Orada bir ev var uzaqda
Göyün mavisi və yerin yaşıllığı ilə əl-ələ verib, çiyin-çiyinə birləşdiyi o müstəsna məkana, təvazökar bir bağın qapısından içəri girirəm. Bir az getdikdən sonra yamyaşıl ağacların arasından güvən verən insan çöhrəsinə bənzər "o ev" qarşıma çıxır. Evə sarı atdığım hər addımda anamın isti qucağının hərarətini duyuram. Qapıdan keçər-keçməz məkanın duyğuları bəsləyən, düşüncələri coşduran ofsunu bürüyür hər yanımı. İstqanlı, hərarəti qəlblərə sızan, nur saçan simalar, ruhumuzu oxşayan “xoş gəldiniz”lərlə qarşılayır bizi.
Birinci mərtəbədə yeməkxana var. Çox da böyük olmayan bu məkandan üst mərtəbəyə çıxarkən pilləkənlərdə bir lövhə gözümə dəyir:
"Ya sükut et ya düşün, ya xeyir danış, ya da əvradu-əzkarla məşğul ol, lakin qətiyyən aktual mövzulara girmə!"
Başa düşürəm ki, bu ev qəlbin sarayıdır. Burada nəfsin pıçıltılarına, həvanın və həvəsin amansız, hüdudu olmayan arzu-istəklərinə yer yoxdur. Ləğviyat, gəvəzə, boş sözlər qapıdan qovulub. Aktuallıq və gündəlik siyasi söhbətlər buranın mövzusu deyil. Burada hər şey Nəbəvi təlimata uyğun işləyir. "Ya xeyir danış, ya da sus!"kəlimələrinin ilahi feyzi altında ucalan hikmətli söhbətlərin sədası səmaya yüksəlir!
Pilləkənlərdən çıxdıqca bu ab-havanın hər yana nüfuz etdiyini görürəm. Bir neçə günlüyə ziyarətə gələn qonaqlarda da, həyatlarını üxrəvi xidmətə həsr edən tələbələrdə də bu ilahi ecazkarlığı hiss edirəm. Onlar, sanki, dörd bir tərəfdə qırılası kristal şüşələrin sınmasından qorxaraq yeriyərkən diqqətli, danışarkən ölçülü, son dərəcə nəzakətli və kübardırlar. Hər kəs halından məmnundur, çünki mənşəyi cənnətlərdə olan şirin bir bulaqdan doya-doya içirlər. Tək bir dərdləri var, o da Haqqa yaxın olmaq..
Bu evin ən böyük sakininin:
"Sən bilinmədik nə insiyaqlarla quruldun, Gəlib keçən onca yarana uğraq oldun; Dilərəm için də göründüyün kimi olsun, Üfüqündə hər dəm ruhani nəğmələr duyulsun,"
sətirləriylə xitab etdiyi bu məkanda gün təhəccüdlə başlayır. Qonaqlar və evin sakinləri işığa uçan pərvanələr tək, Quran xətmli təhəccüdə can atırlar. Camaatla qılınan təhəccüddən sonra sübh namazına qədər əvradu-əzkarlar oxunur, sübh namazındakı ruhani havanı təsvir etməyə dil aciz qalır. Sünnəti, fərzi, təsbihatı və səhər zikrləri ilə birlikdə bir saata yaxın əda edilir. Namazdan sonra "hüzur"da iman və Quran həqiqətlərindən qısaca oxunur və müzakirə edilir.
Nahardan sonra fəlsəfədən kəlama, sosiolojidən təsəvvüfə, ədəbiyyatdan tarixə, çox geniş müstəvidə həssaslıqla seçilən kitabların xülasələri müzakirə edilir. Hər gün başqa bir kitab və mövzu müzakirə edilir. Bu dərslər "hədəf insan"ın elm dəryasından incilər çıxarma dəmləridir. Təqribən iki saata yaxın davam edən dərsdən sonra qonaqlara istirahət verilir.
Günorta namazı və yeməyindən sonra ilkindi namazına qədər hər kəs kitablarla, ya da əvradu-əzkarla məşğul olur. İlkindi namazı həmçinin "ilkindi söhbətləri"nin də vaxtıdır. İlkindi söhbətləri elm və ürfanın fışqırdığı tükənməz bir bulaqdır. Qəlb və ruhun bütün varlığıyla "hədəf nöqtə"yə yönəldiyi bu dəmlər iradələrin şahlandığı, ruhların coşduğu və hər fərdin qabiliyyətinə görə ilahi aləmə qanad olduğu anlardır.
Axşam namazından sonra illərlə davam edən "dua saatı" var. Bu zaman hər kəs birlikdə və hər kəs külliyyat kəsb etmiş dualarla o müqəddəs qapının toxmağına toxunur, amma necə toxunur? Dilsiz həqiqətlərin əngin üfüqlərində hər duada Allah deyib yalvararaq aciz, günahkar, müdhiş vəziyyətdə Rəblərinə yönəlirlər. Orada bəşəriyyətin dərdləri, İslam aləminin iztirabı dilə gətirilir, şərdən Sonsuz Qüdrətə sığınırlar.
Axşam yeməyi və şam namazından sonra öz-özünü hesaba çəkmə və təfəkkürə dalma vaxtıdır. Dostlar günün hesabını, söhbətlərin müzakirəsini edirlər. Arxasınca hər kəs qəlbi dolmuş, könlü arınmış şəkildə sabaha daha gümrah başlamaq ümidiylə istirahətə çəkilir. Hər kəs istirahətə çəkilir, amma gözünə yuxu girməyən biri var. "Şəbi-yəldayi münəccimlə müvakkit nə bilər; Mübtəlayi qəmə soruş ki, gecələr qaç saat!" misrasını başücuna asıb. Gecələr boyu gözünə yuxu girmədiyi, qıvrım-qıvrım olub, səhəri diri gözlü açır. Tez-tez müraciət edilən, məsləhət alınan, dərd bölüşülən bir mənbədir o. Hər kəs ondan nəsə gözləyir o isə hər müraciət edəni məmnun edir. Çox vaxt içində qopan fırtınaları iradəsiylə susdurub ətrafa təbəssümlər saçır. Söhbət istəyən, məsləhət alan hər kəsi xoşnud edir.
Bəşəriyyətin məruz qaldığı çətinliklər, çarpışdığı hərc-mərclər, zülümlər, haqsızlıqlar, ədalətsizliklər, xəyanətlər, əhdə vəfasızlıqlar və riyakarlıqlar ruhunu yaxıb-qovursa da, o, gözü yaşlı səccadəsində Uca Dərgahdan təcəlli gözləyir. İztirab yuxusuz keçən gecələrdə, boğazından keçməyən loğmalarda, alnın hər qırışında, oturuşunda, duruşunda, baxışında, duasında, danışığında... xülasə hər şeyində biruzə versə də o, daim qollarını açaraq cəhənnəmə gedən yolları kəsməyə çalışır. Çox vaxt boğazında düyünlənən hıçqırıqları zəqqum kimi udsa da, "neyləyəsən," deyərək sərzənişini, "fədakarlıq," iniltisiylə gileyini, "bu da keçər" sözüylə də ümidini səsləndirir.
Və o ev, bizim evimizdir...
- tarixində yaradılmışdır.