Ərəb və İslam Dünyasında Fəthullah Gülən Təsiri
Ərəb düşüncə dünyası Bədiüzzaman Səid Nursinin əsərləri ilə gec tanış oldu və Səid Nursiyə baxışı təsəvvüf çərçivəsi ilə məhdud qaldı. Səid Nursinin əsərlərinin ərəb dilinə tərcümə olunmasına baxmayaraq, Onun düşüncələrinin sufi çərçivə ilə məhdudlaşdırılması İqbal və Mövdudinin düşüncələrində olduğu kimi, Ərəb düşüncə dünyasında yayılmasına və ya təsirinə mane törətdi.
Nur camaatı müəllimi və lideri Bədiüzzaman Səid Nursinin vəfatından sonra sistemli şəkildə quruldu. Mənsubları camaatın nəzəri və elmi təməlini meydana gətirən və təşkil edən “Nur Risalələri”ni nəşr etdirdi. Risalələr açıq siyasi hədəf göstərməməklə yanaşı, məzmunu etibarilə dünyəvi və üxrəvi işlərin nizama salınması ilə əlaqədar dərin görüş və fikirlər daşıyır. Biz Ustadın əsərlərində insanın öz səadətinin və problemlərinin həllinin, yalnız Allahla irtibatda gizli olduğunu dərk etməsi zərurətinə açıq çağırışını və təhsilə verdiyi əhəmiyyəti müşahidə edirik. Fərdi və ya ictimai hər hansı bir fəaliyyətin təməl və hərəkət nöqtəsinin təhsil olmasını nəzərə alaraq ardıcıllarını bu təhsili inkişaf etdirməyə və möhkəmləndirməyə təşviq edərdi.
Qərb Texnologiyasının İslami Dəyərlərlə Sintezi
Bu gün isə Fəthullah Gülən birinci dərəcədə təhsilə, Türkiyədə və Nigeriyadan Yaponiyaya, Almaniyadan ABŞ-a qədər dünyanın hər tərəfində məktəblərin açılmasına önəm verən hərəkatın mənəvi lideri sayılır. Bununla yanaşı, bu hərəkat təhsilə, sosial, iqtisadi, mədəni və xeyriyəçi təşkilatların inkişafına əhəmiyyət verir. Gülən mədəni-dini dirçəlişin Qərb texnologiyasının İslami dəyərlərlə sintezi ilə həyata keçəcəyinə və bu prosesin mərhələli və davamlı şəkildə vəzifəni öhdəsinə götürəcək İslami kadrlar yetişdirmək üçün təhsil kanalı ilə həyata keçirilməsi ilə mümkün olacağına inanır. Bəlkə də, Ərəb düşüncəsinin bir müddət Mövdudinin düşüncələrinin təsiri altına düşməsi Gülən fikirlərinin yayılmasına mane törətdi. Çünki Gülənin düşüncələri Ərəb dilinə nadirən tərcümə edildi və Ərəb İslami hərəkatlar Gülənin təhsil düşüncələrinə əhəmiyyət vermədilər.
Fəthullah Gülən başda dövrün məşhur fəqihlərindən Osman Bektaş olmaqla, tanınmış müəllimlərdən mədrəsə təhsili aldı. Mədrəsədə oxuduğu dövrdə “Nur risalələri” ilə tanış oldu və çox təsirləndi. Çünki risalələr böyük bir inkişaf və dirçəliş hərəkatı idi. Yaşa dolduqca mütaliəsi artdı, mədəniyyətcə də zənginləşdi. Qərb mədəniyyəti, düşüncəsi və fəlsəfəsi ilə yaxından tanış oldu. Həmçinin Şərq fəlsəfəsinə də... Fizika, kimya, astronomiya və biologiyanı öyrəndi. İyirmi yaşına çatanda Ədirnə Üçşərəfəli Məscidinə imam təyin edildi. Məscidə qapanıb zəruri işlər istisna çölə çıxmama qərarı ilə orada iki il yarım keçirdi. Dəvətə İzmirdə Kestanepazarı Məscidində, məscidə bağlı olan Quran hafizliyi məktəbində başladı. Sonra səyyar vaiz olaraq işini davam etdirdi. Anadolunun qərb bölgələrini qarış-qarış gəzdi. Fəthullah Gülən 1990-cı ildən sonra dinlərarası dialoq adlı misilsiz bir hərəkat başlatdı və bu hərəkat əvvəla Türkiyə, daha sonra da ölkə xaricində böyük əksi səda doğurdu. Bu hərəkat Papanın Vatikana dəvəti ilə gerçəkləşən görüşlə zirvə nöqtəsinə yüksəldi. Əlaqələrin inkişaf etməsi ilə dünyanın kiçildiyinə və düşmənçilik üzərinə qurulmuş bir hərəkatın heç bir müsbət nəticə verməyəcəyinə, bütün dünyaya açılmağın zərurətinə və İslamla digər dinlər arasında əməkdaşlıq üçün geniş sahələrin olduğuna inandı. Gülən hərəkatını bölgə və dünyadakı digər İslami hərəkatlardan fərqləndirən xüsusiyyəti, Qərbdə müsbət qarşılanmasıdır. Çünki dünyaya “açılması” və fikri bir hərəkat olması onun nümunəvi bir “model” olduğunu təsdiqləyir.
