Gülənin otağındakı səssizlik
2005-ci ilin ilk ayları idi. Fəthullah Gülənlə apardığım müsahibə “Milliyət” qəzetində 22 gün boyunca yayımlandı. Həmin müsahibəmdə Gülənin həyatından qısa müşahidələrimi də qələmə almışdım. Sonradan fərqinə vardığım və məni çox düşündürən bir məsələni qeyd etmək istədim.
Müsahibənin üçüncü günü Gülənin otağında idik. Zaman və məkanın mahiyyətini itirdiyi kiçik və sadə bir otaq... Gülən günlərinin çoxunu bu otaqda keçirir. Hətta bəzən günlərlə otağına qapanıb çölə çıxmır. Çox vaxt susur, sadəcə sual veriləndə danışır. Sanki bütün həyatı bu otaqdan ibarətdir.
Ətrafda gördüyüm hər şeyi bir suala çevirir və beləcə söhbətimi uzatdıqca uzadırdım. Hər dəfə də aldığım cavablar məni heyrətə gətirirdi.
O kiçik otağında yüksək ideallarla yaşayır.
İçərdə sadəcə bir kreslo var, o da iş masasının önündə.
İsrarla dincəlməsini istəyirəm... İsrarım bir nəticə verir, bundan sonra söhbətimiz bu masanın önündə davam edir.
Foto müxbirin başı söhbətə qarışır;
- “Əfəndim, çalışdığınız yerdə şəklinizi çəkə bilərəmmi?”
Fotomüxbir bu suala qədər kim bilir neçə dəfə şəklini çəkmişdi. Bu sualın indi nə yeri vardı!.. Heç kəsdən səs çıxmır. Bir anlıq hər birimiz bu kiçik otaqdakı əşyalar kimi səssizləşdik... Səssizliyi bir cümlə ilə Fəthullah Gülən pozur;
- “Mən hal-hazırda çalışmıram ki!” -dedi.
Bu söz bizi yenidən və daha dərin bir susqunluğa, uzun bir səssizliyə qərq etdi. Sanki ovuclarımıza alovlu kəlmələr düşmüşdü. Yansaq da, səsimizi çıxarmırdıq...
Bir az da utanc hissi bürüdü hər yanımızı...
Müxbir olsaq da, nəticədə qonağıq və insan gərək həddini bilə...
Bu böyük səssizliyi yenidən Gülən pozur;
- “Elə isə siz öz işinizi görün mən də öz işimi görüm” deyərək.
Əlini kitab rəfində duran bir qovluğa uzadıb onu götürdü. İşarələnmiş yeri açaraq əlində qələmlə oxumağa başladı. Qeydlər etdi, sətir altlarını cızdı...
Nəşriyyatın gözlədiyi növbəti çapa gedəcək kitabını gözdən keçirirdi.
Yaşamaq onun, yaşanmışlardan məna çıxarmaq, onları anlamaya çalışmaq və qalıcı dərs ərsəyə gətirmək də otaqdakıların boynuna düşürdü. Mən də bu kiçik xatirə üzərində çox fikir yordum və bəzi nəticələr çıxartdım.
Qarşımda həqiqəti əks etdirməyən bir fotoşəklin çərçivəsinə girərək özünə xəyanət etməyən bir insan abidəsi dururdu. Həqiqəti əks etdirməyən bir fotoşəkillə də olsa aldatmağı xəyalına belə gətirməməklə o hər söz və hər davranışına doğruluq və həqiqət mayasını qataraq özünü bir daha ən sağlam şəkildə inşa edirdi.
Onun hər hal və davranışı “Aldadan bizdən deyildir” -deyirdi.
O həqiqəti əks etdirməyən, yəni çalışmadığı halda çalışırmış kimi göstərən sadə bir fotoşəkillə belə yalana və aldatmağa razı deyilsə, daha böyük məsələlərdə aldatması qeyri-mümkündür...
Bəli, buyurun bu da kiçik bir hadisədə gizlənmiş böyüklük portretinin ağ-qara cizgilərlə ifadəsi.
Böyüklüyün təfərrüatda gizli olduğunu içimizdə görəsən neçə nəfər bilir!
