Böhranlı günlər və ümid dünyamız
Bu günlərə gələnə qədər insanlıq bir çox gözəl şeylər ortaya qoydu və bir çox möcüzəvi ixtiralara imza atdı. Bir mənada onun bu səyləri sayəsində də dövrümüzün insanı, heç bir dövrdə olmadığı qədər geniş imkanlar, maddi rifah və rahatlıq içində üzür.. ən azı potensial olaraq bu belədir. Düzü, indidən gələcək adına nəsə demək doğru olmasa da, təxminlərini dilə gətirənlərə görə, dünya, cismaniyyət və bədənin həzlərinə qapılmış insanların gözündə, bir baxımdan Cənnəti unutduracaq qədər cazibədar hala gələcək.. insanlar, konkret zövq və ləzzətlərini önə çıxaran bir hiss və ehtirasla: "Keçmiş, gələcək hamısı nağıldır: Əylənməyinə bax, ömrünü bərbad etmə" (Ömər Xəyyam) deyib həyatı yemə, içmə və kef-damaqdan ibarət görəcək və daim dünyəvi rifah və rahatlığı seçəcəkdir.
Əslində, hələ indidən bir çox inkişaf etmiş ölkələrdə bu mənzərələrə şahid olmaq mümkündür.. və onlara qibtə edən əzəmətli bir dünya da onların arxasında.. bu gün demək olar ki, hər kəs "maddi rifah və rahatlıq" deyir və bunlar xaricində dəyərləri qətiyyən görmür və görmək də istəmir. Lakin elmin heyrətamiz inkişafına, texnologiyanın hər gün bəşəriyyətə yeni-yeni imkanlar təqdim etməsinə və rifah, səadət vəd edən o qədər əsbaba baxmayaraq, günümüzün insanı çox da xoşbəxt görünmür; xoşbəxt görünmək bir yana o hər zamankından daha çox mənən narahat və böhranlar içindədir.. başqa cür olması da qeyri-mümkündür, çünki iman, ürfan və Allahla münasibətdən güc-qüvvət almayan, dərinləşməyən, mənalanmayan mücərrəd dünyəvi imkanların ifadə edəcəyi artıq bir şey də yoxdur.
Beləliklə də, bu günün insanı ona-buna deyil, yenidən "ahsəni-təqvim"in ifadə etdiyi mənaya yönələrək özünü bir daha oxumalıdır. Buna, onun qəlb və ruhi həyatı baxımından öz fərqliliyini qavrayıb, Yaradanı ilə münasibətini nəzərdən keçirməsi və yaradılışın qayəsinə uyğun əsl məhvərinə düşməsi də deyə bilərik. Görünən odur ki, özünü doğru anlayacağı ana qədər də insanlığın özünü toparlaması və həsrətini çəkdiyi səadəti əldə etməsi mümkün olmayacaq. Üstəlik, o, həqiqi problemlərini bilmədiyi üçün, mənəvi boşluqlarını lüks və rahat həyat tərzi ilə və cismani həzlərini tətmin etməklə aradan qaldırmağa çalışırsa!..
Ölkədən-ölkəyə və toplumdan-topluma problemlərin vahiməlik dərinliyi dəyişsə də, bu gün demək olar ki, bütün insanlıq çox böyük uçurumlarla üz-üzədir.. bəli, hər yerdə və hər millətdə iman və mərifətdən məhrum mənəvi boşluq yaşayan kütlələr, bilərək və ya bilməyərək bəhimi bir həyata sövq edilir, mütəmadi olaraq heyvani hisləri təhrik edilir və "damağıçağ" nəsillər halına gətirilir. Belə sərazad (ifrat dərəcədə azad), nizamsız və ölçüsüz yığınlarda isə salim ruh, salim düşüncə və salim mühakimənin olması qeyri-mümkündür. Bu cür yığınlarda olsa-olsa, şəhvani duyğularla tətmin hissi, içki və tiryəklə ovunma duyğusu olar. Belə bir cəmiyyət isə mənən ölmüş və ölmədən məzara gömülmüş sayılır.