İslam Dünyasındakı Totalitar Rejimlərə Qarşı
F. Gülən Qafqaz, Orta Asiya və Balkan Dövlətlərini Türkiyənin aktiv sahəsi olaraq görür. Çünki bu ölkələrdə çox sayda türk yaşayır. Gülən Türkiyənin bir gün Osmanlı dövründə olduğu kimi dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilərsə, dünyada hər yanında yaşayan türklərin güclü bir nüfuza ehtiyac duyacağını düşünür.
Bundan başqa Gülən Türkiyədə şəriətin tərəfdarı deyil və bu mənada şəriət qanunlarının çox hissəsinin insanların şəxsi həyatı ilə, çox az hissəsinin dövlət idarəsi ilə bağlı olduğunu və ümumi mövzularda şəriətin tətbiq edilməsinə ehtiyac olmadığını ifadə edir. Bu mənada Gülən demokratiyanın ən yaxşı çıxış yol olduğunu deyir. Buna görə də Gülən İslam dünyasındakı totalitar rejimlərə qarşıdır.
Gülən hərəkatı Türkiyədə keçən əsrin səksəninci illərində dini hərəkatların və təriqətlərin canlanması ilə parlamağa başladı. Kənan Evrenin rəhbərliyi ilə 1980-ci ildə baş verən hərbi çevrilişin və hərbi rəhbərliyin iqtisadiyyatın sərbəstləşdirilməsi, medianın özəlləşdirilməsi və dini camaatlar da daxil olmaqla mülki təşkilatlanmalara daha çox fəaliyyət azadlığı verilməsi ilə əlaqədar qəbul etdiyi qərarlardan sonra dini hərəkatlar dirçəlməyə başladı. Səid Nursinin qurduğu və yuxarıda qeyd etdiyimiz kimi, Gülən hərəkatının təsirləndiyi Nur camaatı da bu hərəkatlardandır. Bu hərəkatın fəlsəfəsi İslam dünyasının Qərbdən geriliyinə son qoymaq üçün müasir texnologiya, elm və inkişafın həsrətini çəkən bir İslam toplumu meydana gətirməkdir. Bu gün Gülən adı aydın və ya mülayim Türk İslam anlayışı ilə bir çəkilir. Çünki Fəthullah Gülən tərəfdarları ilə birlikdə müasirliyi dindarlıq, milliyyətçilik, xoşgörü və demokratiya ilə sintez etmiş dini, siyasi, ictimai və müasir bir hərəkat qurmağa çalışdı. İslamı, milliyyətçiliyi və liberallığı eyni müstəviyə yerləşdirdi. Bir çox Qərb jurnalisti Güləni Qərb düşmənçiliyi olmayan millətçi, İslami ictimai bir hərəkatın lideri və Orta şərqdə İslamın gələcəyi olaraq qələmə verdi.
Gülənin Türkiyədə müəyyən hakim dairələrlə bağlı problemləri 18 iyun 1999-cu ildə Türkiyə televiziya kanallarından çıxışı ilə və bəzi dairələrin Türk hərbi qurumlarının sətiraltı tənqidi şəklində qələmə verdiyi açıqlamalardan başladı. Daha sonra dövlətin baş prokuroru bu çıxışına görə Gülənə qarşı istintaq başlatdı. O dövrün baş naziri Bülent Ecevit bu məsələyə müdaxilə etdi və dövləti televiziya qarşısında müzakirə etmək əvəzinə məsələni səs-küysüz araşdırmağa təklif etdi. Fəthullah Gülən Cumhuriyyətin dünyəvilik prinsiplərini ləğv etməklə ittiham olunurdu, ancaq məhkəmə 2008-ci ilin iyun ayının sonunda Gülənə bəraət verdi. Bu isə Gülənin Türkiyəyə qayıdış məsələsini körüklədi. Gülən, qeyd etdiyimiz kimi, siyasi həyata bütövlüklə və birbaşa girmədi. Əksinə fikir və təhsil kanallarına yaxın, düşüncə və hərəkat üslubu fərqli, Türkiyə daxilində fərqli irtibat sistemini təqib edən müstəqil qruplar meydana gətirdi. Bu qruplar “müasir sufi təriqətləri” əvəzinə “təhsil yönümlü İslami camaatı” adlandırılır. İqbalın Ərəb elitası və siyasətçilərinə təsiri məhdud idi. Mövdudinin təsiri isə siyasət və hərəkat çərçivəsində oldu. Gülənin sosial və təhsil sahəsində təsiri isə Ərəb toplumunda uzun müddətli və daha dərin olacaqdır.
Rıdvan Ziyade “Harvard” Universitetində ezamiyyətdə olan tədqiqatçıdır. Bu mətn “Georgetown” Universitetində “Qloballaşma Dövründə İslam: Gülən Hərəkatının Təsiri” konfransında təqdim olunan araşdırmanın xülasəsidir.
- tarixində yaradılmışdır.