Neçə nəfər böyüklüyü adi, bəsit davranışlarda, həyatın gündəlik axışında göstərə bilər.
Bu həyatda neçə nəfər təbiiliyi ilə sizi heyran etdi, vicdanınıza təkan verdi, hisslərinizi coşdurdu... Daxilən özünüzü hesaba çəkməyə vadar etdi?..
Bu günə qədər kimə, nə zaman, niyə, necə və nə qədər heyranlıq duydunuz?..
Neçə heyranlığınız uzunömürlü oldu?..
Neçə böyük insanla, neçə insanlığını ucaltmış insanla tanış oldunuz?..
Neçə nəfər sizi insanlığın o dərin və sirli, hikmətli dünyasına çəkib apardı?..
Neçə nəfərin insanlığı qarşısında öz kiçikliyinizi dərk edib içinizdəki buz qayalarını əritdiniz, həyatın gözəlliklərinə doğru yeni bir addım atdınız?
Kimləri görüncə utandınız özünüzdən?
Mənə deyə bilərsinizmi, siz bu həyatda neçə dəfə aldadıldınız, neçə dəfə hiyləyə tuş gəldiniz?
Bəs sizi aldadan, sizə kələk gələn insanlar arasında heç “böyük insan” vardımı?
Böyük şəxs, ya da kamil insan olaraq etimad etdiyiniz birinin sizə kələk gəldiyinə şahid oldunuzmu?
Belə bir böyük zərbə aldınızmı heç həyatda?
Bəli, aldanan insan həyatı boyu “aldatmayanlar”ı axtarar.
O aldananlar böyüklüyünü həyatı ilə, davranışları ilə göstərən böyük insanları, kamil insanları axtarırlar, anlamaq və bu yolda böyümənin sirlərinə bələd olmaq üçün...
Bəlkə də yalqızlıq və talesizlik elə kiçik insanların çoxluğu və hər kiçik insanın kiçik dəyərlər və mənfəətlər arxasınca get-gedə itməsində gizlidir.
Böyüklük fiziki və riyazi bir şey deyil, o dəyərlərlə əlaqəlidir.
Böyük dəyərlər insanı və insanlığı sarsıdan dəyərlərdir.
Böyük dəyərlər tarixdə dəfələrlə ələnmiş, müxtəlif imtahanlardan məğlub olmadan çıxmış, özünü, təsir gücünü, möhkəmliyini, yəni həqiqətini hər zaman isbat etmişdir.
Mənə deyin görüm, siz böyük dəyərləri səxavətlə nümayiş etdirən böyük insanlar gördünüzmü, onların mənəvi atmosferinə qonaq oldunuzmu?
Böyük məfkurəli, dərin hissiyyatlı, insana dəyər verən, hətta bütün varlıq aləminə də dostca, ünsiyyətlə baxan, hər şeyi hər şeylə bir görən, hər varlığa yüksək dərəcədə əhəmiyyət verərək varlıq aləminə dair makro baxışı mikro həqiqətlərlə qarşılaşdıran insanlara...
Görəsən, insanmı böyüklüyü inşa edir yoxsa, böyüklükmü insanlığı ortaya çıxarır?
Həyata gedən yolun qapısı açılanda bir tərəfdə böyüklük potensialı ilə insan, digər tərəfdə də inşaedici gücü ilə birgə “böyüklük dəyərləri” yanaşı dururlar. İnsan mənəvi arzusu ilə, səyi ilə, niyyəti ilə, duaları ilə, səmimiyyəti ilə özünü böyüklüyə doğru aparan dəyərlərin ortasında görüb böyüyür, böyük şeylər düşünür, böyük ideallara məftun olur. İnsan xətaları ilə, günahları ilə, naşükürlüyü ilə, nankorluğu ilə, şəxsiyyət əskikliyi ilə qurucu dəyərləri özündən uzaqlaşdırıb alçalır, böyük dəyərlərdən ozaq, onlardan bixəbər, xırda mənfəətlərə məğlub kiçik insan olaraq o mərhələni, yəni o həyat yolunu davam etdirir.
Həyata insan olaraq başlayıb, onu insan olaraq davam etdirmək və beləcə bitirmək həyatdakı ən böyük işdir.