Bir növ, insanlıq olma hissini itirmiş bu cür dərbədər ruhlarda, müəyyən sapqın vərdişlərin, sinir xəstəliklərinin, streslərin və depresiyaların olması adi haldır.. və təəssüf ki, bu gün bütün dünya ilə yanaşı, İslam coğrafiyası da bu xəstəliklərlə məlul və çarəsizlik içində ən məşum günlərini yaşayır. Bu dünyada fərdlər xəstə və sarsılmış, yuva darmadağın və pərişan, kütlələr həzəyan içində və təcavüzkar, qaba qüvvətin nümayəndələri də zalım və insafsız; heç kəs bilmir bu işlərin sonu necə olacaq və insanlığı hansı aqibət gözləyir…
Bəli, bu iç-içə qeyri-müəyyənlik və böhranların ucbatından çoxu nə etdiyini, nəyə xidmət etdiyini və hansı uçuruma doğru getdiyini.. Çoxları bu qorxunc problemlərin arxa planından, millət olaraq soysuzlaşmanın gerçək səbəblərindən və kütlələrdəki ruhi ahəngsizlikdən bixəbər, qafildir. Dərdlər tam bilinmir, buna əsasən də müalicə üsulları da böyük nisbətdə yanlış.. dərdi müəyyən edə bilmiş neçə insan var, bu isə hər zaman münaqişəyə açıq bir mövzu.. onların da neçəsinə danışmaq haqqı və imkanı verilir, onu da Allah bilir...
Bütün bunlara görə də, bu qədər rifah imkanlarına baxmayaraq, insanlıq məyus, bezgin, yorğun, fəqanlar içində və vicdan məngənəsində inim-inim inildəyir. Dəhşətli bir boşluğun içindədir fərdlər, yığınlar: Fitrətə zidd davranışın boşluğu.. Sahibini tanımamaqdan qaynaqlanan qürbətin boşluğu.. iman və mərifətdən bixəbərliyin boşluğu.. və nəfsanilik cəhənnəminə sürüklənmə boşluğu. Beləliklə də, o, hər zaman Cəhənnəm dəhlizlərində yol gedən insan kimi narahat və fövqəladə təlaş içindədir. Nə ömrü lüks saraylarda keçirmək, nə də geyim-keçim, modanın fantaziyaları onun bu boşluqlarını doldurmaqda heç bir məna ifadə etmir. Bəzən sərxoşluq həzəyanına sığınılır, zaman-zaman cismani arzuların tətmin yolları axtarılır, lakin bihudə, bunların heç biri onun daxilindəki boşluğu doldurmağa kifayət deyil, kafi deyil və günümüzün mənəvi dayaqdan məhrum nəsilləri həzəyandan-həzəyana sürüklənir.
Keçmişindən qopmuş, gələcəyi ilə irtibatsız, cinayətə meyilli bu səfil və bir növ günah maşınına dönmüş çılğın yığınlar üzündən hər yerdə can və mal təhlükəsizliyi sual altında, ismət və namus qayğısı çəkənlər təşviş içində, təhlükəsizlik məmurları da hər gün qarşılarına çıxan cürbəcür quldur şəbəkələri ilə bacara bilməmənin xəcaləti ilə boynubükük. Allahın hər günü bütün bu baş verənləri televiziya ekranlarında və ya qəzet səhifələrində görənlər: "Görəsən, insanlığın sonumu gəldi?" -təşvişinə qapılır və İlahi bir müsibətə düçar olma qorxusu ilə tir-tir titrəyir. Bu insanlar haqsız da sayılmaz, çünki tarixə baxanda Sodom və Qomore belə bir ruhi süqutun nəticəsində yerin dibinə batmışdı.. Nuh Nəbinin qövmü bu gün yaşanan təşəxxüs və həyasızlığı ilə sulara qərq edilmişdi.. Ad, Səmud və Eykə xalqı bu gün yaşananlara şahid olsa idi, çox güman ki, xəcalətdən yerin dibinə girərdi, çünki Akifin ifadəsi ilə:
Həya sıyrılmış getmiş elə üzsüzlük ki hər yerdə...
Nə çirkin üzlər örtərmiş məgər o incəcik pərdə!
Vəfa yox, əhdə hörmət heç, əmanət ləfzi-bimədlul;
Yalan rayic, xəyanət mültəzim hər yerdə, haqq məchul.
Məfxər qaynasın getsin, kəsilsin vicdanlar lal...
Bu izmihlali-əxlaqi yürürkən, qalmaz istiqlal!
Bu cür reallıqlarla mövcud badirələrdən və dəlalət sellərinə sürüklənib həlakdan xilas olmanın yeganə çarəsi də Allaha iman, həşru-nəşr (öldükdən sonra dirilmə) inancı, hesab vermə əqidəsi və əslə, kökə, doğma olana qayıtma istiqamətində millət olaraq yeni bir "basubadəl-mövt (öldükdən sonra diriliş)" çağırışına qulaq vermədir, zənnimcə. Əksinə, dünəndən bu günə əl atdığımız müalicələrin heç nəyə yaramadığı açıq-aydındır.. bəli,
Müzdərib bütün toplum, əlacı bunun iman,
İmana ac ruhlara başqa bir dərman əzab...
Gözləyib görəcəyik; bəlkə, bir gün Cənabi-Haqq bizim də gözlərimizi açar.
Sızıntı, Oktyabr 2008
- tarixində yaradılmışdır.