. Bunun kimi, on altı fədakar qardaşın qiymət və mənəvi gücü də ixlas sirri ilə elə artar ki, ayrı-ayrı dayanan dörd min adamın gücündən daha çox olar. Bəşər tarixinə diqqətlə baxılsa, neçə-neçə belə həqiqətin şahidi olarıq.

Mutədə cihad etmək üçün yola çıxan Zeyd bin Harisənin (r.a.) əmrindəki müsəlmanların sayı ən çox üç min idi. Qarşı cəbhədə isə, təxminən  yüz min nəfərlik bir Roma ordusu dayanırdı. Belə ki, möminlərin hər biri otuza yaxın düşmənlə döyüşmək məcburiyyətində idi. Buna baxmayaraq, xüsusilə, döyüşün sonuna doğru başa keçən Həzrəti Xalidin (r.a.) vəsiləsi ilə və təbii ki, Allahın inayəti ilə müsəlmanlar düşmənə çox sayda itki vermiş və bol qənimət əldə edərək Mədinəyə sağ-salamat geri dönmüşdülər. Bəli, Əshabi-Kiram Əfəndilərimizin (s.ə.s.) yüksək ixlasla, eyni məqsəd ətrafında bir araya gəlmələri və vəzifə eşqinə bağlı olaraq, qardaşlıq sirri ilə bir xətt üzərində birləşmələri onlara maddi güclərinin fövqündə bir dəyər və mənəvi güc qazandırmışdı.

Həmçinin, Cənabi-Haqqın inayətinə təqdim edilən ən güclü hallardan birinin birlik və ittifaq olması Çanaqqala dastanında və bütünlüklə milli mübarizədə də açıq-aşkar müşahidə edilmişdir; yoxsul bir millət, ixlas (həqiqi iman) sirri və üxüvvət (qardaşlıq) bağı ilə çiyin-çiyinə verincə, özündən qat-qat güclü orduları məğlub etmişdi. "Allahın (qüdrət) əli, hamısının əllərinin üstündədir," (Fəth, 48/10) ayəsi ilə və "Allahın inayət və qüdrəti camaatla bərabərdir" hədisi-şərifi ilə vurğulanan həqiqət bir daha təcəlli etmişdi.

Sözün məğzi; hər Quran tələbəsi müəyyən nisbətdə ilahi inayətə məzhərdir. Bu inayətin cəlb ediləsi və davamı üçün həm, xüsusilə, sədaqət, əmniyyət, təbliğ, fətanət və ismət sifətlərinə yiyələnmək, həm də, Allaha təvəccöh, səbəblərə riayət, xidmətdə mütəmadilik və ittifaq kimi saleh əməllərə sarılmaq lazımdır. Bu xüsuslara diqqət yetirən bir Haqq dostu, iman xidmətində heç ümid etmədiyi anlarda gözlənilməz ehsanlara nail olacaq, ən çətin vəziyyətlərdə belə bir gizli əl tərəfindən qorunub himayə ediləcək və zahirən çox çirkin görünən hadisələrdə belə maddi-mənəvi çox böyük müvəffəqiyyətlər əldə edəcəkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.