Birində “iradə”, o birində “nəfis” qalib gəlir.
İnsan iradəsi Allahın külli iradəsinə təslim olanda öz layiqli yerini tapır.
Bizi aldadanlar, bizi alçaldanlar hər zaman nəfslərinə məğlub olanlardır.
Bizə etimad duyğusunu aşılayanlar bizi ümumbəşəri hədəflərə, təravətini itirməyən dəyərlərə, inanc ətrafında mücadiləyə, böyüklüyə gedən yola dəvət edənlər isə iradənin haqqını verib nəfsinə qalib gələnlərdir.
Böyüklük insanın öz-özünə xəyanət etməməyə qərar verməsindən başlayır.
Özünə xəyanət etməyənlər, özünü aldatmayanlar başqalarını heç vaxt aldatmazlar.
Onlar haqq yoldan heç vaxt uzaqlaşmazlar.
Çünki bəşər yol azmamaq, yollarda qalmamaq üçün ətrafına işıq saçan bu nurlu insanlara baxır. Qəfildən büdrəyəndə də yenidən qalxmaq üçün...
Onların dilində hər zaman “aldadan bizdən deyildir” sətirləri var.
Onlar saf, incə, seçilmiş, mərhəmətli, tolerantlı, ədəb-ərkanlı, daxilən dərin, sükunətli, etimad edilən, sözləri əfsunlu, vüqarlı və səbirlidirlər...
Onlar gerçək həyatı, o böyük eşqi daxili aləmində yaşayır, alov kimi səssiz-səmirsiz yanırlar. Alovun kənara sıçrayan hər bir kiçik qığılcımı isə ətrafa bu eşqin, bu daxili yanğının bir əksi olaraq ortaya çıxır və işıqlandırır, nurlara qərq edir ətrafını.
Onlar Allaha təslim olmanın, həyatlarını Ona həsr etmənin zirvəsindədirlər.
Fədakarlıq, başqalarını düşünmək, başqalarını düşünməkdən özünü unutmaq, sahib olduqlarını əsas mülk sahibi olan Allaha vermək onların xislətidir. Onlar bu xislətlərinə fəzilət gözü ilə də baxmazlar. Öz nəfsinə qarşı amansız, başqalarına qarşı isə son dərəcə mərhəmətlidirlər onlar.
Siz heç belə bir insanı, belə bir böyüklüyü və belə bir həqiqəti tanıdınızmı?
Dəyərlərin bəsləyib böyütdüyü insanı.
Əgər məndən soruşsanız, bəli mən gördüm....
Böyüklüyün sözdən əvvəl halda gizli olduğunu...
Çox insan gördüm sözü böyük özü kiçik.
Onlar nə desələr də inandırıcı ola bilmədilər, kütlələrə təkan verə bilmədilər.
İnsanı qəlbin zümrüd təpələrinə doğru böyük bir səyahətə hazırlaya bilmədilər.
Ağızdan çıxan söz yaşanmış bir həyatdan qidalanmırsa, ən uzağı dağlara çırpılıb geri sizə qayıdır.
Özü və sözü bir olanlar isə nailiyyətləri ilə, bəyanları ilə tarixin axarını dəyişdirirlər.
Bizim böyüklüyü tərif etməyə deyil, tanımağa ehtiyacımız var.
Tanıyaq ki, əlimizdə bir meyarımız olsun. Tanıyaq ki, aldanmamağı və özümüzü aldatmamağı öyrənək.
Özünü aldatmamağı öyrənənlər başqalarını heç vaxt aldatmazlar. Özünə xəyanət etmədən ömür sürənlər başqalarına əsla xəyanət etməzlər.
Həyat bir xəyanət sınağından başqa nədir ki?
Böyüklük də o tez-tez qarşımıza çıxan xəyanətə qələbə çalmaqdan başqa nədir ki?
Kiçik bir otaqdan çıxan böyük bir həyat yolu..
Baxın oradadır...
Kəlmələr bəzi böyüklükləri izah etməyə kifayət etmir.
Neçə insan tanıyırıq həyat dastanını yazmaqda kəlmələrin aciz qaldığı?
- tarixində yaradılmışdır.